Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-435/2021 13.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs Möhübbət oğlunun və onun müdafiəçisi, vəkil X2iştirakı ilə xx xxxxxxx 1986-cı ildə Abşeron rayonu, Məhəmmədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məhəmmədi kəndində qeydiyyatda olmaqla yaşamış, Abşeron Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Möhübbət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Möhübbət oğlu 11 aprel 2021-ci il tarixdə saat 01 radələrində yaşadığı Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən evinə sərxoş vəziyyətdə gələrək valideynləri ilə aralarında əvvəllər yaranmış şəxsi mübahisə zəminində yaşadığı evin satılmasına görə ona pul verilməməsini bəhanə gətirərək, birgə yaşayış qaydalarını pozaraq evin mətbəxinə daxil olub orada yatmış atası Zərərçəkmiş şəxs2 yuxudan oyadıb sonuncu ilə mübahisə edərək, stolun üstündən götürdüyü bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı ağ dəstəkli soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə vuraraq sol qulaq seyvanının arxa səthinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarasını və yerə yıxmaqla sol saidin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, yataq otağında yatan və səsə oyanıb yaxınlaşan anası Zərərçəkmiş şəxs1 isə evin mətbəxində yerləşən qaz peçinin üzərindən götürdüyü çaydanla baş nahiyəsindən, mətbəx aləti olan taxta vərdənə ilə sol əlinə və yerə yıxaraq uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 təpiklə sinə nahiyyəsindən vuraraq ona sağ tərəfli 8-ci qabırğanın qapalı yerinidəyişən sınığı, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol saidin aşağı 1/3-nin bayır səthindən sol əlin arxa səthinə qədər olan sahənin hematoması, döş qəfəsinin sağ yarısının qançırı, sol diz oynağı nahiyyəsinin və sol baldırın sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az-ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Möhübbət oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məhəmmədi kəndində atası və anası ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs1 onun anasıdır, Zərərçəkmiş şəxs2 isə onun atasıdır. Təxminən 4-5 ildir ki, həyat yoldaşından boşanmış, onun iki övladı olmaqla biri oğlan biri də qızdır. Onlar anası ilə birlikdə yaşayırlar. O, uşaqların hər birinə 100 manat olmaqla ümumilikdə 200 manat pul aliment pulu ödəyir. Boşandıqdan sonra onun Abşeron rayonu, Məhəmmədi kəndində yaşadığı evi anası Zərərçəkmiş şəxs1 satmışdır. Həmin evi satdıqdan sonra atasının yaşadığı evdə yaşamağa başlamışdır. Belə ki, anası Zərərçəkmiş şəxs1 yaşadığı evi 29.000 manata satmış, həmin puldan ona 4000- 5000 miqdarında pul vermiş, qalan pulu isə hara xərcləməsindən xəbəri olmamışdır. Həmin ev isə anası Zərərçəkmiş şəxs1 mülkiyyətində olsa da həmin evin tikilməsində onun da zəhməti olmuşdur. Boşandığı üçün evin satılmasına etiraz etməmişdir. Hazırda isə yenidən ailə həyatı qurduğu üçün anası və atasından satılmış evin pulunu tələb etdiyi üçün təxminən 1 ildir ki, pul üstündə mübahisəsi baş vermişdir. Valideynləri isə pulu xərclədiklərini və ona verməyə pullarının olmadığını demişdilər. Həyat yoldaşı ilə atasının evində qalmaq isdəsə də nə anası nədə ki, atası ona həyat yoldaşını gətirib həmin evdə yaşamağa imkan verməmişdir. Ona görə də mübahisələri baş vermişdir. Anası Zərərçəkmiş şəxs1 və atası Zərərçəkmiş şəxs2 onun barəsində verdikləri şikayət ərizəsi ilə tanış olmuş, bildirmişdir ki, 10 aprel 2021-ci il tarixdə təxminən 21 radələrində işdən çıxıb xalası oğlu Vüsal və iş yoldaşları ilə birlikdə Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən kafelərin birində oturub yeyib içmişdilər. Onlar orada 4 nəfər üçün ümumilikdə 1 litr spirtli içki olan araq qəbul etmişdilər. Bundan sonra xalası oğlu Vüsal təxminən 01 radələrində onu öz maşını ilə gətirib evinin qarşısında düşürmüşdür. Evə daxil olan zaman atası ilə anasının mübahisə etdiklərini görmüşdür. Evdə səs küy olduğunu eşitmişdir. Valideynlərinin mübahisə etdikləri otağa yəni, mətbəxə daxil olmuşdur. Atası və anasını vurmasını səmimi olaraq etiraf etmişdir. Ancaq əlində mətbəxdə istifadə olunan taxta vərdənə (kartof əzən) olmuşdur. Həmin taxta ilə anasına xəsarət yetirdiyini bildirmişdir. Baharı əlində bıçaqla çölə çıxardıb qonşulardan pul tapmasını məcbur etməmiş, ümumiyyətlə əlində bıçaq olmadığmı bildirmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məhəmmədi kəndində yaşayır. Onun iki oğlan övladı və bir qız övladı vardır. Kiçik oğlu Anar Səfərov hazırda törətmiş olduğu cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qız övladı isə ailə həyatı qurub yaşadıqları Abşeron rayonu, Məhəmmədi kəndində yaşayır. Böyük oğlu Təqsirləndirilən şəxs isə öz ailəsi ilə Məhəmmədi kəndində onun üçün tikdirdiyi başqa bir evdə yaşamışdır. Təxminən 3 il bundan əvvəl öz ailəsindən boşandığı üçün və sonra tüfeyli həyat tərzi keçirməyə başlamış, öz qaldığı evə başqabaşqa qadınlar gətirmişdir. Ona görə Samiri onlarla birlikdə qalmağa dəvət etmişdilər. Samirin yaşadığı evi isə 26.000 manata satmışdılar. Həmin evi satmaqda məqsədi həm banka olan borcu, həm də evin təmirinə görə olmuşdur. Belə ki, hazırda yaşadıqları evi təxminən 7-8 il bundan əvvəl banka girova qoyub 12.000 manat pul götürmüşdülər. Samirin yaşadığı evi də satıb bankın borcunu bağlamışdılar. Yerdə qalan pulu isə evi təmir etdirmiş, həmin puldan bir qismini yəni, 3000 manat kürəkini Şahid3, 2500 manat bacısı oğlu Vüsala vermişdir. Sonra Təqsirləndirilən şəxs Şəki rayonundan olan başqa bir qadınla ailə həyatı qurub yaşadıqları Abşeron rayonu, Məhəmmədi kəndində kirayədə yaşamağa başlamışdır. Ona görə də dəfələrlə onlarla mübahisə edib, həyat yoldaşı Möhübbətdən ev almaq üçün pul istəmişdir. Bununla da təxminən oğlu Samirlə uzun müddətdir pul üstündə mübahisələri davam etməyə başlamışdır. 11 aprel 2021-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə oğlu Təqsirləndirilən şəxs onu və həyat yoldaşı Zərərçəkmiş şəxs2 döyməsi ilə bağlı şikayət ərizəsini vermiş, bildirmişdir ki, 10 aprel 2021-ci il tarixdə gecə vaxtı evdə öz otağında yatmışdır. Həyat yoldaşı isə yatdıqdan sonra gəlib evin mətbəxində yatmışdır. 11 aprel 2021-ci il tarixdə saat 01 radələrində evin həyət darvazasının qapısının möhkəm açıldığını eşitmiş, səsə yuxudan ayılmışdır. Samirin ucadan səsini eşitmişdir. Samir evə gəlib onun yatdığı otağın qapısını möhkəm döymüş, sonra isə əri Möhübbətin yatdığı mətbəxin qapısına yaxınlaşaraq möhkəm səslə çağırmağa başlamışdır. Otaqdan çıxmış, Samirin sərxoş halda olduğunu hiss etmişdir. Samir ondan evin pulunu istədiyini bildirmişdir. Samirə pulun olmadığını, pulu xərclədiyini bildirmişdir. Samir Möhübbətin yatdığı mətbəxə daxil olanda o da Samirin arxası ilə daxil olmuşdur. Həmin vaxt Samir sağ əli ilə sifət nahiyyəsindən zərbə ilə sillə vurmuş, sonra əri Möhübbət yataqdan ayağa qalxıb onları aralamışdır. Samir əli ilə Möhübbətin yaxasından tutub yerə yıxmış, nalayiq ifadələrlə söyməyə başlamışdır. Samir Möhübbəti yerə yıxdıqdan sonra yenidən Möhübbətin üzərinə gedib vurmaq istəyəndə aralarına girmişdir. Bu vaxt Samir qaz peçinin üzərində olan çayniki götürüb onun baş nahiyyəsinin sol tərəfindən vurmuşdur. Həmin vaxt baş nahiyyəsindən qan açılmışdır. Sonra mətbəxin stolun üzərindən bir ədəd ağ dəstəkli bıçaq götürmüşdür. Möhübbət yerdən qalxıb onlara tərəf gələndə həmin bıçaqla Möhübbətin sol qulağın arxa hissəsindən vurmuşdur. Möhübbət bir təhər Samirin əlindən bıçağı almağa çalışmış, köməyə adam çağımaq üçün çölə çıxmışdır. Samir ilə evdə tək qalmışdır. Samir sonra evdə olan kartof əzmək üçün istifadə olunan taxta materialdan olan alətlə onun sol əlinə, sol diz nahiyyəsinə vurmuşdur. Ağrıdan yerə yıxılmış, yerdə uzanıqlı vəziyyətdə olanda onun sinə nahiyyəsindən dəfələrlə təpiklə vurub xəsarət yetirmişdir. Yenidən mətbəxdən əlinə bıçaq götürüb onun üzərinə gəlib ondan pul istəməyə başlamışdır. Qorxusundan Samirə gedib kimdənsə pul tapıb verəcəyini bildirmişdir. Samir onu evdən çıxararaq, özü də onun arxasıyla gəlməyə başlamışdır. Yataq paltarında olduğu üçün əyninə başqa paltar geyinməyi bildirsə də Samir razılaşmamış və yataq paltarında pul tapmağını bildirmişdir. Samirlə birlikdə bir neçə qonşuya gedib pul axtarmağa başlamış, lakin gecə vaxtı olduğu üçün heç bir qonşu qapını açmamışdır. Sonra yaxınlıqda olan Qədirgilin evinin qapısının açıq olduğunu görmüş, Qədirgilin evinə gedib onlardan borca pul almaq istəmiş, bu zaman bacısı Gülsarə və həyat yoldaşı İlhamın birlikdə Samirin onu döyməsinə görə öz maşınları ilə birlikdə onların yanına gəldiyini görmüşdür. İlham maşını yanlarında saxlamış, bacısı Gülsarə maşının pəncərəsindən onlara tərəf baxıb, onun üzünün qanlı vəziyyətdə olmasını görüb nə baş verməsini soruşmuşdur. Gülsarəyə yanından çıxıb getmələrini bildirmişdir. Həmin vaxt Samir onun bacısını görüb nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlamışdır. Gülsarədən tez yanından uzaqlaşmalarını xahiş etmişdir. Sonra pul almaq üçün Qədirin yaşadığı evə getmiş, evin həyətinə girən kimi tez qapını bağlayıb hamama girmişdir. Həmin vaxt Qədirgildə yoldaşı Umusəlimə və oğlu Süleyman olmuşdur. Bundan bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını gəlmişdir. Polislər Samiri saxladıqdan sonra bacısı Gülsarə, əri İlham, həyat yoldaşı Möhübbət, qızı Züleyxa və kürəkəni Rəşad birlikdə İlhamın maşını ilə yenidən onların yanına gəlmişdilər. Həmin şəxslər maşından düşdükdən sonra o da çölə çıxmış, Samir bacısı Gülsarəni görüb yenə söyməyə başlamış, əli ilə Gülsarənin sifət nahiyyəsinə əl atmışdır. Bu zaman əri İlham bunu görüb Samiri əli ilə baş nahiyyəsindən vurub itələmişdir. Polislər bir təhər Samiri sakitləşdirdikdən sonra Mehdiabad PB-nə aparmışdılar. Həmin hadisənin təxminən 40-45 dəqiqə ərzində davam etməsini bildirmişdir. Eyni zamanda Samiri nə o, nədə heç kimin vurub xəsarət yetirmədiyini, İlham həyat yoldaşı Gülsarəni söydüyünə və əl atdığına görə Samirin başından itələmişdir. Ancaq vurub xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 10 aprel 2021-ci il tarixdə gecə vaxtı Bahar evdə öz otağında yatmış, özü isə evin həyətində biraz işləri olduğu üçün gec gəlib evin mətbəxində yatmışdır. 11 aprel 2021-ci il tarixdə təxminən saat 01 radələrində evdə yatan zaman yuxulu halda evdən səs-küy gəldiyini eşitmiş, lakin, həmin səsə oyanmamışdır. Sonra Samir həyat yoldaşı Bahar ilə onun yatdığı otağa daxil olanda artıq yuxudan oyanmışdır. Həmin vaxt Samir sağ əli ilə Baharın sifət nahiyyəsindən zərbə ilə sillə vurmuşdur. Bundan sonra yuxulu halda yataqdan ayağa qalxıb Samir ilə Baharı aralamışdır. Samir əli ilə onun yaxasından tutub yerə yıxmış və onu nalayiq ifadələrlə söyməyə başlamışdır. Samir onu yerə yıxdıqdan sonra yenidən onun üzərinə gedib vurmaq istəyəndə Bahar onların arasına girmişdir. Bu vaxt Samir qaz peçinin üzərində olan çayniki götürüb Baharın baş nahiyyəsinin sol tərəfindən vurmuşdur. Həmin vaxt Baharın baş nahiyyəsindən qan açılmış, sonra mətbəxin stolun üzərindən bir ədəd ağ dəstəkli bıçaq götürmüş, yerdən qalxıb onlara tərəf gəlib Samiri tutmaq istəmiş, həmin vaxt Samir əlindəki bıçaqla qəsdən onun sol qulağımın arxa hissəsindən vurmuşdur. Bir təhər Samirin əlindən bıçağı almağa çalışmış, həmin vaxt sağ əlindən bıçaq xəsarəti almışdır. Sonra evdən köməyə adam çağırmaq üçün çölə çıxmışdır. Evinin yaxınlığında və aralarında təxminən 150-200 metr aralıda yaşayan qızı Züleyxagilə getmişdir. Züleyxa həmin vaxt uşağa yemək verir, Rəşad isə yatmışdır. Qızı onun baş nahiyyəsinin qanlı vəziyyətdə olmasını görüb ondan nə baş verməsini soruşmuşdur. Qızına oğlu Samirin onu və anası Baharı vurub xəsarət yetirməsini, təcili olaraq polisə və təcili tibbi yardıma zəng vurmalarını xahiş etmişdir. Bundan sonra Rəşad yuxudan oyanıb polisə və təcili tibbi yardıma zəng vurmuşdur. Sonra Züleyxa kömək məqsədi ilə xalası Gülsarəyə zəng vurub əri İlhamla birlikdə onlara gəlməsini, Samirin anası və atasını döyməsini bildirmişdir. Onlar bir neçə dəqiqə qorxularından evdə oturub, polisin və İlhamgilin gəlməsini gözləmişdilər. Bir neçə dəqiqə keçmidir ki, İlham və yoldaşı Gülsarə gəlmişdilər. Onlar Samirin əlində bıçaq olmasını bilib polisin də gəlməsini gözləmişdilər. Polislər hadisə yerinə gələn zaman onlar görmüş, bundan sonra İlhamın maşınına əyləşib, polislər olan yerə yəni, qonşuları Qədirgilin evinin yanına gəlmişdilər. Bundan da bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, onlar maşından düşüb polislərlə birlikdə Samirin yanına getmişdilər. Samir həmin vaxt polisləri görüb əlindəki bıçağı yerə atmışdır. Bu zaman polislər Samiri bir təhər saxlamış və əlindən yerə atdığı bıçağı götürmüşdülər. Onlar bacısı Baharı təcili tibbi yardım avtomobilinə mindirib xəstəxanaya yola salmış, Samiri polis əməkdaşları sərxoş halda olmasını görüb, onlara qarşı tabesizlik göstərdiyinə görə zorla polis avtomobilinə mindirən zaman Gülsarəni orada görüb, söyüb təhqir eləməyə başlamış və sifətinə əl atmışdır. Bundan sonra əri X6 söyməsini görüb əli ilə Samiri başından arxaya itəmək istəmişdir. Sonra polislər Samiri zorla maşına mindirib hadisə yerindən uzaqlaşdılar. Onlar da həyat yoldaşı Baharın arxası ilə Sabunçu rayon 3 saylı xəstəxanaya getmiş, onu da orada müayinə etmişdilər. Səhəri gün Mehdiabad polis bölməsinə gəlib izahat verən zaman Samirin əlindən aldığı bıçağı polisə təqdim etmişdir. Həmin günü hava bir qədər küləkli olduğundan evdə olan dava dalaşın səs küyünü qonşulardan heç kim eşitməmişdir. Həm də evdən tez çıxmış, qonşulardan kiminsə gəlib-gəlməməsini görə bilməmişdir. Daha sonra Qədirin yaşadığı evin qarşısına polislər gəldikdən sonra baldızı Gülsarə, əri İlham, qızım Züleyxa və kürəkəni Rəşad ilə birlikdə gələn zaman qonşuluqda yaşayan qardaşı Telman və Səmədağa da səs-küyə hadisə yerinə gəlmişdilər. Samiri nə o nədə heç kim vurub xəsarət yetirməmişdir. Samirin necə və hansı şəraitdə xəsarət almasını bilməmişdir. Ola bilsin o sərxoş olduğuna görə polisə qarşı tabesizlik göstərmişdir. Həmin vaxt Samiri zorla maşına mindirib aparan zaman ola bilsin xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məhəmmədi kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi olaraq sahibkarlıqla məşğul olur. Zərərçəkmiş şəxs1 onun baldızıdır, onunla eyni kənddə yaşayır, aralarında təxminən 400-500 metr ara məsafəsi vardır. Onunla münasibəti yaxşıdır, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin, baldızı oğlu Təqsirləndirilən şəxs Möhübbət oğlu ilə münasibəti elə də yaxşı deyildir, kənd camaatı kimi tanıyır. 11 aprel 2021-ci il tarixdə həyat yoldaşı Gülsarə ilə birlikdə evdə yatan zaman Züleyxa Gülsarəyə zəng vurmuş, Gülsarə telefonla danışdıqdan sonra onu yuxudan oyatmışdır. Möhübbətin Samirin əlindən qaçaraq Züleyxagilə gəlməsini, Samirin Möhübbəti və anası Baharı döyməsini bildirmişdir. Gülsarə köməyə getməyi bildirmişdir. Özü də həyat yoldaşı Gülsarə ilə avtomobilinə minib, Züleyxagilə getmişdilər. Yol ilə gedən zaman Baharın və oğlu Samirin yolun qırağında olmasını görmüşdülər. Baharın əynində ev paltarı ilə üstünün qanlı vəziyyətdə olmasını, Samirin əlində isə bıçaq olduğunu görmüşdülər. Maşını onların yanında saxlamış, Gülsarə maşının pəncərəsini açmışdır. Bahardan nə baş verməsini soruşmuşdur. Bahar onlara tərəf yaxınlaşıb, Gülsarəyə Samirin onu döyməsini bildirmişdir. Samir əlində bıçaqla onlara yaxınlaşıb, Gülsarəni nalayiq ifadələrlə təhqir etməyə başlayanda Bahar onlara uzaqlaşıb getməyi bildirmişdir. O da qorxub Samirin əlində bıçaqla gəlməsini görüb, maşını sürüb oradan uzaqlaşmışdır. Züleyxagilin evinə gəlmiş, orada Möhübbətin qulağının kəsilmiş vəziyyətdə, qan axdığını görmüşdülər. Orada olan zaman Möhübbət polisə və təcili tibbi yardıma zəng vurub məlumat verdiyini və polis gəldikdən sonra hadisə yerinə gedəcəyini bildirmişdir. Onlar da qorxduqları üçün polisi gözləmişdilər. Polis hadisə yerinə gəlib çatdıqdan sonra arvadı Gülsarə ilə, Möhübbətlə, Züleyxa və Rəşadla birlikdə yenidən onun maşınına minib hadisə yerinə gəlmişdilər. Baharın qonşusu Qədirgilin evinin qabağına çatan zaman Samir Qədirgilin evinin həyətindən çölə çıxmış, onlar maşından düşüb polislərlə birlikdə Samirin yanına getmişdilər. Samir həmin vaxt polisləri görüb əlindəki bıçağı yerə atmışdır. Bu zaman polislər Samiri bir təhər saxlamış və əlindən yerə atdığı bıçağı götürmüşdülər. Həmçinin, hadisə yerinə təcili tibbi yardım maşını da gəlmişdir. Onlar Baharı təcili tibbi yardım avtomobilinə mindirib xəstəxanaya yola salmışdılar. Samiri polis əməkdaşları sərxoş halda olmasını görüb, onlara qarşı tabesizlik göstərdiyinə görə zorla polis avtomobilinə mindirən zaman həyat yoldaşı Baharı orada görüb, söyüb təhqir eləməyə başlamış və sifətinə əl atmışdır. Bundan sonra Samirin Gülsarəni söyməsini görüb əli ilə Samiri başından arxaya itəmək istəmış, lakin əli boşa getmişdir. Sonra polislər Samiri zorla maşına mindirib hadisə yerindən uzaqlaşmışdılar. Onlar da Baharın arxası ilə Sabunçu rayon 3 saylı xəstəxanaya getmişdilər. O, Samiri vurmamışdır. Samir içkili vəziyyətdə həyat yoldaşı Gülsarəni nalayiq ifadələrlə söyüb kənar şəxslərin göz qarşısında təhqir etmişdir. Sonuncu dəfə isə polis əməkdaşlarının yanında polislər Samiri zorla avtomobilə mindirən zaman Gülsarəni söyüb təhqir etmiş və sifətinə əl ata zaman artıq əsəbləşib Samiri əli ilə baş nahiyyəsindən kənara itələmək istəmişdir. Ancaq vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynanasıdır, onunla eyni kənddə yaşayır, aralarında təxminən 300-400 metr ara məsafəsi vardır. Onunla münasibəti yaxşıdır, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Həmçinin, qaynı Təqsirləndirilən şəxs Möhübbət oğlu ilə isə münasibəti yaxşı deyildir. 11 aprel 2021-ci il tarixdə saat 01-02 radələrində evdə yatan zaman evin qapısının döyüldüyünü eşitmiş, yuxudan oyanıb qapını açmışdır. Həmin vaxt qayınatası Möhübbətin sifətinin qanlı vəziyyətdə olmasını görmüşdür. Möhübbəti evə dəvət etmiş, ondan nə baş verməsini soruşmuşdur. Möhübbət oğlu Samirin özü və qayınanası Baharı döydüyünü bildirmişdir. Möhübbət Samirin əlindən evdən kömək axtarmaq məqsədi ilə çölə çıxdığını və qonşuların qapısını döydüyünü kömək istədiyini ona bildirmişdir. Lakin, həmin günü güclü külək əsdiyinə eyni zamanda gecə vaxtı olduğuna görə heç bir qonşunun Möhübbətə qapını açmadığını bildirmişdir. Bundan sonra təcili tibbi yardıma və Mehdiabad PB-nə zəng vuraraq Samirin qayınatası və aqyınanasını döyüb xəsarət yetirdiyini bildirmişdir. Həyat yoldaşı Şahid4 isə xalası Gülsarəyə zəng vurub onu köməyə çağırmışdır. Bir qədər keçmişdi ki, Samirin Baharı öldürə biləcəyindən qorxub tək evdən çıxıb Baharın arxası ilə getmişdir. Yolun yarısına qədər getdikdən sonra İlhamın maşınının ona tərəf gəldiyini görmüş, İlham Gülsarə ilə birlikdə gəlmişdir. İlham ona yaxınlaşıb Samirin əlində bıçaq olduğunu və ona da xəsarət yetirə biləcəyini deyib yanına getməməyi bildirmişdir. İlhamın maşınına əyləşib evinə qayıtmışdır. Bir neçə dəqiqə sonra təcili tibbi yardım və polis onunla əlaqə saxlayaraq hadisə yerinə gəldiklərini bildirmişdilər. Özü, arvadı Züleyxa, İlham, Onun arvadı Gülsarə və Möhübbətlə birlikdə İlhamın maşınına minib hadisə yerinə gəlmişdilər. Baharın qonşusu Qədirgilin evinin qabağına çatan zaman Samir Qədirgilin evinin həyətində olduğunu və səs-küy gəldiyini eşitmişdir. X3 evinin həyətində olduğunu bildirmişdir. Polis əməkdaşları həyətə girib Samiri çölə çıxarmışdılar. Onlar maşından düşüb yolun qırağında dayanmışdılar. Samir həmin vaxt polisləri görüb əlindəki bıçağı yerə atdığını görmüşdür. Bu zaman polislər Samirin əlindən yerə atdığı bıçağı götürmüşdülər. Həmçinin, hadisə yerinə gəlmiş təcili tibbi yardım maşınına isə Baharı və Möhübbəti mindirib xəstəxanaya yola salmışdılar. Samiri polis əməkdaşları sərxoş halda olmasını görüb, onlara qarşı tabesizlik göstərdiyinə görə zorla polis avtomobilinə mindirən zaman Gülsarə Samirə “adam da atası və anasına əl qaldırıb onu döyər heç?” deyən zaman Samir Gülsarəyə əl qol atıb söyməyə başlamışdır. Bundan sonra polislər Samiri zorla maşına mindirib hadisə yerindən uzaqlaşmış, onlar da Baharın və Möhübbətin arxası ilə Sabunçu rayon 3 saylı klinik xəstəxanaya getmişdilər. Həmin vaxt orada insanlar toplaşmışdı deyə İlhamın Samiri vurub-vurmaması barədə konkret olaraq heçnə deyə bilməmiş və görməmişdir. Samir gecə vaxtı səs küy yaratdığına görə qonşulardan heç kim çölə çıxmamışdır. Lakin, Samir uca səslə kənar şəxslərin yanında həm Gülsarəni həm də ünvansız söyüşlər söymüşdür. Sonradan hadisə yerinə Möhübbətin qardaşı Telman və Səmədağa da Samirin səs küyünə gəlmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məhəmmədi kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun qardaşıdır, onunla uzun müddətdir danışmır. Ailəvi gediş-gəlişləri yoxdur. X7 da Möhübbətin həyat yoldaşıdır. Qardaşı Möhübbətlə eyni küçədə yaşamaqla qonşudur, aralarında təxminən 50-60 metr məsafə vardır. Lakin, qonşuluqda yaşayan Qədirgilnən aralarında təxminən 20-25 metr ara məsafəsi vardır. Həmçinin, qardaşı oğlu Samirin atası və anası ilə arasında pul üstündə mübahisə baş verməsindən əvvəllər xəbəri olmamış, onlar arasında olan dava dalaşdan sonra isə Samirin onlarla pul üstündə dalaşmasını Samirin özündən eşitmişdir. Belə ki, həmin hadisə ilə bağlı bildirmişdir ki, 10 aprel 2021-ci il tarixdə təxminən 21 radələrində evdə yatmışdır. Həmin günü isə güclü külək əsmişdir. Təxminən saat 01-02 radələrində çöldən səs-küy gəldiyini və evin içərisinə sayrışan işıqların düşdüyünü görmüşdür. Buna görə çöldə nə baş verməsini öyrənmək üçün evin qarşısına çıxmışdır. Bu vaxt Qədirgilin evlərinin qarşısında camaat toplaşdığını, həmçinin polis və təcili tibbi yardım maşınlarının olduğunu görüb onlara tərəf yaxınlaşmışdır. Cammata tərəf yaxınlaşanda qardaşı Möhübbətin və onun həyat yoldaşı Baharın sifətinin qanlı vəziyyətdə olmasını görmüşdür. Həmin vaxt Möhübbətə yaxınlaşıb, onların niyə görə bu vəziyyətdə olmalarını soruşmuşdur. Möhübbət isə ona oğlu Samirin onları döydüyünü bildirmişdir. Həmçinin, Samir ilə atası Möhübbət arasında sözlə mübahisə etdiklərinin şahidi olmuşdur. Bundan başqa, hadisə yerində Rəşadın, yoldaşı Züleyxanın, İlhamın və yoldaşı Gülsarənin də olmasının şahidi olmuşdur. Həmin şəxslər də mübahisəni sakitləşdirməyə çalışmışdılar. Bundan sonra, Möhübbət və Bahar təcili tibbi yardım maşınına minib hadisə yerindən uzaqlaşmışdılar. Samiri isə polis maşınına mindirib oradan uzaqlaşmışdılar. Bundan sonra ətrafda olan camaat oradan uzaqlaşmışdılar. Həmçinin səs küyə çölə çıxsa da orada dava dalaş görməmiş, lakin orada Samir ilə atası və digər şəxslər arasında sözlə mübahisə etdiklərini görmüş, Samirin kimisə vurmasını görməmişdir. Lakin, qardaşı Möhübbətin və Baharın üst başının qanlı vəziyyətdə olmasını görüb ondan kimin vurmasını soruşmuşdur. X9 evdə onları döyməsini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2001-ci ildən DİO-da xidmət edir və hazırda isə 2016-cı ildən tutduğu vəzifədə xidmət edir. 10 aprel 2021-ci il tarixdən 11 aprel 2021-ci il tarixinə kimi Abşeron RPİ-nin Mehdiabad PB-də əməliyyat qurpunda xidmətdə olmuşdur. Həmin vaxt onunla birlikdə Abşeron RPİnin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid8 və Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X5 da olmuşdur. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, Abşeron rayonu, Məhəmmədi kənd sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs Möhübbət oğlunu əvvəllər tanımamış, onunla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. 11 aprel 2021-ci il tarixdə təxminən 01-02 radələrində Mehdiabad PB-nin inzibati binasında xidmətdə olan zaman bölmənin telefonuna Şahid3 zəng vurub, Abşeron rayonu Məhəmmədi kəndində qaynı Samirin atası Möhübbəti və anası Baharı döyməsi barədə məlumat vermişdir. Onlar da təhqiqatçı Tuncay Tağıyev, sahə rəisi Şahid8 ilə birlikdə hadisə yerinə yollanmışdılar. Hadisə yerinə çatanda Bahargilin yaşadığı evin qonşuluğunda olan Qədirgilin evinin qarşısında təxminən 5-6 nəfər şəxsin toplaşdığını görmüşdülər. Həmin vaxt hadisə yerinə təcili tibbi yardım maşını da gəlmişdir. Rəşad onları görüb Samirin Qədirgilin evinin həyətində olmasını onlara göstərmişdir. Onlar Samiri gətirmək üçün evin həyətinə daxil olmaq istəyəndə Samir onları görüb gəlmişdir. Həmçinin, onları görəndə əlində qara dəstəkli bıçağı yerə atmışdır. O, həmin bıçağı yerdən götürmüşdür. Sonra Samirin sərxoş vəziyyətdə olmasını hiss etmişdilər. X4 maşınına mindirib bölməyə aparmaq istəmişdilər. Sonra orada toplaşmış qadınlardan tanımadığı bir nəfər şəxs Samirin etdiyi hərəkətlərin düzgün olmadığını irad bildirib, uca səslə Samiri danlamağa başlamışdır. Sonra Samir həmin qadına qarşı nalayiq ifadələr işlətmişdir. Onlar Samiri sakitləşdirib, nizam intizama dəvət etmişdilər. Hadisə yerində olan Bahar və Möhübbəti isə təcili tibbi yardım avtomobili götürüb xəstəxanaya aparmışdır. Onlar isə Samiri avtomobilə əyləşdirmiş və bölmənin inzibati binasına gətirmişdilər. Sonra təhqiqatçı, Tuncay Tağıyev həmin şəxsin izahatını aldıqdan sonra sərbəst buraxmışdır. Şahid7 həmçinin ifadəsinə əlavə edərək bildirmişdir ki, hadisə yerinə gələn zaman Baharın qonşuluğunda olan Qədirgilin evinin qarşısına gəlmiş, onlar Bahargilin evinə gəlməmiş, həmin vaxtı isə onlar Samirin kim tərəfindən vurulub xəsarət almasını görməmişdilər. Onların yanında Samiri heç kim vurub xəsarət yetirməmişdir. Samir onları görən zaman sakitləşmiş və onlara qarşı tabesizlik göstərməmişdir. Onlar Samiri zorla maşına mindirməmişdilər. Ancaq Samir hadisə zamanı adını bilmədiyi sonradan öyrəndiyi Gülsarəni söymüşdür. Onlar həmin vaxt Samiri nizamintizama dəvət etmiş və Samiri maşına mindirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Möhübbət qızı Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 19 aprel 2021-ci il tarixli 736 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində sağ tərəfli 8-ci qabırğanın qapalı yerinidəyişən sınığı, sol təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol saidin aşağı 1/3-nin bayır səthindən sol əlin arxa səthində qədər olan sahənin hematoması, döş qəfəsinin sağ yarısının qançırı, sol diz oynağı nahiyyəsinin və sol baldırın sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının 19 aprel 2021-ci il tarixli 737 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol qulaq seyvanının arxa səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol saidin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Məhkəmə ballistik ekspertizasının 16 iyun 2021-ci il tarixli 3/914 saylı rəyindən görünür ki, İ. tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və tiyəsi üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İİ. tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və tiyəsi üzərində hər hansı əalvə və dəyişikliklər edilməmişdir. İİİ. tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı alətdir, soyuq silah hesab edilmir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iki ədəd mətbəx bıçağı və bir ədəd mətbəxdə istifadə olunan taxta materialdan olan vərdənə (kartof əzən) maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 08.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Möhübbət oğlu əvvəllər məhkum olunmamışdır. 23 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Möhübbət oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 16.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Möhübbət oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə 06.09.2021-ci il tarixdə təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs Möhübbət oğlu ilə barışdıqlarına görə onların Təqsirləndirilən şəxs Möhübbət oğluna qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Möhübbət oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Möhübbət oğlunun göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Möhübbət oğlunun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Möhübbət oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Möhübbət oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs Möhübbət oğlunun ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Möhübbət oğlunun 16.08.2021-ci il tarixdən 13.09.2021-ci il tarixədək həbsdə saxlanıldığı 28 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Möhübbət oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməli, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə 64 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınan Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan iki ədəd bıçaq və bir ədəd taxta vərdənə (kartof əzən) hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Möhübbət oğlu Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Möhübbət oğlunun 16.08.2021-ci il tarixdən 13.09.2021-ci il tarixədək həbsdə saxlanıldığı 28 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Möhübbət oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Möhübbət oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Möhübbət oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə 64 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınan Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan iki ədəd bıçaq və bir ədəd taxta vərdənə (kartof əzən) hökm qanuni qüvvəsinə mindikdən sonra məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-435/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-435/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver