Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-431/2025 25.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü idə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Bala Həşimxanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2024-cü il tarixdə saat 03 radələrində Şahid icarə əsasında işlətdiyi Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən “Ailə” marketdə usta kimi təmir işlərini aparan zaman, həmin mağazada quraşdırılmış "xxxx" QSC-yə məxsus “eManat” ödəmə terminalının qapısını mismar çıxaran alətlə qırıb açaraq terminalın kassasını laqonda ilə kəsib terminala qanunsuz daxil olaraq, oradan 509 manat pulu gizli olaraq talayıb zərərçəkmiş "xxxx" QSC-yə 509 manat ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, o, fərdi qaydada ustalıqla məşğul olur. Təxminən 16 avqust 2024-cü il tarixdə Şahid işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksində yerləşən Ailə marketdə təmir işləri aparırmış. Təmir işləri apardığı üçün də Elçin mağazanın giriş qapısının açarını ona vermişdir ki, mağazaya sərbəst girib çıxa bilsin. 19 avqust 2024-cü il tarixdə gecə saat 03 radələrində təmir işlərini davam etmək üçün mağazaya getmişdir. Mağazada Elçinin onun üçün saxladığı spirtli içkini görüb qəbul etməyə başlamışdır. Spirtli içkini içib sərxoş olduqdan sonra mağazada olan “eManat” ödəmə terminalı gözünə sataşmışdır. Düşünmüşdür ki, həmin terminalın qapısını qırıb içərisində olan pulları oğurlasın. Özündə olan mismar çıxaran dəmirlə terminalın qapısını qırıb açmışdır. Terminalı pul saxlanılan kassasını dartıb yerindən qoparıb içərisində olan pulları çıxarmışdır. Orada nə qədər pul olduğu dəqiqliklə yadında olmamışdır, amma təxminən 500-600 manata yaxın pul olduğunu bildirmişdir. Həmin pulları götürüb mağazadan çıxmışdır. Çıxanda da mağazanın qapısını bağlayıb çıxmışdır. Həmin pulları da Bakı şəhərinə gedib müxtəlif restoranlarda yeyib içməyə xərcləmişdir. O, həmin oğurluq əməlini tək törətmişdir. Gecə saatları olduğu üçün oğurluq edən zaman onu heç kim görməmişdir. Sonda zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, MPAY QSC-nin ofis mühafizəçisi vəzifəsində işləyir. 19 avqust 2024-cü il tarixdə o, işə gələn zaman müştəri xidmətləri ona 18 avqust 2024-cü il tarixdən 19 avqust 2024-cü il tarixə keçən gecə MPAY QSC-nin Abşeron rayonu, Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən Ailə marketdə quraşdırdığı “eManat” ödəmə terminalından oğurluq olmasını bildirmişdir. Bundan sonra şirkət tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, baş vermiş oğurluq hadisəsi nəticəsində naməlum şəxs ”eManat” ödəmə terminalının qabaq hissəsini sındırın terminalın pul olan hissəsini açaraq içərisindən 509 manat pul oğurlamışdır. Bundan başqa həmin terminalın sındırılıb yarasız hala düşməsi nəticəsində MPAY QSC-yə 754 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi 18 avqust 2024-cü il tarixdən 19 avqust 2024-cü il tarixə keçən gecə baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan üzrə 590 manat ödənilmişdir, mülki iddianın qalan hissəsindən imtina edirlər. Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı hər hansı tələbi, həmçinin şikayəti yoxdur. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, icarə əsasında Abşeron rayonu, Xırdalan şəhəri AAAF park yaşayış kompleksində yerləşən Ailə market işlədir. Həmin marketdə “eManat” ödəmə terminalı vardır. Təxminən 2024-cü ilin avqust ayının ortasından həmin mağazanı təmir etdirmək qərarına gəlmişdir. X2 da usta kimi dost tanış vasitəsi ilə tapmışdır. Xalidlə aralarında olan razılaşmaya əsasən mağazaya metlax vurması üçün 860 manat pul verməli imiş. 16 avqust 2024-cü il tarixdə Xalid təmir işlərinə başlamışdır. Xalid 2 gün ərzində işə yalnız günorta vaxtları gəlib işləyirmiş. Xalidin deməsinə görə gündüzlər şəxsi işi olduğu üçün gecələr təmir işini görəcəkmi. Bu səbəbdən də 18 avqust 2024-cü il tarixdə o, Xalidə həmin mağazanın açarını vermişdir ki, gecə o, mağazada olmayanda işini görə bilsin. Sonuncu dəfə 18 avqust 2024-cü il tarixdə saat 17 radələrində o, mağazadan çıxıb getmişdir. Həmin vaxtı Xalid işə hələ gəlməmişdir. Səhəri gün 19 avqust 2024-cü il tarixdə saat 15 radələrində o, mağazaya girəndə görmüşdür ki, “eManat” aparatının qapısı qırılmışdır. O da dərhal 102-yə zəng edib oğurluq olması barədə məlumat vermişdir. Daha sonra isə “eManat” şirkətinin əməkdaşlarına zəng edib məlumat vermişdir. Mağazanın giriş qapsın bağlı olduğundan o, həmin vaxt dərhal başa düşmüşdür ki, oğurluğu Xalid edib. Çünki “eManat”dan ayrı adam oğurluq etsəydi mağazanın giriş qapısı da qırılmış olardı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 19 avqust 2024-cü il tarixdə, saat 22:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - MPAY ödəmə terminalında olan pul vəsaitinin miqdarı barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 15 avqust 2024-cü ildən 19 avqust 2024-cü ilədək ödəmə terminalında 509 manat pul olmuşdur. - “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-613/2024 saylı, 21 avqust 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 avqust 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - “Mülki iddiaçı qismində tanınma haqqında” 17 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs "xxxx" QSC mülki iddiaçı qismində tanınmış və onun nümayəndəsi Nümayəndə hüquq və vəzifələri izah edilmişdir. - Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 509 manat pul ödənilmişdir, iddianın qalan hissəsindən imtina edirlər. Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadiəsi, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun üzərinə Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sabirabad rayonu, Bala Həşimxanlıda yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 08 ay 06 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 01 il 04 ay 12 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalıdır, başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə "xxxx" QSC zərərçəkmiş şəxs qismində tanınmış və Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi zərərççəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş 25 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 509 manat pul ödənilmişdir, iddianın qalan hissəsindən imtina edirlər. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 186.2ci maddəsinə əsasən zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən mülki iddiadan imtina edildiyi üçün mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 08 (səkkiz) ay 06 (altı) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 01 (bir) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddiadan imtina qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sabirabad rayonu,Bala Həşimxanlı kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Sabirabad rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-431/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-431/2025
25.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver