Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-424/2025 29.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Abşeron rayonu Saray qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Sumqayıt-Saray-Xırdalan 523 nömrəli marşrut üzrə mikroavtobus sürücüsü işləyən, Sumqayıt şəhəri 12-ci mikrorayon ev 18 mənzil 39-da qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 iyun 2024-cü ildə saat 20:30 radələrində Bakı-Quba- Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrində idarə etdiyi İSUZU SAZ NP37 mikroavtobus markalı 90TK274 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Quba rayonu istiqamətində 30-40 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X11» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağ kənarından hərəkət hissəyə daxil olub adi yerişlə 3,1 metr məsafə qət etmiş piyada 1955-ci il təvəllüdlü X6 avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Fizuli Əliyevə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin qançır və sıyrıqları xəsarətlərini yetirməklə 10 iyun 2024-cü ildə saat 14:35-də Sumqayıt şəhər X15 xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2022-ci ildə xx.xx.2032-ci ilədək etibarlı olan «Bl,B,Cl,C,Dl,D»kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. X7 mülkiyyətində olan İSUZU SAZ NP37 mikroavtobus markalı 90TK274 dövlət qeydiyyat nişanlı avtomobili Şəhərdaxili sərnişin daşıma avtonəqliyyatı üçün Marşrut № 523 xəttində yol vərəqəsi əsasında idarə edir. 06 iyun 2024-cü ildə saat 20:30 radələrində Bakı-Quba- Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrində idarə etdiyi İSUZU SAZ NP37 mikroavtobus markalı 90TK274 dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Quba rayonu istiqamətində 30-40 km/saat sürətlə hərəkət etmiş, hazırlaşırmış ki, 1-2 metr öndə Saray qəsəbəsinə gedən yola dönsün. Bu zaman yolun sağ kənarından mobil telefonla danışa-danışa yolun işlək hissəsinə adi yerişlə daxil olan piyada, yəni sonradan adı və soyadı məlum olan Fizuli Əliyevi görmüşdür. Piyadanı vurmamaq üçün sağa manevr edərək həmin sürətlə hərəkəti davam etmişdir. Buna baxmayaraq piyada Fizuli Əliyevi idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Fizuli Əliyevin başı onun idarə etdiyi avtomobilin qabaq alın şüşəsinə dəymiş və zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra tormoz edib avtomobili dayandırmışdır. Dərhal hadisə yerinə yaxınlıqda olan YPX inspektoru gələrək sənədlərini inspektora təqdim etmişdir. Xəsarət almış Fizuli Əliyevi hadisə yerinə gəlmiş oğlu öz avtomobili ilə Sumqayıt şəhər X15 xəstəxanasına aparmışdır. Hadisə yerinə gələn təhqiqatçıya piyadanın vurulduğu yeri göstərmiş və hadisə yerinə baxışda iştirak etmişdir. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə, avtomobildə isə təxminən 40 nəfər sərnişin olmuşdur. Gedib xəstəxanada Fizuli Əliyevə baş çəkmişdir. 10 iyun 2024-cü ildə Fizuli Əliyev xəstəxanada ölmüşdür. Mərhumun ailə üzvlərinə maddi yardım etmiş və onlarla barışmışdır. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum X10 onun atasıdır. Atası xx.xx.1955-ci ildə Abşeron rayonunun Pirəkəşkül kəndində doğulmuşdur. Atası orta təhsilli, pensiyaçı olmaqla işləməmiş və onunla eyni ünvanda qeydiyyatda olub həmin ünvanda yaşamışdır. 06 iyun 2024-cü ildə səhər vaxtı atası st.Sumqayıt qəsəbəsində yerləşən bostanlarına getmişdir ki, orada əkdiyi yemiş-qarpıza qulluq etsin. Həmin gün saat 20:30 radələrində qonşusu onun yeznəsinə, sonuncu isə ona zəng edərək xəbər vermişdir ki, atası YPXA-nın Saray postunun qarşısında yolu keçərkən avtobus onu vurub xəsarət almışdır. Dərhal hadisə yerinə gedərək məlum olmuşdur ki, atasını sürücü Təqsirləndirilən şəxs idarə etdiyi İSUZU SAZ NP37 mikroavtobus markalı 90TK274 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən vurmuşdur. Atası yaralı və huşsuz vəziyyətdə olduğu üçün onu öz avtomobili ilə Sumqayıt şəhər TTY xəstəxanasına aparmışdır. Atası 10 iyun 2024-cü ildə saat 15 radələrində həmin xəstəxanada ölmüş və meyiti morqda müayinə olunduqdan sonra onlara təhvil verilərək aparıb Saray kənd qəbiristanlığında dəfn etmişlər. Sürücü Təqsirləndirilən şəxs atasının müalicəsi üçün ona 300 manat, dəfni üçün isə 3000 manat, yəni cəmi 3300 manat pul vermişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara dəymiş maddi zərəri ödədiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 78 nömrəli rəyinə əsasən X5 meyitində baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, bədənin qançır və sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, xx.xx.2024-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik ödemi olmuşdur. Ölüm xx.xx.2024-cü ildə saat 14:35-də Sumqayıt şəhər X15 xəstəxanasında baş vermişdir. X5 meyitindən götürülmüş qan məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 01 oktyabr 2024-cü il tarixli 8/1800 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində İSUZU SAZ NP37 mikroavtobus markalı 90TK274 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X11» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2024-cü il tarixli 2834 №-li aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2024-cü il tarixli 3-13- 16/2-93887/2024 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan BC 021480 nömrəli «BCD» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış İSUZU SAZ NP37 markalı 90TK274 dövlət qeydiyyat nişanlı mikroavtobus saxlanılması üçün sahibinə hüquqi şəxsə qaytarılmışdır. Mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Medalının vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X1 və Xocavəndin azad olunmasına görə medalı ilə təltiv olunmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, oğlunun Vətən Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, maddi sübut qismində tanınmış İSUZU SAZ NP37 markalı 90TK274 dövlət qeydiyyat nişanlı mikroavtobus saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalı, zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 10 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış İSUZU SAZ NP37 markalı 90TK274 dövlət qeydiyyat nişanlı mikroavtobusun saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-424/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-424/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver