Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-440/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci il tarixdə Cəlilabad rayonu, Adnalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 yanvar 2022-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Güzdək qəsəbəsində olan daş karxanasında yerləşən köhnə vaqonda birlikdə işlədiyi həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş münaqişə zamanı həmin vaqondan götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs baş, sifət və boyun nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq ona sol qulaq seyvanı, sol qulaqönü, sol çənə bucağı, boyun nahiyələrinin, sol çiyin qurşağı, alt dodağın, sol əlin və sol yanaq nahiyəsinin selikli qişasının deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, o, muzdlu fəhlə kimi işləyir. Fiziki və psixi cəhətdən sağlamdır. İsmayıl adlı şəxsi həmkəndlisi olaraq uzun müddətdir ki tanıyır. Həm də uzaq qohumdurlar. Əvvəllər yaxın münasibətləri olub. xx.xx.2021-ci il tarixdə X7 rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasında işləmək barədə təklif etmiş və o həmkəndliləri Loğman, Sabir və Muradla birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsinə gəlmişlər. Həmin gün onlar orda qalacaqları üçün kəndlərində yerləşən mağazadan ərzaq almışlar. xx.xx.2021-ci il tarixdə Güzdək qəsəbəsində yerləşən daş karxanasında işləyən zaman İsmayıl onun daşları maşına səliqəli yığa bilmədiyini irad tutaraq təhqiramiz ifadə işlətmişdir. Bu zaman digər həmkəndliləri gülməyə başlamışlar. Təqsirləndirilən şəxs İsmayıldan onu təhqir etməməsini tələb etmiş, əks halda onlarla işləməyəcəyini bildirmişdir. Bu zaman İsmayıl ona bir daha onu təhqir etməyəcəyi barədə söz versə də, sonradan yenə də onu təhqir etməyə davam etmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində İsmayıl yenidən onu təhqir etdiyi üçün Təqsirləndirilən şəxs qaldıqları yerə gedib pal-paltarını yığaraq oradan uzaqlaşmaq istəmiş, daha sonra İsmayıl, Sabir, Murad və Loğmanla birlikdə onun arxasınca qaldıqları vaqondan düzəldilmiş otağa gəlmiş, İsmayıl qapını örtərək ona heç yerə gedə bilməyəcəyini demişdir. O, İsmayıla təhqir olunduğu yerdə qala bilməyəcəyini bildirmiş bu vaxt Loğman onun üstünə hücum çəkərək sağ ayağına təpiklə vurmuşdur. Daha sonra o, çantasını götürərək İsmayılı əli ilə kənara çəkərək getmək istəyəndə Sabir bərk bir cisimlə arxadan onun sağ yan hissəsindən vurmuşdur. Bu vaxt o bir anlıq özünü itirmişdir. İsmayıl da alın hissəsindən onu itələyəndə stolun üstündə yerləşən mətbəx bıçağını görmüş, özünü həmin bıçaqla müdafiə etmək fikrinə düşmüş, bıçağı götürüb sağa-sola yelləyərək İsmayıl və dostlarından getmək üçün icazə vermələrini tələb etmişdir. Lakin bundan sonra İsmayıl daha da əsəbləşərək onun üzərinə hücum çəkmiş, həmin vaxt bıçaq İsmayılın əlinə, sifət və boyun nahiyələrinə xəsarət yetirmişdir. O, fürsətdən istifadə edərək paltarlarını götürmədən oradan uzaqlaşmış, qaçaraq karxananı tərk etmişdir. Əlindəki mətbəx bıçağını harada atdığını xatırlamır. Daha sonra Təqsirləndirilən şəxs ümumiyyətlə həmin karxanada günorta saatlarında yatmaq ənənəsi olmadığını, həmin vaxt orada nə İsmayılın, nə də digər şəxslərin yatılı və ya uzanmış vəziyyətdə olmadığını, onların yalan və qərəzli ifadə verdiyini, İsmayılla aralarında heç bir ədavət olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəlcədən İsmayıla xəsarət yetirmək və ya öldürmək niyətinin olmadığını, baş vermiş hadisənin İsmayıl və digər şəxslərin ona göstərdiyi fiziki və psixi təzyiqin nəticəsi olaraq hadisələrin təsadüfi axarı zəminində baş verdiyini, orada İsmayıl, Loğman, Sabir, Murad və ondan başqa heç kim olmadığını, habelə oradan çıxa bilmək üçün bu əmələ əl atdığını, etdiyi əmələ görə peşman olduğunu bildirdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Taleh adlı şəxsi həmkəndlisi olaraq uzun müddətdir ki tanıyır. 25 dekabr 2021-ci il tarixdə Taleh İsmayıla pulu olmadığını və işə ehtiyacı olduğunu demiş, İsmayıl ona Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında birlikdə işləməsi barədə təklif etmişdir. Bundan sonra 30 dekabr 2021-ci il də yaşadıqları kənddə yerləşən mağazadan 260 manatlıq ərzaq almış, bundan sonra İsmayıl həmkəndliləri Təqsirləndirilən şəxs, Loğman İsmayılzadəni, Şahid2 və X6 rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasına işləmək üçün yola salmışdır. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə İsmayıl da onların yanına getdmişdir. xx.xx.2022-ci il tarixdə Taleh İsmayıla işləmək istəmədiyini, evə getmək istədiyini bildirmiş, İsmayıl ondan getmək səbəbini soruşduqda Taleh Abşeron rayonu Qobu qəsəbəsində bir münaqişəyə qarışdığını və “Qobuluların” onu axtardığını bildirmişdir. Bu vaxt İsmayıl Talehə onu müdafiə edəcəklərini, buna görə də qorxmaq üçün heç bir əsas olmadığını bildirmişdir. Daha sonra Taleh İsmayılla razılaşıb işləməyə davam etmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində karxananın istirahəti üçün ayrılmış hissəsində Murad, Sabir, Loğman, Taleh və İsmayıl birlikdə yemək yemişlər. Bundan sonra onlar yatmışlar. Saat 13:00 radələrində İsmayıl qulaq nahiyəsində və çiynində ağrı hiss etmiş, əvvəlcə yuxulu olduğu üçün nə baş verdiyini dərk etməmişdir. Yerindən durduqda kiminsə otaqdan çıxdığını görmüş və “Ay uşaqlar Qobulular gəlib” deyərək qışqırmışdır. Həmin vaxt otaqda Sabir və Muradın yatdığını görən İsmayıl onları oyatmış, daha sonra digər işçiləri çağırmışlar. Bu vaxt Eldar adlı işçi karxananı icarə əsasında işlədən “İntiqam”a zəng edərək hadisə barədə məlumat vermiş, İntiqam gəlib İsmayılı xəstəxanaya aparmışdır. İntiqam İsmayılı xəstəxanaya aparan zaman yolda Talehin əlində bıçaq qaçdığını görüb maşını onun yanında saxlamış, İsmayıl isə onu xəstəxanaya aparması barədə təkid etmişdir. Bundan sonra İntiqam adlı həmin şəxs İsmayılı xəstəxanaya aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 Hacıbala oğlu ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasını təxminən 2021-ci ilin avqust ayından icarədar kimi işlədir. Həmin karxanada dörd nəfər müqavilə əsasında xidmət göstərən işçi var. Bundan başqa günəmuzd əsasında gündəlik işçilər gəlib işləyirlər. Şahid1 həmin şəxslərə gündəlik gördükləri işin müqabilində pul ödəyir. İsmayıl adlı şəxsi əvvəlcədən yanında işlədiyinə görə tanıyır. Belə ki, əvvəllər bir iki dəfə İntiqamın yanında işləməyə gəlmişdir. xx.xx.2021-ci il tarixdə İsmayıl yanında dörd nəfər gətirərək onların da işləmək istədiyini bildirmiş bu vaxt Eldar adlı şəxs İnitqamın razılığı ilə işə qəbul etmişdir. Şahid1 onlara Yeni il bayramından sonra işləməklərini təklif etsə də pullarının olmadığını bildirərək işləmək üçün təkid etmişlər. İsmayıl və həmkəndlilərinin qalmağa yerləri olmadığı üçün Şahid1 onlara yatmaq üçün yer təşkil etmişdir. İsmayıl telefonda gətirdiyi işçilərə zamin duracağı barədə İntiqama söz vermişdir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində İntiqam onların günorta yeməyi üçün ərzaq verdikən sonra İsmayıl həmkəndliləri ilə birlikdə yemək yemək üçün qaldıqları yerə getmiş, daha sonra İntiqam da karxananı tərk etmişdir. Saat təxminən 13:30 radələrində işçilərdən biri İntiqama zəng edərək İsmayılın qan qusduğunu bildirmiş, İntiqam karxanaya qauyıtdıqdan sonra İsmayılın yaralı vəziyyətdə olduğunu görmüş və onu maşına mindirərək tez xəstəxanaya çatdırmışdır. X8 adlı iş yoldaşının bıçaqladığını öyrənmişdir. İsmayılı xəstəxanaya çatdırdıqdan sonra DİN-nin 102 Zəng-Xidmətinə zəng edərək məlumat verdim. Əlavə olaraq Şahid1 ifadəsində bildirmişdir ki, işçilərin günorta saatlarında yatmaq kimi adətləri yoxdur. Lakin, Talehin İsmayılı nə üçün bıçaqladığını bilmir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, İsmayıl və Taleh adlı şəxsi həmkəndlisi olaraq uzun müddətdir ki, tanıyır. Yaxın münasibətləri olub. xx.xx.2021-ci il də kəndlərində yerləşən mağazadan bazarlıq etdikdən sonra həmkəndliləri İsmayıl, Taleh, Loğman və Murad ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasına gəlmişlər. xx.xx.2021-ci il tarixdə Taleh işləmək istəmədiyini, evə getmək istədiyini dedikdə ondan getmək səbəbini soruşmuş, Taleh isə Abşeron rayonu Qobu qəsəbəsində bir münaqişəyə qarışdığını və Qobuluların onu axtardığını bildirmişdir. İsmayıl, Sabir və digərləri ona qorxmamağını, kimsə gələrsə onu müdafiə edəcəklərini söz vermişlər. Bundan sonra Taleh razılaşıb işləməyə davam etmişdir. Növbəti gün xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində karxananın istirahət üçün ayrılmış hissəsində Murad, Taleh, İsmayıl və Sabir birlikdə yemək yemiş, daha sonra yatmışlar. Bir qədər sonra Sabir İsmayılın qışqırıq səsinə oyanmış və digər işçilərə xəbər vermişdir. Şahid2 sonda bildirmişdir ki, Talehin İsmayılı necə və hansı şəraitdə bıçaqlamasını görməmiş, Talehin qaçaraq oradan uzaqlaşdığını görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, o, Talehi həmkəndlisi kimi uzun müddətdir ki tanıyır. Yaxın münasibətləri yoxdur. xx.xx.2021-ci il də kəndlərində yerləşən mağazadan təxminən 300 manatlıq ərzaq götürüb həmkəndliləri İsmayıl, Taleh, Murad və Sabir ilə birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasına gəlmiş, xx.xx.2021-ci il tarixdə Taleh işləmək istəmədiyini, evə getmək istədiyini bildirdikdə İsmayıl ona mağazadan aldıqları ərzaqların pulunu çıxardıqdan sonra gedə biləcəyini deyərkən Taleh razılaşıb işləməyə davam etmiş, növbəti gün xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində karxananın onların istirahəti üçün ayrılmış hissəsində o, Sabir, Murad, Taleh, İsmayıl ilə birlikdə yemək yeyib aşağı işləməyə düşmüş, o, gedərkən hamı orada olmuş, saat 13:00 radələrində Sabirin onu çağırdığını eşitmiş, yuxarı gedərkən İsmayılın bıçaqlandığını görmüşdür. Bundan sonra karxananı icarə əsasında işlədən İntiqama zəng edərək hadisə barədə məlumat vermişlər. O gəlib İsmayılı xəstəxanaya apararkən onların yanında olmuş, yolda gedərkən Talehi görmüş, lakin xəstəxanaya tələsdikləri üçün çıxıb getmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol qulaq seyvanı, sol qulaqönü, sol çənə bucağı, boyun nahiyələrinin, sol çiyin qurşağı, alt dodağın, sol əlin və sol yanaq nahiyəsinin selikli qişasının deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T 47/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sol qulaq seyvanı, sol qulaqönü, sol çənə bucağı, boyun nahiyələrinin, sol çiyin qurşağı, alt dodağın, sol əlin və sol yanaq nahiyəsinin selikli qişasının deşilmiş-kəsilmiş yaraları, 1-ci barmağın açıcı əzələnin vətərinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən əmələ gələ bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, İsayev X2 rayonu, Adnalı kəndində yaşamaqla həmin ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib peşmançılığını bildirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Cəlilabad rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Cəlilabad rayon Probasiya Şöbəsinə həvalə edilməldir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəssini alanadək gücündə saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəssini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə Cəlilabad rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Cəlilabad rayonu Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-440/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-440/2022
19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver