Məhkəmə qərarları › İş №1(012)-442/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-442/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-442/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış kompleksi, bina 17, mənzil 135 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dələduzluq, yəni tamah niyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını etibardan sui-istifadə etməklə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə dostu Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs sonuncunun oğlu- Şahid1 Rusiya Federasiyası Dərbənd Humanitar Universitetindən 2012-ci ildə verilmiş ali təhsil haqqında BCГ-2995002 nömrəli diplomunun 8000 manat müqabilində Azərbaycan Respublikası Təhsil Nazirliyində qeydiyyata alınmasına və Azərbaycan Respublikasında tanınmasına köməklik edəcəyini vəd edərək Zərərçəkmiş şəxs etibardan suiistifadə etməklə aldadaraq 19 avqust 2019-cu il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektindəki “AAAF-Park” yaşayış kompleksində 8000 manat pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs iki ildən artıq olar ki dostu Bəxtiyarın vasitəsi ilə tanyır. 19 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs istifadə etdiyi mobil nömrəsinə zəng edərək Bəxtiyarla birlikdə onunla görüşmək istədiklərini bildirmişdir. Həmin tarixdə, yəni 19 avqust 2019-cu il tarixdə saat 14 radələrində Abşeron rayonu. Xırdalan şəhəri. “AAAF Park" yaşayış kompleksində o, Zərərçəkmiş şəxs, Şahid1 və dostu Bəxtiyarla görüşmüşdür. Söhbət əsnasında Zərərçəkmiş şəxs oğlu Nailin Rusiya Federasiyasında Dərbənd Humanitar universitetinin 2012-ci il tarixdə məzunu olmasını bildirib, ölkə ərazisində işləyə bilməsi üçün diplomunu Azərbaycan Respublikası Təhsil Nazirliyində qeydiyyata alındıra bilib-bilməyəcəyini soruşduqda diplomu alıb baxdıqdan sonra Zərərçəkmiş şəxs, Cavanşir Xəlinbəyov adlı tanışının olduğunu və öz diplomunu da təsdiq etdirmək üçün sonuncuya 8000 manat məbləğində pul verdiyini bildirmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona “pul problem deyil" sözlərini deyib, avtomobilindən 8000 manat məbləğində pulu götürüb ona vermiş, o, Zərərçəkmiş şəxs həmin məbləğdə pulu və oğlu Nailin diplomunu alıb, diplomun təsdiq olunmasının 5-6 ay çəkəcəyini söyləmişdir. Səfər də heç bir narazılıq bildirməyib onun sözünü normal qəbul etmişdir. Bundan sonra o, Cavanşirlə telefon əlaqəsi saxlamış, həmin vaxtı Cavanşir ona rayonda olduğunu deyib, sonra görüşməyi təklif etmişdir. Ertəsi günü, yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF-Park” yaşayış kompleksinin həyətində Cavanşirlə görüşüb Zərərçəkmiş şəxs oğlu Nailin diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirmək üçün aldığı 8000 manat pulu və diplomu Cavanşirə vermiş, 2-3 gün sonra Cavanşir onunla görüşüb Nailin diplomunu ona və o da həmin diplomu Naillə qaytarmışdır. Təxminən 6-7 aydan sonra Cavanşir diplomların təsdiq etdirmə işinin alınmadığını bildirmiş və müəyyən müddət ərzində onun öz diplomunun təsdiqi üçün Cavanşirə verdiyi pulu hissə-hissə qaytarmış və Cavanşirin həmin puldan ona 2400 manat borcu qalmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs oğlu Nailin işinə görə Cavanşirə verdiyi 8000 manatı sonuncudan istəmişdir. Cavanşir həmin pulu qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək, onu aldatmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs aldığı 8000 manat puldan 1000 manatını Xırdalan dairəsi yaxınlığında Səfərin oğlu Nailə qaytarmış və Cavanşirdən pulu ala bilməsə özü Səfərin pulunu hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs ondan polis orqanlarına şikayət etdiyini bilmişdir. Onun həmin işdən hər hansı bir marağı olmamış və o, həmin işdən hər hansı məbləğdə pul əldə etməmişdir. Sadəcə olaraq o, dostu Bəxtiyarın tanışı olduğuna görə Zərərçəkmiş şəxs oğlunun diplomunun təsdiq etdirilməsində köməklik etmək istəmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışdığını və vurduğu maddi zərəri tam ödəməklə onunla razılıq əldə etməsini, vurulmuş ziyanın iyirmi beş faizi miqdarındadövlət büdcəsinəödəniş etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödədiyinə, Zərərçəkmiş şəxs ilə barışdığına və dövlət büdcəsinə 25 faiz ödəniş etdiyinə görə iş üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs məhkəmə baxışında elan edilərək tədqiq olunmuş ifadəsindən görünür ki, o, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanışı Bəxtiyar adlı şəxsin vasitəsi ilə tanımışdır. Oğlu Şahid1 Rusiya Federasiyasında Dərbənd Humanitar Universitetinin 2012-ci il məzunu olmuşdur. Sonuncunun ali təhsil alması barədə diplomu xarici ölkəyə aid olduğu üçün, ölkədə işləmək problemi yaranmışdır. Tanışı Bəxtiyar isə özünün tanıdığı Təqsirləndirilən şəxs həmin diplomu ölkə ərazisində işləyə bilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində qeydiyyata aldıra biləcəyini demişdir. Bu məqsədlə də 19 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə Abşeron rayonu. Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində görüşüb söhbət etmişdir. Təqsirləndirilən şəxs hansısa universitetdə işlədiyini, Təhsil Nazirliyi ilə sıx əlaqəli olduğunu, oğlu Şahid1 diplomunu 8000 manat məbləğində pul qarşılığında Azərbaycan Respublikası Təhsil Nazirliyində tanıtdıracağını ona bildirmişdir. O, Tosiflə razılaşaraq, 19 avqust 2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində Təqsirləndirilən şəxs tanışı Bəxtiyarın və oğlu Nailin yanında 8000 manat məbləğində pul vermişdir. Tosif isə 2019-cu ilin dekabr ayına qədər vəd verdiyi işi görəcəyini ona bildirmişdir. Lakin, Tosif dediyi müddət ərzində oğlunun diplomunu tanıtdıra bilməmişdir. 2019-cu ilin dekabr ayında Tosif işin alınmadığını, iş gördüyü adamın hansısa əməlinə görə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib, işi başqa bir şəxslə görmək üçün ondan əlavə vaxt istəmişdir. O, Tosifdən öz pulunu tələb etmiş, sonuncu da həmin ərəfələrdə ona 1000 manat pul vermiş və qısa müddət ərzində qalan pulu qaytaracağını desə də qaytarmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənilməsi, təqsirləndirilən şəxslə barışması barədə teleqramma iıə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tanışları Bəxtiyar adlı şəxsin vasitəsi ilə tanımışdır. 2012-ci ildə o, Rusiya Federasiyasında Dərbənd Humanitar Universitetinin “iqtisadiyyat” fakültəsini bitirmişdir. Onun ali təhsil alması barədə diplom xarici ölkəyə aid olduğu üçün Azərbaycan Respublikasında işləmək problemi yaranmışdır. Tanışları Bəxtiyar isə özünün tanıdığı Təqsirləndirilən şəxs həmin diplomun ölkə ərazisində işləyə bilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində qeydiyyata aldıra biləcəyini demişdir. Bu məqsədlə də atası Təqsirləndirilən şəxs ilə telefonda danışdıqdan sonra, 19.08.2019-cu il tarixdə sonuncu ilə Abşeron rayonu. Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində görüşüb söhbət etmişlər. Təqsirləndirilən şəxs atasına hansısa universitetdə işlədiyini, Təhsil Nazirliyi ilə sıx əlaqəli olduğunu, onun diplomunu 8000 manat məbləğində pul qarşılığında Azərbaycan Respublikası Təhsil Nazirliyində tanıtdıracağını bildirdikdə onların yanında 8000 manat məbləğində pulu ona vermiş, Təqsirləndirilən şəxs isə 2019-cu ilin dekabr ayına qədər vəd verdiyi işi görəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında işin alınmadığını, iş gördüyü adamın hansısa əməlinə görə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib işi başqa bir şəxslə görmək üçün atasından və ondan əlavə vaxt istəmişdir. Atası Tosifdən öz pulunu istəmiş, sonuncu da həmin ərəfələrdə ona 1000 manat pul vermiş və qısa müddət ərzində qalan pulu qaytaracağını desə də qaytarmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, da ibtidai istintaq zamanı şahid qismində dindirilən Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. .Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189- 1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan 18.08.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində 8000 manat vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 2000 manat məbləğini dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 02.04.2021-ci il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və əvvəllər hər hansı bir əsasla cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqda qaçıb gizləndiyi üçün ona həmin maddədə nəzərdə tutulan ittihamın elan olunması mümkün olmadığından 22 fevral 2021-ci il tarixdə barəsində axtarış elan edilmişdir. 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron Rayon Polis İdarəsinin MSY-yə verildiyindən 13 aprel 2021-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, 14 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron Rayon Polis İdarəsinin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar