Məhkəmə qərarları › İş №1(012)-443/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-443/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-443/2023 31.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Qazax rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Saatlı rayonu, Fətəlikənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Nübar qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, digər cinayət işi ilə bağlı Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu “DSK” yolu deyilən ərazidə 92 nömrəli marşrut xəttinin son dayanacağında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan 30 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 1,493 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısf’na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Nübar qəsəbəsi yeni məhəlləyə gələrək həmin psixotrop maddəni üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Nübar qəsəbəsi yeni məhəllədə saxlanılaraq Abşeron rayon polis idarəsinin Qobu PB-nə gətirilmiş, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 1,493 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 3 il müddətdir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində “DSK” yolu deyilən ərazidə 92 nömrəli marşrutun son dayanacağında tanımadığı özünü ona Hidayət kimi təqdim edən şəxsdən 30 manat müqabilində bir büküm psixotrop maddə metmfetamin almışdır. Həmin bükümü sonra istifadə etmək üçün əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Abşeron rayonu. Nübar qəsəbəsində yaşadığı evin yaxınlığında olan zaman üç nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları adını, soyadını soruşduqdan sonra ona üzərində narkotik vasitə və psixotrop maddə gəzdirmək və satmaqda şübhəli olduğunu deyərək Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qobu polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin psixotrop maddə metamfetamin tərəzidə çəkilmiş və təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini tanımadığı Hidayət adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf rəngli sellofan bükümünü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin özünə məxsusdur, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində almış, həmin bükümü şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Üzərinə şəxsi axtarış keçirilən zaman həyəcanlı olduğu üçün üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Nübar qəsəbəsində Hidayət adlı şəxsdən aldığını, hətta onunla bir neçə dəfə birlikdə narkotik vasitə, psixotrop maddə istifadə etdiyini bildirdiyini, yaşayış yeri Nübar qəsəbəsində olduğu üçün harda yaşadığının soruşulduğunu bilib elə məlumat vermişdir. Hidayət adlı şəxsi tanımadığını, həmin şəxslə birlikdə heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini, onun psixotrop maddə əldə etməsi barədə heç kimin məlumatı olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Sonda o, əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə zamanı şahid qismində dindirilən Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Saatlı rayonu, Fətəlikənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Nübar qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 12 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi Şahid2, polis nəfəri Şahid3la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Abşeron rayonu, Nübar qəsəbəsi, yeni məhəlləyə getmişlər. Nübar qəsəbəsi, yeni məhəllədə Təqsirləndirilən şəxs görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitə və psixotrop maddə istifadə etməsi və üzərində daşıması barədə ona şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinə dəvət etmişlər. Azadə də heç bir etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. Qobu polis bölməsinin inzibati binasında təhqiqatçı Məmmədxan Həsənov və müdafiəçi Gülnar Mirzəməmmədovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Azadə üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Azadənin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm tərəzidə çəkilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə Hidayət adlı şəxsdən 30 manat müqabilində aldığı və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin polis sahə rəisi Şahid2 və Qobu PB-nin sahənin polis nəfəri Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı video görüntüdə əynində olan cins şalvar olan şəxsin onun özü olduğunu bildirmişdir. Baxış keçirən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs əynində olan qara cins şalvarın sağ yan cibində içərisində bir ədəd şəffaf sellofana bükülmüş büküm psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin bükümü çıxarıb özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmuş, həmin bükülünü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin kütləni haradan nə vaxt aldığı ondan soruşulmuş o da həmin maddəni tanımadığı “Hidayət” adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 245” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,493 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş metamfetaminin təmiz çəkisi 1,493 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 1,443 qram təşkil edir. İş üzrə maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,443 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin fəhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 27-ci bəndində psixotrop maddə-metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən psixotrop maddə-metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN- nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparıİmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmançılığının məntiqi nəticəsi kimi , dəyərləndirilməlidir. İş materiallarında olan Saatlı RİHB-nın Fətəlikənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Fətəlikənd kəndində yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Daha sonra o, istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron RPİ İŞ-nin xx.xx.2023-cü il tarixli qərar ilə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində tanınmış Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, başqa cinayət törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 1649 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyaya görə məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,443 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı 64 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 384 (üç yüz səksən dörd) manat məbləğində pul və məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəza müddətindən çıxılaraq ona qəti cəza 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Başqa cinayət törətməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyaya görə məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,443 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs istintaq zamanı 64 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 384 (üç yüz səksən dörd) manat məbləğində pul və məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar