Məhkəmə qərarları › İş №1(012)-434/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-434/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-434/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək halhazırda Bakı İsintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, “Olimp MTK” yaşayış kompleksi ev 10 mənzil 34-ə pəncərədən qanunsuz daxil olmaqla həmin evdə yataq otağında dolabın üzərində kiçik qutularda qoyulmuş 1 ədəd “Cartier” markalı dəyəri 2200 manat olan qızıl qolbağı, 1 ədəd “Cartier” markalı dəyəri 600 manat olan qızıl qolbağı, 1 ədəd “Cartier” markalı dəyəri 450 manat olan qızıl qolbağı, 1 ədəd “Cartier” markalı dəyəri 450 manat olan qızıl qolbağı, 1 ədəd dəyəri 2000 manat olan qızıl dəsti, 1 ədəd “Cartier” markalı dəyəri 1000 manat olan qızıl dəsti, 1 ədəd dəyəri 2500 manat olan briliyant üzüyü, 1 ədəd dəyəri 280 manat olan kəpənək formalı qızıl üzüyü, 1 ədəd dəyəri 200 manat olan ağ qızıldan hazırlanmış üzüyü, 1 ədəd dəyəri 500 manat olan şir formalı qızıl üzüyü, 1 ədəd “Cartier” markalı dəyəri 1000 manat olan qızıl boyunbağını, 1 ədəd dəyəri 350 manat olan qadın boyunbağısını, 1 ədəd dəyəri 150 manat olan qızıl boyunbağını, bir ədəd dəyəri 180 manat olan qızıl boyunbağını, bir cüt “Tiffany” markalı dəyəri 450 manat olan qızıl sırğanı, 1 cüt dəyəri 400 manat olan qızıl sırğanı oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12.710 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, qızılların qiymətinin bir qədər şişirdildiyini, dəyən ziyanı ödəmək imkanı olmamasını, xəstə olması və əməlindən peşimançılığını nəzərə alıb yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər də oğurluq cinayətləri törətdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə isə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 04 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həbsdən çıxdıqdan sonra oğurluq etməklə özünü dolandırır. Şəhərin müxtəlif yerlərində gəzərək işığı yanmayan, boş evlərə baxaraq həmin evlərin boş olduğuna əmin olduqdan sonra mənzillərə daxil olaraq əsasən qızıl zinyət əşyalarını və pul oğurlayır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhərində gəzərək oğurluq etmək üçün mənzil axtarmışdır. Həmin tarixdə saat 19 radələrində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində olarkən yaşayış kompleksini görərək oradan oğurluq etməyi qərara almışdır. Binaların arası ilə gəzən zaman 3-cü mərtəbədə bir mənzilin işıqlarının yanmadığını, lakin pəncərəsinin açıq olduğunu görmüş, başa düşmüşdür ki, həmin mənzildə heç kəs yoxdur. Daha sonra həmin mənzildən oğurluq etməyi qərara almışdır. Həmin binanın 1-2-ci mərtəbələrində təmir getdiyindən yaşayış olmamışdır. O, birinci mərtəbənin eyvanına qalxmış, daha sonra isə eyvanda olan qaz borusu ilə yuxarı qalxmağa başlamışdır. 3-cü mərtəbəyə çatıb pəncərədə olan toru yerə atıb oradan mənzilə keçmişdir. Daha sonra otaqları gəzməyə başlamış, yataq otağına gələn zaman orada dolabın içərisində kiçik qutular olduğunu görmüşdür. Həmin qutuları açan zaman içərisində qızıl-zinyət əşyarı olduğunu görmüş, daha sonra evi axtarıb bir ədəd sellofan torba tapmış və oğurladığı qızılları qutulardan çıxarıb həmin sellofan torbaya boşaltmışdır. Həmin qızılları yığdığı sellofan torbanı şalvarının cibinə qoymuşdur. Daha sonra evi axtarmağa başlamış ki, başqa yerdə də qızıl və pul vardırsa onları da götürsün. Lakin heç bir şey tapmamış, ev sahibinin gələcəyini düşünüb tez bir şəkildə mənzili tərk etmək qərarına gəlmişdir. Pəncərəni açıb aşağı baxmış, qaranlıq olduğundan ətrafda heç kim olmamış, daha sonra yuxarı qalxdığı qaz borusu ilə cəld şəkildə aşağı düşmüşdür. Yoldan keçən tanımadığı bir taksini saxladıb əyləşmiş və yaşadığı ünvana getmişdir. Növbəti gün Neftçilər metrostansiyanın yaxınlığında yerləşən “Laçın'’ ticarət mərkəzinə gəlmişdir. Orada olan tanımadığı səyyar qızıl alverçilərinə həmin qızılları 1800 manata satmış, əldə etdiyi pul ilə özünə “Rent-a-car” şirkətindən özü üçün kirayə maşın götürmüşdür. Yerdə qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Göstərmişdir ki, həmin mənzildən təxminən 4 ədəd üzük, və qolbağlar və boyunbağılar oğurlamış, həmin mənzilə qaz borusu ilə qalxmış, sözügedən oğurluq cinayətini tək törətmiş, bu oğurluq barədə heç kimə məlumat verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin dekabr ayından etibarən Abşeron rayonu, Xirdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-cı məhəllə, “Olimp MTK” Bina 10, Mənzil 38 ünvanında ünvanında yerləşən mənzildə yaşayır. xx.xx.2023-cü il tarixdə 06:40 radələrində yaşadığı mənzildən övladları ilə birlikdə çıxmış, həmin tarixdə saat 20:00 radələrində isə tək mənzilinə qayıtmışdır. Mənzilinə qayıdan zaman evdə bəzi sənədlər lazım olduğu üçün həmin sənədləri axtarmağa başlamış, sənədləri yerinə qoyan zaman özünə məxsus qızılzinyət əşyalarını qoyduğu qabın ağzının açıq olduğunu görmüşdür. Elə zənn etmişdir ki, yadından çıxıb həmin qutunun ağzını açıq qoymuşdur. Həmin qutuya baxan zaman isə özünə məxsus ümumi dəyəri 13000 manat olan qızıl-zinyət əşyalarının oğurlandığını görmüşdür. Dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Göstərmişdir ki, evə daxil olan naməlum şəxs və ya şəxslər mənzildən ona məxsus yataq otağında dolabın üzərində kiçik qutularda qoyulmuş 1 ədəd “Cartier” markalı dəyəri 2200 manat olan qızıl qolbağı, 1 ədəd “Cartier” markalı dəyəri 600 manat olan qolbağı, 1 ədəd “Cartier” markalı dəyəri 450 manat olan qolbağı, 1 ədəd “Cartier” markalı dəyəri 450 manat olan qolbağı, 1 ədəd dəyəri 2000 manat olan qızıl dəsti, 1 ədəd “Cartier” markalı dəyəri 1000 manat olan qızıl dəsti, 1 ədəd dəyəri 2500 manat olan briliyant üzüyü, 1 ədəd dəyəri 280 manat olan kəpənək formalı qızıl üzüyü, 1 ədəd dəyəri 200 manat olan ağ qızıldan hazırlanmış üzüyü, 1 ədəd dəyəri 500 manat olan şir formalı qızıl üzüyü, 1 ədəd “Cartier” markalı dəyəri 1000 manat olan qızıl boyunbağını, 1 ədəd dəyəri 350 manat olan qadın boyunbağısını, 1 ədəd dəyəri 150 manat olan qızıl boyunbağı, bir ədəd dəyəri 180 manat olan qızıl boyunbağı, bir ədəd “Tiffany” markalı dəyəri 450 manat olan qızıl sırğası, 1 ədəd dəyəri 400 manat olan qızıl sırğası oğurlamış, baş vermiş oğurluq zamanı ona 12710 manat ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Qurbaəli oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs demək olar ki, uşaqlığından etibarən tanıyır. Təqsirləndirilən şəxslə birlikdə eyni məhlədə qalır və qonşudurlar. Ramin Sultanovun əvvəllər oğurluq cinayətləri törətdiyinə görə məhkum olunduğunu bilmişdir. 25 və ya 26 oktyabr 2023-cü il tarixdə günorta saat 16 radələrində Əhmədli qəsəbəsində məktəbin yanında dayanmış, bu zaman köhnə tanışı və qonşusu Təqsirləndirilən şəxs onun yanına gəldiyini görmüşdür. Ramin onun yanına çatıb onunla salamlaşmış, sonuncu ilə təxminən 5-10 dəqiqə söhbət etmişdir. Ramin ona xeyli miqdarda borclarının olduğunu ona görə də pulunun olmadığını bildirmişdir. Ramin ondan vəziyyəti pis olduğu üçün 500 manat borc pul istəmişdir. O da ilk öncə Raminə pulunun olmadığını bildirsə də, sonradan evə girərək Ramin üçün evdən 300 manat pul götürmüşdür. O, bayıra çıxaraq Raminə sadəcə 300 manat pul tapdığını və bu pulu Raminə borc olaraq verə biləcəyini demişdir. Ramin də ona «çox sağol» deyərək 300 manat pulu götürmüş və bu borcu 2 günə ona qaytaracağını demişdir. Ramin ona əlində evdəkilərin qızıllarının olduğunu, əgər borclu olduğu 500 manatı verə bilməsə bu qızılları sata biləcəyini demişdir. Ramin ona 2 dənə üzük, 3 ədəd qızıl boyunbağı və bir ədəd qızıl qolbağ vermişdir. Ramin ona demişdir ki, “əgər iki gün içərisində sənə bu borclu olduğum pulu qaytarmasam, bu qızılları satarsan, pulunu götürərsən” demişdir. Daha sonra, Ramindən bu qızılların kimə məxsus olduğunu soruşan zaman Ramin ona “arxayın ol evdəkilərin qızlıdı” demişdir. Ramin ona narahat olmamağı demiş və bu qızılların evdə olan yoldaşına və anasına məxsus olduğunu bildirmişdir. 2-3 gün sonra Raminin evinə gedərək borcunu istəmişdir. Lakin Ramini nə qədər axtarsa da, tapa bilməmişdir. Həmin vaxt ağlına Raminin ona verdiyi qızıl-zinət əşyalarını satmaq gəlmişdir. O, gedib evə Raminin ona verdiyi qızıl- zinyət əşyalarını götürmüşdür. Daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində işi olduğu üçün oraya getmişdir. Həmin zaman üzərində Raminin ona verdiyi qızıllar da olmuşdur. O, “Meyvəli” ticarət mərkəzində olarkən həmin qızılları tanımadığı bir şəxsə 2800 manata satmışdır. Daha sonra yaşadığı ünvana gəlmiş, bu zaman Ramini məhlədə görmüşdür. O, Ramini görən kimi sonuncunun ondan aldığı 300 manat borcun əvəzi olaraq həmin puldan 300 manatı götürmüş və yerdə qalan 2500 manatı isə Raminin özünə qaytarmışdır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, şahid ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolodan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-852/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 177.3.2, 326.2 və 66.3-cü maddələri ilə ona 09 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü dəyişdirilmiş, CM-in 326.2, 66.3-cü maddələri hökmdən xaric edilmiş, üzərində 8 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 177.3.2, 67.1-ci maddələri ilə ona 09 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilərək onun əməli CM-in 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.3-cü maddələrinə tövsif edilmiş və üzərində 4 il azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarı dəyişdirilərək cəzası 2 il 6 aya endirilmişdir. 08 noyabr 2018-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 07 ay 13 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin №1(005)-19/2020 saylı 17 mart 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-729/2011 nömrəli, 18 avqust 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.3.2 maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 8 il 6 ay müddətinə, CM-in 326.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 maddəsinə əsasən cəzalar qismən toplanılmış və Təqsirləndirilən şəxs qəti olaraq əmlakı müsadirə olunmaqla 09 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-972/11 nömrəli, 19 dekabr 2011-ci il tarixli hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X2 apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2011-ci il tarixli 1(101)-729/11 saylı hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmişdir. Hökm Təqsirləndirilən şəxs CM-in 326.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hissəsində ləğv edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin maddə ilə ona bəraət verilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən CM-in 326.2-ci maddəsi ilə təyin olunmuş cəzanın digər maddə ilə təyin olunmuş cəza ilə qismən toplanılmasına dair müddəa hökmdən xaric edilmişdir. Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunan 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2011-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının onun tutulduğu 21 noyabr 2016-cı il tarixə çəkilməmiş qalan 2 (iki) il 1 (bir) ay 20 (iyirmi) gün hissəsi qismən birləşdirilmiş və ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-499/2018 nömrəli, 09 aprel 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2011-ci il tarixli hökmündə 3, 12 və 13-cü epizodlar üzrə “külli miqdar” ifadəsi “xeyli miqdar” ifadələri ilə əvəz edilmiş, 1, 4 və 5-ci epizodlar üzrə “xeyli miqdar” ifadəsi xaric edilmiş, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmündə “külli miqdar” ifadəsi “xeyli miqdar” ifadəsi ilə əvəz edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs cinayət əməli CM-in 177.3.2-ci maddəsindən CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-in 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli qərarı ilə təyin olunan 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) günü ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(103)-1126/18 nömrəli, 21 iyun 2018-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli, 7(011)-499/2018 saylı qərarı Təqsirləndirilən şəxs barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, həmin qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2017-ci il tarixli, 1(101)-598/17 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməli həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il 6 (altı) aya endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli, 1 (103)-972/11 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli, 1(103)-972/11 saylı hökmü ilə təyin edilən və hazırki qərarla müəyyən edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 21 noyabr 2016-cı il tarixə çəkilməmiş qalan 7 (yeddi) ay 20 (iyirmi) gün hissəsi həmin qərarla ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-962/2018 nömrəli, 08 noyabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2017 saylı, 28 aprel 2017-ci il tarixli hökmü ilə təyin olunmuş (Bakı Apellyasiya Məhkəməsinin 7(103)-1126/2018 saylı, 21 iyun 2018-ci il tarixli qərarı ilə endirilmiş) azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 13 (on üç) günündən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkəmə iclas zalından dərhal azad edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin №1(005)-19/2020 saylı 17 mart 2020-ci il tarixli hökmündən görünür ki, “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-962/2018 nömrəli, 08 noyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş (Bakı Apellyasiya Məhkəməsinin 7(103)-1126/18 nömrəli, 21 iyun 2018-ci il tarixli qərarı ilə endirilmiş) azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 13 (on üç) günündən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli hökmü ilə təyin olunmuş (Bakı Apellyasiya Məhkəməsinin 7(103)- 1126/18 nömrəli, 21 iyun 2018-ci il tarixli qərarı ilə endirilmiş) azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 (yeddi) ay 13 (on üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 mart 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.”- hökm edilmişdir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunmuş, onun əməlində cinayətin xüsusi təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinə əsasən qəsdən az ağır və ya qəsdən ağaır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin xüsusi təhlükəli residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusli təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilk dərəcəsini, təqsirləndirilən şəxsin səxsiyyətini, cinayət törətməyə meyilli olmasını, əməlində cinayətin xüsusi təhlükəli residiv olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi onun islah olunmasına və cəzanın məqsədlərinə nail olmağa imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-852/2023 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar