Məhkəmə qərarları › İş №1(012)-426/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-426/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-426/2021 30.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə 29.09.1958-ci ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 2-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1 və 143-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 07 aprel 2021-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən özünün əkib-becərdiyi taxıl sahəsinin sahibsiz itlər tərəfindən korlanması səbəbindən onları qorxutmaq üçün özünə məxsus, rəsmi qeydiyyatda olan “İJ” markalı 03391 seriya nömrəli 12 çaplı qoşalülə ov tüfəngini iki patronla birgə götürüb, idarə etdiyi **-HZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomaşınla həmin taxıl sahəsinin yanına gələrək orada, təxminən 50 sm hündürlükdə olan taxıl bitkilərinin arasında sahibsiz itlərin olduğunu görüb onları qorxutmaq üçün, təxminən 35-40 metr məsafədən, cinayətkarcasına etinasızlıq göstərib, ov sılahından açılmış atəş nəticəsində patrona doldurulmuş qırmaların yayılma və uzaq məsafəyə uçması xassələrini nəzərə almadan, bununla da, ətrafda görməsə də belə, itlərə atılan atəşin insanlara təhlükə yaratmasını nəzərə almadan itlər olan istiqamətə bir atəş açmış, həmin atəş otlaq sahənin içində olan həmkəndlisi 19.04.2008-ci il təvəllüdlü X6 baş nahiyəsindən ehtiyatsızlıqdan dəyməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid təpə sümüyünün sınıqları və baş beyin toxumasının əzilməsi-dağılması ilə müşayiət olunan sol gözün üst qapağının 1 ədəd, alın nahiyəsinin sol hissəsinin 7 ədəd, alın nahiyəsinin sağ hissəsinin 1 ədəd, alın-təpə nahiyəsinin orta hissəsinin 7 ədəd, sol təpə nahiyəsinin 3 ədəd və təpə nahiyəsinin 4 ədəd qırma yaraları kimi xəsarətlər yetirdikdən sonra, bu atəş nəticəsində huşunu itirib, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğunu dərk etdiyi zərərçəkmiş şəxs Nihad Nəbiyevi köməksiz vəziyyətdə qoyub, yəni ilkin yardım göstərmək lazım olduğunu, həyatını itirmək təhlükəsində olan Nihad Nəbiyevin ölmədiyini görüb, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan N.Nəbiyevə ilkin tibbi yardım göstərmək, sonuncunu tibb müəssisəsinə çatdırmaq, hadisə ilə bağlı təcili tibbi yardıma dərhal məlumat vermək imkanı olduğu halda bunu etməyərək, vaxt itkisinə yol verib hadisə barəsində oğlu Şahid2 məlumat vermək üçün idarə etdiyi avtomobili sürüb yaşadığı evə gedərək, təxminən 30 dəqiqə sonra oğlu Şahid2lə birlikdə hadisə yerinə qayıdıb, oğlu ilə birlikdə N.Nəbiyevi özünə məxsus “Hyundai Elantra” markalı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı X13 aparsa da, orada N.Nəbiyevə ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq, sonuncunun 15.04.2021-ci il tarixdə həmin xəstəxanada ölməsi səbəbindən, ehtiyatsızlıqdan Nihad Nəbiyevi öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi həyət evində oğlu Rəsulla birlikdə yaşayır. Yaşadığı Məmmədli kəndində 2000-ci ildə həmkəndlisi Raya adlı xanımdan icarəyə torpaq sahəsi götürmüşdür və həmin torpaq sahəsində müxtəlif taxıl bitkilərinin əkini ilə məşğuldur. 2020-ci ilin oktyabr ayında yenə həmin torpaq sahəsində arpa əkmişdir və mütəmadi olaraq o, həmin torpaq sahəsini gedib suvarma və başqa kənd təsərrüfatı işləri görmüşdür. Arpa əkdiyi torpaq sahəsi açıq sahədə yerləşdiyi üçün orada itlər özünə yuva salıb tez-tez tez əkinin içində hərəkət edərək arpa sahəsinə ziyan verirlər bunun qarçısını almaq məqsədi ilə həmin itləri qorxudub taxıl sahəsindən qaçırmaq üçün o, 07.04.2021-ci il tarixdə saat 11 radələrində evdə olan özünə məxsus “İJ” markalı, 12 çaplı 03391 seriya nömrəli ov silahını və 2 ədəd 4-lük qırmadan sənaye üsulu ilə hazırlanmış 32 qramlıq patronu götürüb özünə məxsus “Hyundai Elantra” markalı **-HZ- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin taxıl əkdiyi torpaq sahəsinə getmişdir. Evdən çıxarkən evdə heç kim olmadığından bu barədə heç kimə məlumat verə bilməmişdir. Torpaq sahəsinə gəlib avtomobili sahənin kənarında saxlayıb evdən götürdüyü avtomobilin ön oturacağına qoyduğu ov silahını götürərək sahənin kənarı ilə getməyə başlayaraq, əvvəlcədən evdən özü ilə götürdüyü 4-lük qırmadan sənaye üsulu ilə hazırlanmış 32 qramlıq 2 ədəd patrondan birini 2 lüləli ov silahının üst lüləsinin patron yuvasına qoymuşdur, digər patron isə cibində qalmışdır. Bu zaman sahədə olan təxminən 10-12 it onu görüb hürməyə başlamışlar və itlər sahənin içərisindən sahənin kənarında olan su çəninə doğru qaçmağa başlamışlar. İtlərin qaçdığı nöqtəyə təsadüfi nişan almadan atəş açıb 10-15 metr irəli gələndə taxıl sahəsində bir uşağın yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. İlk öncə həmin uşağın kiminsə tərəfindən oraya gətirilib atıldığını fikirləşsə də, baş nahiyəsində qırmaların izlərini görüb uşağın onun nişan almadan atəş açdığına görə xəsarət aldığını anlamışdır. Həyəcanlı olduğundan öz avtomobilinə tərəf gedib özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə oğlu Rəsula məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vurub oğlunun təcili olaraq yaşadığı Məmmədli kəndində olan evə gəlməsini bildirmişdir. Daha sonra o, qorxduğu üçün özünə məxsus “Hyundai Elantra” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib yaşadığı Məmmədli kəndindəki evə getmişdir. Evdə qızı Gülarə olmuşdur və bir müddət sonra isə oğlu Rəsul da evə çatmışdır və o evdə övladlarına əkdiyi taxıl sahəsində ov silahından atəş açıb it vurmaq istəyərkən güllənin tanımadığı uşağa dəydiyini demişdir. Bundan sonra oğlu Şahid2 təcili olaraq ora getməli olduqlarını bildirərək, Rəsul avtomobilin sükanına, o, özü isə ön, qızı isə arxa oturacağa əyləşmişlər. Şahid2 onun avtomobilini birbaşa sahəyə sürüb sahənin yuxarı kənarında saxlamışdır. Onlar ikisi avtomobildən düşüb, qızı Gülarə isə avtomobildə onları gözləmişdir. O, uşağın taxıl sahəsində olduğunu demiş və birlikdə oraya doğru gedəndə uşaq yerdə huşsuz vəziyyətdə uzanıqlı olmuşdur. Rəsul dərhal uşağı qucağına alıb avtomobilə doğru qaçmış və onu avtomobilin arxa oturacağına uzadıb yenidən avtomobilə əyləşib Məmmədli kəndində yerləşən “CC” marketin qarşısına gəlmişlər. Orada oğluna polisə gedəcəyini deyib uşağı təcili xəstəxanaya aparmasını tapşırmış və evdə namaz qılıb silahını çantaya qoyaraq qardaşı oğlu Bəhlula zəng vurub onu polis bölməsinə aparmasını istəmişdir. Daha sonra könüllü olaraq Mehdiabad polis bölməsinə getmişdir. Hadisə barədə məlumat vermişdir və təqsirini boynuna almışdır. Bundab başqa əlavə olaraq bildirmişdir ki, həmin ov silahı sənədlə ona məxsus olmuşdur. 1991-ci ildə Sumqayıt şəhərində yerləşən, patronları isə Bakı şəhəri Təzə Bazar adlanan ərazidə yerləşən ovçular mağazasından almışdır. Evdən çıxarkən tüfəngi götürməkdə məqsədi sahədə olan itləri qorxudub oradan uzaqlaşdırmaq olmuşdur. Taxıl sahəsinə gəldiyi zaman heç kimi, o cümlədən həmin uşağı görməmişdir, itlərin qaçdığı istiqamətə doğru atəş açmışdır, yalnız uşaq yıxılan zaman onu görmüşdür. Atəş açan zaman ətrafda hadisəni görəcək ondan və uşaqdan başqa heç kəs olmamışdır və həmin uşağı əvvəllər öz torpaq sahəsində və su çəninin yanında görməmişdir, sahədə uşaq olacağı ağlına belə gəlməmişdir. Sonradan həmin uşağın həmkəndlisi X4 Nihad adlı oğlu olduğunu öyrənmişdir, həmin şəxslə yalnız həmkəndli kimi münasibəti olmuşdur, əvvəllər şəxsi ədavət, düşmənçilik münasibətləri olmamışdır. Nihad Nəbiyevi görən zaman yalnız başın sol nahiyəsindən xəsarət aldığı, qan axmadığı, baş nahiyəsində iri şişkinlik görmüş, amma qırmanın dəridən içəri nüfuz etdiyi aşkar görünmüşdür və onun atəş açdığı nöqtədən Nihad Nəbiyevin dayandığı nöqtəyə gedər olan məsafə təxminən 35-40 metr olmuşdur. Abşeron RPİ-nin İŞ-də ilkin verdiyi ifadəsində açdığı atəş nəticəsində Nihad Nəbiyevin su çəninin yanında yıxıldığını bildirmişdir, prokurorluqda verdiyi ifadəsində Nihad Nəbiyevin taxıl sahəsində yıxıldığını bildirsə də, həmin zaman həyəcanlı və özündə olmadığından belə bir ifadə verdiyi, lakin vaxt keçdikdən sonra detalları yavaş-yavaş yadına salmışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum oğlu Nihad Nəbiyev sakit təbiətli, mehriban bir övlad olmuşdur. 2010-cu ildə o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərinə köçmüşdür və kirayədə yaşamağa başlamışdır. Həmin illərdə müxtəlif yerlərdə fərdi qaydada fəhləlik edərək ailəsinin dolanışığını təmin etmişdir və 5-6 il bundan öncə Abşeron rayonu, Məmmədli kəndində torpaq sahəsi alaraq özlərinin yaşamaqları üçün fərdi yaşayış evi tikmişdir. 07 aprel 2021-ci il tarixdə o, işlə bağlı Siyəzən rayonunda olmuşdur, həmin gün təxminən saat 14 radələrində onun mobil telefonuna arvadı Şahid3 zəng edib oğlu Nihadın vurulduğunu və hazırda 3 saylı Şəhər Kliniki Xəstəxanasında olduğunu demişdir. Dərhal işdən çıxıb təxminən saat 18 radələrində xəstəxanaya çatmışdır, orada olan zaman qardaşı X7 həmkəndlisi olan Təqsirləndirilən şəxs açdığı atəş nəticəsində baş nahiyəsindən xəsarət aldığını və polis bölməsinə gedib könüllü təslim olduğunu demişdir. O, da əməlin ehtiyatsızlıqdan olduğunu anlayıb lazım olsa gedib şikayətinin olmaması barədə ərizə yaza biləcəyini söyləmişdir. 15 aprel 2021-ci il tarixdə saat 18 radələrində xəstəxanada olduqları zaman həkimlər oğlu Nihadın öldüyünü onlara bildirmişlər. Əlavə olaraq bilididr ki, Təqsirləndirilən şəxs bir həmkəndlisi kimi tanımışdır, hər-hansı bir problemləri olmamışdır, o, sayılıb-seçilən ağsaqqal olmuşdur. Təqsirləndirilən şəxslə və onun ailə üzvləri ilə əvvəllər şəxsi ədavət və düşmənçilik münasibətləri olmamışdır. Hadisənin eytiyatsızlıqdan baş verdiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, atası Təqsirləndirilən şəxslə birlikdə Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi həyət evində yaşamış, 07.04.2021-ci il tarixdə saat 10 radələrində işdə olduğu zaman atası Sücaətdin ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq ondan təcili evə gəlməyini istəmişdir, nə baş verdiyini öyrənmək məqsədi ilə bir necə dəfə atasına zəng etsə də, atası təcili evə gəlmiyindən başqa heç nə deməmişdir. O, təxminən 20-25 dəqiqəyə evə gəlib atasından nə olduğunu soruşanda atası Sücaətdin ona bacısı Gülarənin yanında onlara məxsus Məmmədli kəndində yerləşən torpaq sahəsində olan itləri qovmaq üçün güllə atdığını, lakin atdığı güllənin uşağa dəydiyini demişdir. O, uşağın harada olduğunu soruşduqda atası uşağın həmin sahədə olduğunu deyəndən sonra atasına uşağı dərhal xəstəxanaya aparmaq lazım olduğunu bildirmiş və onlar, yəni Şahid2, atası Təqsirləndirilən şəxs və bacısı Gülarə avtomobillə həmin sahəyə getmişlər. Onlar sahəyə çatdıqdan sonra atasından uşağın çənin yanında olduğunu öyrənib dərhal ora qaçmışdır və bir nəfər tanımadığı azyaşlı uşağın çənin yanından bir-iki metr aralıda baş nahiyəsindən güllə yarası alaraq yerdə huşsuz vəziyyətdə yatdığını görüb uşağı dərhal qucağına alıb avtomobilə tərəf qaçmışdır və uşağı avtomobilin arxa oturacağında oturan bacısı Gülarənin yanına uzatmışdır. Bundan sonra onlar Onlar Məmmədli kəndində yerləşən “CC” marketin yanına çatdıqda atası Sücaətdin polisə təslim olması üçün avtomobildən düşmüşdür, o, bacısı ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu 3 saylı Klinik Xəstəxanasına gedib uşağı xəstəxanaya yerləşdirmişdilər və həmin uşağın həmkəndliləri olan X8 olduğunu öyrənmişlər. O, atasının evdən çıxaraq it vuracağı barədə məlumatı olmamışdır, Nihad Nəbiyevi hadisə görən zaman onun yalnız başının sol nayihəsindən xəsarət aldığını görmüşdür o, əvvəlcə uşağı tanımamışdır, lakin sonradan həmin uşağın həmkəndlisi olan X4 oğlu olduğunu öyrənmişdir və həmin şəxslə yalnız həmkəndli kimi münasibəti olmuşdur, əvvəllər şəxsi ədavət və düşmənçilik münasibətləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi həyət evində yaşayır və Təqsirləndirilən şəxs onun doğma atasıdır. O, Məmmədli kəndində 2000-ci ildə icarəyə torpaq sahəsi götürüb həmin torpaq sahəsində müxtəlif taxıl bitkiləri, 2020-ci ilin oktyabr ayında yenə həmin torpaq sahəsində arpa əkmişdir və mütəmadi olaraq həmin torpaq sahəsində suvarma və başqa kənd təsərrüfatı işləri görüb torpaq sahəsini əkib-becərmişdir. Onun arpa əkdiyi torpaq sahəsi açıq sahədə yerləşdiyi üçün orada son dövrlər əkdiyi arpa sahəsində itlər özlərinə yuva salmışdılar və tez-tez həmin itlər əkdiyi taxılın içində hərəkət edərək taxıla ziyan vermişdilər, hətta 2019-cu ildə oğlu Abuzər Rzayevi həmin sahədə olan itləri budundan dişləmişlər. 07.04.2021-ci il tarixdə saat 11 radələrində atasının yaşadığı evə gəlsə də, atasının evdə olmadığını görmüşdür, təxminən 5-10 dəqiqədən sonra atası Sücaətdin həyəcanlı şəkildə evə gəlib taxıl sahəsində sahibsiz itləri qovmaq məqsədi ilə nişan almadan açdığı atəş nəticəsində bir uşağın vurulduğunu ona demişdir, atasından hadisənin necə baş verdiyini və uşağı görüb-görmədiyi barədə sorğu sual edəndə atası “mən uşağı görmədim, görsəm niyə vurum ki” deyə cavab vermişdir. Təxminən 10-15 dəqiqədən sonra qardaşı Şahid2 evə gələrək nə baş verdiyini soruşanda atası ona dediklərini qardaşı Rəsula da söyləmişdir və bundan sonra onlar dərhal evdən çıxaraq atasına məxsus “Hyundai Elantra” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə baş verdiyi taxıl sahəsinə getmişlər. Təxminən 3-5 dəqiqəyə həmin yerə çatandan sonra atası və qardaşı taxıl sahəsində olan uşağın yanına getmişdilər və tez bir zamanda qardaşı qucağında huşsuz vəziyyətdə olan bir oğlan uşağını gətirərək avtomobilin arxa oturacağına onun yanına uzatmışdır. Onlar dərhal xəstəxanaya yola düşmüşdülər və Məmmədli kəndində yerləşən “CC” marketin qarşısında olan zaman atası avtomobildən düşüb polisə gedərək təslim olacağını və hadisə barədə məlumat verəcəyini deyib onlardan uşağı xəstəxanaya aparmalarını istəmişdir. Vurulmuş uşaq Nihad Nəbiyevi və onun valideynlərini tanımamışdır, onlarla şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı ifadəsi elan edilmiş, şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 07 aprel 2021-ci il tarixdə o işdən nahar fasiləsi olduğundan saat 13 radələrində evə gələndə böyük oğlu Nihadın evdə olmadığını anlayıb onu səsləmişdir, digər oğlu Muraddan qardaşının harada olduğunu soruşanda o, Nihadın evdən bayıra oynamağa çıxdığını söyləmişdir. Həyətə çıxaraq onu səsləsə də, tapa bilməmişdir. Daha sonra küçədə olan uşaqların yanına gedib oğlu Nihadı görübgörmədikləri barədə soruşsa da, heç kim Nihadı görməmişdir. Təxminən saat 14:30 radələrində “Hyundai Elantra” markalı avtomobil onların evinin yanında saxlamışdılar və içərisində olan sonradan adını öyrəndiyi Şahid2 burada bir uşağın güllə ilə vurulduğunu və onun valideynlərini axtardığını bildirmişdir, o isə ondan uşağın şəklini göstərməsini tələb etmişdir və başı sarıqlı və üzərində qırmızı rənglı örtü olan bir oğlan şəklinə baxanda əvvəlcə şəkildən onun oğlu Nihad olduğunu anlamamışdır. Daha sonra Şahid2 həmin oğlan uşağının ayağında olan göy rəngli çəkələyi göstərəndə həmin çəkələyi tanıyıb vurulan oğlan uşağının oğlu Nihad olduğunu anlamışdır və dərhal onun avtomobili ilə xəstəxanaya getmişdir və yolda əri Nicata zəng edərək bu barədə məlumat vermişdir, Bakı şəhəri 3 saylı Şəhər Klinik Xəstəxanaya gəlməsini bildirmişdir. Xəstəxanaya gedən zaman Rəsul hadisənin nə cür baş verdiyini ona danışaraq atası Təqsirləndirilən şəxs taxıl sahəsində olan itləri qorxutmaq üçün açdığı atəş nəticəsində onun oğlu Nihadın baş nahiyəsindən ehtiyatsızlıqdan xəsarət yetirdiyini bildirmişdir. Təxminən 3-4 saatdan sonra əri Nicat həmin xəstəxanaya gəlmişdir, xəstəxanada olduqları zaman oğlu Nihadın vəziyyətinin ağır olduğu onlara deyilmişdir, 15 aprel 2021-ci il tarixdə saat 18 radələrində xəstəxanada olduqları zaman həkimlər oğlu Nihadın öldüyünu onlara söyləmişlər. Əlavə olaraq bilidirir ki, Təqsirləndirilən şəxs bir həmkəndlisi kimi tanımışdır, yaşadıqları kənddə onun demək olar ki, heç kimlə problemi olmamışdır, sayılıb-seçilən ağsaqqal olmuşdur, Təqsirləndirilən şəxslə və onun ailə üzvləri ilə əvvəllər şəxsi ədavətləri və düşmənçilik münasibəti olmamış, hadisənin ehtiyatsızlıqdan baş verdiyinə görə heç bir şikayəti və tələbi olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının 15.04.2021-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, 2008ci il təvəllüdlü X2 meyitin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir-təpə sümüyünün sınıqları və baş beyin toxumasının əzilməsidağılması ilə müşayiət olunan sol gözün üst qapağının 1(bir) ədəd, alın nahiyəsinin sol hissəsinin 7(yeddi) ədəd, alın nahiyəsinin sağ hissəsinin 1(bir) ədəd, alın-təpə nahiyəsinin orta hissəsinin 7(yeddi) ədəd, sol təpə nahiyəsinin 3(üç) ədəd və təpə nahiyəsinin 4(dörd) ədəd kor odlu silah (qırma) yaraları. Bu xəsarətlər həyatidirlər, mərhumun Bakı şəhər 3 saylı şəhər Klinik Xəstəxanasına müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 07.04.2021-ci il tarixdə mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan açılmış atəş (atəşlər) nəticəsində törənmişdir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqədardır. X2 ölümünə səbəb-baş beyin toxumasının əzilməsi-dağılması və kəllə qapağı sümüyünün sınıqları ilə müşayiət olunan başın alın və təpə nahiyələrinin çoxsaylı odlu silah (qırma) yaraları olmuşdur. Meyitin və meyitdən götürülmüş yaraların məhkəmə tibbi kriminalistik tədqiqatına əsasən X6 başında olan odlu silah yaralanmasında :-atəşin məsafəsi-mərmilərin (qırmaların) nisbi kompakt (yığcam) təsir etdiyi məsafədən açılmış atəş (atəşlər) nəticəsində əmələ gələ bilərdi. Atəşin istiqaməti öndən-arxaya nisbətən yuxarıdan-aşağıya və soldan sağa doğrudur. Xəsarətlərin yerləşməsinə və xarakterinə görə demək olar ki, X2 bədəninin ön sol hissəsi xəsarət yetirən şəxslə qarşılıqlı təmas vəziyyətində olmuşdur. X2 ölümü Bakı şəhər 3 saylı Klinik Xəstəxanasında 15.04.2021-ci il tarixdə, saat 17:00-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Lifli materialların məhkəmə ekspertizasının 03.06.2021-ci il tarixli 6/2178 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X6 və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında Nihad Nəbiyevə məxsus geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur; Təqsirləndirilən şəxs məxsus geyim paltarlarının üzərində Nihad Nəbiyevin paltarlarının tərkib liflərindən yoxdur. Məhkəmə-ballistik ekspertizasının 04.06.2021-ci il tarixli 3/935;3/953 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, 12 kalibrli, “İJ 27” markalı, patronluğunun uzunluğu 70 mm olan, “9003391” nömrəli daxili çaxmaqlı, qoşalüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, tüfəng saz vəzyiyyətdədir və hər iki lüləsindən atəş açmaq üçün yararlıdır, üzərində və detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş cəmi 9 (doqquz) ədəd patron 12 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar. Həmin patronlar zavod üsulu ilə istehsal edilmişlər, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Təqdimata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissəsidir-gilizidir, tədqiqata təqdim edilmiş “İJ 27” modeli, “9003391” nömrəli ov tüfəngin üst lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd qırma müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissələrdirlər-qırmadılar və döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 12 kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 12 kalibrli, “İJ 27” modeli, “9003391” nömrəli ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yararsız olduqları üçün, onların təqdim edilmiş 1 (bir) ədəd 12 kalibrli gilizə atəş komponenti kimi doldurulubdoldurulmadıqlarını, o cümlədən həmin gilizlərdən və eləcə də təqdim edilmiş 12 kalibrli, “İJ 27” modeli, “9003391” nömrəli ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Təqdimata təqdim edilmiş Təqsirləndirilən şəxs və X10 məxsus geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Təqdimata təqdim edilmiş Təqsirləndirilən şəxs məsus bir ədəd pencək, bir ədəd jaket və bir ədəd şalvarın şalvarın səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus digər geyim əşyaları və X11 məxsus geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş geyim əşyalarına baxış keçirildi və onların üzerində hər hansı trasoloji zədə, o cümlədən dalaşma zamanı fiziki qüvvə təsirindən yetirilməyə xarakterik zədə(lər) aşkar edilmədi. Kompleks ambulator məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 1761 saylı 10.06.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanların normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünə məxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında fərdi-psixiki xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Həmçinin baş vermiş hər hansı bir psixiki xəstəlik keçirməmiş, anamnestik məlumatlara görə hadisədən sonra stress halı və gərginlik keçirmiş, bununla əlaqədar fərdi ambulator qaydada psixiatr müalicəsi qəbul etmiş, aldığı müalicə ilə əlaqədar psixiki vəziyyəti sabitləşmişdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixiki xəstəlik və ya psixiki fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi fərdi-psixiki xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixiki inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətində malik olmuşdur. Təqsirləndirilən şəxs emosional halından aşlı olaraq cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiki-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışıdr. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışıdr. Məhkəmə-tibbi-bioloji ekspertizasının 16.06.2021-ci il tarixli 424/2021-MTBŞ nömrəli rəyindən görünür ki, X6 ABO sistemi üzrə qrup göstəricisi: Abeta (H)/İİ/. Ekspertizaya təqdim edilmiş N.N.Nəbiyevə məxsus qolsuz gödəkcə və uzunqol pulover üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta (H) /İİ/ qruplu şəxsə o cümlədən də X10 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş N.N.Nəbiyevə məxsus bir ədəd idman şalvarı üzərində qan, ona məxsus bir ədəd trusik və 03 çüt kişi corabları üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 26 may 2021-ci il tarixli 4479 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 03 iyun 2021-ci il tarixli 19/51-6120 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. ünvan 3 üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsindən daxil olmuş 09 iyun 2021-ci il tarixli 013-17733-1221 saylı sorğuya cavab məktubundan görünür ki, DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş elektron reyestrində ünvan 1 ünvanında yaşayan xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına 12 kalibrli, “İJ-27” markalı, 03391 nömrəli ov silahı, 29.11.1996-cı il tarixdə Abşeron Rayon Polis Şöbəsi tərəfindən sənədləşdirilmiş, silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsi üçün 785 nömrəli şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 15 iyun 2021-ci il tarixdli 011-5678-1221 saylı sorğuya cavab məktubundan görünür ki, Kriminalistik Tədqiqatlar İdarəsinin “güllə-giliz” kartotekasında yalnız “yivli” odlu silahların qeydiyyatı aparılır. Bu səbəbə görə də, sorğuda qeyd olunan 01 ədəd 03391 nömrəli 12 kalibrli, İJ modelli ov tüfəngi həmin kartotekada qeydiyyata alınmamışdır. 07.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.04.2021-ci il tarixdə könüllü olaraq 1 ədəd İJ markalı 03391 seriya nömrəli 12 çaplı qoşa ov tüfəngi ilə birlikdə PB-nə gəlmişdir. 09.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs nun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 29.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Rzayev X3 Rayon Xalq Məhkəməsinin 25.10.1980-cı il tarixli hökmü ilə Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 7 il müddətində azaqlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. SSRİ X14 Heyyətinin 27.12.1982-ci il tarixli fərmanı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb, 2 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Salyan Rayon Xalq Məhkəməsinin 30.04.1983-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan vaxtından əvvəl şərti zad olunmuşdur. Təqsirləndirilən şəxs: xx.xx.1958-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. ünvan 3 üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı N. Nəbiyevin meyitinə baxış zamanı götürülmüş 2 ədəd qırma, Təqsirləndirilən şəxs və X6 hadisə vaxtı əynində olmuş paltarlar, cinayətin aləti olan 01 ədə yivsiz ov tüfəngi, 05 ədə patron və 01 ədə giliz, 01 ədəd patron kəməri cinayət işi üzrə maddi sübut qismində tanınmalı və saxlanılması üçün Abşeron rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsinin hüquqi varisinin və şahidin ifadələri, ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 124.1 və 143-cü maddələrilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. İş üzrə 306 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon prokurorluğunun maddi sübutların otağında saxlanılan 01 ədəd “İJ” markalı 03391 nömrəli ov tüfəngi, 01 ədəd hadisə zamanı istifadə edilmiş və 01 ədəd istifadə edilməmiş patron, 01 ədəd patron kəməri və 05 ədəd istifadə edilməmiş parton Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir və zərərçəkmiş şəxs Nihad Nəbiyevin hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli kənarında ağ zolaqları olan idman şalvarı, 01 ədəd sarı rəngli üzərində “GAP 1969” yazısı olan uzun qol poliver, 01 ədəd boz rəngli alt paltarı (tuman) və 01 ədəd tünd yaşıl rəngli olan qolsuz gödəkcə, bir cüt qara rənglı corab zərərçəkmiş şəxsin hüquqi varisi X5 təhvil verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıxdalan şəhər bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai və məhəkə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 143-cü maddəsli ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından 20% məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 68.3.1-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 03 (üç) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu,Sumqayıt şəhər və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 306 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon prokurorluğunun maddi sübutların otağında saxlanılan 01 ədəd “İJ” markalı 03391 nömrəli ov tüfəngi, 01 ədəd hadisə zamanı istifadə edilmiş və 01 ədəd istifadə edilməmiş patron, 01 ədəd patron kəməri və 05 ədəd istifadə edilməmiş parton Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir və zərərçəkmiş şəxs Nihad Nəbiyevin hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli kənarında ağ zolaqları olan idman şalvarı, 01 ədəd sarı rəngli üzərində “GAP 1969” yazısı olan uzun qol poliver, 01 ədəd boz rəngli alt paltarı (tuman) və 01 ədəd tünd yaşıl rəngli olan qolsuz gödəkcə, bir cüt qara rənglı corab zərərçəkmiş şəxsin hüquqi varisi X5 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0000001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar