Məhkəmə qərarları › İş №1(012)-432/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-432/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-432/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 qızının iştirakı ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi, Tanrıverdiyev küçəsi, ev 25, mənzil 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30.09.2020-ci il tarixdə saat 14 radələrində yol vərəqəsi əsasında idarə etdiyi Abşeron Suvarma sistemləri idarəsinə məxsus olan xüsusi təyinatlı KC 3579 markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtokran tipli avtomobillə Abşeron rayonu Novxanı-Saray yolu ilə Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolun Abşeron rayonu, Masazır qəsəbəsi, “Duz“ gölünün yanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin qanunun 37 maddəsinin 4-cü hissəsinin 4-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkmiş şəxsi tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada özünün şəxsiyyətini təsdiq edən və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyat sənədini təqdim etməli və sonra hadisə yerinə qayıtmalı olduğu halda, həmin tələblərə əməl etməyərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən yolun sağ kənarında dayanmış “İsuzu FVZ 23S” markalı **- GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən elektrik dirəkləri boşaldılan zaman idarə etdiyi KC 3579 markalı, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil digər avtomobildən boşaldılan dirəyə dəyərək, dirəyin bir tərəfi Zərərçəkmiş şəxs2 Cəlil oğlunun baş nahiyəsinə, digər tərəfi isə Zərərçəkmiş şəxs1 sol ayağına dəymiş nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 ağır kəllə-beyin travması, baş beyinin hər iki alın payının epidural hematoması, alın sümüyünün çoxsaylı parçalı, çökmüş və yerdəyişmiş, burun sümüklərində parçalı, yerdəyişmişsınıqları, əsas sümüyün və sol əng sümüyünün, yerdəyişməyən sınıqları, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurulnasına, Zərərçəkmiş şəxs1 sol ayağın 1-2-3cü ayaq darağı sümüklərinin qapalı, qəlpəli yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurulmasına səbəb olmuş və Azərbaycan Respublikası CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron Suvarma sistemləri idarəsində sürücü işləyir və həmin idarəyə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı “Kamaz Kran”-ı idarə edir. 30.09.2020-ci il tarixdə saat 14 radələrində həmin kranla Abşeron rayonu, Novxanı kəndi, Duz gölünün yaxınlığı ilə Masazır qəsəbəsinə yük boşaltmaq üçün gedən zaman avtomobili 40-50 km/saat sürətlə idarə etmişdir. Həmin vaxtı Duz gölünün yanında yolun sağ tərəfində qoşqulu yük avtomobilinin təhlükəli vəziyyətdə saxladığını və fəhlələrin avtomobilin yük yerindən dəmir elektrik dirəklərini boşaltmasını görüb, idarə etdiyi avtomobili yolun soluna qarşıdan əks istiqamətdən gələn avtomobillərin yoluna çıxarmışdır. Həmin zaman fəhlələr elektrik dirəyini boşaldarkən dirəyin fəhlələrin əlinən düşdüyünü görüb, avtomobili yolun kənarına sıxmışdır. Lakin həmin vaxt fəhlələrin əlindən düşən dirək idarə etdiyi avtomobilin arxa hissəsinə dəyərək, fırlanıb fəhlələrin birinin başından dəymişdir. Bundan sonra avtomobili saxlayaraq, avtomobildən düşüb həmin fəhlələrə yaxınlaşıb köməklik etmək istəmiş, lakin xəsarət alan fəhlələr əl-üzlərini yumuş və yüngül xəsarət almalarını və heç bir problem olmadığını deyərək, çıxıb getməyini bildirmişlər. Bundan sonra həmin yerdən çıxıb getmişdir. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayından Bakı şəhərində yerləşən "xxxx" Elektrik Quraşdırma və Təmir Tikinti MMC-də fəhlə işləyir. 30.09.2020-ci il tarixdə saat 14 radələrində MMC-nin rəhbərliyinin göstərişinəəsasən Abşeron rayonu Masazır-Novxanı yolunda dəmir elektrik dirəklərini quraşdırılması üçün dirəkləri MMC-yə məxsus “İsuzu FVZ 23S” mrkalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb Abşeron rayonu Masazır qəsəbəsi, Masazır-Novxanı yoluna gəlmişlər. Həmin vaxtı avtomobili MMC-də sürücü işləyən Şahid1 idarə etmişdir. Bundan başqa avtomobildə MMC-də fəhlə işləyən Əzizağa, Samir və Babək olmuşdur. Səxavət avtomobili Masazır-Novxanı yolunda Masazır qəsəbəsi istiqamətində yolun sağ hissəsində saxlamış və onlar dəmir dirəkləri boşaltmaq üçün təhlükəsizlik işarələri ilə işarələdikdən sonra dəmir dirəkləri boşaltmağa başlamışlar. O, avtomobilin yük yerindən dəmir dirəyi aşağıda Əzizağaya verən zaman arxadan Masazır istiqamətində gələn Avtokran əllərində olan dəmir dirəyə dəyməsi nəticəsində dəmir dirək onun sol ayağına düşmüş və dəmirin arxa hissəsi Əzizağanın başına dəymişdir. Nəticədə o, sol ayağından, Əzizağa isə baş nahiyəsindən xəsarət alıb özündən getmişdir. Əzizağa ilə onu xəstəxanaya aparmışlar və xəstəxanada müalicə almışlar. Avtokranın sürücüsü avtomobili saxlamayıb hadisə yerindən qaçıb getmişdir. Bu barədə orada olan kənar şəxslərdə sürücünün avtomobili saxlamayıb sürüb getdiyini bildirmiş, Əzizağa və ondan başqa heç kim xəsarət almamış, hadisə zamanı Samir, Babək və Səxavət orada olmuşdur. Ona dəymiş zərər ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir və ağır cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının 1-dən Bakı şəhərində yerləşən "xxxx" Elektrik Quraşdırma və Təmir Tikinti MMC-də fəhlə işləyir. 30.09.2020-ci il tarixdə saat 14 radələrində MMC-nin rəhbərliyinin göstərişinə əsasən Abşeron rayonu Masazır- Novxanı yolunda dəmir elektrik dirəklərini quraşdırılmasıüçün dirəkləri MMC-yə məxsus “İsuzu FVZ 23S” mrkalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığıb Abşeron rayonu Masazır qəsəbəsi, Masazır-Novxanı yoluna gəlmişlər. Həmin vaxtı avtomobili MMC-də sürücü işləyən Şahid1 idarə etmişdir. Bundan başqa avtomobildə MMC-də fəhlə işləyən Nurlan, Samir və Babək olmuşdur. Səxavət avtomobili Masazır- Novxanı yolunda Masazır qəsəbəsi istiqamətində yolun sağ hissəsində saxlamış və onlar təhlükəsizlik işarələri ilə işarələdikdən sonra dəmir dirəkləri boşaltmağa başlamışlar. Nurlan maşının yük yerindən dəmir dirəyi aşağıda ona verən zaman arxadan Masazır istiqamətində gələn Avtokran əllərində olan dəmir dirəyə dəyməsi nəticəsində dəmir dirək onun başının sol hissəsinə dəymiş və alın nahiyəsi avtomobilin yük yerinə dəymişdir. Nəticədə baş nahiyəsindən xəsarət alıb özündən getmiş və bir neçə gün sonra xəstəxanada ayılmışdır. Həmiçinin hadisə zamanı iş yoldaşı Nurlanda ayağından xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi zamanı özündən getdiyi üçün kran markalı avtomobilin sürücüsünün avtomobili saxlayıb onlara yardım etməsini görməmişdir. Lakin sonradan həmin kranın sürücüsünün avtomobili saxlamayıb hadisə yerindən qaçdığını eşitmiş, Nurlan və ondan başqa heç kim xəsarət almamış, hadisə zamanı orada Samir, Babək və Səxavət olmuşdur. O, xəstə yatarkən bir dəfədə olsun onunla maraqlanmamışdır. Ona dəymiş zərər hazırkı vaxtadək ödənilməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun cəzalanmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02.09.2020-ci il tarixdən "xxxx" Elektrik Quraşdırma və Təmir Tikinti MMC-də fəhlə işləyir. 30.09.2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Novxanı- Masazır yolunda Duz gölünün ətrafında MMC-nin əməkdaşları ilə birlikdə işıqlanma işləri apararkən MMC-də sürücü işləyən Şahid1 idarə etdiyi “İsuzu FVZ 23S X5” markalı **-GG- *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini yolun kənarında saxlayaraq, təhlükəsizlik işarələri ilə ətrafını işarələyərək avtomobilin yük yerində olan işıq dirəklərini boşaltmışlar. Həmin vaxt o, avtomobilin arxa hissəsində avtomobilin ətrafına işarələr düzərkən, arxadan sürətlə gələn **-AC-*** dövlət qeydiyyat nişanlı“Avtokran”-ı görərək bu barədə qarşıda avtomobildən işıq dirəklərini boşaldan fəhlələr Nurlan və Əzizağaya əli ilə işarə etmişdir. Bundan sonra həmin “Avtokran”-ın sürücüsü avtomobili fəhlələrin yük boşaltdığı avtomobilə yaxın sürərək, avtomobilin sağ hissəsi ilə boşaldılan işıq dirəyinə çırpılmış və dəmir dirəyin Əzizağa və Nurlana dəyməsi nəticəsində hər ikisi xəsarət almışlar. Dəmir dirək Nurlanın sol ayağına, Əzizağanın isə baş nahiyəsinə dəymişdir. Bundan sonra Nurlan və Əzizağanı xəstəxanaya aparmışlar. Yol-nəqliyyat hadisəsi zamanı **-AC-*** dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtokranın sürücüsü avtomobili saxlamayıb çıxıb getmiş, Nurlan və Əzizağadan başqa heç kim xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir müddətdir "xxxx" Elektrik Quraşdırma və Təmir Tikinti MMC-də sürücü işləyir. Etibarnamə əsasında şirkətə məxsus İsuzu FVZ 23S” X5 markalı **-GG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sürür. 30.09.2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Novxanı kəndi Duz gölünün ətrafında MMC-nin əməkdaşları ilə birlikdə işıqlanma işləri apararkən avtomobili yolun kənarında saxlayaraq, təhlükəsizlik işarələri ilə ətrafını işarələdikdən sonra avtomobilin içində əyləşmiş, həmin vaxtı fəhlələr elektrik dirəklərini avtomobilin arxasından yerə boşaltmışlar. Bu zaman qəza səsi eşitmiş və avtomobildən düşdükdə işçilərdən Əzizağa və Nurlanın xəsarət aldıqlarını görmüşdür. Orada olan digər işçilər Kamaz Kranın elektrik dirəyinə vurduğunu və dirəyin Əzizağa və Nurlana dəyməsi nəticəsində xəsarət aldıqlarını bildirmişlər. Həmin vaxtı Kamaz Kranın sürücüsü avtomobili kənarda saxlayaraq, baxıb heç bir kömək etmədən avtomobili sürüb getmişdir. X3 xəstəxanaya aparmışlar. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, yolnəqliyyat hadisəsi zamanı avtokranın sürücüsü avtomobili saxlamayıb çıxıb getmiş, hadisə zamanı Nurlan və Əzizağadan başqa heç kim xəsarət almamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,"xxxx" Elektrik Quraşdırma və Təmir Tikinti MMC-də fəhlə işləyir. 30.09.2020-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Novxanı kəndi, Duz gölünün yaxınlığında MMC-nin əməkdaşları ilə birlikdə işıqlanma işləri apararkən MMC-də sürücü işləyən Şahid1 idarə etdiyi “İsuzu FVZ 23S X5” markalı **-GG- *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini yolun kənarında saxlayaraq, təhlükəsizlik işarələri ilə ətrafını işarələyərək avtomobilin yük yerində olan işıq dirəklərini boşaldarkən o, avtomobilin arxa hissəsində dayanaraq elektrik dirəklərini boşaltmış, həmin vaxtı Əzizağa ona əl işarəsi edərək arxa tərəfi göstərmiş, bundan sonra tappıltı səsi eşitmiş və ona məlum olmuşdur ki, arxadan sürətlə gələn Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı Kran yük **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili təhlükəsizlik qaydalarını pozaraq, avtomobili fəhlələrin yük boşaltdığı avtomobilə yaxın sürərək, avtomobilin sağ hissəsi ilə boşaldılan işıq dirəyinə çırpılmışdır. Həmin yolnəqliyyat hadisəsi zamanı işçilərdən Əzizağa və Nurlan müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bundan sonra Nurlan və Əzizağanı xəstəxanaya aparmışlar. Yol-nəqliyyat hadisəsi zamanı avtokranın sürücüsü avtomobili saxlamayıb çıxıb getmiş, hadisə zamanı Nurlan və Əzizağadan başqa heç kim xəsarət almamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 17.10.2020-ciil tarixli 2113 nömrəli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol ayağın 1-2-3-cü ayaq darağ sümüklərinin qapalı, qəlpəli yerdəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. 30.09.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı borunun zərblə onun sol ayağına dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 11.02.2021-cu il tarixli 263 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – ağır kəllə-beyin travması, baş beyinin hər iki alın payının epidural (sərt qişa altına qanın toplanması) və subdural (sərt qişa altına qanın toplanması) hematoması, alın sümüyünün çoxsaylı, parçalı, çökmüş və yerdəyişmiş, burun sümüklərində parçalı, yerdəyişmiş sınıqları, əsas sümüyün və sol əng sümüyünün, yerdəyişməyən sınıqları, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. 30.09.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı borunun zərblə onun başına dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 yanvar 2021-ci il tarixli 8/2088 saylı rəyindən görünür ki, Kamaz Kran markalı ** AC *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Abşeron RPİ DYPŞ-dən alınmış məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 14.05.2019-cu il tarixdə, 14.05.2029-cu il tarixədək etibarlı olan AC seriyalı 742009 nömrəli “BC” dərəcəli sürücülük vəsiqəsnin verilməsi barədə informasiya mövcuddur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, KC 3579 markalı, **- AC-*** və “İsuzu FVZ 23S” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. 01.04.2021-ci il tarixdə təqsirləndirilən şəxs X2 ittiham elan edilməsi üçün axtarış elan edilmiş və həmin tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırlmışdır. Şübhəli şəxsin tutulması haqqında 26.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26.05.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuş və iş üzrə icraat təzələnmişdir. 28.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28.05.2021-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1, 264-cü maddələrilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətmişdir. Onun əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmiş şəxsləri tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görməmiş, başqa vasitələrlə özünü bəlli etməmiş, bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və ümumiyyətlə tibb müəssisəsində qalıb gözləmədən oradan qaçmış, özü barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs az ağır və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi az ağır cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətə görə maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.05.2021-ci il tarixdən 28.05.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 14.10.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış KC 3579 markalı, **-AC-*** və “İsuzu FVZ 23S” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillər ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai və məhəkə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 78 saat hüquqi yardıma görə 472 manat pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 qızının göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.05.2021-ci tarixdən 28.05.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan, yəni 14.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış KC 3579 markalı, **-AC-*** və “İsuzu FVZ 23S” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobillər ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndiriləndən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndiriləİş hüquqi yardımı ödəməkdən azad edilsin və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 78 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 472 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına, məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 qızının göstərdiyi 40 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar