Məhkəmə qərarları › İş №1(012)-430/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-430/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-430/2021 14.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1991-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində bir azyaşlı övladı olan, işləməyən, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq yəni ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, "Köhnə Bazar" adlanan ərazidə insanların gözü önündə, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə, Zərərçəkmiş şəxs ilə ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ətrafda olan şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan hərəkətlər nümayiş etdirməklə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən yumruqla zərbə vuraraq sonuncuya üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası, alt dodağın selikli qişasının əzilmiş yarası, üst çənədə soldan 3-cü dişin travmatik sınığı ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 2-3 il müddətdir tanıyır. O, iki il əvvəl Zərərçəkmiş şəxs 50 manat borc pul almış və aldığı pulu bir ay müddətinə hissə-hissə qaytarmışdır. 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs onunla telefon vasitəsilə əlaqə saxlayaraq ona qarşı nalayiq ifadələr işlətmiş, o, Zərərçəkmiş şəxslə görüşüb üzbəüz söhbət etmələrini demiş, Nahid isə telefonu söndürmüşdür. Saat 20 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Köhnə Bazar” adlanan ərazidə olan “Bakcell” mağazasının qarşısında təsadüfən Zərərçəkmiş şəxslə rastlaşmış, Zərərçəkmiş şəxs yaxınlaşıb nə üçün ona qarşı nalayiq ifadələr işlətdiyini soruşmuş və kənara çəkilib söhbət etmələrini demiş, Zərərçəkmiş şəxs parka gedib orada söhbət etmələrini demiş, o, Nahidlə birlikdə razılaşaraq deyilən yerə getməyə başlamış, ondan bir qədər arxada gələn Nahid yenidən ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı o da Nahidə dediyi nalayiq ifadələrə görə qarşılıq vermiş, həmçinin nalayiq ifadə işlətməməsi üçün əlinin arxası ilə Nahidin sifət nahiyəsinə zərbə vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs DİN-nin “102” xidmətinə zəng vurub məlumat verməsini görmüş, buna görə də oradan uzaqlaşmışdır. O, ifadəsində bundan başqa aralarındakı mübahisələrinin təxminən 10 dəqiqə davam etməsini, həmin zaman orada Nahidin yanında qadın, eləcə də mübahisə etdikləri yerə sonradan yaxınlaşan Sahil adlı şəxs və tanımadığı başqa şəxslərin olmasını, mübahisənin yaranma səbəbinin Nahidin ona qarşı nalayiq ifadələr işlətməsinin olmasını, mübahisə zamanı səs-küy yarandığını və oradan keçən şəxslərin onların mübahisələrini görməsini və Nahidin mübahisə zamanı onu vurmadığını göstərmişdir. Sonda o, etdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunduğunu və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbi olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs təxminən iki il olar ki tanıyır. Təqsirləndirilən şəxs iki il bundan əvvəl ondan 50 manat borc pul istəmiş və bir həftə müddətinə qaytaracağını demiş, o da razılaşaraq Təqsirləndirilən şəxs 50 manat borc pul vermiş, lakin sonuncu borcunu qaytarmamışdır. O, bir neçə dəfə Təqsirləndirilən şəxs borcunu qaytarmasını desə də, heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə 10 iyun 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlamış və yenə də borcunu qaytarmasını demiş, Təqsirləndirilən şəxs isə ona heç bir borcunun olmadığını bildirib ona qarşı nalayiq ifadələr işlətmiş, o da buna görə telefonu söndürmüşdür. Saat 20 radələrində qeyri-rəsmi münasibətdə olduğu Şahid1 və sonuncunun Rəfiqə adlı tanışı ilə yaşadığı evə gedən zaman Xırdalan şəhəri, 28-ci məhəllə, “Köhnə Bazar” adlanan ərazidə olan “Bakcell” mağazasının qarşısında təsadüfən Təqsirləndirilən şəxslə rastlaşmış, Röyal onu görüb yaxınlaşmış və onu kənara çəkərək söhbət etmələrini demiş, o, Röyalın içkili vəziyyətdə olmasını görmüş, buna görə də Röyala daha sonra söhbət etmələrini bildirib Kifayətlə oradan uzaqlaşmaq istəmişdir. Röyal isə arxasınca gəlmiş və yenə də yaxınlaşaraq ona borcu olmadığını demiş, həmçinin ona qarşı nalayiq ifadələr işlətmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Röyal yumruqla iki dəfə onun sifət nahiyəsinə zərbə vurmuş, bu zaman orada olan Kifayət onları aralaşdırmış, həmçinin Röyal qaçaraq oradan uzaqlaşmışdır. O, da DİN-nin “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. O, Röyalın 10.06.2021-ci il tarixdə saat 20 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Köhnə Bazar” adlanan ərazidə aralarında yaranmış mübahisə zamanı yumruqla iki dəfə sifət nahiyəsinə zərbələr vurmaqla onu döyməsini, mübahisələrinin təxminən 10-15 dəqiqə davam etməsini, həmin zaman orada qeyri-rəsmi münasibətdə olduğu Şahid1 və sonuncunun Rəfiqə adlı tanışı, eləcə də tanımadığı başqa şəxslərin olmasını, mübahisənin yaranma səbəbinin onun Röyaldan 50 manat borcunu qaytarmasını deməsi, Röyalın isə borcunun olmadığını deməsi və ona qarşı nalayiq ifadələr işlətməsinin olmasıdır. O, mübahisə zamanı oradan keçən şəxslərin onların mübahisələrini görməsini və yaxınlaşmadan onların mübahisələrini seyr etmələrini, lakin Kifayət və Rəfiqədən başqa orada olan həmin şəxsləri tanımadığını, mübahisə zamanı Röyalı vurmadığını və hadisə nəticəsində ona maddi ziyan dəymədiyini qeyd etmişdir. Sonda o, təqsirləndirilən şəxslə barışmasını, sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirdi. Bundan əlavə, məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmasına və sonucuya qarşı heç bir şikayət və tələbinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 3 il müddətdir tanıyır. Belə ki, Zərərçəkmiş şəxslə qeyri-rəsmi münasibəti vardır. Həmçinin Təqsirləndirilən şəxs da tanıyır. Təqsirləndirilən şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən işlədiyi kafeyə tez-tez gedib-gəlir. 10 iyun 2021-ci il tarixdə saat 20 radələrində Nahid və tanışı Rəfiqə ilə yaşadığı evə gedən zaman Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Köhnə Bazar” adlanan ərazidə olan “Bakcell” mağazasının qarşısında təsadüfən Təqsirləndirilən şəxslə rastlaşmışlar. Röyal onların yanına yaxınlaşmış və Nahidi kənara çəkərək söhbət etməyə başlamış, Röyal söhbət zamanı Nahiddən nə üçün zəng etdiyini soruşmuş və Nahidə heç bir borcunun olmadığını demişdir. Nahid isə Röyala çıxıb getməsini demiş və onunla birlikdə oradan uzaqlaşarkən Röyal arxalarınca gəlmiş və “Köhnə Bazar” adlanan ərazidə yenə də Nahidə yaxınlaşaraq əlləri ilə Nahidin qollarından tutub saxlamışdır. Həmçinin Nahidə qarşı nalayiq ifadələr işlətmiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış və mübahisə zamanı Röyal yumruqla iki dəfə Nahidin sifət nahiyəsinə zərbə vurmuş, o, mübahisənin daha da böyüməməsi üçün onları aralaşdırmışdır. Röyal isə oradan uzaqlaşmış, Nahid bundan sonra DİN-in “102” xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. O, mübahisənin təxminən 10 dəqiqə davam etməsini, həmin zaman orada özündən başqa tanışı Rəfiqə və oradan keçən tanımadığı şəxslərin olmasını, mübahisə zamanı səs-küy yarandığını, mübahisəyə kənardan yaxınlaşıb müdaxilə edən olmasa da, oradan keçən şəxslərin mübahisənin şahidi olmasını və mübahisəni kənardan izləməsini bildirdi. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs təxminən 1 il müddətdir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs onun tanışı Şahid1 qeyri-rəsmi münasibətdə olduğu şəxsdir. Həmçinin Təqsirləndirilən şəxs da tanıyır. Təqsirləndirilən şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən onun işlədiyi kafeyə tez-tez gedib-gəlir. 10 iyun 2021-ci il tarixdə saat 20 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Köhnə Bazar” adlanan ərazidə meyvə alan zaman səs-küy gəldiyini və bir neçə şəxsin yığışdığını görmüş, buna görə həmin yerə yaxınlaşdıqda Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir-biri ilə mübahisə etmələrinin və əlbəyaxa olmalarının şahidi olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Nahidin sifət nahiyəsinə zərbə vurmuş, bu zaman orada olan Kifayət onları aralaşdırmış, həmçinin o da Nahidin sifət nahiyəsinin qan olduğunu görüb köməklik göstərmişdir. Sonradan isə Nahidin bu barədə şikayət etməsindən məlumatı olmuşdur. O, ifadəsində əlavə olaraq Təqsirləndirilən şəxs mübahisə zamanı yumruqla Nahidin sifət nahiyəsindən zərbə vurduğunu, mübahisənin təxminən 10-15 dəqiqə davam etməsini, həmin zaman orada özündən başqa tanışı Kifayət və oradan keçən tanımadığı şəxslərin olmasını, mübahisə zamanı səs-küy yarandığını göstərmişdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs isə qısa müddətdir tanıyır. Belə ki, o, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Köhnə bazar" adlanan ərazidəki tikilməkdə olan obyektdə fəhlə işləyir. Arada vaxt olduqda isə işlədiyi obyektin yanında olan kafedə yemək yeyib, çay içir. Röyalla tanışlığı da buradan yaranmışdır. 10 iyun 2021-ci il tarixdə saat 18 radələrində həmin kafedə çay içən zaman Röyal da oraya gəlmiş, bir qədər sonra Röyala zəng gəlmiş və Röyal telefonla danışa-danışa çıxıb getmişdir. Saat 20 radələrində oturduğu kafedən təxminən 5-10 metr aralıda 28-ci məhəllə, "Köhnə bazar" adlanan ərazidə Röyalın Nahidlə mübahisə etdiyini və bir-birinə qarşı nalayiq ifadələr işlətdiyini, eləcə də çox sayda adamın yığışdığını görüb oraya yaxınlaşmış, həmin yerə yaxınlaşan zaman Röyal əlinin arxası ilə Nahidin sifət nahiyəsindən zərbə vurmuş, bundan sonra orada olan şəxslər Röyalla Nahidi aralaşdırmışdır. Sonradan Nahidin bu barədə şikayət etməsindən məlumatı olmuşdur. O, Röyalın 10 iyun 2021-ci ildə saat 20 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Köhnə Bazar” adlanan ərazidə mübahisə zamanı əlinin arxası ilə Nahidin sifət nahiyəsindən zərbə vurmasını, mübahisənin təxminən 10-15 dəqiqə davam etməsini, həmin zaman orada çox sayda adamın olduğunu, lakin orada təzə işləməyə başladığı üçün həmin şəxsləri tanımadığını, Röyalla Nahid arasında mübahisə zamanı səs-küy yarandığını, belə ki, oradan keçən şəxslərin mübahisənin şahidi olmasını və onların mübahisəsini kənardan izləməsini qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Abşeron Rayon Şöbəsinin 23.06.2021-ci il tarixli 1216 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, alt dodağın selikli qişasının əzilmiş yarası, üst çənədə soldan 3-cü dişin travmatik sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər; qərarın təsviri hissəsində qeyd edilən müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə yəni, 10.06.2021-ci il tarixdə qeyd olunan nahiyələrə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23.03.2004-cü il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Beləliklə, ibtidai araşdırma zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat materialında olan sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olması işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin plenum qərarının 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 19.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Abşeron RİH başçısının 4 saylı MTİİTS tərəfindən 16.06.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatsız yaşayır və yaşadığı müddət ərzində barəsində hər hansı şikayət daxil olmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsinin surətindən müvafiq olaraq görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2014-cü il tarixdə X2 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, tərəflərin birgə nikahından 06 iyul 2014-cü il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 20 (iyirm) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar