Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-434/2023 04.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Əfətli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Çinarlı məhəlləsində yaşayan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Amazon» restoranının həyətində, həmin restoranda ofisiant işləyən Zərərçəkmiş şəxs ilə həmin restoranda kababçı işləmiş Təqsirləndirilən şəxs arasında, bir günlük işdən icazəli olduğu vaxtda yerinə yeni işçi tapması səbəbindən sonuncunun zərərçəkmişə irad bildirməsi ilə əlaqədar mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən yumruq zərbəsi ilə vuraraq ona başın sol gicgah nahiyəsinin dərialtı hematoması, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası və sol kürək nahiyəsinin qançırından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarələri yetirməklə ətrafda olan şəxslərin iştirakını nəzərə almadan, əsaslı səbəb olmadan ictimai yerdə dava-dalaş yaratmaqla öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlərə yol vermişdir. Məhkəmə baxışında cinayət əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Amazon» restoranında kababçı, Zərərçəkmiş şəxs isə orada ofisiant işləmişdir. Birgə işlədikləri müddətdə onların münasibətləri normal olmuş və aralarında hər hansı bir mübahisə olmamışdır. xx.xx.2023cü il tarixdə o, yaxın qohumunun toy məclisində iştirak etmək məqsədilə işdən bir günlük icazə almışdır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində iş yerinə qayıtdıqda isə Rəcəbin öz qohumunu onun yerinə işə gətirdiyini və onun barəsində şər-böhtan xararkterli xoşagəlməz məlumatlar yaydığı bilmişdir. Buna görə də o, Rəcəbi restoranın həyətinə çağırıb etdiyi hərəkətlərə görə ona öz iradını bildirmişdir. Rəcəb isə buna qarşılıq olaraq onu söyüb-təhqir etmiş və məsələyə təkbətək aydınlıq gətirmək istədiyini demişdir. Bu zaman o, Rəcəbin üzərinə getmiş, sonuncu isə əli ilə onu itələyib təpiklə qarın nahiyəsinə zərbə vurmuşdur. Bu səbəbdən o da əsəbləşərək Rəcəbin baş nahiyəsinə 1 dəfə yumruq zərbəsi vurmuşdur. Aldığı zərbədən sonra Rəcəb hər iki əli i!ə başını tutaraq yerə oturmuş və başının partladığını bildirmişdir. Həmin vaxt restoranın müdiri Nurəddin, aşpaz işləyən Şəhla və üzdən tanıdığı, lakin adını bilmədiyi bir müştəri onları ayırmışlar. Bundan sonra o, çıxıb getmiş və sonradan Rəcəbin onun barəsində şikayət etdiyini öyrənmişdir. O, əlavə olaraq məlum mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada adlarını bildirdiyi şəxslərdən başqa kimsənin olub-olmadığını xatırlamadığını bildirmiş, eləcə də sözügedən hadisə zamanı əlində hər hansı bir küt əşyanın olmadığını və Rəcəbi yumruq zərbəsi ilə vurduğunu, özündən başqa heç kimin Rəcəbi vurmadığını qeyd etmişdir. Sonda o, zərərçəkmiş şəxslə barışdığını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şikayət verən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Amazon» restoranında ofisiant işləyir. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs isə həmin restoranda kababçı işləmişdir. xx.xx.2023-cü il tarixdə Samir işdən 1 günlük icazə almış, lakin öz yerinə əvəzedici kimsə göndərməmişdir. Bu səbəbdən də o, özünün tanışını müdriyyətə təqdim etmiş və həmin şəxs oraya kababçı kimi işə götürülmüşdür. xx.xx.2023cü il tarixdə, saat 23 radələrində Samir yerinə işçi götürülməsindən xəbər tutmuş, buna görə də yanında bir nəfər şəxslə birlikdə, sərxoş halda işlədikləri restorana gəlmiş və onu həyətə çağırmışdır. Söhbət əsnasında Samirin öz işindən olmasında onu günahlandırmışdır. Bu mövzuda davam edən söhbət zamanı onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Samir onu söyüb-təhqir etdiyi üçün o, əli ilə Samiri kənara itələmişdir. Həmin vaxt Samirin yanında gələn tanımadığı yaşlı kişi onun sifətinin sol yanına yüngül yumruq zərbəsi vurmuş və o, özünün müdafiə etmək məqsədilə həmin şəxsə müqavimət göstərmək istədikdə Samir qəflətən əlindəki küt əşya ilə onun baş nahiyəsinə 2 dəfə zərbə vurmuşdur. Bundan sonra orada olan 4-5 nəfər tanımadığı şəxs onları ayırmışdır. O, əlavə olaraq Samirin yanındakı tanımadığı şəxsin onu vurmasına baxmayaraq həmin zərbə nəticəsində hər hansı bir xəsarət almadığı üçün sözügedən şəxs barəsində şikayət və tələbinin olmadığını bildirmiş, eləcə də məlum mübahisənin sonunda restoranın müdiri Nurəddinin də onların yanına gəldiyini qeyd etmişdir. O, həmçinin bu mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini bildirdi. Sonda o, cinayət əməli törətmiş şəxsdən şikayətçi olmaması və onunla barışması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 Zülfü oğlu ifadəsində bildirdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən «Amazonka» restoranını icarə əsasında işlədir. Zərərçəkmiş şəxs orada ofisiant, Təqsirləndirilən şəxs isə kababçı işləmişlər. xx.xx.2023-cü il tarixdə Samir toya getmək üçün 1 günlük icazə almış, lakin bir gün sonra gəlmədiyi üçün o, Rəcəbin Ağa adlı tanışını kababçı olaraq işə götürmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində işdə olan zaman o, Samirlə Rəcəbin restoranın həyətində mübahisə etdiklərini görüb onlara yaxınlaşmış və hansı səbəbdən mübahisə etdiklərini soruşmuşdur. Həmin vaxt Samir, Rəcəbin onun yerinə işçi gətirməsi səbəbindən işindən olduğunu bildirmişdir. O, işə vaxtında gəlməməsi üçün yerinə işçi götürdüyünü və Rəcəbin bu işdə günahının olmadığını deyib onları yola salmışdır. Təxminən 20 dəqiqədən sonra tanımadığı müştəri zala daxil olaraq həyəcanlı halda restoranın həyətindən iki nəfərin dalaşdığını demişdir. Buna görə də o, dərhal həyətə çıxmış və Rəcəbin iki əli ilə başını tutub yerdə oturduğunu görmüşdür. Həmin vaxt onun yanında 2 nəfər tanımadığı müştəri də olmuşdur. O, nə baş verdiyini xəbər aldıqda Rəcəb Samirin onu vurduğunu, daha sonra isə oradan çıxıb getdiyini bildirmişdir. Bu zaman o, Rəcəbi yerdən qaldırıb ona su vermiş, daha sonra isə Rəcəb oradan çıxıb getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilənmiş Şahid2 ifadəsində göstərdi ki, o, sözügedən restoranda təxminən 1 aydır ki, aşbaz işləyir. Adı Şəlalə olsa da, iş yerində ona Şəhla deyə müraciət edirlər. Rəcəb həmin restoranda ofisiant, Samir isə kababçıdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, işdən çıxmağa hazırlaşan zaman restoranın həyətindən səs-küy gəldiyini eşidib bayıra çıxmış və Samirlə Rəcəbin mübahisə edərək birbirlərinə əl-qol atdıqlarını, tanımadıqları müştərilərin isə onları sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Daha sonra Rəcəb Samirin ünvanına söyüşlü ifadə işlətdiyi üçün sonuncu yenidən geri qayıtmış və Rəcəbi yumruqla vurmuşdur. Bundan sonra orada olan müştərilər onları yenə də ayırmış, o isə mətbəxə geri qayıtmışdır. O, əlavə olaraq həmin vaxt Samirin yanında ikayət verən şəxsin ifadəsində bildirdiyi yaşlı bir kişinin olduğunun görmədiyini və sonuncunun onları ayıran şəxslərdən kiminsə Samirlə birlikdə olduğunu zənn etmiş, eləcə də mübahisə zamanı Samirin əlində hər hansı bir predmet olmadığını və Rəcəbi sadəcə olaraq yumruğu ilə vurduğunu qeyd etmişdir. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 444 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-başın sol gicgah nahiyəsinin dərialtı hematoması, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol kürək nahiyəsinin qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəni hissələri(əl ayaq və s təsirindən əmələ gələ bilmələri mümkündür;dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, ibtidai araşdırma zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş məhkəməyədək sadələşdirilmiş icraat materialında olan sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli olması işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmuşdur. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkum olunmasına dair məlumat kartotekasında hər hansı bir qeyd aşkar olunmamışdır. İş materiallarında olan Ağdam RİHB-nın Əfətli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Ağdam rayonu, Əfətli kəndidnə qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır və yaşadığı müddət ərzində barəsində hər hansı şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmə cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-434/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-434/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver