Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-44/2025 19.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4 və onun nümayəndəsi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi3 iştirakı ilə xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, 12-ci mikrorayon ev 32, mənzil 25-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 249, ev 2, mənzil 110-da kirayədə yaşamış, Abşeron Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qərimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X4 azyaşlı uşağı ilə birlikdə Litva Respublikasına gedə bilməsi üçün tələb olunan vizasının alınmasını, covid pasportunun hazırlanmasını və uçuş biletinin alınmasını 10.000 manat müqabilində düzəldəcəyinə dair yalan vəd verib inandıraraq, bu niyyətlə Elmira Rzayevanın 2022-ci ilin iyun ayının ortalarında Abşeron rayonu, Masazır kəndində yerləşən “Yeni Bakı” yaşayış kompleksindəki ərzaq mağazasında «E manat» ödəmə terminalı vasitəsi ilə onun ayrı-ayrı plastik kartlarına göndərdiyi 900 manat pulu, 2022-ci ilin iyul ayı ərzində Abşeron rayonu, Masazır kəndində yerləşən “Yeni Bakı” yaşayış kompleksindəki ərzaq mağazasında «E manat» ödəmə terminalı vasitəsi ilə həmin plastik kartlarına hissə-hissə göndərdiyi 4100 manat pulu, 2022-ci ilin avqust ayının əvvəlində Abşeron rayonu, Masazır kəndində yerləşən “Yeni Bakı” yaşayış kompleksindəki ərzaq mağazasında «E manat» ödəmə terminalı vasitəsi ilə həmin plastik kartlarına hissə-hissə göndərdiyi 8000 manat pulu, 2022-ci ilin avqust ayının sonunda Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yaşadığı binanın yaxınlığında Elmira Rzayevanın ona verdiyi həmin dövrün məzənnəsi ilə 1530 manat olan 900 ABŞ dollarını, bundan 2-3 gün sonra eyni ünvanda 1000 manat pulunu, 2022-ci ilin sentyabr ayının əvvəllərində eyni ünvanda Lombarda girov qoyub pul götürərək sənədlərin hazırlanmasına istifadə edəcəyini bildirib 3000 manat dəyərindəki qızıl zinət əşyalarını, 2022-ci ilin sentyabr ayının ortalarında eyni ünvanda Lombarda girov qoyub pul götürərək sənədlərin hazırlanmasına istifadə edəcəyini bildirib 3000 manat dəyərindəki qızıl zinət əşyalarını və 2022-ci ilin sentyabr ayının sonlarında hissə-hissə olmaqla Abşeron rayonu Masazır kəndində yerləşən “Yeni Bakı” yaşayış kompleksindəki ərzaq mağazasında «E manat» ödəmə terminalı vasitəsi ilə hissə-hissə göndərdiyi 500 manat pulu, yəni ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlələ 6.030 manat pulu və 6000 manat dəyərində olan qızıl-zinət əşyalarını alıb ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş X5 ümumilikdə 22.030 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs, mülki iddiaçı X8 təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs hədə-qorxu ilə aldığı 22.030 (iyirmi iki min otuz) manat məbləğində pulun və 157 (yüz əlli yeddi) manat dövlət rüsumunun tutularaq, zərərçəkmiş şəxs kimi ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd edilən məbləğdə pul almamışdır. O, zərərçəkmiş şəxsdən qeyd olunan məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan onun müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci ildə anası Rəhilə, bacısı Sevinc və sonuncunun övladları ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən çimərlikdə olan zaman həmin yerdə X8 ilə tanış olmuş, belə ki, söhbət əsnasında Elmiranın ləhcə ilə danışığını görüb haralı olduğunu soruşarkən sonuncu milliyyətcə azərbaycanlı olduğunu, lakin Litva Respublikasında anadan olduğunu və orada böyüdüyünü, valideyinlərinin razılığı ilə qohumu ilə ailə qurduğunu, birgə nigahdan bir övladlarının olmasını və 2013-cü ildən Azərbaycan Respublikasında yaşadığını bildirmişdir. Həmçinin söhbət əsnasında Elmira ərinin onu yola vermədiyinə görə boşanıb Litva Respubilkasında yaşayan valideynlərinin yanına getmək istədiyini, lakin sənədləri qaydasında olmadığına görə gedə bilmədiyini bildirmişdir. Ona görə də o, həmin vaxt Elmiraya azyaşlı övladı ilə birlikdə Litva Respublikasına gedə bilməsi üçün sənədlərinin, yəni viza, uçuş bileti və covid pasportunun düzəlməsinə köməklik göstərəcəyinə söz vermişdir. Bundan sonra Elmira ilə aralarında səmimi münasibətləri yarandığına görə bir-birlərinin telefon nömrələrini götürmüş və mütəmadi olaraq bir-birləri rəfiqə kimi telefon əlaqəsi saxlamağa başlamışlar. Bundan təxminən 1 həftə sonra Elmira ilə Bakı şəhərində görüşmüş və bu barədə söhbət edən zaman Elmiraya azyaşlı uşağı ilə birlikdə Litva Respublikasına gedə bilməsi üçün sənədlərini təxminən 10000 manat civarında düzəldə biləcəyini demişdir. Elmira da onunla razılaşdığına görə bundan təxminən 2-3 gün sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında Elmira ona verdiyi kart hesabına ilkin sənədləşmə işlərinin başlanılması məqsədilə 900 manat göndərmişdir. Həmçinin bundan sonrakı vaxtlarda da Elmiraya zəng edərək sənədlərin düzəlməsi üçün pul lazım olduğunu dediyi üçün Elmira 2022-ci ilin iyul ayında kart hesabına hissə-hissə olmaqla 4100 manat da göndərmişdir. Bundan sonra Elmiraya zəng edib sənədlərin düzəlməsi üçün yenə də pul lazım olduğunu dediyi üçün Elmira 2022-ci ilin avqust ayının əvvəllərində ona verdiyi kart hesabına hissə-hissə olmaqla 8000 manat da göndərmişdir. Həmçinin həmin ayın sonlarında Elmira ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yaşadığı evin yaxınlığında görüşən zaman Elmira bu məqsədlə ona həmin dövrün məzənnəsi ilə 1530 manat olan 900 ABŞ dolları və bundan 2- 3 gün sonra həmin yerdə 1000 manat da vermişdir. Bundan başqa o, yenə də zəng edərək sənədlərin düzəlməsi üçün pul istəyərkən Elmira pulunun olmadığını, əvəzinə qızıl-zinət əşyalarını Lombarda girov qoyaraq pul götürməyə göməklik etməyin xahiş etmişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının əvvəllərində Elmira ilə onun yaşadığı binanın yaxınlığında görüşmüş və sonuncu ona dediyinə görə 3000 manat dəyərində olan bir neçə ədəd qızıl-zinət əşyaları vermiş ki, Lombarda girov qoyub pul götürsün və həmin pulu da sənədlərin düzəlməsinə istifadə etsin. O, Elmiranın ona verdiyi həmin qızıl-zinət əşyalarından bir cüt sırğanı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Lombarda bacısı Sevincin vasitəsilə girov qoyaraq 200 manat pul götürmüş, qalan qızılları isə Bakı şəhərində Moskva univermağının qarşısında tanımadığı qızıl alveri ilə məşğul olan şəxslərə satmışdır. Həmçinin 2022-ci ilin sentyabr ayının ortalarında Elmiraya zəng edərək sənədlərin düzəlməsi üçün əlavə 1600-1700 manat pul da lazım olduğunu bildirmiş və bu səbəbdən də sentyabr ayı ərzində Elmira ilə bir neçə dəfə telefon əlaqəsi saxladıqdan sonra onlar Elmiranın yaşadığı evin yaxınlığında görüşmüşlər. Həmin vaxt Elmira dediyinə görə 3000 manat dəyərində olan bir neçə ədəd qızıl-zinət əşyaları da ona vermişdir ki, Lombarda girov qoyub pul götürsün və həmin pulu da sənədlərinin düzəlməsinə istifadə etsin. Lakin o, Elmiranın ona verdiyi həmin qızıl-zinət əşyalarını da Bakı şəhərində Moskva univermağının qarşısında tanımadığı qızıl alveri ilə məşğul olan şəxslərə satmış və əldə etdiyi pulları öz problemlərinin həllinə xərcləmişdir. Həmçinin bir neçə gün sonra o, Elmiraya zəng edərək sənədlərinin düzəlməsi üçün yenə də pul lazım olduğunu dediyi üçün Elmira həmin ərəfədə hissə-hissə olmaqla onun kart hesabına 500 manat da göndərmişdir. Beləliklə Elmira azyaşlı övladı ilə birlikdə Litva Respublikasına gedə bilməsi üçün sənədlərinin, yəni viza, uçuş bileti və covid pasportunun düzəlməsi məqsədilə ona ümumilikdə 16030 manat məbləğində pul və 6000 manat məbləğində də qızıl-zinət əşyaları vermiş olmuşdur. Lakin o, vədinə əməl edə bilmədiyinə görə Elmira ondan şikayət etmişdir. Bundan sonrakı vaxtlarda Elmiraya 1000 manat qaytara bilsə də, qalan 21030 manat pulu maddi vəziyyəti yaxşı olmadığına görə qaytara bilməmişdir. Buna baxmayaraq pulun qalıq qalmış hissəsini yaxın müddətdə qaytaracağına söz verir. Bir daha bildirir ki, o, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X6 ilə 2013-cü il tarixdə el adəti ilə ailə qurmuşlar və birgə nigahdan bir övladı vardır. Fərdi qaydada onlayn şəkildə kosmetika məhsulları və paltar satmaqla məşğul olur. Bəzi vaxtlarda əri Cahidin yaşadığı Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində olan gül dükanında da işləyir. 2022-ci ilin iyun ayının ortalarında həyat yoldaşı Cahid və övladı ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən çimərliyə getmişlər. Çimərlikdə olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Firəngiz də həmin vaxt çimərliyə anası, bacısı və bacısı uşaqları ilə gəlmişdir. Söhbət əsnasında Firəngiz onun ləhcə ilə danışığına görə haralı olduğumu soruşduqda, o, Firəngizə azərbaycanlı olsa da, Litva Respublikasında anadan olub orada böyüdüyünü bildirmişdir. O, Firəngizə 2013-cü ildə Bakı şəhərinə gəldiyini və həmin vaxtdan da Abşeron rayonu Masazır qəsəbəsində yaşadığını demişdir. O, söhbət əsnasında valideynlərinin Litva Respublikasında yaşadıqlarını, uzun müddətdir ki, sənədlərinin qaydasında olmadığı üçün onların yanına gedə bilmədiyindən onları görmədiyini, hətta onlar üçün darıxdığını da bildirmişdir. Bu zaman Firəngiz ona polis əməkdaşı olduğunu, sənədlərimin düzəldilməsində ona köməklik edə biləcəyini demişdir. Söhbət zamanı Firəngiz onun ***- ***-**-** saylı mobil nömrəsini götürərək onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan təxminən 3-4 gün keçdikdən sonra ona vatsap proqramında ***-***-**-** saylı mobil nömrədən mesaj gələrək çimərlikdə tanış olduqları Firəngiz adlı şəxs olduğunu deyərək ona Litva Respublikasına getmək üçün sənədlərini düzəltməkdə köməklik edəcəyini demişdir. Firəngiz ona özünə aid sənədlərinin şəkillərini çəkib ona göndərməyini demişdir. O da özünə məxsus pasportunun şəklini çəkib Firəngizə göndərmişdir. Firəngiz ona sənədlərini düzəltməkdə köməklik edəcəyini demiş və bütün bu işlərin hazırlanmasına, yəni vizanın alınmasına, covid pasportunun alınmasına və uçuş biletimin alınmasına ümumilikdə 10.000 manat pul lazım olduğunu demişdir. O, da Firəngizin bu təklifi ilə razılaşmış, belə ki, Firəngiz Litva Respublikasına gedə bilməyi üçün qısa müddətə bütün sənədlərini düzəldəcəyinə söz vermişdir. Firəngiz ilə danışığından 2-3 gün sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında Firəngiz onunla telefon əlaqəsi saxlamış və sənədlərin düzəlməsi üçün ilkin olaraq 5000 manat pul lazım olduğunu demişdir. Bundan sonra da Firəngiz ona kart hesabının nömrəsini göndərmiş və o da sonuncunun göndərdiyi kart hesabına ilkin sənədləşmə işlərinin başlanılması üçün 900 manat göndərmişdir. Üstündən bir müddət keçmiş, yəni 2022-ci ilin iyul ayının ortalarında, Firəngiz onunla yenidən zəngləşmiş və sənədlərinin düzəlməsi üçün pul lazım olduğunu deyib onun kart hesabına pul göndərməyini bildirmişdir. O, da 2022-ci ilin iyul ayında Firəngizin kart hesabına hissəhissə olmaqla 4100 manat da göndərmişdir. Bundan sonra Firəngiz yenidən ona zəng edib sənədlərin düzəlməsi üçün yenə də pul lazım olduğunu demişdir. 2022-ci ilin avqust ayının əvvəllərində Firəngizin ona verdiyi kart hesabına hissə-hissə olmaqla əlavə olaraq 8000 manat da göndərmişdir. Avqust ayının sonlarında Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində yaşadığı evin yaxınlığında Firəngizlə görüşmüş, Firəngiz sənədlərlə bağlı əlavə pul lazım olduğu üçün həmin vaxtv ona 900 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 1530 manat vermişdir. Firəngiz pulu alıb getdikdən 2-3 gün sonra yenidən həmin yaşadığı evin yaxınlığında sənədlərlə bağlı görüşmüşlər və Firəngiz ondan əlavə 1000 manat istəmiş, o da orada həmin məbləği Firəngizə vermişdir. Firəngizə pulları verdikdən sonra onunla əlaqə saxladıqda əlavə sənədlərin hazırlanması üçün yenə pul lazım olduğunu bildirmişdir. Lakin həmin vaxtı əlində pulu olmadığı üçün Firəngizlə razılaşmışlar ki, qızıl-zinət əşyalarını lombarda girov qoyub pul götürsünlər və Firəngiz həmin pulla işini həll etsin. Firəngiz tanış lomdardının olduğunu bildirmiş, buna görə də 2022-ci ilin sentyabr ayının əvvəllərində Firəngizlə yaşadığı binanın yaxınlığında görüşmüş və özündə olan 3000 manat dəyərində bir neçə ədəd qızıl-zinət əşyalarını ona vermiş ki, Lombarda girov qoyub pul götürsün və həmin pulu da sənədlərimin düzəlməsinə istifadə etsin. Bundan sonra təxminən 2022-ci ilin sentyabr ayının ortalarında Firəngiz ona zəng edərək sənədlərinin düzəlməsi üçün əlavə 1600-1700 manat da pul da lazım olduğunu demişdir. Bildirir ki, həmin vaxt pulu olmadığına görə o, yenə də Firəngizlə yaşadığı evin yaxınlığında görüşmüş və özündə olan 3000 manat dəyərindəki bir neçə ədəd qızıl-zinət əşyalarını da Firəngizə vermişdir ki, Lombarda girov qoyub pul götürsün və həmin pulu da sənədlərinin düzəlməsinə istifadə etsin. Qeyd edir ki, bundan bir neçə gün sonra Firəngizlə telefon əlaqəsi saxlayaraq sənədlərin düzəlmə lərəfəsində olduğunu deyib əlavə olaraq pul lazım olduğunu dediyi üçün sentyabr ayı ərzində Firöəngizin kart hesabına hissə-hissə olmaqla 500 manat da göndərmişdir. Bu minvalla Firəngiz onun Litva Respublikasına gedə bilməsi üçün sənədlərinin, yəni vizanın, uçuş biletinin və covid pasportunun düzəlməsi məqsədilə ümumilikdə 16030 manat məbləğində pulunu, eyni zamanda 6000 manat dəyərində də qızıl-zinət əşyalarını ələ keçirmişdir. Aradan bir müddət keçməsinə baxmayaraq Firəngizin onun sənədlərini düzəltmədiyini və vədinə əməl etmədiyini görüb Firəngizin onu aldatdığını başa düşmüşdür. O, hər dəfə Firəngizlə əlaqə saxlayıb pulunu və ona verdiyi qızıl-zinnət əşyaları geri qaytarmasını tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. O, artıq Firəngizin onun pulunu və qızılını ələ keçirdiyini başa düşüb bu barədə polisə məlumat vermək qərarına gəlmiş və şikayət ərizəsi yazmışdır. Əlavə olaraq qeyd edir ki, o, Firəngizin barəsində şikayət etdikdən sonra Firəngiz onun 1000 manat pulunu geri qaytarsa da qalan 21030 manat pulunu bu günkü günə qədər geri qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə qarşı öz konstitusion hüququndan istifadə edərək ifadə verməkdən imtina edən Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun bacısıdır. 2022-ci ilin iyun ayının ortalarında anası, bacısı Firəngiz və övladları ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən çimərliyə getmişlər. Çimərlikdə olan zaman X8 ilə tanış olmuşlar. Söhbət əsnasında Elmira ləhcə ilə danışığına görə bacısı Firəngiz ondan haralı olduğunu soruşmuşdur. Elmira da bacısına azərbaycanlı olduğunu, lakin Litva Respublikasında anadan olub orada böyüdüyünü bildirmişdir. Həmçinin Elmira bacısına 2013-cü ildə Bakı şəhərinə gəldiyini və həmin vaxtdan da Abşeron rayonu Masazır qəsəbəsində yaşadığını demişdir. Elmira söhbət əsnasında valideynlərinin Litva Respublikasında yaşadıqlarını, uzun müddətdir ki, sənədlərinin qaydasında olmadığı üçün valideynlərinin yanına gedə bilmədiyindən onları görmədiyini, hətta valideynləri üçün də darıxdığını bildirmişdir. X12 ilə bir qədər söhbət etmişlər, bacısı ona tanışlarından maraqlanacağını və sənədlərin düzəldilməsində ona köməklik edə biləcəyini demişdir. Bundan sonra onlar bir-birlərinə mobil nömrələrini də vermişlər. Lakin bundan sonra baş verənlərdən xəbəri olmamışdır. 04 sentyabr 2022-ci il tarixdə bacısı Firəngiz ona pulunun olmadığını bildirmiş və ona bir cüt sırğa verib demişdir ki, həmin sırğaları ona sevdiyi şəxs vermişdir, həmin sırğaları girov qoyub pul götürməyi ondan xahiş etmişdir. O da Sumqayıt şəhəri, 2-ci mikrorayonda Sülh küçəsində yerləşən «Gold-1»lombarda getmiş və orada işləyən ümumi tanışları olan Şahid2 həmin qızıl sırğaları öz adı ilə girov qoyub 200 manat pul götürüb Firəngizə vermişdir. Lakin sonradan Firəngiz qızıl sırğanın pulunu ödəyə bilmədiyindən sırğaların satıldığını bilmişdir. Göstərmişdir ki, X8 ilə bacısı Təqsirləndirilən şəxs arasında olan iş birliyindən onun xəbəri olmamışdır. Elmira onun iştirakı ilə bacısına hər hansı miqdarda pul verməmiş və onun yanında sonuncuların hər hansı razılaşması olmamışdır. Lombarda qoyduğu bir cüt qızıl sırğaları isə bacısı Firəngiz ona verib sevgilisi tərəfindən ona hədiyyə verildiyini və pulu olmadığından girova qoyulmasında ona köməklik etməyi xahiş etmişdir. O, qızıl sırğanın kimə məxusu olmasından, həmçinin Elmiranın hansı miqdarda pulu bacısına verməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında Sumqayıt şəhəri, 2-ci mikrorayonda Sülh küçəsində yerləşən "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib həmin müəssisənin icraçı direktoru kimi fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə vergi ödəyicisi olmaqla vətəndaşlardan könüllü olaraq qiymətli əşyalarını qəbul edib qiymətləndirməklə müqavilə əsasında əmlakları qiymətləndirilib pul ödənilməsi ilə məşğul olmuşdur. Şahid1m və bacısı Firəngiz Rəhimovam bir müştəri kimi tanımış və onlarla münasibəti normal olmuşdur. xx.xx.2022-ci il tarixdə Şahid1 onun iş yerinə gələrək özü ilə gətirdiyi bir cüt 583 əyarlı, 4,7 qram çəkidə sırğanı təqdim etmiş və girov qoymaq istəmişdir. O, həmin qızılı dəyərləndirdikdən sonra 200 manat pul ödəyərək 121399 nömrəli müqavilə qarşı tərəflə bağlanmış, lakin müqavilə şərtlərinə görə sonradan götürülmüş pul ödənilmədiyindən girov qoyulmuş qızıl sırğa satılmışdır. Hazırda Şahid1 Gold-1 »Məhdud Məsuliyyətli Cəmiyyətinə hər hansı miqdarda pul borcu qalmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsin barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan qəsdən yayındığından barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaqa gəlmədiyinə və çağrışlardan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin MSY-dən azad olunaraq, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Abşeron Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli hökmü “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına endirilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 1(075)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 03 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmuşdur. Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzısının 01 il 02 ay 05 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 01 ay 23 gün təşkil edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində həbs nəzərdə tutulmadan axtarış elan edilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 59/2-73149 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən tutulmuş və Şəki Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyə gəlmədiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası CMP-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxs X3 xx.xx.2025-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X2 ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs gətirdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlar ilə təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödəməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxsnun cəzasını Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxsnun az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «… CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. ... Beləliklə, ... şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. ... Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə cəzası ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 04 ay 01 gün, eyni zamanda həmin hökm ilə çəkdiyi 01 il 02 ay 08 gün cəza azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulmaqla 07 ay 03 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldığı 04 gün müddət olmaqla cəmi 11 ay 05 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Məhkəmə qeyd edir ki, mülki iddianın həll edilməsi məqsədilə digər sübutların toplanması üçün uzun zaman tələb olunduğuna görə qeyd edilən səbəbdən cinayət işinin məhkəmə baxışının qeyri-müəyyən müddətə uzanması təqsirləndirilən şəxsin ona elan olunmuş ittihama ağlabatan müddətdə baxılaraq, həll edilməsi barədə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Novruz oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 02 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə cəza çəkmə müddətinə hesablanmış həbsdə saxlanıldığı 04 ay 01 gün, eyni zamanda həmin hökm ilə çəkdiyi 01 il 02 ay 08 gün cəza azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulmaqla 07 ay 03 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə saxlanıldığı 04 gün müddət olmaqla cəmi 11 ay 05 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 02 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqi olması izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Novruz oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-44/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-44/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver