Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-427/2023 19.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Qazax rayonu, Muğanlı kəndində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, X2 küçəsi, ev 76 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 22 noyabr 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, X2 küçəsində yerləşən 76 nömrəli evin qarşısında, evinin damında navalça olmadığına görə yağış sularının həyətinə axdığını ona irad bildirən qonşusu Zərərçəkmiş şəxs3 ilə aralarında baş vermiş mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib şəxslər üzərində zor tətbiq edərək, Zərərçəkmiş şəxs3 sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə vurmuş, həmin vaxt oraya gələn sonuncunun qohumları, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı da zor tətbiq edərək, Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə qəsdən yumruqla bir dəfə vurmuş, sonra isə evdən götürdüyü silah qismində istifadə etdiyi balta ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə bir dəfə, Zərərçəkmiş şəxs3 isə burun nahiyəsinə bir dəfə vuraraq, Zərərçəkmiş şəxs2 üst və alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan dərərcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs3 burun sümüyünün az yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı, sol üst və alt göz qapaqlarının, sol gözaltı almacıq nahiyəsinin və sağ gözaltı nahiyəsinin qançırları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid, Zərərçəkmiş şəxs1 isə başın alın-təpə nahiyəsinin kəsilmiş yarası və bel nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qonşusudur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 22 noyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində olan zaman Asim hasardan boylanaraq onun həyətdə təzə tikdiyi tikiliyə navalça vurmağını tələb etmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə onların evinin əvvəl həyətində baş vermişdir, orada Asim onu təhqir etdiyi üçün yumruqla Asimin sinəsinə bir dəfə vurmuşdur. Daha sonra Asimin uşaqları ağladığı üçün o, tutduğu əməldən peşman olub yaşadığı evə qayıtmışdır. Daha sonra Asim əlində balta ilə onların evinə hücum çəkmişdir. Lakin arvadı Aysel Asimi sakitləşdirib evlərinə aparmışdır. Bir qədər sonra o da küçəyə çıxıb qonşuluqda qonşularla söhbət etməyə getmişdir. Təxminən bir saat sonra yaşadığı evə qayıdarkən Aysel və Asimin onların həyətində dayandığını görmüş, evə girdikdə həmin vaxt tanımadığı sonradan Ayselin qardaşı Samir və anası Sehran olduğunu öyrəndiyi şəxslərin arvadı Tacirənin üstünə hücum çəkdiklərini görmüşdür. Bundan sonra Sehran və Samir onun üzərinə hücum çəkmişdir. Arxa tərəfdən isə Aysel və əri Asim də onların evinə daxil olmuşlar. Daha sonra dördü birlikdə onu döyməyə başlamış, qadınlar üzünü cırmış, Samir və Asim isə yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. O da özünü müdafiə etmək üçün Asim və Samirə qarşı yumruq zərbələri endirmişdir. Bir qədər sonra Aysel, anası Sehran, qardaşı Samir və əri Asim çıxıb getmiş, Ayselin anasının başı həyətdən küçəyə giriş-çıxış üçün nəzərdə tutulmuş balaca keçiddən çıxan zamanı daşa dəymişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, xahiş edir əməlinə düzgün qiymət verilsin və cəzadan azad edilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, ailəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi “Qara” olaraq təxminən 2019-cu ildən tanıyır. O, bildirmişdir ki, Mahirlə onlarla qonşuluqda yaşayır. Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. Lakin, onun 2022-ci ilin noyabr ayının ortalarında, 2019-cu ildə Mahirlə qonşuluqda aldığı evlə bağlı məhkəmə prosesinə Mahir şahid qismində çağırıldıqdan bir neçə gün sonra xx.xx.2022-ci il tarixdə qızı Aysel ona, zəng edərək Mahirin onları söyüb- təhqir etdiyini bildirmişdir. O, oğlu Samirlə birlikdə Xırdalan şəhərində yerləşən ona məxsus evə getmişdir. Bundan sonra o, Mahirin arvadı ilə söhbət etmək məqsədi ilə onlara getsə də, o, qapını açmamış, lakin pəncərəni açıb oradan boylandığı üçün onlar söhbət etmişdir. Bu zaman onların arasında mübahisə baş vermiş və oğlu Samir də arxasınca oraya gəlmişdir. Bu vaxt Samir onun yanına yaxınlaşaraq ondan “Kişi haradadır ?” deyə soruşmuşdur. Bu vaxt Mahir arxadan Samirin üstünə hücum çəkərək, onu yumruqla vurmuşdur. Bu zaman Samir və Mahir əlbəyaxa olmuşdurlar. Buna görə kürəkəni Asim və qızı Aysel də onların yanına gəlmişdir. Həmin vaxt Mahir orada yerləşən şkafın üstündən balta götürüb onu, vurmaq istəmişdir lakin həmin vaxt Asim əlini baltanın qabağına uzatdığı üçün baltanın sapı Asimin əlinə, iti ucu isə onun başına dəymişdir və alın nahiyəsindən xəsarət almışdır. Daha sonra Mahir əlindəki baltanın arxa tərəfi ilə Asimin burun nahiyəsinə bir dəfə zərbə vurmuşdur. O, bədbəxt hadisə olacağından qorxduğu üçün ağlayaraq oğlu və kürəkəninə Mahirin içkili olduğunu və qaçmağlarını xahiş etmişdir. Buna görə də onlar qaçaraq onların həyətindən çıxmışdırlar. Həyətdən çıxarkən Mahir ayağı ilə onun kürəyindən təpiklə bir dəfə möhkəm vurmuşdur. Oradan çıxdıqdan sonra o, baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Aysel onun bacısı, Asim isə Ayselin həyat yoldaşıdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində bacısı Aysel ona zəng edərək qonşuluqda yaşayan Tacirə adlı qadının daşla onlara məxsus pəncərənin şüşəsini qırdığını bildirmişdir. Aysel bunu ağlayaraq dediyi üçün o, anası ilə birlikdə Xırdalan şəhərində onların yaşadığı ünvana getmişdir. Əvvəlcə o, Ayseldən nə baş verdiyini maraqlandıqda Aysel qonşuluqda yaşayan Mahir və arvadı Tacirə ilə mübahisə etdiklərini bildirmişdir. Buna görə də o, anası ilə birlikdə onların evinə getmişdir ki, məsələni aydınlaşdırsınlar. Onlar ev sahibini həyətdən səsləsələrdə səs verən olmadığı üçün qapını açaraq evin salon hissəsinə keçmişdirlər. Bu zaman Mahirin arvadı oraya açılan pəncərəni açmışdır və bu zaman o, qadından “kişi hardadır?” deyə soruşduqda Mahir arxadan gəlib onun çiynindən tutaraq özünə tərəf döndərib yumruqla üz nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman o, da özünü müdafiə etmək üçün Mahiri vurmuşdur. Bundan sonra Mahir ona yumruqlar atdığı üçün o, da onu vurmağa çalışmışdır. Bir qədər sonra Asim və Aysel də oraya getmişdir. Asim və Aysel onları aralaşdırmağa çalışarkən orada yerləşən şkafın üzərindən balta götürüb üstlərinə hücum çəkmişdir. Mahir balta ilə anasını vurmaq istəyərkən Asim əlini baltanın qabağına vermişdir. Buna görə də balta anasının başına dəysə də yavaş dəymişdir. Daha sonra Mahir baltanın arxası ilə Asimin burnuna vurmuşdur. Bundan sonra onlar, qorxub oradan çıxıb getmişdirlər. Gedərkən bir neçə nəfər tanımadığı şəxs onlardan nə baş verdiyini soruşmuş, lakin o, şok vəziyyətində olduğu üçün onlara cavab vermədən oranı tərk etmişdir. Daha sonra baş vermiş hadisə barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. . Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Əhməd oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi “Qara” olaraq təxminən 2019-cu ildən tanıyır. Belə ki, yuxarıda göstərilən ünvanda onunla qonşuluqda yaşayır. Əvvəllər heç bir ədavət və düşmənçilikləri olmamışdır. 22 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Mahirdən yaşadığı evin həyətində təzə tikdiyi yarım tikilinin şiferinə navalça vurmasını, əks halda suyun onların həyətinə töküləcəyini demişdir. Bu vaxt Mahir ona kobud cavab verərək onun bu tələbi edə biləcək “ən axırıncı” adam olduğunu demişdir. Buna görə onların arasında mübahisə yaranmışdır. O Mahirdən həmin sözü deməsinin səbəbini soruşduqda Mahir onu küçəyə dəvət etmiş, o, küçəyə çıxan kimi Mahir söyüş söyərək qəflətən yumruqla sifət nahiyəsinə bir dəfə vurmuşdur. Daha sonra aralarında münaqişə baş vermiş, buz zaman o, Mahiri qorxutmaq məqsədi ilə əlinə daş almışdır. Mahir isə yaşadığı həyətə keçib əlində balta ilə üstünə qayıtmışdır. O, Mahirin ona xəsarət yetirəcəyindən qorxduğu üçün yaşadığı evə getmişdir. Lakin Mahir ucadan qışqıraraq onu və ailəsini nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Daha sonra Mahirin arvadı Tacirə daşla yaşadıqları evin pəncərəsini qırmışdır. Buna görə də arvadı Aysel qaynanası Sehrana zəng edərək kömək istəmişdir. O da Mahir və arvadına yalandan polisə zəng etdiyini dedikdə onlar qorxub sakitləşmişlər. Təxminən yarım saat sonra qayınanası Sehran və qaynı Samir onlara gəlmişdir. Qaynanası Sehran məsələnin səbəbini aydınlaşdırmaq üçün Mahirgilin həyətinə getmişdir. Bir qədər sonra onların yüksək səslə mübahisə etdiyini eşidən Samir də Mahirgilin həyətinə getmişdir. O da Aysellə birlikdə küçədə dayanmışdır. Bu vaxt Mahir onların yanından keçərək həyətə daxil olmuş, bu vaxt Mahir kinayə ilə onları da evinə çağırmışdır. Mahir həyətə daxil olduqdan bir qədər sonra səs- küy qopduğunu eşidib o da içəri daxil olmuşdur. Mahirin Samirlə əlbəyaxa olduğunu görüb onları ayırmağa çalışmış, Mahiri sakitləşdirməyə çalışsa da Mahir otaqda yerləşən şkafın üstündən baltanı götürüb onların üstünə hücum çəkmişdir. Mahir əlindəki balta ilə qaynanası Sehranı vumaq işədikdə o, qolunu baltanın qabağına vermiş, balta qaynanasının başına dəysə də çox möhkəm dəyməmişdir. Daha sonra o, Mahirin əlindəki baltanı tutmuşdur. Həmin vaxt Mahir baltanın arxa tərəfi ilə onun burun nahiyəsinə bir dəfə vurmuşdur. Daha sonra qaynanasının başı və onun burnu qanadığı üçün Mahir sakitləşmişdir. Buna görə də onlar Mahirin evindən çıxıb xəstəxanaya getmişlər. Samir baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin 102 Xidməti zəng mərkəzinə məlumat vermişdir.Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsindən görünür ki, Mahir adlı şəxsi təxminən üç ildir ki, tanıyır. Belə ki, həmin vaxt onların qonşuluğunda ev almışdırlar. O, bildirmişdir ki, əvvəllər münasibətləri yaxşı olmuşdur, heç bir ədavət və düşmənçilikləri olmamışdır. Lakin Mahir son vaxtlar yaşadığı evin həyətində yeni ev inşa etdirmişdir və həmin evin navalçasının suyu onların həyətinə axdığı üçün əri Asim Mahirə bir neçə dəfə irad bildirmişdir. 22 noyabr 2022-ci il tarixdə Asim bu barədə Mahirə irad bildirdikdə, onlar arasında mübahisə baş vermişdir. Daha sonra Mahir Asimi çölə çağırmış o, da nigaran qaldığı üçün Asimin arxasınca çölə çıxmışdır. Həmin vaxt qapının ağzında Mahir qəflətən Asimin üz nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Bu zaman o, onları sakitləşdirib birtəhər ayırmışdır. Daha sonra Mahir yaşadığı evə qayıdıb oradan balta götürüb təkrar Asimin üzərinə hücum çəkmişdir. O, onları birtəhər sakitləşdirdikdən sonra Asimi evə qatmışdır. Lakin Mahir onların həyətinə daş və taxta parçaları ataraq nalayiq ifadələr işlətmişdir. Bu zaman Mahirin arvadı da ona qoşulmuşdur. Onun atdığı daşlardan biri onların pəncərəsinin şüşəsini qırmışdır. O, qorxduğu üçün anasına bu barədə məlumat vermişdir. Təxminən 1-2 saat sonra anası və qardaşı Samir onlara getmişdir. Həmin vaxt artıq onların arasındakı mübahisələr dayanmışdır. Anası məsələni aydınlaşdırmaq üçün Mahirgilin həyətinə getmişdir. O, Samir və Asim birlikdə öz həyətlərində gözləmişdir. Daha sonra Mahirgilin həyətində səs-küy gəldiyi üçün Samir də oraya getmişdir. Daha sonra Mahir yaşadığı evə gələrkən Asim və onun həyətdə dayandıqlarını görüb kinayə ilə onları da öz evlərinə çağırıb yaşadığı evin həyətinə aparmışdır. Daha sonra o, da Asimlə birlikdə Mahirin arxasınca onların həyətinə, daha sonra isə evlərinə daxil olmuşdurlar. O, içəri daxil olduqda Mahir və Samirin əlbəyaxa dava etdiklərini görüb onları ayırmağa çalışmışdır. Anası da onunla birlikdə onları ayırmağa çalışmışdır. Bu zaman Mahir otaqda olan şkafın üstündən balta götürüb anasını vurmaq istəmişdir. Həmin vaxt Asim əlini baltanın qabağına verdiyi üçün baltanın uc hissəsi anasının başına dəymişdir. Bundan sonra Mahir baltanın arxası ilə Asimin burnuna bir dəfə vurmuşdur. O, anası ilə birlikdə Samir və Asimdən xahiş edib onları çölə çıxartmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bldirmişdir ki, Mahir onun əridir. Asim və arvadı Ayseli qonşu kimi tanıyır. Ayselin anası Sehranı və qardaşı Samiri isə əvvəllər tanımışdır. Onlarla aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində evdə üç yaşlı nəvəsi Cəvahiri yatızdırırmış və həmin vaxt evdə heç kim olmamışdır. Bu zaman kiminsə evin giriş qapısını döyüb onları çağırdığını eşitmişdir. Həmin vaxt gələnlərin kim olduğunu müəyyən etmək üçün mətbəxin salona baxan pəncərəsini açmışdır və bir nəfər qadın ilə bir cavan oğlanın evin qapısını açaraq içəri girdiklərini görmüşdür. Üzdən həmin qadının Ayselin anası olduğunu bilsə də, lakin yanındakı oğlanı əvvəllər heç vaxt görməmişdir. Həmin şəxslər söyüş söyərək ondan əri Mahirin harada olduğunu soruşmuşdurlar. O, onlarla mübahisə edərkən Ayselin anası qəflətən əlini ataraq onun saçından tutmuş, digər əli ilə sinəsindən tutmuşdur. Bu zaman əri Mahir içəri daxil olduqda yanındakı oğlan Mahirin üstünə hücum çəkmişdir. Həmin anda qadın onu, buraxıb Mahirin üstünə hücum çəkmişdir. Bu vaxt Aysel və əri Asim də içəri girib Mahirin üzərinə cummuşdur. O, tez salona çıxaraq onları birtəhər aralaşdırıb Mahiri içəri otağa keçirtmişdir. Onlar çıxıb gedərkən o, həyətə çıxıb onlara Mahirin üz-gözünü cırdıqları üçün bəddua etməyə başlamışdır. Həmin vaxt Asim və tanımadığı digər oğlan qabaqda gedirmiş. Əlavə olaraq bildirmişdir ki, onların evləri ilə üzbəüzdə onlara məxsus yarım tikili mövcuddur. Yarım tikilinin giriş hissəsində qapı üçün nəzərdə tutulmuş yer və qarşısında iki kərpic hündürlüyündə pilləkən mövcuddur. O, bildirmişdir ki, həyətə daxil olmaq üçün həmin tikilinin içərisindən keçilməlidir. O, həyətə çıxan zaman Asim və yanındakı digər şəxs tikilinin içərisində Aysel və anası isə pilləkəndə olublar. O, bəddua etdikdən sonra tanımadığı həmin şəxsin təkrar onun üstünə hücum etmək istəmişdir. Bu vaxt onlar pilləkəndə ilişib yıxılmışdırlar. O bildirmişdir ki, Ayselin anası yerə, digərləri isə onun üstünə yıxılmışdır. Bundan sonra o, içəri qayıtmış və halı getdiyi üçün elə oradaca yerə uzanmışdır. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, Mahir onun qonşuluğunda yaşayır. O, bildirmişdir ki, təxminən iyirmi il olar ki, yuxarıda göstərilən ünvanda yaşayır. Həmin vaxtdan Mahirlə münasibəti olmuşdur. Heç bir ədavət və düşmənçilikləri yoxdur. 22.11,2022-ci il tarixdə axşam saat 19 radələrində digər qonşusu Xəyyamla birlikdə küçədə söhbət edirmiş. Bu vaxt Mahirgilin həyətində səs-küy eşitməyə başlamışdır. Nə baş verdiyini öyrənmək məqsədi ilə Mahirgilin həyətinə tərəf getmişdir. Bu zaman Mahirgilin həyətində Mahirin tanımadığı şəxslərlə mübahisə etdiyini görmüşdür. Həyətdə qadınların olduğunu gördüyü üçün Mahirin həyətinə girməmiş, qayıdaraq yaşadığı evə getmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Mahir onun qonşuluğunda yaşayır. Bildirmişdir ki, təxminən 8 il əvvəl onlarla qonşuluqda yaşamağa başlamışdır. Aysel adlı qadın da təxminən iki ildir ki, onlarla qonşuluqda yaşamağa başlamışdır, lakin münasibətləri olmamışdır. Nə Mahir, nə də Aysellə heç bir ədavət və düşmənçiliyi yoxdur. 22.11,2022-ci il tarixdə axşam saat 19 radələrində arvadı Sevinc həyətə çıxmışdır. Arvadı onu çağıraraq Mahirgilin həyətindən möhkəm səs-küy gəldiyini bildirmişdir. Buna görə də o, Sevinclə birlikdə Mahirgilin evinə getmişdir. Mahirgilin həyətinə gedərkən Ayselin və yanında iki-üç nəfər tanımadığı şəxsin Mahirgilin evi ilə üzbəüz yerləşən tikilinin içərisində olduğunu görmüşdür. Həmin şəxslərdən bir nəfər qadın yerə yıxılmış digərləri isə qışqıraraq onu qaldırmağa çalışırmış. Daha sonra həmin şəxslər onların yanından ötüb çölə çıxmışdır. O, Sevinclə birlikdə Mahirgilin evinə girdikdə Mahirin arvadı Tacirənin yerə uzandığını, Mahirin isə onun başının üstündə durduğunu görmüşdür. Həmin vaxt Mahirin üzündə cırılmış izlər var imiş və onun üzü qanayırmış. O, Mahirdən nə baş verdiyini soruşqduqda o, Aysel və ailəsinin onların evinə hücum etdiyini bildirmişdir. Daha sonra digər qonşuları Nailə də oraya gəlmişdir. Onlar bir qədər Mahir və Tacirəni sakitləşdirdikdən sonra yaşadıqları evə qayıtmışdır. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, Mahir onun qonşuluğunda yaşayır. O, bildirmişdir ki, təxminən 8 il əvvəl onlarla qonşuluqda yaşamağa başlamışdır. Aysel adlı qadın da təxminən iki ildir ki, onlarla qonşuluqda yaşamağa başlamışdır. Yaxın münasibətləri olmasa da anası tez-tez onlara gəlib gedirmiş. Nə Mahir nə də Aysellə heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində yuyulmuş paltarları asmaq məqsədi ilə həyətə çıxmışdır. Bu zaman Mahirgilin həyətindən səs-küy eşitməyə başlamışdır. Nə isə bədbəxt hadisə olduğundan narahat olduğu üçün əri Azərə bu barədə xəbər vermişdir. O, Azərlə birlikdə Mahirgilin həyətinə gedərkən Ayselin, anasının, ərinin və yanında bir nəfər tanımadığı kişinin Mahirgilin evi ilə üzbəüz yerləşən tikilinin içərisində olduğunu görmüşdür. Daha sonra onlar yanlarından ötüb çölə çıxmışdır. O, Azərlə birlikdə Mahirgilin evinə girdikdə Mahirin arvadı Tacirənin yerə uzandığını, Mahirin isə onun başının üstündə durduğunu görmüşdürlər. Həmin vaxt Mahirin üzündə cırılmış izlər olub və onun üzü qanayırmış. O, Tacirədən nə baş verdiyini soruşqduqda o, Aysel və ailəsinin onların evinə hücum etdiyini bildirmişdir. O, Azərlə birlikdə bir qədər Mahir və Tacirəni sakitləşdirdikdən sonra yaşadıqları evə qayıtmışdır. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsində görünür ki, Mahir onun qonşuluğunda yaşayır. Bildirmişdir ki, təxminən 2018-ci ildən onunla qonşuluqda yaşayır. Aysel adlı qadın da təxminən iki ildir ki, onunla qonşuluqda yaşamağa başlamışdır. Yaxın münasibətləri olmasada heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində yaşadığı evin mətbəxində səs-küy eşitməyə başlamışdır. Mətbəxin pəncərəsindən Ayselgilin həyəti göründüyü üçün əvvəlcə o, pəncərədən boylanmış və onların həyətində heç kimin olmadığını gördükdə Mahirgilin həyətinə getmişdir. Həyətə daxil olarkən Mahirgilin evi ilə üzbəüz tikilidə Ayselin anası, əri və bir nəfər tanımadığı şəxsin yerə oturub qışqırdıqlarını görmüşdür. Onların yanından keçib Mahirgilin evinə daxil olduqda Mahirin arvadı Tacirənin yerə uzandığını Mahir, digər qonşusu Sevinc və onun əri Azər isə Tacirənin başının üstündə dayanmışdır. Mahirin üzündə cırılmış izlər olub və Mahirin üzü qanayırmış. Tacirənin halı pisləşdiyi üçün bir qədər orada qalıb Tacirəni sakitləşdirmiş və daha sonra yaşadığı evə qayıtmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2764 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilən xəsarətlər - başın alın-təpə nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın(alətin) təsirindən, bel nahiyəsinin qançırları isə bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən başın alın-təpə nahiyəsinin kəsilmiş yarası qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, baltanın tiyəsinin iti kənarının(ülgücünün) təsirindən, bel nahiyəsinin qançırları xəsarətlərinin isə müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2765 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - üst və alt dodağın selikli qişasına qansızma küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Ə.Əhmədovun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni, insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2763 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər -burun sümüyünün az yerdəyişən sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı, sol üst və alt göz qapaqlarının, sol gözaltı almacıq nahiyəsinin və sağ gözaltı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt Apellasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm ləğv edilmiş və Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilmişdir. Məhkumluğu olmayan şəxs hesab edilir. 25 fevral 2023-cü il tarixdə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. 25 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməməsi kimi hallar sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı verilən ifadələrdən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3lə əvvəl mübahisə etmiş, sonra isə ailə üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs evinə mübahisəni davam etdirmək üçün getmişlər. Hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış kompleksi, X2 küçəsi, ev 76 ünvanında yerləşən Təqsirləndirilən şəxs İsmayıl oğluna məxsus fərdi yaşayış evində baş vermişdir. Nəticədə həmin evdə baş vermiş münaqişə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və onun kürəkəni Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Göstərilən hallarla əlaqədar tərəflər arasında mübahisəli vəziyyət həmin vaxt hadisələrin təsadüfi axını nəticəsində yaranmış və münaqişəyə çevrilmişdir. Beləliklə faktiki olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında baş vermiş münaqişə evinin damında navalça olmadığına görə yağış sularının həyətinə axdığını ona irad bildirən qonşusu Zərərçəkmiş şəxs3 ilə aralarında baş vermiş mübahisə ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Araşdırılmış sübutlardan görünür ki, təqsirləndirilən şəxsin davranışı belə tələbatlarla bağlı, həm də səbəbsiz olmamış, konkret səbəbdən – Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə navalça olmadığına görə həyətinə su axması ilə bağlı mübahisə etməsi ilə əlaqədar olaraq aralarında davam edən münaqişəli münasibətlər zəminində təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 oğluna xəsarət yetirməsi, formalaşmış qisas motivindən (zərərçəkmiş şəxsin ilk olaraq təqsirləndirilən şəxsə əl qaldırılması) və anidən formalaşan şəraitdən qaynaqlanmışdır. Bu əlamətlər isə xuliqanlıq əməlini istisna edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə xəsarət yetirməsi Asimin təqsirləndirilən şəxsə onun evinə gəlməklə əl qaldırması ilə əlaqədar olaraq aralarındakı şəxsi münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz. Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128ci maddəsi ilə də tövsif olunmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülməsinin səbəbi onun məhz hadisəni Təqsirləndirilən şəxs silah qismində istifadə olunan baltadan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə əllə və silah qismində istifadə etdiyi balta ilə zərərçəkmiş şəxsə xəsarət yetirməklə törədilməsi olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı ittiham üzrə təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. Mübahisənin kim tərəfindən başlanması, təqsirləndirilən şəxsin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin həyətində və giriş hissəsində baş verməsi halları ibtidai istintaqda hadisə yerinə baxış keçirilməsi protokolunda bu hallar qiymətləndirilməyərək istintaqın yekunlaşdırılması ilə kifayətlənilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə isə ittihamda zərərçəkmiş şəxsə silah qismində istifadə etdiyi balta ilə vurmaqla ictimai qaydanı pozması qeyd olunduğu halda, ibtidai istintaq orqanı dindirdiyi şəxslərin dairəsini müstəsna olaraq zərərçəkmiş şəxsin özü, təqsirləndirilən şəxs və hadisənin şahidi olan ailə üzvləri ilə (şahid) məhdudlaşdırmış, kənar şəxslərdən bir nəfəri belə müəyyən etməmiş və dindirilməsi üçün məhkəməyə təqdim etməmişdir. Həmçinin, ittihamda istinad olunan silah qismində istifadə olunan balta maddi sübut kimi götürülməmiş, onun mövcudluğunu göstərən digər sübutlar məhkəməyə təqdim olunmamışdır. Yəni toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə CM-nin 221.3-cü maddəsi ilə ittiham elan etmək üçün əsaslı deyildir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 sağlamlıqlarına yüngül zərər vurulması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə qeyd edir ki, həmin hadisə təqsirləndirilən şəxsin deyil, məhz əvvəldən baş vermiş mübahisə zəminində zərərçəkmiş şəxslərin təşəbbüsü ilə başlanmış mübahisə və dalaşma gedişində, ümumilikdə zərərçəkmiş şəxslərin qanunazidd davranışının təsiri, belə münasibətlərin pozulması nəticəsində yəni təqsirləndirilən şəxsə əl qaldırmasına görə təqsirləndirilən şəxs qisas zəminində hazırki iş üzrə əməli törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri vurması, yəni xəsarətin yetirilmə anı qısa zaman kəsiyində və təqsirləndirilən şəxsə məxsus fərdi yaşayış evində baş verdiyindən orada ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi, cəmiyyətdə hansısa narahatçılığına səbəb olması, hadisə baş verən əraziyə kənar şəxslərin toplaşması aparılmış ibtidai istintaq və məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, yəni formalaşmış qisas motivindən zərərçəkmiş şəxslərin ilk olaraq təqsirləndirilən şəxsə məxsus fərdi yaşayış evinə gəlməsi əl qaldırmasına görə) və anidən formalaşan şəraitdən qaynaqlanmış və habelə Təqsirləndirilən şəxs tərəfindən silah qismində baltadan və ya digər əşyadan istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən, həm də zərəçəkmiş şəxsin ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməli və maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməldir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 62 yaşında olmasını , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, anlaqlılığı istisna etməyən psixi pozuntudu olmasını, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya İdarəsi tərəfindən icra edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək növündə” iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam ” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-427/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-427/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver