Məhkəmə qərarları › İş №1(012)-444/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-444/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-444/2023 26.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Vidad qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yusifbəyli və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi “Baxçalı evlər” yaşayış kompleksi ev 26B, mənzil 61də arvadı Zərərçəkmiş şəxs ilə uşağa dərman almaması ilə bağlı şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla Zərərçəkmiş şəxs sol qoluna qəsdən bir dəfə zərbə vuraraq ona sol said nahiyəsinin kəsilmiş yarası xəsarətini yetirərək sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə 2021-ci ilin dekabr ayında rəsmi nigahla ailə həyatı qurmuşdur. Birgə nigahdan xx.xx.2022-ci il təvəllüdlü X5 adlı oğlan övladları vardır. Aygül ilə həmişə münasibətləri ailə kimi normal olmuşdur. Oğlu Rüzgarın allergiya xəstəliyi olduğu üçün ayda bir dəfə ərazi həkiminə, bundan başqa Abşeron rayon Mərkəzi Xəstəxanaya da aparıb müayinə etdirirmiş. Həkim tərəfindən deyilən dərmanları da alırmış. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə arvadı Aygül və oğlu Rüzgarı həkim müayinəsindən keçirdikdən sonra evə gəlmişlər. Onları evə düşürüb aptekdən dərman almağa getmişdir. Həmin aptekdə də dərman olmadığı üçün depodan sifariş edəcəklərini demişlər. Bundan sonra o, evə qayıtmışdır. Evdə anası Qaratelə zəng edərək yolda apteklərə baxmasını və ona şəkillərini göndərdiyi dərmanları almasını xahiş etmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində anası Qaratel dərmanları almaq üçün Bakı şəhərinə getmişdir. Aradan bir qədər keçdikdən sonra saat 14 radələrində qaynanası İradə gəlmişdir. O, İradəni qarşılamışdır. İradə onlarda olan vaxt oğlu Rüzgar ağlamağa başlamışdır. İradə uşağı qucağına almaq istəsə də, uşaq onun qucağına getməyərək ağlamağa davam etmişdir. Bundan sonra onlar Rüzgarı qucaqlarına alaraq sakitləşdirmişlər. Həmin vaxt İradə ondan uşağa həkim tərəfindən yazılan dərman reseptini verməsini istəmişdir. O, da övladma heç kimin müdaxilə etməməsi üçün resepti İradəyə verməmişdir. İradəyə uşağına yazılan dərmanları özü alacağını demişdir. Bundan sonra İradə telefonu ilə 103 təcili tibbi yardım xidmətinə zəng edərək uşağının öldüyünü, atasının uşağa baxmadığını, laqeyd yanaşdığını bildirmişdir. Danışığını bitirdikdən sonra İradə DİN-in 102 ximətinə zəng edərək yalandan onun İradəni və qızı Aygülü döyməyini bildirmişdir. Bundan sonra o, İradəyə niyə yalan məlumat verdiyini deyərək evi tərk etməsini tələb etmişdir. Nə qədər desə də İradənin evdən çıxmadığını görüb o, aşağı həyətə düşmüşdür. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlmişlər. Hazırda zərəçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Vidad qızı ifadəsində bildirmişdir ki, anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2021ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə rəsmi nigahla ailə həyatı qurmuşdur. Birgə nigahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı oğlan övladları vardır. Son vaxtlar Elşən ona və övladı ilə maraqlanmadığı üçün münasibətləri korlanmışdır. Elşən evə gec gəldiyi və ya gəlmədiyi üçün aralarında mütəmadi olaraq mübahisələri olurmuş. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Elşən evə bir gün sonra gəldiyindən o, Elşənə evə niyə gec gəldiyini irad bildirmişdir. Elşən də ona “get işinlə məşğul ol, uşağına bax” sözlərini demişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. X7cağına almışdır. O, Elşənə ehtiyatlı olmasını, uşağı silkələməməsini, bir az əvvəl ona allergiyaya qarşı dərman verdiyini deyərək uşağı qucağına almışdır. Bunu dedikdən sonra Elşən ona qışqıraraq uşağa niyə dərman verdiyini deyib üzərinə gəlmişdir. Elşən sol qulağına bir dəfə sillə vurmuşdur. Sonra qonaq otağında masanın üzərində olan uşağa aid bütün dərmanları götürüb zibil qutusuna atmaq istədikdə, o, Elşənə mane olaraq həmin dərmanlara kifayət qədər pul verildiyini, dərmanları atmamasını demişdir. Həmin vaxt qucağında olan oğlu Rüzgar ağlayırmış. Mübahisə vaxtı Elşən mətbəxdən bıçaq götürərək üzərinə gəlmişdir. O, bıçağı əli ilə tutmaq istədikdə Elşən bıçaqla sol qoluna zərbə vuraraq kəsmişdir. Bunu gördükdən sonra Elşən ondan aralanmışdır. O, da qolundan qan gəldiyi üçün qolunu sarğı ilə sarımışdır. Aradan bir qədər keçdikdən sonra saat təxminən 22 radələrində qaynanası Qaratel işdən evə gəlmişdir. Elşən anası Qaratelə onu xəstəxanaya aparıb qolunu həkimə göstərməyi desə də, qaynanası Elşənə əgər xəstəxanaya getsələr bu barədə polisin məlumatının olacağını demişdir. Bundan sonra Elşən onu həkimə aparmamışdır. O, da Elşən həyat yoldaşı olduğu üçün həmin vaxt ondan şikayət etməmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə axşam saat 19 radələrində Elşən evə gəlmişdir. O, oğlu Rüzgara həkimin yazdığı dərmanları vermək istəmişdir. Lakin Elşən uşağa dərman verməyə qoymamışdır. Oğlunu əlindən alacağını və anasına verəcəyini bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Elşən onun saçını yolaraq baş nahiyyəsindən zərbələr vurmuşdur. O, da həmin gün gecə saatlarında anası İradəyə mesaj yazaraq Elşənin onu döydüyünü bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində anası İradə yaşadıqları evə gəlmiş və onu aparmaq istəmişdir. Həmin vaxt evdə o və Elşən olmuşdur. Anası onu və oğlu Rüzgarı aparmaq istədikdə Elşən anası İradəyə buna imkan verməyəcəyini bildirmişdir. Bundan sonra Elşən anası İradənin üstünə bıçaq çıxardaraq onu aparmağına icazə verdiyini, lakin oğlu Rüzgarm evdə qalacağını deməklə hədələmişdir. Bunu görüb anası İradə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Mübahisə zamanı Elşən həm də uşağını onun əlindən alacağı ilə də hədələmişdir. Elşən əvvəllər də onu bir neçə dəfə döymüşdür. Əlavə olaraq bildirmişdir ki, Elşən onu xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadıqları ünvan 2 ünvanda yerləşən evdə sol qulağına bir dəfə sillə ilə, sol qoluna isə mətbəxdən götürdüyü mətbəx bıçağı ilə vurmuşdur. Həmin vaxt yanında heç kim olmamışdır. Yalnız azyaşlı oğlu Rüzgar olmuşdur. Təqsirləndirilən şəxs yalan danışdığını, Elşənin onun qoluna mətbəx bıçağı ilə zərbə vuraraq xəsarət yetirdiyini, həmin vaxt qaynanası Qaratelin evdə olmadığını, evdə yalnız ikisi olduğunu bildirmişdir. Onu Elşəndən başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. O, dalaşma zamanı Elşənə heç bir zərbə vurmamış və xəsarət yetirməmişdir. Elşən ilə aralarında dalaşma təxminən 10-15 dəqiqə davam etmişdir. Bədənində aşkar olunmuş sol said nahiyəsinin kəsilmiş yaranın izi olan çapığı xəsarətini əri Təqsirləndirilən şəxs mətbəx bıçağı ilə vuraraq yetirdiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, qızı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs doğma qızıdır. 2021-ci ilin dekabr ayında Aygül Təqsirləndirilən şəxs ilə rəsmi nigahla ailə həyatı qurmuşdur. Birgə nigahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı oğlan övladları vardır. Son vaxtlar Elşənlə qızı Aygülün münasibətləri korlanmışdır. Elşən evə gec gəldiyi və ya gəlmədiyi üçün aralarında mütəmadi olaraq mübahisələri olduğunu qızı Aygül ona deyirmiş. xx.xx.2023-cü il tarixdə gecə saatlarında qızı Aygül ona mesaj yazaraq Elşənin onu döydüyünü və təcili olaraq gedib onu götürməyini bildirmişdir. O, da artıq gecə olduğu üçün səhər gələcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində qızı Aygülün yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı evlər yaşayış kompleksində yerləşən evə getmişdir. Elşən onu qapıda qarşılamışdır. Bir qədər hal-əhval tutaraq söhbət etdikdən sonra nəvəsi Rüzgarm qızdırması olduğu üçün Elşənə həkimin yazdığı resepti ona verməyini, gedib lazım olan dərmanları alıb gətirməyini demişdir. Elşən ona narahat olmamağmı, anası Qaratelin axşam işdən gələndə dərmanları alacağını bildirmişdir. O, da Elşənə bir gün əvvəl nəvəsi Rüzgarı həkim müayinəsindən gətirdiklərini, niyə lazım olan dərmanları almadığını soruşmuşdur. Elşən də ona “uşaq mənimdir, nə istəyirəm onu da edirəm, müdaxilə etməyin” sözlərini demişdir. O, da Elşəndən resepti verməsə də, heç olmasa həkimin mobil nömrəsini verməsini xahiş etmişdir. Elşən də ona uşağının ölübölməməyinin ona aidiyyəti olmadığını demişdir. Bundan sonra o, Elşənə qızı Aygül ilə birbirini başa düşmədiklərini, qanuni qaydada boşanmalarını bildirmişdir. Elşən də ona qızı Aygülün onun sözünə baxmadığını, uşağa nə istəyir dərman verdiyini, ona görə də Aygülü aparmağını, oğlu Rüzgarı isə evdə qoymağı tələb etmişdir. O, da bir söz deməyib yataq otağına keçərək qızı Aygülün paltarlarını yığmağa başlamışdır. O, paltarları yığan zaman Aygül ona oğlu Rüzgarın qızdırmasının yüksək olduğunu, ona kömək etməyini xahiş etmişdir. Bundan sonra o, telefonu götürüb təcili tibbi yardım xidmətinə zəng etmişdir. Ona təcili tibbi yardım xidmətinin Abşeron rayon şöbəsinə zəng etməyini bildirmişlər. Həmin vaxt Elşən onun üst geyim paltarını və çantasını dəhlizə atmış və ünvanına nalayiq sözlər deyərək evdən çıxmağını tələb etmişdir. Elşən ona nə desə də o, evdən çıxmamışdır. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmin vaxt Elşən onun üzərinə mətbəx bıçağı ilə gələn zaman Aygül onun qabağına keçmişdir. O, da yataq otağına keçərək qapını örtmüşdür. Bir qədər keçdikdən sonra polis əməkdaşları gəlmişlər. Əlavə olaraq bildirmişdir ki, Elşən qızı Aygülü xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadıqları ünvan 2 ünvanda yerləşən evdə döymüşdür. Qızı Aygül ona dedikdən sonra Elşənin həmin gün onun sol qulağına bir dəfə sillə ilə, sol qoluna isə mətbəxdən götürdüyü mətbəx bıçağı ilə vurduğunu bilmişdir. Həmin vaxt evdə heç kim olmamışdır. Hadisə baş verən zaman orada olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs arasında bir neçə dəfə dalaşma baş vermişdir, qızı Aygül isə Elşənin barəsində əvvəllər heç bir şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu izahat verdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 180 saylı rəyində qeyd olunmuşdur ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına və tibbi sənəddə yazılanlara əsasən bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol said nahiyəsinin kəsilmiş yaranın izi olan çapığı iti kənarlı əşyanın (alətin) təsirindən müayinə olunan şəxsin göstərdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmişdir. Hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dalaşma Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı evlər yaşayış kompleksi ev 26B-də 61 nömrəli mənzildə baş vermişdir. Zərərçəkmiş şəxs Vidad qızı tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs Vidad qızı ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar