Məhkəmə qərarları › İş №1(012)-44/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-44/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-44/2024 02.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bərdə rayonu, M.F.Axundov küçəsi ev 6,mənzil 5-də qeydiyyatda olan,faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu,Pirşağı qəsəbəsi,fərdi tikili evdə yaşamış, barəsində barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmaqla yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə saat 07 radələrində texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «Khazar LX» markalı **- PK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə Abşeron rayonu, Ə.Vahid küçəsində Masazır dairəsi istiqamətindən Qurtuluş-93 yaşayış kompleksi istiqamətinə 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 69-cü maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 1.1. üfüqi nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçmək qadağan olunduğu, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib yolun qarşı sol hərəkət zolağına çıxmağın qadağan olmasını nəzərə almayıb avtomobili qarşı sol hərəkət zolağına çıxartdaraq, yolun ortasında olan bütöv xətti kəsib, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamış və sol hərəkət zolağında yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vuraraq ehtiyatsızlıqdan ona dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol körpücük sümüyünün orta 1/3 hissəsinin yerdəyişməmiş qəlpəli sınığı, kürək sümüyünün bayır divarının yerdəyişməmiş sınığı, qapalı kəllə-beyin travması və sağ diz nahiyəsinin sıyrılmış yarası kimi xəsarətlər yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-ci hissəsinin tələblərini pozub yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMCyə məxsus Khazar LX minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir.xx.xx.2022-ci ildə saat 07 radələrində idarə etdiyi Khazar LX minik markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Masazır dairəsi” istiqamətindən “Qurtuluş-93” yaşayış kompleksi istiqamətinə 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Zeynəb Market” yaxınlığında əks hərəkət zolağına çıxıb ötmə hərəkəti edərək, yolu davam edərkən yolu sağdan sola doğru keçən, sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs və yanında olan əlindən tutduğu uşağı Şahid 3-4 metrdən məsafədən görüb sürəti azaltmış və həmin piyadaları yolun əks hərəkət zolağında avtomobilimin qabaq sağ yan hissəsi ilə vurmuşdur. Nəticədə piyada Zərərçəkmiş şəxs və oğlu Rasul Babazədə xəsarət almışlar. Bundan sonra avtomaşınını saxlayıb piyada Zərərçəkmiş şəxs və Rasul Babazədəyə köməklik göstərib, onları öz maşını ilə Xırdalan şəhərində yerləşən Abşeron rayon xəstəxanasına aparmışdır. Orada həkimə vurduğu xəstələrin yıxıldığını deyib, xəstəxanadan çıxıb getmiş və onlara özü barədə heç bir məlumat verməmişdir. Avtomaşını idarə edən zaman spirtli içki qəbul etməmiş, həmin vaxt avtomaşını saz və yüksüz vəziyyətdə olmuşdur. Himayəsində 2 yetkinlik yaşına çatmayan övladı var, ona görə də yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş qismində tanınaraq dindirilmiş X3 izahatında göstərmişdir ki, Şahid onun oğludur və Xırdalan şəhəri 1 saylı orta məktəbinin 6-cı sinif şagirdidir. 17 oktyabr 2022-ci ildə saat 07 radələrində oğlu Şahid Abşeron rayonu Xırdalan şəhərinə məktəbə yola salmaq üçün yaşadığı Abşeron rayonu Masazır kəndində Ə.Vahid küçəsi Samsung mağazasının qarşsından yolu sağdan sola oğlu ilə birlikdə piyada keçməyə başlayaraq yolun orta xətini təxminən 1 metir keçmişlər ki, həmin vaxt sol tərfdən, yəni Masazır dairəsindən Ə.Vahidin abidəsi istiqamətə hərəkət edən ağ rəngli Azsamad markalı qeydiyat nişanını xatırlamadığı avtomobil yolun əks hərəkət zolağına çıxıb qabaq sağ qanadı və ön şüşəsi ilə onu vurmuşdur. Həmin vaxt azyaşlı oğlu Rasul da onun sağ əlindən tutmuş, avtomobil onu vuran kimi zərbədən yerə yıxılaraq huşunu itirmişdir. Bir neçə dəqiqədən sonra ayılanda görmüşdür ki, oğlu Rasul da xəsarət alıb. Onları vuran sonradan adını bildiyi «Khazar LX » minik markalı **-PK-*** qeydiyat nişanlı avtomobilin sürücüsü Ənvər adlı şəxs onları Abşeron rayon mərkəzi xəstəxanasına aparıb xəstəxanaya yerləşdirərək çıxıb getmişdir. Sonradan məlum olmuşdur ki, Ənvər onları xəstəxanaya apararkən onlara ilkin tibbi yardım edibmiş, Ənvər onun xəbəri olmadan yalnış olaraq güyu onun tikintidən yıxılması barədə həkimə yalnış məlumat vermişdir. Özünə və azyaşlı oğlu Rasula xəsarət yetirmiş «Khazar LX » minik markalı **-PK-*** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona hər hansı bir formada yardım göstərməmiş və maddi yardım etməmiş, onu xəstəxanada qoyaraq kiməsə məlumat vermədən oranı tərk etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ondan şikayətçidir. Məhkəmənin əvvəlki iclasında qanuni nümayəndəsi anası Təranə Babayevanın iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci ildə saat 07 radələrində atası Pərviz onu Abşeron rayonu Xırdalan şəhərinə məktəbə yola salmaq üçün yaşadığı Abşeron rayonu Masazır kəndində Ə.Vahid küçəsi Samsung mağazasının qarşısından yolu sağdan soluna birlikdə piyada keçməyə başlayaraq yolun orta xətini təxminən 1 metir keçmişlər ki, həmin vaxt sol tərəfdən, yəni Masazır dairəsindən Ə.Vahidin abidəsi istiqamətə hərəkət edən ağ rəngli Azsamad markalı qeydiyat nişanını xatırlamadığı avtomobil yolun əks hərəkət zolağına çıxıb qabaq sağ qanadı və ön şüşəsi ilə atasını və onu vurmuşdur. Həmin vaxt atasının əlindən əli ilə tutmuş, avtomobil atasını vuran kimi atası zərbədən yerə yıxılaraq huşunu itirmişdir. Atası bir neçə saatdan sonra ayılanda onun xəsarət aldığını görmüşdür. Onları vuran şəxs sonradan adnı bildiyim «Khazar LX » minik markalı **-PK-*** qeydiyat nişanlı avtomobilin sürücüsü Ənvər adlı şəxs onları Abşeron rayon mərkəzi xəstəxanasına apararıb xəstəxanaya yerləşdirərək çıxıb getmişdir. Sonradan məlum olmuşdur ki, Ənvər onları xəstəxanaya gətirən vaxtı onlara ilkin tibbi yardım edilmiş, yalnış olaraq güya atasının tikintidən yıxılması barədə həkimə yalnış məlumat vermişdir. Ona və atasına xəsarət yetirmiş «Khazar LX » minik markalı **-PK-*** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onlara hər hansı bir formada yardım göstərməmiş maddi yardım etməmiş və onları xəstəxanada qoyaraq kiməsə məlumat vermədən oranı tərk etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2022-ci il tarixli 49 TS saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – Sol körpücük sümüyünün orta 1/3 hissəsinin yerdəyişmiş qəlpəli sınığı, kürək sümüyünün bayır divarının yerdəyişməmiş sınığı, qapalı kəllə-beyin travması, Sağ diz nahiyəsinin sıyrılmış yarası bərk küt əşyanın (əşyaları) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2022-ci il tarixli 2474 nömrəli rəyindən görünür ki, 2011-ci ili təvəllüdlü Şahid bədənində aşkar edilmiş xəsarətlər- Sağ diz oynağı nahiyəsinin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi, sol dirsək oynağı, sol diz oynağı nahiyələrinin, sol əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yügül zərər vurmaya aiddir. - Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasını 08 dekabr 2022-ci il tarixli 8/3127 saylı rəyindən görünür ki, “Khazar LX” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 dekabr 2022-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 02 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət əməlinin tövsif edilməsi haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respulikası CM-nin 263.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması haqqında” 08 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq Abşeron RPİ-nin MSYnə təhvil verilmişdir. - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul oluması haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin rədd edilməsi, başqa qətimkan tədbirinin seçilməsi haqqında” 10 mart 2023-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Qasım Abbasovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin olunmamışdır. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. - Maddi sübutun tanınması haqqında 09 mart 2023-cü il tarixli qəraardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar LX” minik markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması qərara alınmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 01 fevral 2023-cü ildə CM-in 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin nəzərə alınmış, iş üzrə məhkəmə tibbi və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şahid sağlamalığa yüngül zərər vuran xəsarət alması faktının Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil edilməməsi nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 fevral 2024-cü il tarixli arayışından görünür ki, Bakı Şəhəri Sabunçu RPİ-nin İŞ-də istintaq aparılmış Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. - Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan ediməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi, Təqsirləndirilən şəxs yerinin müəyyən edildikdə dərhal tutularaq Bakı İstintaq Təcridxanasına etap olunmasını, tutulması barədə məhkəməyə məlumat verilməsini və təqsirləndirilən şəxsin yerinin müəyyən edilənə qədər iş üzrə icraatın dayandırılması qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə Abşeron ərazisində tutularaq Abşeron RPİin MSY təhvil verildiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-72/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, qəti olaraq 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi, ekspertlərin rəyləri, zərərçəkmiş şəxs və şahidin ifadəsi, ekspertiza rəyləri, iş materiallarında olan digər sənədlər ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı 2 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Məhkəmə qeyd olunan hallarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin işin hallarından görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra orada şəxsiyyətini təsdiq edən sənədləri, idarə etdiyi avtomaşına aid sənədləri təqdim etməmiş, zərərçəkmiş şəxsi tibb müəssisəsinə çatdırmaq üçün tədbirlər görsə də, başqa vasitələrlə özünü bəlli etməmiş, habelə bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmiş və tibb müəssisəsindən getmiş, özü barədə məlumat verməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan respublikasının CM-nin 263.1 və 264cü maddələri ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 264-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməli olan azadlıqdan məhrum etmə və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əsas və əlavə cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(012)-72/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 02 il 02 ay 12 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1- 1-ci maddəsinə əsasən 01 ay 01 il 06 gün müddətə azadlıqdan məhrum etmə cəzası kimi nəzərə alınaraq hesablanması, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti olaraq 02 il müddətə azadlıqdan məhum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 06 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Khazar LX” minik markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamani sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs oğluna məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci və 264cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01(bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz)ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264cü maddəsi ilə 01(bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəmənin 23 aprel 2024-cü il tarixli, 1(008)-72/2024 saylı hökmü ilə təyin edilmiş 2(iki) il müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əsas cəza hissəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02(iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış KHazar LX minik markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddianın, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar