Məhkəmə qərarları › İş №1(012)-435/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-435/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-435/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1966-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonun Saray qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində ünvan 2 ünvanında yerləşən evlərində olan zaman Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında, ailə-məişət münasibətləri zəminində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncu yumruq və təpik zərbələri ilə zərərçəkmişin sifət və baş nahiyələrinə bir neçə dəfə ardıcıl zərbələr vurmaqla ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının, burun nahiyəsinin şişkinlikli qançırları, başın alın nahiyəsinin və sağ gözaltı nahiyənin qançırları, sol diz oynağı nahiyəsinin sıyrığından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Yüngülzərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 28 ildir ki, evlidir və onların 3 övladı vardır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 08 radələrində yaşadıqları evdə olan zaman o, Pərvanədən həyətdə olan heyvanları yemləməsini istəmiş, Pərvanə isə hər hansı bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt o, Pərvanədən səsini qaldırmamasını tələb etdiyinə isə sonuncu üzərinə gələrək onun sinə nahiyəsinə əl atmışdır. Buna görə də o, Pərvanənin üz nahiyəsinə bir dəfə sillə zərbəsi vurmuşdur. Lakin Pərvanə sakitləşmək əvəzinə onu söyüb-təhqir etməyə başladığından o, bu dəfə də Pərvanənin baş nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra o, Pərvanənin halının pisləşdiyini görüb ünvanlarına təcili tibbi yardım briqadası çağırmışdır. O, əlavə olaraq baş vermiş hadisənin təxminən 5 dəqiqə davam etdiyini və həmin vaxt orada başqa şəxslərin olmadığını da bildirdi. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə 28 ildir ki, ailəlidir və birgə nikahdan onların 3 övladı vardır. Ümumilikdə münasibətləri normal olsa da bir neçə dəfə aralarında sözlə mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə, təxminən saat 08 radələrində içkili halda olan Əjdər hər hansı bir səbəb olmadan onunla mübahisə etməyə başlamış və onu söyüb-təhqir etmişdir. O, bu cür davranmağının səbəbini soruşduqda isə Əjdər onun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Aldığı zərbənin təsirindən o, müqavimətini itirib yerə yıxıldığında isə Əjdər yumruq və təpiklə onun başına zərbələr vuraraq onu döyməyə davam etmişdir. O, əlavə olaraq baş vermiş hadisənin təxminən 2 dəqiqə davam etdiyini və həmin vaxt orada başqa şəxslərin olmadığını da bildirdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1194 nömrəli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan üzün sol gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının, burun nahiyəsinin şişkinlikli qançırları, başın alın nahiyəsinin və sağ gözaltı nahiyənin qançırları, sol diz oynağı nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş zamanı başqa şəxs tərəfindən yumruq və təpiklə zərbələr vurulma nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Məlumat Kartotekasında hər hansı bir qeyd aşkar edilməmişdir. Abşeron RİHB-nın Saray qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.02022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar