Məhkəmə qərarları › İş №1(012)-429/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-429/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-429/2025 30.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi: X5 iştirakları ilə, xx.xx.1959-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, avtobus sürücüsü işləyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, yeni yaşayış massivində yaşayan, barəsində «başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 28 may 2024-cü il tarixdə saat 21:45 radələrində idarə etdiyi texniki cəhətdən saz olan “Daewoo BS090” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtobusla Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsilə «Qurtuluş» yaşayış kompleksi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər iştirakçılarına və başqa əmlaka zərər vurmamalı və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd edilən tələblərə əməl etməyərək həmin küçədə yerləşən «Oba» marketin qarşısında yolun hərəkət hissəsini keçən piyada X7 avtobusun qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik odemi, kəllə tağı və əsası sümüklərinin sınığı, sol alıngicgah-təpə nahiyəsinin dərialtı hematoması, bədənin çoxsaylı sınıqları ilə nəticələnən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına, baş beyin əzilməsi, baş beyinin qişaları altına və maddəsinə qansızmalar, baş beyinin travmatik odemi, kəllə tağı və əsası sümüklərinin sınığı səbəbindən ehtiyatsızlıqdan xəstəxanada ölməsinə səbəb olmuşdur. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, o, onun nəqliyyat vasitəsi idarə etmək üçün «BCD» kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2015-ci il tarixdən etibarən müxtəlif nömrəli sərnişin avtobuslarını idarə etmişdir. 2020-ci il tarixdən etibarən 525 nömrəli xətt avtobuslarını idarə edarə edir. xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində “Daewoo” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edirmiş. Həmin vaxtı sərnişin avtobusu ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivi istiqamətində idarə edirmiş. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Oba” marketin qarşısında “Daewoo” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edən zaman təxminən 5-6 metr irəlidə yolun həkət hissəsində yəni yolu ayıran xəttin üzərində orta yaşlı qadın dayanmışdır. Həmin vaxtı sərnişin avtobusun salonunda ümumilikdə 40 nəfər sərnişin var idi, sərnişin avtobusunu saatda 40 km saatda idarə edirmiş. Sərnişin avtobusunda çox sayda sərnişin olduğuna görə əyləci basmamış və siqnalı basmışdır. İlkin elə düşünmüş ki, siqnalı eşidib, qadın arxaya çəkiləcək, lakin qadın arxaya çəkilməmiş və yolun qarşısına hərəkət etməyə davam etmişdir. Bu zaman avtobusun sol qabaq hissəsi ilə həmin qadını vurmuşdur. Həmin qadın zərbə nəticəsində yerə yıxılmışdır. O, dərhal əyləci basıb sərnişin avtobusunu dayandırmışdır. Avtobusdan düşmüş, qadına yaxınlaşmaq istəyən zaman ətrafda olan şəxslər ona öz iradlarını bildirməyə başlamışlar. Həmin yerdə olan qadını başını qucaqlayan şəxsin onun həyat yoldaşı olduğunu başa düşmüş, həmin şəxs onun ünvanına nəlayiq ifadələr işlədərək onu təhqir edirmiş. Bu səbəbdən bir qədər aralıda dayanmışdır. Bir neçə dəqiqə sonra polis əməkdaşları və təcili yardım əməkdaşları gələrək qadını xəstəxanaya aparmışlar. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, kirayədə yaşadığını, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu, lakin 8 aydır işləmədiyi üçün maddi sıxıntılar çəkdiyini bildirərək, zərəçəkmişin hüquqi varisi ilə barışıq əldə etməyə çalışdığını, lakin əldə edə bilmədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağı hissədə olan ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasına dəvət edilərək, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərdi ki, 28 may 2024-cü il tarixdə saat 19 radələrində həyat yoldaşı X2 qəsəbəsində yerləşən gözəllik salonuna getmişdir. Saat 21 radələrində yoldaşı Reyhan onu qarşılamağını xahiş etmişdir. O da evdən çıxıb Masazır qəsəbəsində yerləşən «Oba» marketin qarşısına gəlib yolun kənarında onu gözləmişdir. Saat təxminən 21:45 radələrində onu yolun qarşı tərəfində görüb ona işarə etmiş ki, ona tərəf yolu keçsin. Reyhan yolun boşaldığını görüb qarşı tərəfə adi addımlarla keçməyə başlamış və yolun ortasında durmuş ki, yol boşalsın. Bu zaman sağ tərəfdən yüksək sürətlə gələn sərnişin avtobusu tormozlamadan Reyhanı qabaq hissəsi ilə vurmuş və 4-5 metrdən sonra dayanmışdı. Zərbədən Reyhan avbobusun qarşısında asfalt örtüyünün üzərinə yıxılmışdır. O bunu görüb ona yaxınlaşmışdır. Ətrafda olan tanımadığı şəxslərdən biri təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım avtomobili gəlib Reyhanı Abşeron rayonu mərkəzi xəstəxanasına aparmışdır. Lakin xəstəxanada Reyhan aldığı bədən xəsarətlərindən vəfat etmişdir. Sonda hadisə ilə bağlı sürücüdən şikayətçi olduğunu, təqsirləndirilən şəxsin nəinki dəymiş ziyanı ödəməyə cəhd etdiyini, heç vaxt qapısına - yoldaşının yasına belə gəlmədiyini, həyat yoldaşına quran belə oxutmadığını bildirərək barəsində yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. 08.07.2014-cü il tarixli, AE seriyalı, 511121 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B, C, D” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir;

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X16 tərəfindən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 28 may 2024-cü il tarixli ******* saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır;

3. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında 28 may 2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, “Oba” marketin qarşısında baş vermişdir. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi asfalt beton örtüklü olmaqla, düzdür. Hərəkət ikitərəfli olmaqla hərəkət hissəsinin eni 8 metrdir. Hadisənin növü piyada vurmadır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir;

4. Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətin yoxlanılması barədə 28 may 2024-cü il tarixli protokoldan görünür ki, , “DAWEOO BS090” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir.Saz vəziyyətdə olması müəyyən edilmişdir.

5. “Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X6 ölməsi faktı üzrə əri X8 hüquqi varis qismində tanınmışdır;

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9 X16nin Abşeron rayon şöbəsindən verilən 24 iyun 2024-cü il tarixli 70 nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü X6 meyitində - aşağıdakı xəsarətlər aşkar edilmişdir:

1. Baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik Ödemi. Kəllə tağı və əsası sümüklərinin sınığı. Sol alın-gicgah-təpə nahiyəsinin dərialtı hematoması.

2. Bədənin çoxsaylı sıyrıqları.

3. Qeyd edilən xəsarətlər küt əşyanın təsirindən əmlə gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə X7 piyada qismində hərəkətdə olan avtobusla vurulması nəticəsində nəticəsində əmlə gələ bilmələri mümkündür.

4. X6 ölümünün səbəbi - baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı və əsası sümüklərinin sınığı olmuşdur.

5. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X6 ölümü onun meyitinin meyitxanada müayinəsi başlayandan (xx.xx.2024-cü il tarixdə, saat 13:30-dan) 12-16 saat əvvəl baş vermişdir.

6. X6 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlat aşkar edilmədi.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 09 avqust 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır;

8. Azərbaycan Respublikasının Abşeron Rayon Polis İdarəsi X18 Şöbəsinin 18 iyun 2024-cü il tarixli məlumatına əsasən xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək etibarlı olan AE 603939 nömrəli, “B,C,D” kateqoriyalı sürücüük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır;

9. “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” 11 oktyabr 2024-cü il tarixli, 8/2507 saylı rəyindən görünür ki, “DAWEOO BS090” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir;

10. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur;

11. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir;

12. Maddi sübut kimi tanınma haqqında 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, “DAWEOO BS090” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmaqla X3 qaytarılmış,28 may 2024-cü il tarixli videogörüntünün yazıldığı bir ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır.

13. Məhkəmə iclasında video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki,qadın yolun kənarında durmuş, soldan sağa hərəkət edən avtomobilləri gözləyir və yol boşaldıqdan sonra hərəkətə başlayır,qadın adi addımlarla düzünə hərəkət edərək yolun ortasında duraraq sağdan sola hərəkətdə olan avtomobilləri gözləyir,qadın dayandıqdan bir neçə saniyə sonra soldan sağa hərəkətdə olan atobus qadını qabaq hissəsi ilə vurur.

14. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 31 oktyabr 2024-cü il tarixli qərara əsasən iş üzrə yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo BS090” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı minik avtomobil iş üzrə maddi sübut kimi tanınaraq sahibində saxlanılması nəzərə alınmış, müşahidə kamerasının xx.xx.2024-cü il tarixli videogörüntünün yazıldığı 01 ədəd disk, iş üzrə məhkəmə tibbi ekspertizasının və məhkəmə yol-nəqliyyatı hadisələri ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir;

Əməlin tövsifi və digər hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan ( tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. Qeyd olunan Məcəllənin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi hadisə ilə bağlı olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, travmvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün həmin Məcəllənin 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan törədilərək başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib qanunvericiliyin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması halı onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi etirafedici ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmişdir və o həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətlərində ittiham olunduğu maddədə nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, qanunvericiliyin tələbləri baxımından hesab edir ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin yaşını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməlidir. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinməsi nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. İstinad olunan maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli və həmin cəza əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələbinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkməsinin əvvəli onun müvafiq cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə qeyd edir ki, müşahidə kamerasının xx.xx.2024-cü il tarixli videogörüntünün yazıldığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin cinayət işi üzrə maddi sübut kimi tanınmış “Daewoo BS090” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1- ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış müşahidə kamerasının xx.xx.2024-cü il tarixli videogörüntünün yazıldığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlansın, “Daewoo BS090”markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 (iyirmi) saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar