Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-434/2020 15.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - X1 və onun müdafəiçisi – Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları xx.xx.1967-ci il Ağcabədi rayonu, Sarıcalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəçevir şəh, Naxçıvan küçəsi, ev 29, mənzil 5-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində ünvan 1 ünvanda qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs arasında sonuncunun zərərçəkmiş şəxsin küçəyə çıxmasına irad bildirməsi səbəbindən qısqanclıq zəminində yaranmış mübahisə zamanı Hüseyn Novruzov yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə zərbə vurmaqla ona burun üstü nahiyənin şişkin fonda, burun sümüyünün qapalı yerini dəyişməyən sınığı ilə müşayiət olunan qançırı, sağ əlin üst səthinin sıyrıqlarından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs X3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, şikayətçi Zərərçəkmiş şəxs ilə 2017-ci ildən etibarən qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışdır. Əvvəllər münasibətləri yaxşı olsa da son dövrlərdə Aynur onun işlərinə müdaxilə edərək onu əsəbləşdirdiyindən aralarında tez-tez mübahisələr yaranmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində o, şam etmək üçün yaşadıqları küçədə yerləşən kafeyə getmiş və yemək yeyən zaman Aynurun küçədə olduğunu görmüşdür. Buna görə də o, Aynura yaxınlaşıb küçədə nə etdiyini soruşan zaman sonuncu dərs keçdiyi uşağın atasının ona 50 manat pul verdiyini bildirmiş və saymazyana çıxıb getmişdir. Bundan sonra o, əsəbləşərək evə qayıtmış və məlum səbəbdən dolayı Aynurla mübahisə etməyə başlamışdır. Baş vermiş mübahisə zamanı Aynur onu söyüb-təhqir etdiyindən o, sonuncunun sifət nahiyəsinə yumruqla bir dəfə zərbə vurduqda Aynur övladlarını da götürüb qonşuya qaçmışdır. O, əlavə olaraq həmin vaxt əlində bıçaq və ya başqa əşya olmadığını, həmçinin Aynuru hər hansı bir formada hədələmədiyini bildirmiş, eləcə də yaşadıqları evdə 3-4 dəqiqə davam etmiş mübahisə zamanı orada başqa şəxslərin olmadığını qeyd etmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs X3 məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi X3 ilə 2017-ci ildən etibarən qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayır. Əvvəllər münasibətləri normal olsa da son vaxtlar Hüseyn onun işlərinə müdaxilə edərək səbəbsiz qısqanclıq etdiyi üçün aralarında mübahisələr yaranmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində yaşadıqları evdə olan zaman dərs keçdiyi uşağın atası ona 50 manat pul verdiyindən Hüseyn onunla yenə də mübahisə etməyə başlamış və onu söyüb təhqir etmişdir. Bundan sonra Hüseyn yumruqla onun sifət nahiyəsinə bir neçə dəfə zərbə vuraraq onu döymüş, eyni zamanda öldürəcəyini deyərək ona sözlə hədə-qorxu gəlmişdir. Buna görə də o, övladlarını da götürüb evdən qaçmış və qonşuya getmiş, orada baş vermiş hadisəni qonşusuna danışmışdır. Qonşusu da öz növbəsində onun anası Qəmərin mobil telefon nömrəsini alaraq sonuncuya zəng edib bu barədə məlumat vermişdir. Anası Qəmərin DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat verdiyini bilmişdir. O, əlavə olaraq Hüseynin onu sözlə hədələməsinə baxmayaraq həmin vaxt əlində bıçaq və ya hər hansı bir başqa əşya olmadığını, həmçinin yaşadıqları evdə 3-4 dəqiqə davam etmiş mübahisə zamanı orada başqa şəxslərin olmadığını da qeyd etmişdir. Hazırda X3 ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən X1 barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs X3 ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 320 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - burun üstü nahiyənin şişkin fonda, burun sümüyünün qapalı yerini dəyişməyən sınığı ilə müşayiət olunanqançırı, sağ əlin üst səthinin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxs X3 ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, X1 məhkum olunmasına dair Məlumat Kartotekasında hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs X1 barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən təqsirləndirilən şəxs X1 barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X2 hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. X2 ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə,həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-434/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-434/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver