Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-427/2021 09.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi – Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Qazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 03 iyun 2021-ci il tarixdə, saat 09:30 radələrində ünvan 3 ünvanında Şahid1 və arvadı Şahid2 birgə yaşadıqları evdə Şahid1 anası Zərərçəkmiş şəxs ilə Şahid2 anası Təqsirləndirilən şəxs arasında ailə-məişət münasibətləri zəmnində dava-dalaş baş vermiş, yaranmış dava-dalaş zamanı Təqsirləndirilən şəxs evin dəhlizində olan stolun üzərindən götürdüyü stəkanla Zərərçəkmiş şəxs alnına, yumruqla isə bir dəfə sağ qoluna qəsdən vurmaqla ona alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası və sol bazunun qançırı xəsarətləri ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03 iyun 2021-ci il tarixdə anası Sənubərlə söhbət zamanı 02 iyun 2021-ci il tarixdə qızı Səbinəgildə anası Sənubərlə qudası Zərifə arasında münaqişə olduğunu bilmiş, məsələyə aydınlıq gətirmək məqsədi ilə saat 09.30-da Səbinənin yaşadığı evə getmiş, Zərifəyə zəng edib həmin evə çağırmışdır. Zərifə evə çatan kimi onun üzərinə hücum çəkmiş və onlar bir-birlərinin saçlarından tutub bir-birlərinin əllərindən vurmağa başlamış, Səbinə isə çətinliklə onları ayırmışdır. O, Zərifənin onun saçlarını yolmasından əsəbləşib əl atıb stolun üzərindən stəkanı götürüb Zərifənin alnına vurmuş, zərbənin təsirindən Zərifənin başı qanamağa başlamış, Zərifə polisə şikayət edəcəyini deyib evdən çıxmış, çöldə oğlu Turalı çağırmağa başlamışdır. O qızı Səbinə ilə Turalın gəldiyini eşidib küçəyə çıxmış, Tural onu görən kimi “mənim anamı sən bu günə salmısan?” deyib onun üzərinə hücum çəkmiş, yumruqla onun belindən bir neçə dəfə zərbə vurmaqla onu döymüş, Səbinə yaxınlaşıb onları ayırmaq istəyən zaman Tural Səbinənin də sifətinə yumruq vurmuşdur. Səbinə zərbənin təsirindən yerə yıxılmış və başı daşa dəymiş, o, da əl atıb Səbinəni Turalın əlindən almaq istəmişdir. Bundan sonra Tural Səbinədən əl çəkib onun üzərinə gəlmiş, onu yumruqla vura-vura yerə yıxmış, yerə yıxıldıqdan sonra yerdə də Tural yumruqla və təpiklə zərbələr vurmaqla onu döymüşdür. O, aralarında olan dava-dalaş zamanı Zərifənin saçlarını yolduğunu, stəkanla Zərifənin alnından vurduğunu, Turalı isə hər hansısa formada vurmadığını bildirdi. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 02.06.2021-ci il tarixdə saat 23:00 radələrində oğlu Tural ona zəng edib yaşadığı evə gəlməsini istəmiş, o, əri Vəkillə Turalgilə gəldikdə küçədə Turalla görüşmüş, Tural arvadı Səbinənin nənəsi Sənubərin onların evinə gəldiyini və onların ailə işlərinə qarışdığını ona demişdir. O, məsələyə aydınlıq gətirmək üçün evə keçdikdə evdə Sənubərlə aralarında mübahisə baş vermiş, X2 döyməsindən narazılıq etdikdə o, da Sənubərə Turalın ailə işlərinə qarışması ilə bağlı iradlarını çatdırmışdır. O, Sənubərin Turalı vurmaq üçün Turala əl-qol atdığını görüb Səbinə ilə onları ayırmış, bundan sonra Sənubər polisə zəng etmiş, polis əməkdaşları oraya gəldikdən sonra isə o, əri Vəkil və oğlu Tural ilə oradan çıxmış, daha sonra əri Vəkillə evlərinə getmişlər. 03.06.2021-ci il tarixdə saat 09:00 radələrində qudası Zita ona zəng edib Səbinənin evinə çağırmış, o, axşam olmuş hadisələr barəsində Zita ilə söhbət etmək üçün Səbinənin evinə getmiş, evin qapısını döyüb evin içərisinə keçən kimi Zita onu nalayiq küçə söyüşləri ilə söyməyə başlamış və əl atıb onun saçlarından tutaraq yolmuş, həmçinin onun başını qapıya döyəcləmişdir. Bundan sonra o, da əl atıb Zitanın saçlarından tutaraq birbirlərinin saçlarını yolan zaman Zita evin dəhlizində olan stolun üzərindən stəkan götürüb onun başına çırpmışdır. Stəkan onun başına dəymiş və alnını yaralamış, Səbinə onun başının qanadığını görüb aralarına girib onları ayırmış, bu zaman o, evdən qaçıb küçəyə çıxmışdır. Qonşuluqda yaşayan şəxs onun alnının qanadığını görüb onun əri Vəkilə zəng edib Vəkili oraya çağırmış, bir neçə dəqiqədən sonra oğlu Tural oraya gəlib onun alnının qanadığını görmüş, o, da həmin vaxt küçədə olan Zitanın Turala tərəf getdiyini görüb Turalın qarşısına keçmişdir. Zita Turalın üzərinə hücum edərək Turalı itələyib yerə yıxmış, Zita özü də Turalın üzərinə yıxılmış, bu zaman Tural əlindən, Zita isə qulağından xəsarət almışdır. Zita axşam Səbinə ilə aralarında söz-söhbət olduğuna görə Turalı söyməyə başlamış, Səbinə isə yaxınlaşıb anası Zitanın qolundan tutub çəkərək onları ayırmaq istəmiş, Səbinə Zitanı çəkən zaman ayağı büdrəyib o, da yerə yıxılmışdır. Bundan sonra qonşuluqda yaşayan şəxslər yaxınlaşıb onları ayıraraq Turalı oradan uzaqlaşdırmışlar. O, aralarında olan dava-dalaş zamanı Zitanın saçlarını yolduğunu, Səbinəni isə hər hansısa formada vurmadığını, aldığı xəsarətlərin hamısını 03.06.2021-ci il tarixdə qudası Zitanın ona yetirdiyini, hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi. Ona görə məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan əlavə, məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X1 rayon şöbəsinin 14.06.2021-ci il tarixli 1134 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər; - alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan kəsilmiş yarası iti kənarlı əşya (alət) təsirindən, sol bazunun qançırı isə küt əşya təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni 03.06.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş məhkumluq barədə 14 iyun 2021-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-427/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-427/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver