Məhkəmə qərarları › İş №1(012)-444/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-444/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-444/2022 11.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 iyul 1979-cu ildə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, işləməyən, Şəki şəhəri M.Kərimov küçəsi ev 5-də qeydiyyatda olan, Xırdalan şəhəri H.Əəliyev prospekti 240-A, "xxxx" yaşayış kompleksi, blok-1, mənzil 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, 11 yanvar 2022-ci il tarixdə, saat 20:30 radələrində Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 119 nömrəli marşrutun sonu adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızı bükümündə, təmiz çəkisi 0,553 qram kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq 20 manata əldə edib üstündə saxlayaraq daşımış, həmin tarixdə saat 21 radələrində Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, 119 nömrəli marşrutun sonu adlanan ərazidə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis idarəsinə gətirilib, Polis idarəsinin inzibati binasında xidməti otaqda üstünə şəxsi axtarış keçirilən zaman həmin kustar üsulla hazırlanmış 0,553 qram narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroindən qəbul edir.İstifadə etdiyi narkotik vasitələri Bakı şəhəri Yasamal rayonu Alatava qəsəbəsinin ərazisində tanımadığı şəxslərdən əldə edirmiş. 11 yanvar 2022-ci il tarixdə, saat təxminən 20:30 radələrində Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 119 saylı marşrutun sonu deyilən ərazidə olarkən təxminən 30-35 yaşlı bir kişi ona yaxınlaşaraq narkotik vasitə istəyibistəmədiyini ondan soruşmuş.O, da həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxs ona siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə narkotik vasitə olan heroin vermiş və o, da həmin şəxsə 20 manat pul vermişdir. Aldığı narkotik vasitəni əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyub saxlayırmış ki, ondan qəbul edəcək. Saat təxminən 21 radələri olmuş, həmin ərazidən evə piyada gedirmiş, iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək narkotik vasitələrin qəbulu ilə məşğul olduğundan şübhələnib, onu Abşeron rayon Pİ-nə dəvət etmişlər və o, da etriaz etməyib, onların xidməti avtomobilinə əyləşərək Abşeron RPİ-yə gəlmişlər. Polis İdarəsinə gəldikdən sonra onun üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərində narkotik vasitə olan heroini təqdim edib, həmin bükümün içərisindən narkotik vasitənin olduğunu bildirmişdir. Həmin büküm açıldıqdan sonra içərisinə baxış keçirilmiş, həmin narkotik vasitənin haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, həmin narkotik vasitəni həmin gün Xırdalan şəhəri Quşçuluq yaşayış massivində 119 nömrəli marşrutun sonunda tanımadığı şəxsdən 20 manat pula şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərində aşkar edilmiş bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır.Tərtib olunmuş protokol onlara oxunulmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərində aşkar edilmiş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etmişşdir və ona görə də üzərində gəzdirmişdir.Narkotik vasitə əldə etdiyi həmin şəxsin şəxsiyyətini bilmir, təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar olmuş, başqa əlamətlərini xatırlamır. Sonda o, cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində istintaqda dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili işləyir. 11 yanvar 2022-ci il tarixdə məxfi mənbədən ona Şəki şəhəri M.Kərimov küçəsi ev 5-də qeydiyyatda olan, Xırdalan şəhəri "xxxx" yaşayış kompleksi, ev A, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur.Həmin məlumatın yoxlanılması üçün tərəfindən Polis idarəsinin rəisinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün onun ətrafında müvafiq əməliyyat tədbirlərin keçirilməsi üçün qərar qəbul edilmiş, Polis İdarəsinin rəisi tərəfindən həmin qərar təsdiq edilmişdir. Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və birgə Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 119 nömrəli marşrutun sonu adlanan ərazidə Təqsirləndirilən şəxs tərəfindən müəyyən edilərək, ona yaxınlaşaraq özlərini ona təqdim edərək, narkotik vasitələrdən qəbul etməklə məşğul olmasında şübhəli olduğunu bildirmişlər və onu Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da bundan etiraz etməyərək onlarla Polis İdarəsinə gəlmiş, Polis İdarəsində Təqsirləndirilən şəxs ilə bağlı təhqiqatçı İlkin Ağayev tərəfindən araşdırma aparılmağa başlanmış, müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində bir ədəd siqaretin gümüşü kağızı bükümünü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin gün Xırdalan şəhəri Quşçuluq massivində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində narkotik vasitə olan heroinə oxşar maddə olmuş, həmin maddə olan büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər.Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatları olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə baxışında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 12 yanvar 2022-ci il tarixli, 6/183 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən....” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,553 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Məhkəmə baxışında şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində olan narkotik vasitə heroini təqdim etmiş və həmin maddə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 0,503 qram narkotik vasitə olan heroin mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Pİ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 may 2022-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat olmamışdır. İş materiallarında olan "xxxx" MTK-nın 05 iyun 2022-ci il tarixli, 611 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbs edilməsinin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 06 aprel 2022-ci il tarixli, 1642 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulasiyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,553 qram heroindən tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,503 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 58 (əlli səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probarsiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 58 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 348 (üç yüz qırx səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,553 qram heroindən tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,503 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 58 (əlli səkkiz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs ndan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 58 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 348 (üç yüz qırx səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar