Məhkəmə qərarları › İş №1(012)-442/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-442/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-442/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Laçın rayonu, Arduşlu kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Laçın rayonu, Arduşlu ərazi dairəsi, Arduşlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmə barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş çəkisi 0,565 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək əldə edib Abşeron rayonu Mehdiabad qəsəbəsinə daşımış və üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində saxlanılaraq Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə gətirilmiş və həmin gün saat 18:35 dəqiqəyə kimi orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş bir ədəd bükümdə, çəkisi 0,565 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ibtidai istintaqda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır.O, təxminən bir ildən çoxdur ki, narkotik vasitə istifadə etmişdir. Əvvəllər məhkum olunmamışdır. 17 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində o, özünə narkotik vasitə almaq üçün əvvəllər bir neçə dəfə tanımadığı şəxslərdən narkotik vasitə aldığı Bakı şəhəri, Binəqədi rayonu ərazisinə gəlmişdir. Həmin vaxt ərazidə bir qədər gəzişdikdən sonra, ona tanımadığı bir nəfər şəxs yaxınlaşmış və aralarında olan söhbət zamanı həmin şəxs onun narkotik vasitə əldə etmək istədiyini bildikdə, onun üçün 15 manat müqabilində bir büküm narkotik vasitə tiryək təşkil edə biləcəyini bildirmişdir. O, da, razılaşmış və həmin şəxsə 15 manat verərək onun üçün narkotik vasitə təşkil etməsini bildirmişdir. Həmin şəxs ona onu gözləməsini bildirib, ondan aralanaraq dalana getmiş və 2-3 dəqiqə sonra geri gələrək, ona bir ədəd gümüşü rəngli falqaya bükülmüş olan narkotik vasitə asetilə edilən tiryək gətirib vermişdir. O da, həmin bükümü sonradan özü istifadə etmək məqsədi ilə əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır. Bundan sonra, 18 sentyabr 2023-cü il tarixdə saat 17:30 radələrində o, piyada olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində piyada hərəkətdə olduğu zaman ona iki nəfər mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər və həmin vaxt üzərində narkotik vasitə olduğundan, narahatçılıq keçirərək, həyacan keçirmişdir. Həmin vaxt isə polis əməkdaşları onun tək piyada olaraq hərəkət etdiyini və özü də, onları görüb həyacanlanaraq onlarda şübhə yaratdığından, onun şəxsiyyəti ilə maraqlanmağa başlamışlar. O, isə həmin vaxt üzərində narkotik vasitə olduğundan, polis əməkdaşlarının onu saxlamasına və tutulacağını düşünərək, özünü təqdim edərkən bir qədər özünü çaşdırmışdır. Belə ki, o, bu hərəkətləri ilə özünü şübhəli apardığından, həmin polis əməkdaşları onu Mehdiabad Polis bölməsinə dəvət etmişlər və o, da, etiraz etməyərək polis bölməsinə onlarla birlikdə gəlmişdir. Bundan sonra, polis bölməsində polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılacağı barədə bildirilərək, huquq və vəzifələri izah olunaraq, hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Daha sonra isə polis bölməsində xidməti otaqların birində polis əməkdaşları tərəfindən vəkilin də iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Belə ki, şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə və ya qeyri- qanuni əşyalar varsa təqdim etməyi təklif edilmişdir. O da, həmin vaxt 17 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində öz istifadəsi üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 15 manata əldə etdiyi və əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı, gümüşü rəngli falqaya bükülmüş olan bir ədəd bükümdəki narkotik vasitə asetilə edilən tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları həmin bükümə baxış keçirərək, maddi sübut olduğundan və ekspertizaya təqdim ediləcəyini bidirib qablaşdıraraq götürmüşlər və üzərinə keçirilmiş baxışla bağlı protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş və doğruluğu həm onun həm də digər iştirakçılar tərəfindən imza edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, özü narkotik vasitə aludəçisidir və mütəmadi olaraq narkotik vasitədən istifadə etsə də, lakin narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Hazırda təqdim etdiyi narkotik vasitədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Bundan əlavə onu polis əməkdaşları saxlayan zaman və polis bölməsinə dəvət edilərkən o, polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşman olmasını nəzərə alaraq, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2023-cü il tarixdə saat təxminən 17:30 radələrində o, Abşeron RPİ-nin Mehdiabad PB-nin sahənin polis nəfəri polis serjantı Şahid2 ilə birlikdə Röyal adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirmişlər. Belə ki, polis bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, PB-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, ona hüquq və vəzifələri izah edilmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükülünü təqdim edərək, həmin bükülüdə narkotik vasitə asetilə edilən tiryək olmasını və xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində 1 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü alıb, şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi ərazisində saxlanıldığım bildirmişdir. Bununla ələqadar olaraq, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 236 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PBnin sahənin polis nəfəri, polis serjantı Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2023-cü il tarixdə saat 18:10-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş bir ədəd bükümdə, çəkisi 0,565 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək götürülmüşdür. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4919 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ...” sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,565 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Asetilə edilən tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,565 qram, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,515 qram narkotik vasitə asetilə edilən tiryək saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə baxışında tədqiq olunan və baxış keçirilən xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş çəkiliş diskinə baxış keçirilərkən müəyyən edilmişdir ki, istintaq zamanı Abşeron RPİ-nin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş bükümü təqdim edib, həmin bükümdəki kütlənin narkotik vasitə olan patı olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd DVD fotmatlı disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Laçın RİHB-nın Arduşlu kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Onun barəsində nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.0.10-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), onun müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra– CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 18 sentyabr 2023-ci il tarixdən 20 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7945 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, qanunvericiliyin tələblərinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,515 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,515 qram narkotik vasitə asetilə edilən tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar