Məhkəmə qərarları › İş №1(012)-446/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-446/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-446/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Corat qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022- ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs ilə onun qeyri-rəsmi qadın-kişi münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs arasında, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən otellərdən birində birgə zaman keçirdikdən sonra sonuncunun getmək istəməsi səbəbindən mübahisə yaranmış və həmin mübahisə zamanı tərəflər qarşılıqlı olaraq bir-birlərini söyüb təhqir etdiklərindən Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilin salonunda Zərərçəkmiş şəxs sifətinə və bədəninin digər nahiyələrinə bir neçə dəfə əl zərbələri vuraraq onu döymüş, daha sonra isə onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron-2» yaşayış kompleksinə aparmışdır. Həmin komlpeksin qarajında olan zaman onlar arasında eyni mübahisə davam etmiş və bu dəfə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əl zərbələri ilə döyərək ona sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan qançır- şişkinliyi, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi(hematomaları) başın sağ gicgah, sol diz oynağı nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin və sağ əlin arxa səthinin qançırlarından ibarət Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 il olar ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi qadın-kişi münasibətlərində yaşayır və bu müddət ərzində onlar arasında hər hansı bir mübahisə və ya münaqişə olmamışdır. xx.xx.2022-ci il tarixdə o. Ülviyyə ilə birlikdə Novxanı qəsəbəsində yerləşən otellərdən birinə gedərək orada bir qədər istirahət etdikdən sonra o, getməli olduğunu Ülviyyəyə demiş, Ülviyyə isə nə üçün getdiyini soruşaraq mübahisə yaradıb onu söyüb təhqir etmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və o, məsələnin daha da böyıiməməsi üçün otaqdan çıxıb maşınına doğru getmişdir. Lakin Ülviyyə də onun arxasınca gələrək maşına oturmuşdur. Avtomobildə olan zaman o, Ülviyyənin mübahisəni davam etdirərək sakitləşmədiyini və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini görüb onun sifət nahiyəsinə bir neçə dəfə sillə zərbəsi vurmuşdur. Bundan sonra Ülviyyə onu təhqir etməyə davam etsə də o, buna məhəl qoymayaraq onu yaşadığı Xırdalan şəhəri, «Kristal Aləşeron-2» yaşayış komlpeksinə aparmışdır. Oraya çatan zaman Ülviyyə ondan kompleksin qarajına düşməsini istəmiş, o isə buna etiraz etməyərək avtomobilini qaraja sürmüşdür. Dayanacaqda olan zaman Ülviyyə yenə də onu söyüb təhqir etdiyindən o, ilk əvvəl Ülviyyənin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra onun qollarından tutub sıxaraq kənara itələmişdir. Bundan sonra mübahisənin daha da genişlənməməsi üçün o, idarə etdiyi avtomobilə oturub oradan uzaqlaşmışdır. O, əlavə olaraq sözügedən mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda başqa şəxslərin olmadığını, eləcə də Ülviyyənin ona müqavimət göstərmədiyini də qeyd etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edib Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2 ilə yaxın müddətdir ki, qeyri-rəsmi qadın-kişi münasibətlərində yaşayır və bu müddət ərzində onlar arasında hər hansı bir mübahisə və ya narazılıq olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində o, Kamranla görüşüb onunla birlikdə Novxanı qəsəbəsində yerləşən otellərdən birinə getmişlər. Orada bir qədər vaxt keçirdikdən sonra Kamran getmək istədiyini bildirmiş, o isə onu tək qoyub hara getdiyini soruşmuşdur. Bu sualdan əsəbləşən Kamran onu söyübtəhqir etmiş, daha sonra otaqdan çıxıb maşınına doğru getmiş, o isə Kamranın arxasınca gedərək onun idarə etdiyi «Chevrolet Cruze» markalı avtomobilə oturmuş və onu evə aparmasını xahiş etmişdir. Həmin vaxt Kamran əli ilə onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq onu döymüş və onu söyüb təhqir etmişdir. Lakin Kamran onun müqavimət göstərmədiyini görüb bir qədər sakitləşmiş və onu yaşadığı ünvana aparmışdır. Yaşadığı binanın qarşısında o, maşından düşmək istəyən zaman Kamran onu söyüb-təhqir etmiş, o isə eyni formada cavab qaytarmışdır. Bu səbəbdən Kamran maşından düşüb onun arxasınca gələrək yenə də onun sifətinə və bədəninin digər nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq onu döymüş, daha sonra isə idarə etdiyi avtomobilə oturub oradan uzaqlaşmışdır. Həmin vaxt o, xəsarət aldığından ailəsinin bunun bilməməsi üçün əmisi qızıgilə getmiş və özünü yaxşı hiss etmədiyindən baş vermiş hadisə barədə hər hansı bir hüquq-mühafizə orqanına məlumat verməmişdir. Lakin sonradan o, Kamranın öz səhvini başa düşmədiyini görüb onun barəsində şikayət etmək qərarına gəlmişdir. O, əlavə olaraq sözü gedən mübahisənin təxminən 10-15 dəqiqə davam etdiyini və mübahisə zamanı ətrafda başqa şəxslərin olmadığını da bildirmiş, o cümlədən məlum hadisə zamanı Kamrana hər hansı bir formada müqavimət göstərmədiyini qeyd etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı verdiyi mülki iddiadan imtina etdiyini bildirərək, işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022ci il tarixli 1109 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan qançır-şişkinliyi, sol gözaltı- almacıq nahiyəsinin qançır-şişkinliyi(hematomaları) başın sağ gicgah, sol diz oynağı nahiyələrinin sıyrıqları. sağ bazu nahiyəsinin və sağ əlin arxa səthinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin(əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud məhkum olunması barədə məlumat kartotekasında hər hansı bir qeyd aşkar edilməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar