Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-428/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1962-ci il tarixdə İsmayıllı rayonu, Pirəbilqasım kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 oktyabr 2024-cü il saat 14:25 radələrində keçmiş gəlini Zərərçəkmiş şəxs xx.xx.2012-ci il təvəllüdlü azyaşlı övladı, yəni nəvəsi X5 öz evinə aparmaq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gəlib sonuncunun icazəsi ilə həmin ünvandakı mənzilə daxil olub, nəvəsi Xədicə Xələflinin istəyi ilə sonuncunu qalmaq üçün öz evinə aparmaq istəyərkən buna etiraz edən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış narazılıqla bağlı mübahisə etdikdə həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edərək, qəsdən yumruq zərbələri ilə sonuncunun sifət, burun, baş nahiyəsinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs burun sümüklərinin hər iki tərəfli qapalı, yerdəyişən sınıqları, hər iki gözaltı nahiyənin qançırları, çənə nahiyəsinin sıyrığı ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, keçmiş gəlini Zərərçəkmiş şəxs ilə oğlu Elnur 2011-ci ildə ailə həyatı qurmuş və onların 2 övladı var. 2022-ci ildə onlar rəsmi olaraq boşanmışdır. xx.xx.2024-cü il tarixdə Aytən azyaşlı qızları 12 yaşlı Xədicəni israrla öz yaşadığı evə məcburi olaraq apardığına görə arvadı Şahid2 ilə Aytənin yaşadığı ünvana saat 14:25 radələrində getmiş, orada olduqları zaman Aytənə Xədicənin onlarla qalmaq istədiyini və onu özləri ilə aparmaq istədiklərini söyləmiş, lakin Aytən ona kobud şəkildə cavab qaytararaq bundan əsəbləşmiş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Aytənin üzərinə gedib iki dəfə yumruqla onun burun və sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Aytənin burnundan qan açılmışdır. Bundan sonra arvadı Yeganə ilə oradan uzaqlaşıb getdiklərini, aralarında baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, orada kənar şəxsin olmadığını, mübahisə zamanı Aytənin ona qarşı hər hansı bir fiziki zor tətbiq etmədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2011-ci il tarixdə X6 ilə ailə həyatı qurmuş və 2022-ci il tarixdə Elnurdan rəsmi qaydada boşanmışdır. Birgə nikahdan iki övladı X7 və X8 anadan olmuşdur. Elnurdan ayrıldıqdan sonra uşaqların hər ikisi onun yanında qalmışdır. Lakin qayınatası Təqsirləndirilən şəxs hər dəfə onun azyaşlı uşaqlarını öyrədib ondan uzaqlaşdırmağa çalışmışdır. Qızı Xədicə 3 aya yaxındır ki, qayınatası Rizvan gildə qalır. xx.xx.2024-cü il tarixdə qayınatası Rizvanla telefon söhbəti zamanı ondan uşağını qaytarmasını bildirdikdə Rizvan ona uşağı qaytarmayacağını söyləmiş, bu səbəbdən qızı Xədicəni məktəbdən götürüb öz evinə gətirmişdir. Həmin günü Rizvan saat 14:25 radələrində qayınanası Şahid2 ilə birlikdə onun yaşadığı ünvana gəlmiş, qapını onlara açmadığını görən Rizvan ona ata-bala kimi söhbət edəcəyini söyləmiş, o da bundan sonra evin qapısını onlara açmışdır. Evə daxil olan qayınatası Rizvan ilə qayınanası Yeganə Xədicəni alıb götürmək istədikdə buna icazə vermədiyi üçün qayınatası Rizvan iki dəfə yumruqla üzünə, burun nahiyəsinə vuraraq xəsarət yetirdikdən sonra həmin evdən çıxıb getmişlər. O, da bu barədə dərhal zəng vurub bacısı Leylaya məlumat vermiş, bacısı da telefonla DİN-nin “102” xidmətinə baş verənlərlə bağlı zəng vuraraq bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əri, Zərərçəkmiş şəxs isə keçmiş gəlindir. 36 ildir Rizvanla ailəlidir. Zərərçəkmiş şəxs oğlu X1 arvadıdır. 3 ilə yaxındır ki, onlar ayrılmış, ayrıldıqdan sonra onların azyaşlı övladları Xədicə və Yusif anaları Aytən ilə birlikdə qalmışdır. Lakin xx.xx.2024-cü il tarixdə nəvəsi Xədicə Xələfli anasının yanından çıxıb atası Elnurun yanına gəlmiş, onlarla yaşamağa başlamışdır. Lakin anası Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə nəvəsi Xədicəni məktəbdən götürüb özü ilə yaşadığı ünvana apardığı üçün günorta radələrində Xədicə babası Rizvana zəng vuraraq gəlib onu aparmaq istədiyini bildirmiş, o da, Rizvan ilə birlikdə Aytənin yaşadığı ünvana saat 14:20 radələrində getmişlər. Aytənin onlara qapını açmadığını görən Rizvan Aytəni dilə tutaraq onunla danışmaq istədiyini söyləmiş, bundan sonra onlar evə daxil olan kimi nəvəsi Xədicə öz çantasını götürüb onların yanına qaçmış və onlarla getmək istədiyini söyləmişdir. Bu zaman o, Xədicənin əlindən tutub getmək istədikdə anası Aytən buna icazə vermək istəməmiş, bu səbəbdən əri Rizvan gəlinləri Aytənə icazə verməsini bir daha söyləsə də, lakin Aytən Rizvanı onu vurmağa təhrik etdiyindən Rizvan da əsəbiləşərək Aytənin üzündən 2 dəfə yumruqla vurmuş və Xədicəni götürüb oradan uzaqlaşaraq getdiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Aytən öz ailəsindən 2022-ci ildə boşanmış və övladları ilə birlikdə yaşayır. Lakin üç ay olar ki, bacısı qızı Xədicə atası Elnurun evində babası Rizvan və nənəsi Yeganə ilə birlikdə qalır. 15 oktyabr 2024-cü il tarixdə bacısı Aytən ona telefonla zəng vuraraq qayınatası Rizvanın ona zəng edib narahat etdiyini və polisə verəcəyi ilə hədələdiyini söyləmiş, bundan bir müddət keçdikdən sonra bacısı Aytən yenidən ona zəng edib qayınatası Rizvanla qayınanası Yeganənin onun evinə gələrək Xədicəyə görə onunla mübahisə etdiklərini və mübahisə zamanı Rizvanın onun burnuna, baş nahiyələrinə yumruq zərbələri ilə vuraraq burnunu sındırdığı barədə məlumat vermişdir. O, da bundan sonra telefonla DİN-nin 102 xidmətinə zəng edib məlumat verdiyini, baş vermiş hadisənin şahidi olmadığını, sadəcə bacısı Aytənin telefonla ona bildirdikləri barədə məlumatı olduğunu göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Material üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "MTE və PA ETT Birliyi" X13 Xırdalan şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 2452 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüklərinin hər iki tərəfli qapalı, yerdəyişən sınıqları, hər iki gözaltı nahiyyənin qançırları, çənə nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və.s) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal (keçmiş Kirov) rayon Xalq Məhkəməsinin 12 avqust 1980-cı il tarixli hökmü ilə (keçmiş) Azərbaycan SSR Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.1984-cü ildə Bakı şəhəri Yasamal (keçmiş Kirov) rayon Xalq məhkəməsinin qərarı ilə(keçmiş)Az. SSR CM-nin 50-2-ci maddəsinə əsasən 03 il 01 ay 04 gün müddətinə şərti azad edilmiş, Astraxan Şəhər Trusov rayon Məhkəməsinin xx.xx.1985-ci il tarixli qərarı ilə 02 il 08 ay 03 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, (keçmiş)SSRİ X10 Heyətinin xx.xx.1987-ci il tarixli fərmanının 9-cu maddəsinə əsasən çəkilməmiş 07 ay 20 gün cəzası½ qədər azaldılamaqla 03 ay 25 gün cəza saxlanılmış, xx.xx.1987-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83., 83.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən ödənilmiş, yəni məhkumluğu olunmayan şəxs hesab olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şikayət verənin , şahidlərin ifadələri,ekspertizanın rəyi və işdə olan sübutlarla tam sübutdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarında olan 029740 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qarabag müharibəsi” veteranıdır. Məhkəmədə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun “Qarabag müharibəsi” veteranı olması müəyyən edildi. Məhkəmədə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini,cəzasını ağırlaşdıran halın olmamasını , “Qarabag müharibəsi” veteranı kimi cəzasını yüngülləşdirən halın olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM 127.1-ci maddəsi ilə araşdırma böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparıldığından hər hansı qətimkan tədbiri seçilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evini ünvanını gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yeruini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Müdafiəçi Xırdalan şəhər Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 30 saat olmaqla, 180 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerinivə iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və yaşayış dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının müddəti icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-428/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-428/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver