Məhkəmə qərarları › İş №1(012)-424/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-424/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-424/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 18 iyun 1996-cı il tarixdə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xızı rayonu, Giləzi qəsəbə ərazi dairəsi, Giləzi qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə, çəkisi 1,249 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamış və Abşeron rayonu, Saray qəsəbəsi, “Saray Petrol” yanacaqdoldurma məntəqəsinin yanına daşımış, 16 oktyabr 2023-cü tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Saray Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Saray polis bölməsinin inzibati binasına gətirilərək, həmin gün saat 19:55-dən 20:10-dək üzərinə keçirilən şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 1,249 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hal- hazırda ailəsi ilə birlikdə Xızı rayonu, Giləzi qəsəbə ərazi dairəsi, Giləzi qəsəbəsində ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. İş düşəndə taksi kimi fəaliyyət göstərir. Daha əvvəllər xx.xx.2020-ci il tarixdə Xızı Rayon Məhkəməsinin qərarı ilə 11 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.xx.xx.2021 -ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Bədənində ağrılar olduğu üçün təxminən 02 il olar ki, müxtəlif narkotik vasitə və psixotrop maddələrdən əsasən də psixotrop maddə olan metamfetamindən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni və psixotrop maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır. Psixotrop maddə metamfetamini əsasən folqa adlanan kağız üzərində çəkməklə istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinə həm özünə iş axtarmağa həm də narkotik vasitə almağa gəlmişdir. Corat qəsəbəsində gəzib özünə iş axtaran zaman tanımadığı bir şəxslə söhbət edən zaman həmin şəxsin psixotrop maddə aludəçisi olduğunu görmüşdür. O da həmin tanımadığı şəxsə narkotik vasitə və psixotrop maddədən istifadə etdiyini bildirmişdir. Həmin şəxsə ona bir büküm psixotrop maddə metamfetamin təşkil edə bilibbilməyəcəyini soruşmuşdur. Həmin şəxs ona bir büküm psixotrop maddə metamfetamini 20 manat müqabilində təşkil edə biləcəyini bildirmişdir. O da həmin şəxslə razılaşmışdır. Həmin şəxs oradan uzaqlaşaraq getmişdir. Təxminən 10-15 dəqiqə sonra geri qayıtmışdır. Həmin şəxs cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümündə psixotrop maddə metamfetamin çıxardıb ona vermişdir. Sonuncu da həmin bükümün içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra tanımadığı şəxsə 20 manat verərək həmin bükümü almış və əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibininə qoymuşdur ki, onu istifadə etsin. Daha sonra isə həmin şəxslə sağollaşaraq yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdir. Növbəti gün xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində “Saray Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığı ilə piyada şəkildə hərəkət edirmiş. Həmin zaman onun cibində xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən aldığı psixotrop maddə metamfetamin də olmuşdur. Bu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişdirlər. Onların polis əməkdaşı olduqlarını bilən kimi dərhal uzaqlaşaraq getmək istəmişdir. Polis əməkdaşları ona yaxınlaşıb nə üçün onları görən kimi uzaqlaşmağa başladığını soruşmuşlar. O da narkotik vasitə aludəçisi olduğunu, üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu ona görə də həmin şəxslərin polis əməkdaşı olduqlarını bilən kimi oradan uzaqlaşdığını bildirmişdir. Daha sonra onun razılığını alıb X10 dəvət etmişlər. Onlara etiraz etməyib polis əməkdaşları ilə birlikdə bölməyə gəlmişdir. Daha sonra, ona müdafiəçi dəvət etmişdirlər. Təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Polis bölməsinin inzibati binasında ona video çəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükülüyə orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində Sumqayıt şəhərində, Corat qəsəbəsində olarkən tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özü istifadə etmək üçün 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində psixotrop maddə metamfetamin olan bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun psixotrop maddə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Onun üzərinə sadəcə Saray PB-nin inzibati binasında vəkilin iştirakı ilə baxış keçirilmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı X6 ifadəsində bildirdi ki, o, 2022-ci il tarixdən X5 2023cü ilin avqust ayından da tutduğu vəzifədə xidmət edir. Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri vəzifəsində xidmət edir. Polis serjantı xüsusi rütbəsindədir. 16 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində iş yoldaşı, Saray Polis bölməsinin sahənin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, “Saray Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında xidmət apararkən “Saray Petrol” istiqamətindən H.Əliyev prospekti istiqamətində bir nəfərin gəldiyini görmüşlər.Bir neçə dəqiqə müşahidə etdikdən sonra həmin şəxsin şübhəli hərəkətlər etdiyini və ətrafdakı insanlardan gizlənmək istədiyini görərək baş vermiş oğurluq hadisələri ilə bağlı şübhəli bildikləri üçün ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs onların polis əməkdaşı olduğunu bilən kimi onlardan uzaqlaşmağa cəhd göstərmişdir. Ona çatıb saxlayaraq nə üçün şübhəli hərəkətlər etdiyini və onları görən kimi nə üçün uzaqlaşdığını soruşmuşlar. Həmin şəxs onlara burada dostunu gözlədiyini bildirmişdir. Bundan sonra Həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu və üzərində qanunsuz olaraq psixotrop maddə olduğunu ona görə də onların polis əməkdaşı olduğunu bilən kimi oradan uzaqlaşmaq istədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs X10 dəvət etmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməyərək onlarla Polis bölməsinə gəlmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs ilə bağlı baş təhqiqatçı Maarif Abbasov tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət olan bükümü təqdim etmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləciyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Şəxsi axtarışdan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində 1 ədəd şəffaf rəngli sellofan bükümünü təqdim edərək həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar maddə olmuşdur. Həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Qeyd etmişdirlər ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəni özü qəbul etmək üçün əldə etdiyini bildirmişdir. Habelə Təqsirləndirilən şəxs üzərinə sadəcə Abşeron RPİ-də müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə baxış keçirilmişdir.Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə edən zaman heç kəsin görmədiyini, habelə onun üzərində psixotrop maddə olmasından heç kəsin xəbərinin olmamasını, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılan zaman və X10 gətirilən zaman heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə içərisində ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə bənzər olan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində yerləşən “Saray Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, Saray polis bölməsinin inzibati binasına gətirilərək, həmin gün saat 19:55-dən 20:10-dək üzərinə keçirilən şəxsi axtarışı zamanı həmin kustar üsulla hazırlanmış 1,249 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibində aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5445 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİNnin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,249 qram, olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin- 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi -1,249 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq -1,199 qram. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan 1,249 qram metamfetamin və bir ədəd DVD diski maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,199 qram metamfetamin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Xızı rayonu İcra hakimiyyəti başçısının, Giləzi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 11 dekabr 2023-cü il tarixli 594 nömrəli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xızı rayonu, Giləzi qəsəbəsində daimi pasport qeydiyyatındadır. Təqsirləndirilən şəxs oğlunun ailə tərkibinin atası X8 və anası X2 ibarət olması müəyyən edilmişdir. Bundan başqa həmin məktuba əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü nizam-intizamlı aparmış, sakinlərin hörmətini qazanmış, cinayət xarakterli əməllər törətməmişdir. Onun barəsində Nümayəndəliyə heç bir mənfi rəy daxil olmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6978 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsi ilə xitam verilmişdir.Bundan başqa, həmin tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə barəsində Xızı rayon Məhkəməsinin qərarı ilə 11 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzası tətbiq edilmişdir.Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və onun əməlində cinayətin resedivi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,199 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1,199 qram qalmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar