Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-432/2025 17.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 avqust 1980-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə saat 23 radələrində idarə etdiyi “Moskviç” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Novxanı – Masazır yolunun Duz gölü ərazisində keçən hissəsində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, 1.1 üfuqi nişanlanma xətlərini kəsib keçmək qadağan olduğu, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək, əks istiqamət hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxıb əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan Şahid etibarnamə əsasında idarə etdiyi “İsuzu NPR” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Moskviç” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində əyləşmiş sərnişin Zərərçəkmiş şəxs sağ bud və sağ mil sümüyünün sınığından ibarət az ağır zərər vurulmasına səbəb olmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunan ittihamda özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, “Moskviç” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 3-4 il bundan öncə hazırda ünvanını xatırlamadığı metallomdan təxminən 500-600 manata alıb təmir edərək sürürmüş. O, həmin avtomobili etibarnaməsiz idarə etmişdir. Həmin avtomobili kəndin içərisində ara-sıra idarə etdiyi üçün problem yaranmırmış. 16 may 2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Saray - Novxanı yolunun Duz gölü ərazisində keçən hissəsində Masazır qəsəbəsi istiqamətində 20 km/saat sürətlə hərəkətdə olarkən əks tərəfdən “İsuzu NPR” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin gəldiyini görmüşdür. Həmin vaxt o, hərəkət etdiyi istiqamətdə sola doğru dönüb üzü Masazıra getməli imiş. Bu zaman o düşünmüşdür ki, “İsuzu NPR” markalı yük avtomobili gələnədək o, əks yola çıxıb dönər. Bu məqsədlə cəld sola doğru istiqamətlənmiş, lakin həmin vaxt yük avtomobili ilə arasında olan məsafə qısa olduğu üçün çatdıra bilməmiş və toqquşma baş vermişdir. Həmin vaxt qaranlıq olduğu üçün və toqquşma baş verən zaman sükan sinəsini sıxdığı üçün o, avtomobillər tam olaraq hansı hissələrinin toqquşduğunu bilməmiş, sadəcə gördüyünə görə avtomobillərin ön hissələri toqquşmuşdur. Bundan sonra o, avtomobildən enib yolun kənarında bir qədər gözləmiş və tanışlarından birinə zəng edərək onu evə aparmasını bildirmişdir. O, evə gəldikdən sonra təxminən gecə saat 2 radələrində özünü narahat hiss etdiyi üçün X4a müraciət etmişdir. Orada ona ilkin tibbi yardım göstərilmişdir. Baş vermiş hadisə zamanı o, hər hansı ciddi xəsarət almamışdır. Buna görə də tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olsa da, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Həmin vaxt avtomobildə kənddən tanıdığı Zərərçəkmiş şəxs olmuşdur. O, Emini gələrkən tam olaraq adını bilmədiyi Novxanı Xəstəxanası adlanan yerin qarşısından Masazırda düşürtmək üçün götürmüşdür. Yol nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra o, avtomobildən düşüb oradan uzaqlaşdığı üçün Eminin xəsarət alıb - almadığını görməmişdir. Bundan başqa avtomobildə yük olmamışdır. Onun idarə etdiyi Moskviç” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə heç bir nasazlıq olmamış, avtomobili saz vəziyyətdə olmuşdur. Həmin vaxt hava qaranlıq olsa da, yolun görmə şəraiti normal olmuşdur. Həmin an onun səhhətində heç bir problem olmamış, səhhəti normal olmuşdur. O, avtomobili idarə etməmişdən əvvəl spirtli içki qəbul etməmiş və sərxoş olmamışdır. Həmin gün hərəkətdə olduğu yol asfalt olmaqla quru olmuşdur. O, yolu sola doğru dönəcəyini düşünüb əks yola çıxmışdır. Həmin vaxt aralarında 15-20 metr məsafə olmuşdur. Hadisə baş verməmişdən əvvəl onun idarə etdiyi avtomobilin surəti 20 km/saat olarmış. Yolu dönməyə yaxınlaşan vaxt isə sürətini azaltmışdır.Onu da qeyd edir ki, o, hadisə yerindən qaçmamışdır. Xəsarət aldığı üçün hadisə yerindən bir qədər aralıda düşüb qalmışdır. Sonra kənd uşaqları gəlib onu Sumqayıt xəstəxanasına aparmışlar. Hazırda zərərçəkənlə barışmışdır. Bunun nəzərə alınıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 may 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu, Masazır qəsəbəsinə getmək üçün Novxanı xəstəxanasının qarşısında yolun kənarında durub avtomobil gözləyirmiş. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı yadında qalmayan Moskviç markalı avtomobil ilə həmin yoldan keçirmiş. İskəndər onu yolun kənarında görüb avtomobili saxlamışdır. Ondan hara getdiyini soruşub Masazıra getdiyini öyrənib ora qədər apara biləcəyini demişdir. O da İskəndərin avtomobilinə minib birlikdə getmişdir. Abşeron rayonu, Masazır qəsəbəsi, Saray - Novxanı yolunun Duz gölü ərazisində keçən hissəsində Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən əks tərəfdən İsuzu markalı avtomobil gəlirmiş. Bu zaman İskəndər sola doğru avtomobili sürsə də, həmin vaxt yük avtomobili ilə aralarında olan məsafə qısa olduğu üçün İskəndər yolu keçməyi çatdıra bilməmiş və toqquşma baş vermişdir. Toqquşma nəticəsində sağ ayağı qırılmışdır. Səhv etmirsə İskəndərin də başı zədələnmişdir. Çünki, hadisədən sonra İskəndərin başını tutub oradan uzaqlaşdığını görmüşdür. Daha sonra təcili yardım gəlib onu xəstəxanaya aparmışdır. Hazırda o, İskəndərlə barışmış, İskəndər ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Ona görə də onun İskəndərdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, ona şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq tərəfindən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, “İsuzu NPR” markalı **-KB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili adına olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə edir. Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır. 16 may 2024-cü il tarixdə, axşam tərəfi Sumqayıt şəhərindən çıxıb yaşadığı Binəqədi qəsəbəsinə getmək üçün Novxanı-Saray yolu ilə hərəkət etməyə başlamışdır. Hərəkətdə olduğu yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli və iki zolağlı imiş. Həmin vaxtı avtomobildə ondan başqa heç bir sərnişin və ya ağır yük olmamışdır. Belə ki, təxminən duz gölünün yanında olan işıqforun yaşıl siqnalında yol ayrıcını keçib üzü Novxanı qəsəbəsi istiqamətində hərəkətinə davam edərkən həmin yolla əks istiqamətli zolağla hərəkət edən köhnə “Moskviç” markalı atomobil qarşına çıxdığından vurmamaq üçün sükanı sağ tərəfə burmağına baxmayaraq toqquşmanın qarşısını ala bilməmişdir. Nəticədə hər iki avtomobil ciddi zədələnmişdir. Hadisədən sonra “Moskviç”in sürücüsü qaçıb getmiş, lakin sərnişini xəsarət aldığından hadisə yerinə çağırılmış X4 maşını ilə xəstəxanaya çatdırılmışdır. Qəza barədə 102 xidmətinə məlumat verildiyindən, bir neçə dəqiqədən sonra Abşeron RPİ-nin əməkdşları gələrək zəruri sənədləşdirmə işləri aparmışlar. Hadisə anında hava yağmursuz olmuş, yol örtüyü isə asfalt-beton olmaqla quru olmuşdur. Hadisə baş verən günü 16 may 2024-cü il tarixdə o, heç bir spirtli içki və ya digər vasitə qəbul etməmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi və idarə etmək üçün etibarnaməsi olmuşdur. Avtomobili o, icarə əsasında idarə edirmiş. Avtomobilin əsl sahibi X3r. Hadisə baş verən vaxtı avtomobilini təxminən 40-50 km/saat surətlə idarə etmişdir. Baş vermiş qəza nəticəsində o, heç bir xəsarət almamış və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən də bu səbədən imtina etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, qarşı hərəkət zolağı ilə əks istiqamətdə hərəkət edən avtomobil düz xətti tapdalayaraq anidən onun hərəkət zolağına çıxdığı an onun hərəkəti üçün təhlükə yaranan an olmuşdur. Onun hərəkəti üçün təhlükə yaranan andan toqquşmaya qədər onun avtomobili təxminən 9-10 metr məsafə qət etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Novxanı-Masazır yolunun asfaltbeton örtüklü hissəsində baş vermişdir. Hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və düzdür. Qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa 1.1 üfiqi nişanlanma xətti vardır və hər istiqamət bir zolaqlıdır. Yol örtüyünün eni 10 metrdir. Yolun hərəkət hissəsi hər iki tərəfdən torpaqlı ehtiyyat hissədir. Nəqliyyat vasitələri hadisə yerində yolun kənarında aşkar olundu. Hadisə yerinə baxış keçirilən zaman şin izləri və tormozlama izləri aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 2368 nömrəli aktından görünür ki, Şahid hadisə vaxtı ayıq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 04 sentyabr 2024-cü il tarixli, 86TS nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra xx.xx.2024-cü il tarixdə “Sumqayıt Tibb Mərkəzi X4 Xəstəxanası”-na müraciət etmiş və ona “Sağ bud və sağ mil sümüyünün qapalı sınığı” diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni, xx.xx.2024-cü il tarixdə salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 8/2298 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən göstərilən şəraitdə İsuzu NPR markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi – nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Moskviç markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Quliyev X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokol, şahidin ifadəsinin yerində yoxlanılması barədə protokol, MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsindən təqdim edilmiş ekspert rəyi, Məhkəmə Ekspertizası Mərkəzindən təqdim edilmiş ekspert rəyi ilə CM-Nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayəti əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilən ittihamda özünü CM-nin 264-cü maddəsi ilə təqsirli bilməməsinə məhkəmə özünü müdafiə xarakteri kimi qiymət verir. Eyni zamanda, Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona qarşı verilən CM-nin 263.1-ci maddəsi üzrə ittihamla razı olduğunu, zərərçəkənin onunla barışmasını nəzərə alıb bu hissədə işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, şahidi, dövlət ittihamçısını inləyərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi üzrə üzrə təqsirliliyi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini,cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, onun müsbət xarakterizə olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 264-cü maddəsinin sanksiyası həddində müəyyən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmin Məcəllənin 346.1 və 346.1.2-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi “Moskviç” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil və “İsuzu NPR” markalı, **-KB-*** yük avtomobili maddi sübut kimi tanınmışlar, onların sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin, müdafiəçinin 20 saat hüquqi yardımına görə hər saat 11 manat hesabı ilə 220 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs əməlində bu hissədə inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialları və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinsin ona, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat hüquqi yardımına görə hər saat 11 manat hesabı ilə 220 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilsin. İş üzrə maddi “Moskviç” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil və “İsuzu NPR” markalı, **-KB-*** yük avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-432/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-432/2025
17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver