Məhkəmə qərarları › İş №1(012)-434/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-434/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-434/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Novxanı ərzi dairəsi, Novxanı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərində 10 manat ödəyərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,317 qram olmaqla xeyli miqdarda qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Abşeron rayonu, Novxanı kəndinə daşımış və saxlamış, həmin gün saat 13 radələrində Abşeron rayonu, Novxanı kəndində yerləşən “Rahat” marketin yaxınlığında özünü şübhəli apardığına görə Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb ünvan 1 ünvanda yerləşən Saray polis bölməsinin inzibati binasına gətirilərək orada qeyd edilən tarixdə saat 15:00-dan 15:25 kimi üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,317 qram olmaqla xeyli miqdarda qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və kimlərə isə belə vasitə satmamışdır. Həmin cinayətin törədilməsində başqa şəxslər ona köməklik etməmişlər, həmin cinayəti tək törətmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa haradasa hər hansı bir növ narkotik vasitə və yaxud psixotrop maddələr saxlamır. Həmin narkotik vasitəni təsadüfən gördüyü və əvvəl tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Bu şəxsin anket məlumatları və telefonu barədə məlumatı yoxdur. Həmin şəxsi yalnız üzdən tanıyır və şifahi olaraq bu şəxsin narkotik vasitə istifadə etməsini bilir. Başqa cinayət əməli törətməmişdir. Üzərində aşkar olunmuş “Honor” markalı mobil telefon ona məxsusdur, telefonun daxilində olan ***- ***-**-** mobil nömrədən istifadə edir. Həmin telefonda yalnız ailə-məişət xarakterli məlumatları, SMS və fotoları vardır. Telefona baxdıqda bunu aydın görmək olacaqdır. Odur ki, həmin mobil telefonumdakı məlumatlarına, SMS və fotolarına istintaqla baxılmasını xahiş edir. Saxlanılarkən və Polis Bölməsinə gətirilən zaman, habelə, axtarış zamanı ona qarşı hər hansı bir formada fiziki və ya psixi təzyiqə yol verilməmişdir.Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Abşeron RPİ-nin Saray PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. Cinayət hadisəsi ilə bağlı bildirmək istəyirəm ki, 02 noyabr 2024-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndinin ərazisində baş vermiş oğurluq cinayətləri ilə bağlı xidmətdə olan zaman saat 13 radələrində Novxanı kəndində yerləşən “Rahat” marketin yaxınlığında bir nəfər şəxsin özünü şübhəli aparması diqqətlərini cəlb etmişdri. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və bu şəxsdən şəxsiyyəti və olduğu həmin yerdə nə etməsi barədə soruşduqda, bu şəxs özünü daha da şübhəli apararaq verdiləri suallardan yayınaraq oradan kənarlaşmaq istəmişdir. Belə olan halda həmin şəxs X8 dəvət olunaraq onlarla birlikdə könüllü həmin Bölməyə gəlmişdir. Polis Bölməsində həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilərək xx xxxxxx 1993-cü ildə anadan olmuş, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir, sonuncu ilə profilaktik söhbət apararkən narkotik vasitələrdən istifadə etdiyini və üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Odur ki, tərəflərindən bu barədə rəhbərliyə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması Abşeron RPİ-nin TŞ-nin, polis kapitanı Murad Bəşirova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xidməti otaqların birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etirazı olmadığımı bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya maddənin olub-olmaması, olduğu halda könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Honor” markalı mobil telefonu, sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxıldıqda içərisində spesifik iyi olan, qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan kütlə narkotik vasitə olan heroindir, belə vasitənin istifadəçisidir və 02 noyabr 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərində tanımadığı şəxsə 10 manat verməklə şəxsi istifadəsi üçün həmin heroini alıb üzərində saxlayaraq gəzdirmişdir. Sonra şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs üzərində digər qadağan olunmuş əşya aşkar edilməmişdir. İçərisində narkotik vasitə heroinə bənzər kütlə olan şəffaf sellofan büküm cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür, tədbirin nəticəsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini kimdən almasnın, onun cinayət əlaqələrinin aşkara çıxarılmasının, belə vasitə və ya psixotrop maddə satıbsatmamasınm, hansı oğurluqda və ya digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs oğurluq etməsini təsdiq edən sübutlar aşkar olunmamışdır, narkotik vasitə heroin və ya psixotrop maddə satması barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində xidməti iş yoldaşı Şahid1 ilə eyni məznumlu ifadə verərək onun göstərdiklərini təsdiq etməklə Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə ifşa etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5117 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üşün №246”-li dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0, 317 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2025-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7211 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Maddi sübut kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,317 qram olan xeyli miqdarda qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd “DVD” diski cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmıçlar, 01 ədəd “DVD” diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,267 qram qalığı möhürlənmiş zərfdə istintaq tamamlandıqdan sonra saxlanılması üçün Abşeron RPİ-nin MSSK-yə təhvil verilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Mıəcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Əliyev X6 Rayon Pİnin MSY-dən azad olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X5 adlı azyaşlı övladı vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində 1 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən hal, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,267 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 114 manat məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,267 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar