Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-43/2023 24.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 noyabr 2021-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Masazır kəndi, M.İbrahimov küçəsində yerləşən tikdirdiyi və təmir etdirməkdə olduğu nömrəsiz fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həyətdə yerləşən yardımçı tikilinin qapısını sındıraraq saxlanc yerinə daxil olub oradan 1 metrinin qiyməti 80 qəpik olmaqla 400 manat dəyərində 500 metr uzunluqda elektrik naqilini, bundan sonra yeni tikilmiş yaşayış evinin pəncərəsini özündə olan vintaçanla açaraq yaşayış sahəsinə qanunsuz daxil olub oradan hər birinin qiyməti 200 manat olmaqla 400 manat dəyərində 2 ədəd kollektorları (paylayıcı qurğuları) gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 noyabr 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Salatın Əsgərova küçəsində yerləşən tikd rdiyi və təmir etdirməkdə olduğu nömrəsiz fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, oradan 01 ədəd 1600 manat dəyərində perforatoru, 1 topu 80 manat olmaqla 800 manat dəyərində 10 top elektrik naqilini gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 2400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə, 14 dekabr 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin arxasında yerləşən tikdirdiyi və təmir etdirməkdə olduğu nömrəsiz fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, oradan 140 manat dəyərində elektrik naqilini, 01 ədəd 250 manat dəyərində mis samovarı, hər birinin qiyməti 15 manat olmaqla 60 manat dəyərində 4 ədəd profili gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 450 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Şahid2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən tikdirdiyi və təmir etdirməkdə olduğu nömrəsiz fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq həmin evdə usta kimi işləyən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 1500 manat dəyərində “Kalorifer” adlanan otaq qızdırıcısını, 01 ədəd 300 manat dəyərində perforatoru, hər birinin qiyməti 90 manat olmaqla 180 manat dəyərində 02 ədəqi drelləri və 01 ədəd 150 manat dəyərində təsərrüfat ütüsünü gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2130 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 mart 2022-ci il tarixdə saat 22 radələrində Şahid3 məxsus Abşeron rayonu Xırdalan şəhəri Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən tikdirdiyi və təmir etdirməkdə olduğu nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq, həmin evdə usta kimi işləyən Zərərçəkmiş şəxs1 Nəcməddin oğluna məxsus 1 ədəd 180 manat dəyərində “Samafix” markalı perforatoru, 1 ədəd 110 manat dəyərində “Samafix” markalı dreli, 1 ədəd 250 manat dəyərində “Sokol” markalı elektrik rəndəni, 1 ədəd 230 manat dəyərində “Viktor” markalı laqondanı, 1 ədəd 90 manat dəyərində “Rubin” markalı laqondanı və 1 ədəd 170 manat dəyərində “Uralzid” markalı frez aparatını gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1030 manat zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə 2018-ci ildə Cinayət Məcəlləsinin 185-ci maddələri ilə təqsirli bilinərək 3 il 4 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2021-ci ilin oktyabr ayının 16-da isə həbsdən azad olunduqdan sonra ailəsinin yaşadığı Novxanı qəsəbəsində yerləşən evinə getmiş, o, təxminə bir ay həmin evdə qaldıqdan sonra ailə üzvləri ilə yola getmədiyi üçün evdən çıxaraq küçələrdə yaşamağa başlamışdır. Bundan sonra o, ara-sıra işləyib pul qazanmışdır. 25 noyabr 2021-ci il tarixdə axşam vaxtı, təxminən saat 23 radələrində yaşayış olmayan ev tapıb oğurluq etmək qərarına gəlmişdir. 25 noyabr 2021-ci il tarixdə axşam vaxtı, təxminən saat 23 radələrində yaşayış olmayan ev tapıb oğurluq etmək qərarına gəlmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi ilə gəzərkən yolun kənarında olan evdə işıq yanmadığını və həmin evin təzə tikilmiş ev olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, həmin evin həyətinə hasardan keçib girmişdir. Həyətin sağ küncündə olan yardımçı tikilinin dəmir qapısının ətrafının suvaq olunmamasından, qapının divara birləşdirilməsindən və dəmir armaturların açıqda olmasından istifadə edərək armaturla qapının bərkidildiyi yerləri qıraraq qapını yerindən qoparmışdır. İçəri daxil olmuş və orada işlənmiş nisbətən qalın elektrik naqillərini götürmüş, lakin elektrik naqillərinin az pul çıxaracağını düşünüb evin plastik pəncərəsini özündə olan vintaçan (atverka) ilə aralayıb açaraq evə girmişdir. Ev təzə təmir olunmuş ev idi. Evin birinci mərtəbəsində böyük otaqda və ikinci mərtəbədə dəhlizdə istilik sisteminə quraşdırılmış qurğuları açmış və daxil olduğu pəncərədən çölə çıxarmışdır. Oğurladığı latun materialdan olan qurğuları və elektrik naqillərini aralıda olan çöllüyə aparmışdır. Qurğuları əzib yastılamış, naqillərin üz qabığını yandırıb içindəki metalı əzmiş və həmin ərazidə gizlətmişdir. Səhəri gün, saat 11 radələrində əldə etdiyi metalları bir ədəd kisə tapıb içinə yığmış və yoldan keçən tanımadığı taksi ilə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən bazara aparmış və orada onların hamısını tanımadığı bir kişiyə 170 manata satmışdır. Həmin kişiyə onların oğurluq olduğunu deməmiş, ona demişdir ki, metallar özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 27 noyabr 2022-ci il tarixdə, gecə saat 03 radələrində oğurluq etmək məqsədilə Abşeron rayonu Masazır qəsəbəsi, Salatın Əsgərova küçəsində olduğu vaxt natamam tikilmiş bir evdə işığın yanmadığını görmüş və orada yaşayış olmadığını bilmişdir. Evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, evin birinci mərtəbəsindəki plastik pəncərəni dəmir parçası ilə sıxıb açmış və oradan evə daxil olmuşdur. Evdə təmir ilə əlaqədar elektrik naqilləri və otaqlarda gördüyü perforator, 10 top təzə elektrik naqilini evə daxil olduğu pəncərədən çıxartmaqla oğurlamışdır. Oğurladığı həmin əşyaları səhər açıldıqda yoldan keçən tanımadığı taksi ilə Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən bazara aparmış və orada onların hamısını tanımadığı bir kişiyə 300 manata satmışdır. Həmin kişiyə onların oğurluq olduğunu deyil, özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 14 dekabr 2021-ci il tarixdə gecə saat 04 radələrində oğurluq etmək məqsədilə Abşeron rayonu Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin arxa tərəfində olduğu zaman yeni tikilmiş bir evdə işıq yanmadığını görmüş və orada yaşayış olmadığını bilmişdir. Evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, hasarın üstündən həmin evin həyətinə daxil olmuşdur. Orada yerdən götürdüyü dəmir parçası ilə evin birinci mərtəbəsindəki plastik pəncərəni sıxıb açmış və oradan evə daxil olmuşdur. Evdə gördüyü elektrik naqillərini, 1 ədəd mis samovarı və 1 ədəd profili oğurlamış və küçəyə çıxarmışdır. Oradan uzaqlaşaraq avtomobil yolunun kənarında olduğu vaxt həmin oğurladığı əşyaları səhər açıldıqda yoldan keçən tanımadığı taksi ilə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon ərazisində yerləşən bazara aparmış və onların hamısını tanımadığı bir kişiyə 250 manata satmışdır. Həmin kişiyə onların oğurluq olduğunu deməmiş, onların özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 24 dekabr 2021-ci il tarixdən 25 dekabr 2021-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində o, Masazır qəsəbəsində olan zaman tam tikilməmiş sahibsiz bir yarımtikili olan həyət evi görmüşdür. Həmin vaxt o, ətrafa göz gəzdirmiş, hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə də, evin həyətinin hasarını aşaraq həyətə daxil olmuşdur. Bundan sonra o, evin arxa tərəfinin pəncərəsinə yaxınlaşaraq özündə olan vintaçanla plastik pəncərəni gərib açmış və içəri daxil olmuşdur. O, içəri daxil olub evin birinci mərtəbəsində olan otaqlardan birinə keçmişdir. Həmin vaxt o, içəridə 01 ədəd otaq qızdırıcısını, 01 ədəd perforatoru, 02 ədəd dreli və 01 plastik boruları birləşdirmək üçün istifadə olunan ütünü götürüb daxil olduğu yerdən də çıxaraq həyətə keçmişdir. Hasara çatıb oğurladığı alətləri özü ilə götürərək aparmışdır. Həmin vaxt artıq gec olduğundan o, həmin alətləri özündə saxlayaraq bir yer tapıb gecələmişdir. Həmin günün sabahı səhər saat 09 radələrində Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində gəzərkən orada ikinci əl əşyaların satıldığı bir mağaza görmüşdür. O, mağazaya daxil olub həmin əşyaları Elvin adlı mağazanın satıcısına ümumilikdə 600 manat pul müqabilində satmışdır. O, həmin əşyaları satanda da, evində təmir işləri olduğunu satıcıya demişdir. Hazırda təmir işləri qurtardığı üçün təmir alətləri ona lazım olmadığından satmaq istədiyini bildirmişdir. Həmin alətlərin oğurluq olduğunu Elvinə deməmişdir. Bundan sonra o, mağazadan çıxaraq aldığı 600 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 02 mart 2022-ci il tarixdə saat 22 radələrində gəzərək Abşeron rayonu Xırdalan şəhərinə gəlmişdir. Orada bir yaşayış evi görmüşdür. Həmin evin hasarından tullanıb həyətə keçmiş, özündə olan vintaçan alətlə evin plastik pəncərəsi açıb oradan içəriyə daxil olmuşdur. Orada otaqların birində olan 1 ədəd perforator, 1 ədəd dreli, 1 ədəd elektrik rəndəni, 2 ədəd laqondanı, 1 ədəd frez aparatını oğurlamış, özü ilə gətirdiyi parça kisəyə yığmış və daxil olduğu kimi həmin evdən çölə çıxmışdır. Yaşayış evi olmadığı üçün və qalacaq yeri olmadığı üçün həmin əşyalarla Abşeron rayonu Xırdalan şəhəri ərazisində gəzmişdir. 03 mart 2022-ci il tarixdə oğurladığı əşyalardan 1 ədəd dreli Abşeron rayonu Masazır qəsəbəsində Ə.Vahid küçəsində metal qəbulu məntəqəsində işləyən Elvin adlı şəxsə 30 manata satmışdır. Digər əşyaları isə yəni olan 1 ədəd perforator, 1 ədəd elektrik rəndəni, 2 ədəd laqondanı, 1 ədəd frez aparatını Abşeron rayonu Xırdalan şəhərində yerləşən bazarda 40 yaşlarında anket məlumatlarını bilmədiyi şəxsə 450 manata satmışdır. Əldə etdiyi pulları öz ehtiyacı üçün xərcləyib yemək, siqaret və spirtli içki alıb yeyib içmişdir. Həmin pullardan onda heç nə qalmamışdır. Oğurladığı əşyaları da satdığı üçün həmin əşyalardan onda heç nə qalmamışdır. Sonda o, etdiyi əməldən səmimi peşman olmasını əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi Rəsul Rza küçəsində yerləşən fərdi yaşayış evinin malyar və alçipan işi ilə məşğul olur. O, hər gün səhər saat 09-10 radələrində işə başlayır və axşam saat 18:00-da işini qurtarıb evə gedir. Orada ondan başqa iş yoldaşı olan malyar, bir neçə fəhlə, santexnik Araz adlı şəxs işləyir. Onunla iş yoldaşı Ceyhun daimi olaraq orada işləsə də fəhlələr və Araz işlə bağlı lazım olduqları zaman gəlib işlərini görüb gedirlər. 24 dekabr 2021-ci il tarixdə saat 10 radələrində iş yoldaşı Ceyhunla birlikdə həmin ünvanda yerləşən evə gələrək işlərinə davam etmişlər. Həmin ərəfələr hava soyuq olduğundan onlar həmin yeri isitmək üçün yanacaqla işləyən qızdırıcıdan istifadə etmişlər. Həmin gün yanacaq tez bitdiyindən onlar işə davam edə bilməyib səhəri gün, gəlib işə davam etməyi qərara gəlmişlər. Ona görə də həmin günü saat 16:00-da evdən çıxmışlar və çıxarkən Ceyhun evin dəmir qapısını açarla kilitləmişdir. 25 dekabr 2021-ci il tarixdə saat 10 radələrində o, Ceyhunla tikinti işini görmək üçün həmin evə daxil olan zaman birinci mərtəbinin qonaq otağının pəncərəsinin açıq olduğunu görmüşlər. Həmin vaxt o, yerdə palçıqla izi qalmış ayaq izlərinində olduğunu gördükdə artıq evə kiminsə girdiyini anlamışdır. O, ətrafa baxış keçirən zaman birinci mərtəbədən ona məxsus markasını xatırlamadığı 2018ci il tarixdə 1500 manata aldığı işlənmiş vəziyyətdə olan və öz aralarında “kalorifer” dedikləri qızdırıcının, 01 ədəd 300 manat dəyərində pereparatorun, 02 ədəd hər birinin qiyməti 90 manat olmaqla ümumilikdə 180 manat dəyərində drellərin və 01 ədəd 150 manat dəyərində plastik turbaları birləşdirmək üçün istifadə olunan ütünün naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2130 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində, M.İbrahimov küçəsində fərdi həyət evi tikdirmişdir. Həmin evdə təmir işləri aparılmışdır. Arabir həmin evə baş çəkirdi. 24 noyabr 2021-ci il tarixdə evə baş çəkdikdə hər şey qaydasında idi. Növbəti dəfə 26 noyabr 2021-ci il tarixdə, saat 11 radələrində evə baş çəkməyə getdikdə evdən oğurluq olduğunu görmüşdür. Belə ki, həyətə daxil olduqda həyətin sağ tərəfində yardımçı tikilinin dəmir qapısının qırıldığını və açıq olduğunu görmüşdür. İçəri daxil olduqda oradan evin təmirindən artıq qalmış elektrik naqillərinin oğurlandığını görmüşdür. Bundan başqa evin birinci mərtəbəsində evin pəncərəsinin açılaraq naməlum şəxsin və ya şəxslərin evə daxil olaraq oradan divarlardan elektrik naqillərinin sökülüb aparıldığını görmüşdür. Evin birinci mərtəbəsində və ikinci mərtəbəsində quraşdırılmış iki ədəd kollektorun (istilik paylayıcı qurğular) da oğurlandığını müəyyən etmişdir. Nəticədə ona təxminən 800 manat maddi ziyan dəymişdir. Ona görə də, bu barədə zəng edib DİN-nin “102” xidmətinə məlumat vermiş və sonradan Abşeron rayon Pİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona məxsus evdən bir metri 80 qəpik olmaqla 400 manat dəyərində beş yüz metr elektrik naqilləri və biri 200 manat dəyərində olmaqla iki ədəd kollektor (istilik paylayıcı qurğular) oğurlanmış və nəticədə ona cəmi 800 manat maddi ziyan dəymişdir. Hər bir kollektor qurğusu iki hissədən ibarətdir. Həmin qurğuların tərkibində latun metalı vardır. Üzərində elektron qapanma qurğuları yerləşir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olması və ona dəymiş ziyanın ödənilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Abşeron rayonu Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksinin arxasında özünə məxsus yeni yaşayış evi inşa etdirmişdir. İnşa etdirdiyi həmin ev tam tikilib, təmir olunmadığına görə orada yaşayış yoxdur. O, imkanı daxilində müəyyən tikinti materialları alıb həmin evdə saxlayır ki, imkan olan vaxt təmir işlərinə başlasın. 13 dekabr 2021-ci il tarixdə həmin evdə olmuş, ev üçün aldığı bütün əşyaların yerində olduğunu görmüşdür. Evin pəncərə və qapılarını bağlayıb getmişdir. Səhəri günü yəni, 14 dekabr 2021-ci il tarixdə evə gəlib baxdıqda görmüşdür ki, evin birinci mərtəbəsindəki plastikdən olan pəncərəsi açıqdır. O, evə daxil olmuş və evdəki əşyalarını yoxladıqda evdən 140 manat dəyərində elektrik naqillər, 250 manat dəyərində 1 ədəd mis samovar, 60 manat dəyərində 4 ədəd profillərin yerində olmadığını görmüşdür. O, gecə vaxtı kiminsə evə daxil olaraq həmin əşyaları oğurladığını başa düşmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 450 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq barədə həmin tarixdə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və bundan başqa isə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları gəlib oğurluq olan yerlərə baxış keçirib sənədləşmə aparmışlar. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Bundan əlavə, Abşeron rayonu Masazır qəsəbəsi, Salatun Əsgərova küçəsində yeni ev tikdirmişdir. Yeni tikdirdiyi həmin ev “ Yeni Bakı” yaşayış kompleksinin arxasında yerləşir. Lakin həmin ev tam tikilib, təmir olunmadığına görə orada yaşayış yoxdur. O, imkanı daxilində müəyyən tikinti materialları alıb evində saxlayır ki, imkan olan vaxt təmir işlərinə başlasın. 26 noyabr 2021-ci il tarixdə evdə olmuş və ev üçün aldığı bütün əşyaların yerində olduğunu görmüşdür. Səhəri gün yəni, 27 noyabr 2021-ci il tarixdə evə gəlib baxdıqda görmüşdür ki, evin birinci mərtəbəsindəki plastikdən olan pəncərəsi açıqdır. O, evə daxil olmuş və evindən ona məxsus olan 1600 manat dəyərində perforatorun, 1 topu 80 manata olan ümumilikdə 800 manat dəyərində 10 top elektrik naqillərin oğurlandığını açkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 2400 manat dəyərində maddi ziyan dəymişdir. Oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və bundan başqa isə Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları gəlib oğurluq olan yerə baxmış və sənədləşmə aparmışlar. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 Nəcməddin oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2022-ci ilin fevral ayının 28-dən etibarən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən Şahid3 məxsus yaşayış evində usta işləmişdir. 02 mart 2022-ci il tarixdə səhər işlədiyi Abşeron rayonu Xırdalan şəhəri H. Əliyev prospektində yerləşən Şahid3 məxsus yaşayış evinə gəlmişdir. Həmin günü saat 15 radələrinə qədər həmin evdə usta kimi işləmiş və 15 radələrində evdən çıxan zaman özünə məxsus olan və həmin evdə işlədiyi 1 ədəd 180 manat dəyərində Samafix markalı perforatoru, 1 ədəd 110 manat dəyərində Samafix markalı dreli, 1 ədəd «Sokol» markalı 250 manat dəyərində elektrik rəndəni, 1 ədəd «Viktor» markalı 230 manat dəyərində laqondanı, 1 ədəd «Rubin» markalı 90 manat dəyərində laqondanı, 1 ədəd «Uralzid» markalı 170 manat dəyərində frez aparatını evin qonaq otağının küncündə qoymuşdur. Həmin evdə işləyib saat 15 radələrində çıxıb öz işi ilə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına getmişdir. 03 mart 2022-ci il tarixdə saat 08:20 radələrində öz işlədiyi Abşeron rayonu Xırdalan şəhəri H. Əliyev prospektində yerləşən Şahid3 məxsus yaşayış evinə gələndə görmüşdür ki, qonaq otağının plastik pəncərəsi açıq vəziyyətdədir, evə kimsə daxil olub və oradan oğurluq hadisəsi baş verib. Evə qapını açıb daxil olmuş, qonaq otağına baxanda görmüşdür ki, orada qoyduğu 1 ədəd 180 manat dəyərində Samafix markalı preferator, 1 ədəd 110 manat dəyərində Samafix markalı drel, 1 ədəd «Sokol» markalı 250 manat dəyərində elektrik rəndə, 1 ədəd «Viktor» markalı 230 manat dəyərində laqonda, 1 ədəd «Rubin» markalı 90 manat dəyərində laqonda, 1 ədəd «Uralzid» markalı 170 manat dəyərində frez aparatı naməlum şəxs tərəfindən oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1030 manat maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, bir neçə aydır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən işlənmiş məişət əşyalarının alışı və satışı olan obyektdə işləyir. Belə ki, o, işlənmiş əşyaları ucuz qiymətə alaraq üzərinə bir az pul qoyub satıb qazanc əldə edir. 25 dekabr 2022-ci il tarixdə səhər saat təxminən 10 radələrində obyektdə olan zaman bir nəfər tanımadığı şəxs mağazaya daxil olaraq özünə məxsus olan 01 ədəd otaq qızdırıcısını, 01 ədəd pereparatoru, 02 ədəd drelləri və 01 ədəd plastik turbaları birləşdirmək üçün istifadə olunan ütünü satmaq istədiyini bildirdi. Həmin vaxt adının sonradan Təbriz olduğunu öyrəndiyi şəxs həmin alətlərin özünə məxsus olduğunu, lakin evində gedən təmir işlərinin bitdiyini bildirərək bu səbəbdən satdığını demişdir. Bundan sonra o, həmin alətlərə baxan zaman onların işlənmiş olduğunu və 600 manatdan artıq pul verə bilməyəcəyini bildirmişdir. İlk olaraq Təbriz onlara daha çox pul verib aldığını istəsə də, o, cəmi 600 manat verə biləcəyini bildirmiş və onlar razılaşmışlar. Bundan sonra o, 01 ədəd otaq qızdırıcısını, 01 ədəd pereparatoru, 02 ədəd drelləri və 01 ədəd plastik turbaları birləşdirmək üçün istifadə olunan ütünü Təqsirləndirilən şəxs 600 manata almış və Təbriz də mağazadan çıxaraq getmişdir. Bundan başqa şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022ci ilin mart ayının 08-də saat təxminən 13 radələrində öz iş yerində olduğu zaman metal qəbulu məntəqəsinə bir nəfər şəxs yaxınlaşıb ona 1 ədəd «Samafix» markalı drel almağı təklif etmiş, o, dreli baxıb bəyənmiş və həmin dreli 30 manata almağa razılıq vemişdir. Həmin şəxsdən anket məlumatlarını istədikdə həmin şəxs şəxsiyyət vəsiqəsinin şəklini mobil telefonunda göstərmişdir, bu zaman ona məlum olmuşdur ki, ona drel satan şəxs xx.xx.1995ci ildə Göyçay rayonunda anadan olmuş Təqsirləndirilən şəxsdur. O, Təbrizdən drelin oğurluq olub-olmadığını soruşmuş, Təbriz isə ona bildirmişdir ki, həmin drel özünə aiddir, ehtiyacı olduğu üçün onu satır. O, Təbrizə 30 manat pul verib 1 ədəd «Samafix» markalı dreli Təbrizən almışdır. Təbriz pulu götürüb çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 2021-ci ilin iyun ayından Abşeron rayonu, Masazır qəsəbəsi, Rəsul Rza küçəsində fərdi yaşayış evi tikdirməyə başlamışdır. Həmin evin tikintisində müxətlif ustalar iştirak etmişdir. Həmçinin də evin boyaçırəngsaz işlərini Zərərçəkmiş şəxs2 görmüşdür. Vüsal onun evində usta işləyən zaman 25 dekabr 2021-ci il tarixdə ona məxsus usta alətlərinin naməlum şəxs tərəfindən oğurlandığını eşitmişdir. Həmin ərəfələr həmin ev tam tikilib qurtarmadığı üçün evdə yaşayış olmamışdır. O, da ayrı yerdə yaşayırmış. Ona görə də hadisənin necə və kim tərəfindən törədildiyindən xəbərim olmamışdır. Bir daha qeyd etmək istəyir ki, həmin ev ona məxsusdur və onun mülkiyyətindədir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində fərdi yaşayış evi tikdirməyə başlamışdır. Həmin evin tikintisində müxətlif ustalar iştirak etmişdir. Həmçinin də evin boyaçı-rəngsaz işlərini Zərərçəkmiş şəxs1 Nəcməddin oğlu işləmişdir. Vüsal onun evində usta işləyən zaman 02 mart 2022-ci il tarixdə ona məxsus usta alətlərinin naməlum şəxs tərəfindən oğurlandığını eşitmişdir. Həmin ərəfələr həmin ev tam tikilib qurtarmadığı üçün evdə yaşayış olmamışdır. O, da ayrı yerdə yaşamışdır. Ona görə də hadisənin necə və kim tərəfindən törədildiyindən xəbəri olmamışdır. Bir daha qeyd etmək istəyir ki, həmin ev ona məxsusdur və onun mülkiyyətindədir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 4(012)-209/2022 saylı, 31 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, həmçinin dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə tərəfindən tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Ucar rayon Məhkəməsinin 27 may 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilmiş, daha sonra o, Göyçay rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək həminMəcəllənin 66.5-ci maddəsinə əsasən 05 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 aprel 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 177.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətdiyinə görə ona 05 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göyçay rayon Məhkəməsinin 17 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə 05 il 09 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 25 yanvar 2018-ci ildə cəzasını çəkmə müddəti sona çatdığından cəzadan azad edilmişdir. Bundan əlavə o, Abşeron rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 185.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 1(012)-278/2022 saylı, xx.xx.2022ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmü üzrə məhkumluğu hazırda, o cümlədən hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona birinci hökmə əsasən çəkilən cəza qəti cəza cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli tutulduğu xx.xx.2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin olunmuş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən hesablanmaqla onun üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin, cəzaçəkmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-43/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-43/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver