Məhkəmə qərarları › İş №1(012)-426/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-426/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-426/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında küçədə arvadı Şahid1 "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirməsini cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan ictimai yerdə öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri, qrupun digər üzvü olan naməlum şəxs isə Zərərçəkmiş şəxs sol göz, sol qol, ayaq və bel nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ona sol gözün alt qapağının və gözaltı nahiyənin qançırları, sol bazu oynağı və baldır nahiyələrinin, bel nahiyəsinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməərək ifadəsində göstərdi ki, 2021-ci ilin dekabrın ortalarında Ramil onun evinə gələrək evdə istifadə etdikləri elektrik enerjisinə görə artıq məbləğdə ödəniş bildirişi yazmış, o, "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsinə zəng edərək bu barədə məlumat almışdır. Həmin idarədən ona 31 manat məbləğdə pulun artıq yazıldığını, ona bu məsələni araşdırıb məlumat verəcəklərini demişlər. Aradan bir neçə gün keçdikdən sonra o, yaşadığı əraziyə baxan Ramilin nömrəsini tapıb zəng etmiş, telefonda Ramil ilə söhbət əsnasında ona niyə artıq məbləğdə pul yazdığını soruşduqda Ramil ona bu məsələnin ona aid olmadığını, bununla bağlı "xxxx" ASC-nə müraciət etməyini bildirmişdir. Ona görədə o, yaşadığı ünvana artıq yazılan 31 manat pulu hələ də ödəməmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə övladının ad gününü qeyd edərkən həyat yoldaşı Gülnarənin kiminləsə yüksək səslə danışdığını eşidib evdən çıxmışdır. O, darvazadan küçəyə çıxanda Gülnarənin yıxıldığını görmüşdür. O, Gülnarədən nə baş verdiyini soruşduqda, Gülnarə ona işıq idarəsinin işçisi Ramilin onu geri itələdiyini bildirərkən o, Ramilə tərəf gedərək onun yaxasından tutub yoldaşını hansı səbəbdən geri itələdiyini irad bildirən zaman qonşu Yaşar onları ayırmış və ona Gülnarəni evə aparmağını tapşırmışdır. X10 çıxıb getməsini tələb etmişdir. Bundan sonra o, Gülnarəni evə aparmışdır. Bir neçə dəqiqə keçdikdən sonra qonşu Yaşar onu küçəyə çağırarkən o da küçəyə çıxmışdır. Bu zaman Ramil də Yaşarın yanında olmuşdur. Yaşar hər ikisinə irad bildirərək onlara barışmaqlarını deyərkən Ramil üzr istədiyi üçün onlar barışmış, Ramil də çıxıb getmişdir. Sonradan "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsinin yaşadığı əraziyə baxan işçisi Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini bilmişdir. Onun Zərərçəkmiş şəxs ilə aralarında dava olmamış, aralarında sözlə mübahisə olmuş, mübahisə xx.xx.2022-ci il tarixdə 18 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evinin qarşısında küçədə baş vermişdir. Həmin vaxt ətrafda həyat yoldaşı Gülnarə, qonşu Yaşar və yoldan keçən tanımadığı bir neçə nəfər şəxslərdə olmuşdur. O, Ramilin heç bir nahiyəsinə zərbə vurmamış, yalnız onu geri itələmişdir. Ramil isə həyat yoldaşı Gülnarəni geri itələdiyi üçün Gülnarə yıxılarkən başı hasara dəymişdir. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2020-ci ildən "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsində nəzarətçi mühəndis vəzifəsində işləyir. Xidmət etdiyi ərazi Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivi ərazisidir. Həmin ərazidə yaşayan şəxslərə istifadə etdikləri elektrik enerjisinə aid bildiriş xəbərdarlığı paylayır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrindən Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivində yaşayan şəxslərə istifadə etdikləri elektrik enerjisinə aid bildiriş çap etməyə başlamışdır. Həmin gün saat 17 radələrində ərazidə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs məxsus evə yaxınlaşmış, o, həmin evin çöl hasarında quraşdırılmış sayğaca baxıb bildiriş çap edən zaman Nofəl küçəyə çıxıb uzun vaxtdır onu axtardığını deyəndə o, səbəbini soruşduqda onun adına artıq məbləğdə işıq pulu yazdığını bildirmişdir. O, da Nofələ bu məsələ ilə bağlı bir dəfə əvvəl telefonda onunla danışdığını, Nofələ həmin vaxt artıq məbləğdə işıq pulu yazılmadığını izah etdiyini demiş, bir qədər söhbət etdikdən sonra Nofəl ona “bambılısan, qapıma gəlib gülmüsən?” sözlərini deyərkən Nofələ danışığına fikir verməsinə dair irad bildirmişdir. Bir qədər sonra bir nəfər tanımadığı 25-30 yaşlı sarışın saqqallı oğlan Nofəlin həyətinin darvazasından çölə çıxmış, Nofəl onun qolundan tutaraq kənara çəkərkən o, Nofəli geri itələyərək ondan uzaqlaq istərkən Nofəl qəflətən onun sifət nahiyəsindən yumruq zərbələri vurmağa başlamış, o, müvazinətini itirdiyi üçün Nofəlin yanında olan tanımadığı şəxs onu əlləri ilə tutmuş və onun hərəkət etməyinə mane olmuş, Nofəl onun başına yumruq zərbələri vurduğu üçün yerə yıxılmışdır. Daha sonra Nofəl və yanında olan şəxs onun baş, sifət, bel və ayaq nahiyələrinə təpik zərbələri vurmuşlar. Bundan sonra səs-küyə tanımadığı qonşular gələrək onları ayırmışlar. Həmin vaxt Nofəlin arvadı Şahid1 da gəlmişdir. O, yerdən qalxan kimi müdiri Bəxtiyar Veysəlova zəng edərək bu barədə ona məlumat vermişdir. Bir qədər keçdikdən sonra müdiri Bəxtiyar hadisə yerinə gəlib onu avtomobilinə əyləşdirib yaşadığı evə aparmışdır. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivində yaşayır. "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsinin yaşadığı əraziyə baxan işçisi Zərərçəkmiş şəxs adətən hər ayın əvvəli gələrək evdə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş etməkləri barədə bildiriş çap edir. 2021-ci ilin dekabr ayının təxminən ortalarında Ramil onların yaşadıqları evə gələrək istifadə etdikləri elektrik enerjisinə görə artıq məbləğdə ödəniş bildirişi yazmışdır. O, da "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsinə zəng edərək bu barədə məlumat almış, həmin idarədən ona yaşadığı ünvana 31 manat məbləğdə pulun artıq yazıldığını bildirmişlər. Hətta bu barədə əri Nofəl də zəng edərək eyni məlumatı almışdır. Aradan bir neçə gün keçdikdən sonra əri yaşadıqları əraziyə baxan Ramilin nömrəsini tapıb ona zəng etmiş, telefonda Ramil ilə söhbət əsnasında o, ərinə bu məsələnin ona aid olmadığını, bununla bağlı "xxxx" ASC-nə müraciət etməyini demişdir. Arada hətta bir neçə dəfə Ramil onların evinin qapısını döyərək onu narahat etmişdir. Hətta bir dəfə Ramil işıqlarını kəsmək istəsə də qonşu Yaşar buna mane olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadıqları evdə övladının ad gününü qeyd edərkən o, evin həyətində olan zaman giriş darvazasının döyüldüyünü eşidib qapını açmış, "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsinin yaşadıqları əraziyə baxan işçisi Zərərçəkmiş şəxs əlində kəlbətin və vintaçanla qapının ağzında dayandığını görmüş, Ramil borc olduğu üçün işığı kəsəcəyini ona bildirərkən o, Ramilə yaşadıqları evə artıq məbləğdə borc yazmasına görə irad bildirmiş, qalan məbləği isə əri Nofəl tərəfindən qısa vaxt ərzində ödəyəcəyini demiş, lakin Ramil onunla razılaşmamış, hətta ona “uydura-uydura özünüzdən çıxardığınız şikayətə baxan olmadı?” sözlərini demişdir. Bundan sonra Ramil küçədə onların həyətinin hasarında quraşdırılmış işıq sayğacına yaxınlaşmış, əlindəki kəlbətin və vintaçanla sayğacda işığı kəsmək istəyən zaman ona yaxınlaşıb işığı kəsməyə ixtiyarının olmadığını bildirmiş, Ramil onun sözlərindən sonra sağ qolundan tutub geri itələyərkən həmin zərbədən o, geri gedərək müvazinətini itirib yerə yıxılmışdır. Yerə yıxılan zaman başı hasara dəymiş, o, ağrıdan qışqırarkən onun səsinə əri Nofəl küçəyə çıxmış, onu yerdən qaldırmışdır. Bundan sonra əri əli ilə Ramili sinəsindən geri itələmiş, həmin ərəfədə qonşu Yaşar gəlmiş, o, gələn kimi əri Nofəli geri çəkərək dalaşmamalarını, Ramilə isə çıxıb getməsini bildirmişdir. Ramil də sağ-salamat həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, əri ilə evə getmişdir. Sonradan "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsinin yaşadıqları əraziyə baxan işçisi Zərərçəkmiş şəxs əri Nofəldən polisə şikayət etdiyi məlum olmuşdur. Ramil onu itələyən zaman yanında heç kim olmamış, sonradan onun qışqırıq səsinə əri Nofəl, sonradan qonşu Yaşar və yoldan keçən tanımadığı bir neçə nəfər şəxslər gəlmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun divar qonşusudur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə həyətdə əkdiyi tərəvəz məhsullarını sulayan zaman bayırdan qadın qışqırıq səsi eşitmişdir. O, dərhal darvazanı açıb küçəyə çıxmışdır. Həmin vaxt qonşusu Nofəlin arvadı adını Çiçək kimi çağırdıqları Gülnarənin əlini başına tutub hasara söykəndiyini, Gülnarədən təxminən 3-4 metr aralıda "xxxx" ASC-nin işçisi Ramilin təlaş içində dayandığını görmüşdür. Elə həmin anda Nofəl öz evlərinin darvazasından küçəyə çıxmış, Nofəl arvadı Gülnarədən nə baş verdiyini soruşduqda, Gülnarə "xxxx" ASC-nin işçisi Ramilin onu itələdiyi üçün başının hasara dəydiyini bildirmişdir. Həmin vaxt Nofəl Ramilin üzərinə hücum edib onu geri itələmişdir. Onlar yaxalaşan zaman o, aralarına girib ayırmışdır. Bundan sonra Nofələ arvadı Gülnarəni evə aparmasını demişdir. Nofəl də arvadı Gülnarənin qolundan tutub həyətə girmişlər. O, Ramilə yaxınlaşıb Nofəlin evində qonaqlıq olduğunu bu səbəbdən səs-küy yaranmasın deyə uzaqlaşmasını bildirmişdir. Ramil də həmin yerdən çıxıb getmişdir. Bundan sonra o, Nofəlin evinin həyətinə daxil olmuşdur. Gülnarəni əyləşdirib alnına soyuq sulu dəsmal qoymuşlar. Aradan təxminən 10 dəqiqə keçdikdən sonra o, küçəyə çıxmışdır. Yaşadığı evdən təxminən 50 metr aralıda Ramilin daşın üstündə əyləşdiyini görmüşdür. O, Ramilə yaxınlaşan zaman onun paltarlarının toz olduğunu, burnundan qan gəldiyini görmüşdür. O, Ramildən nə baş verdiyini soruşduqda, Ramil ona qaçarkən yıxıldığını bildirmişdir. Ramil ondan Gülnarənin vəziyyətini soruşduqda, o, Ramilə narahat olmamasını, hətta Gülnarənin polisə məlumat verməsinin qarşısını aldığını demişdir. Söhbət əsnasında Ramilin telefonuna zəng gəlmişdir. Ramil ondan bir neçə metr aralanıb telefonda kiminləsə bir neçə dəqiqə danışmışdır. Ramil danışıb onun yanına gəldikdən sonra ona döyüldüyünü bildirmişdir. O, Ramildən harada döyüldüyünü soruşduqda, Ramil ona qonşusu Nofəlin evinin qarşısında Nofəl tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirmişdir. Bundan sonra Ramil ona Nofəlin ondan üzr istəməsini demişdir. O, da bir ağsaqqal kimi Ramili Nofəlin evinin qarşısına gətirmiş, Nofəli küçəyə çağırmışdır. Nofəl ilə Ramil hər ikisi bir-birindən üzr istədikdən sonra onları barışdırmışdır. Daha sonra o, Ramili üst-başını təmizləməsi üçün öz evinin həyətinə aparmışdır. Nofəl də evinə getmişdir. Ramil də üst-başını təmizlədikdən sonra müdiri gəldikdən sonra onun maşınına minib çıxıb getmişlər. Səhəri gün Ramilin bu barədə polisə şikayət etdiyini eşitmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə yaşayır. "xxxx" ASC-nin Sumqayıt RETSİ-də aparıcı mühəndis işləyir. 2019-cu ilin noyabr ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində "xxxx" ASC-nin Abşeron rayon İşıq İdarəsində işləmişdir. Xidmət etdiyi ərazi Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivi olmuşdur. İşi həmin əraziyə nəzarət edən mühəndislərə nəzarət etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs da həmin ərazidə xidmət etdiyi üçün ona xidməti sahədə nəzarət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində nəzarətçi mühəndis işləyən Ramil ona zəng edərək Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivində abonentlər tərəfindən döyüldüyünü bildirmişdir. O, dərhal Ramilin dediyi yerə getmişdir. O, Ramili küçədə görüb yaxınlaşmış, həmin vaxt Ramilin üstbaşının toz və qan içində olduğunu, burnundan qan gəldiyini görüb ondan nə baş verdiyini soruşduqda Ramil ona iki nəfər şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin vaxt orada sonradan adını bildiyi Yaşar adlı şəxs də olmuşdur. Bundan sonra o, Ramili Yaşarın həyətinə aparmış, orada Ramilin üst-başını təmizləmiş, söhbət əsnasında Yaşar ona Ramili sakitləşdirməyini, bu barədə polisə məlumat verməsinin qarşısını almağını xahiş etdikdə o, da Yaşara bu barədə Ramilin adından qərar verə bilməyəcəyini bildirmişdir. Bundan sonra o, Ramili avtomobilinə əyləşdirib yaşadığı evə aparmışdır. Sonradan Ramilin bu barədə polisə məlumat verdiyini bilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 480 saylı rəyində qeyd olunmuşdur ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsinin şişkinlikli qançırı və sıyrığı, alın nahiyəsinin dərialtı hematoması, burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burunun şişkinlikli qançırı, üzün sağ gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının, sol gözün alt qapağının və gözaltı nahiyənin qançırları, sol bazu oynağı və baldır nahiyələrinin, bel nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə başın alın nahiyəsinin dərialtı hematoması və burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı ayrı-ayrılıqda hər biri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən əllə, yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərlər. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq, onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən təkrar qərəzli hərəkətlər etməklə xuliqanlıq etməkdə təqsirli olması yuxarıda göstərilənlərdən başqa, işin araşdırılmış digər halları ilə tam subuta yetir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməməsi onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş və müdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş himayəsində üç azyaşlı uşağının olmasını, onun ilk məhkumluğunu yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən belə hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də Təqsirləndirilən şəxs sanksiya daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməldir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 360 manat məbləğində pul vəsaiti, məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəssini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 360 manat məbləğində pul vəsaiti, məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar