Məhkəmə qərarları › İş №1(012)-449/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-449/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-449/2021 16.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ ` Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1990-cı ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin xüsusi amansızlıqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 18.05.2021-cu il tarixdə saat 19 radələrində Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən fərdi evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı ona xüsusi əzab və iztirab verdiyini dərk edərək azyaşlı uşaqlarının gözləri qarşısında xüsusi amansızlıqla yumruq və təpiklə sonuncunun saçından tutub başını divara vurmuş, sonra isə yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə zərbə endirərək alnında sıyrıqlar, sağ körpücük, sağ bazu, sağ diz oynağı nahiyələrində qançırlar, sol Xİ qabırğanın sınığı kimi xəsarətlər yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2011-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan üç az yaşlı övladları anadan olmuşdur. 18.05.2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən evində uşaqlarının tərbiyəsinin üstündə arvadı Mərhəmət ilə aralarında mübahisə olmuş, mübahisə zamanı o, əli ilə Mərhəmətin bədəninə və qollarına 1-2 sillə vurmuş, ancaq, o, həmin vaxtı Mərhəmətin qabırğalarını sındırmamışdır. 18.05.2021-ci il tarixdə arvadı Mərhəmət ilə aralarında olan mübahisə evdə təxminən 5-10 dəqiqə davam etmiş, evdə uşaqlardan başqa kimsə olmamışdır. Sonda o, hərəkətindən peşman olduğunu bildirib ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan üç azyaşlı övladı vardır. Ailə həyatı qurduqdan sonra Şamil onunla yaşadığı evdə mütəmadi olaraq səbəbsiz yerə mübahisələr edib onu döymüşdür. O, bu barədə əvvəllər heç kimə heç nə deməsə də sonuncu dəfə 18.05.2021-ci il tarixdə saat 19-20 radələrində yaşadığı evdə onu səbəbsiz yerə döydüyü üçün səhəri günü saat 09 radələrində qardaşı Dağbəyiyə zəng edib onunla danışdıqdan sonra Dağbəyi onun evinə maşın göndərmiş, uşaqları ilə birlikdə maşınla qardaşı evinə getmişdir. Orada onun halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılmış, həkimlər evə gəlib onu müayinə etmiş, sabahı günü isə polislər onun yaşadığı ünvana gəlmiş, o, da polislərə baş vermiş hadisə ilə bağlı məlumat vermiş, sonra isə bu barədə ərizə ilə müraciət edib MTE-dan müayinədən keçmişdir. Polislər onun müraciəti əsasında toplanmış materialı hadisənin baş verdiyi yer üzrə Abşeron RPİ-nə göndərəcəklərini bildirmişlər. O, ifadəsinə əlavə olaraq göstərdi ki, hadisədən bir neçə gün əvvəl Şamil onunla sözlə mübahisə edib onu öldürəcəyini demişdir. 18.05.2021-ci il tarixdə saat o, saat 17 radələrində əri işdən evə gəlmiş, yemək istədikdə ona yemək vermiş, ona «səni döyəcəm, səndən üç gündür yığıram» demişdir. O, isə Şamilə məhəl qoymayıb ona yemək verdikdən sonra hamama gedib paltarları yumuş, sonra isə evə gəldikdə qızı Səadətin stolda oturub qarşısındada dəftər-kitab ilə məşğul olduğunu, həyat yoldaşı Şamilin isə divanda uzandığını görmüşdür. O, Səadətdən yazısını yazıb dərsini oxumadığını soruşduqda qızı Səadət atasının «yazma, axşam mən sənə başa salaram onda yazarsan» dediyini bildirmişdir. O, qıza heç nə demədən hamama getmiş, paltarları gətirmişdir. Uşaqların səs-küyünü və qışqırdıqlarını eşidəndə yuxarı çıxmış, Şamil uşaqlarını pilləkəndən aşağı salanda o, oğlunu qucağına götürmüş, Şamil böyük qızı Səadəti evin zirzəmisinə, onu isə mətbəxə salıb ondan gizlin qardaşları ilə görüşməyini bəhanə edərək onu döyməyə başlamış, həmin vaxtı Şamil onun başından, yəni saçından tutub divara vurub yerdə evin bu başından o biri başına sürümüş, sonra isə yerdə təpik və yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə, qabırğalarına vurub onu döymüşdür. Şamil onu əli ilə boğanda balaca qızı Yağmur arxadan Şamili dişlədiyi üçün sonuncu onu buraxmışdır. O, əlavə olaraq göstərdi ki, yaşadığı Pirəkəşkül qəsəbəsində Şamil bir neçə dəfə onu döydüyü üçün DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, sonra isə qohum-əqrəbasinin təkidi ilə şikayətini geri götürmüşdür. O, şifahi qaydada Təqsirləndirilən şəxs ilə barışdığını və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid1 göstərdi ki, Şamil və Mərhəmət onun valideynləridir. Bacısı Səadət və körpə qardaşı Cəlil valideynləri ilə birgə yaşayırlar. 18 may 2021-ci il tarixdə axşam vaxtı atası Şamil evə gəlmiş, anası Mərhəmət ona yemək vermiş, atası yeməyini yedikdən sonra gedib divanda uzanmışdır. O, bacısı Yağmurla digər otaqda oynayarkən səs-küy saldıqlarına görə atası otağa gəlib onların üstünə acıqlanmış, sonra bacısı Səadəti zirzəmiyə salmış, bu zaman o, atasının əlindən dişlədiyinə görə atası onu zirzəmidən çıxarıb hər ikisini yuxarı qaldırmış və bir də səs salsalar onları cəzalandıracağını bildirmişdir. Bundan sonra atası Şamil anası Mərhəmətlə mübahisə etmiş, mübahisə zamanı anası Mərhəməti yerə yıxıb təpiklə vurarkən onlar qışqırdıqlarına görə atası sakitləşmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid2 göstərdi ki, Ağdam rayonu 33 saylı orta məktəbin 3-cü sinfini qurtarmışdır. O, ailəsi ilə birgə Pirəkəşkül qəsəbəsində yaşayırlar. Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs anasıdır. 18 may 2021-ci il tarixdə axşam vaxtı atası evə gələrkən anası Mərhəmət ona makaron yeməyi vermiş, atası Şamil yeməyini yedikdən sonra gedib divanda uzanmışdır. O, stolda oturub ingilis dilindən dərslərini hazırlayarkən atası Şamil ona yaxınlaşıb “yazılarını saxla axşam sənə kömək edərəm birlikdə yazarıq” deyəndə o, kitab və dəftərini yığışdırmışdır. Bu zaman anası gəlib ondan yazısını yazmadığını soruşanda atasının «yazma, axşam mən sənə başa salaram onda yazarsan» dediyini bildirmişdir. Bundan sonra o, bacısı Yağmurla birgə digər otağa keçib oynamağa bağlamış, həmin vaxtı səs-küy saldığına görə atası otağa gəlib üstünə acıqlanmış, sonra onu və bacısını aşağıya zirzəmiyə tərəf apararaq «səs saldığınıza görə sizi zirzəmiyə salacam» deyə hədələmişdir. Onu zirzəmiyə salmış, bu zaman bacısı Yaşmur atasını dişlədiyinə görə atası onu zirzəmidən çıxarıb hər ikisini yuxarı qaldırmış və «əgər bir də səs salsanız sizi cəzalandıraram» deyə bildirmişdir. Bundan sonra atası Şamil anası Mərhəmət ilə mübahisə etməyə başlamış, atası anasını yerə yıxmış və təpiklə vurmağa başlamışdır. Onlar qışqırmış və o, araya girəndə atası onun boğazından tutaraq divana tərəf itələyib yenə də anasını döyməyə başlamış, sonra isə anasının vəziyyətinin pis olduğunu görüb ondan əl çəkmişdir. Səhəri gün anası Mərhəmət Ağcabədi rayonunda yaşayan Dağbəyi dayısına zəng vurub döyülməyini ona demiş, bundan sonra onlar taksi ilə Ağcabədi rayonunda yaşayan dayısı evinə getmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs 2011-ci ildə Təqsirləndirilən şəxslə ailə qurmuş, birgə nikahlarından iki qız və bir oğlan övladları anadan olmuşdur. 19.05.2021-ci il tarixdə səhər saat 09 radələrində bacısı Mərhəmət istifadəsində olan telefona zəng edərək dünən gecə saatlarında yaşadığı evdə əri Şamilin onu döyərək bədən xəsarətləri yetirdiyini, əri ilə birgə yaşamaq istəmədiyini, Ağcabədi rayonuna gəlmək istədiyini bildirdikdə o, Abşeron rayonu ərazisində həmkəndlisinin taksi sürücüsü olduğunu, onu uşaqları ilə rayona gətirməyi tapşıracağını bildirmişdir. Bundan sonra o, həmkəndlisi olan taksi sürücüsünə zəng vurub bacısının yaşadığı ünvanı bildirərək onu Ağcabədi rayonuna gətirməsini xahiş etmişdir. Həmin günü bacısı uşaqları ilə birgə onun yaşadığı ünvana gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından istintaq zamanı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizası ekspertinin 21.05.2021-ci il tarixli 202 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-alnında sıyrıqlar, boynunda qançır, sağ körpücük nahiyəsində qançır, sağ bazuda qançırlar, sağ diz oynağında qançır, sol Xİ qabırğanın sınığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir, yetirilmə müddəti 18.05.2021-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan sol Xİ qabırğanın sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, digər qançır və sıyrıqlar isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH Başçısının Aşağı Güzdək Qəsəbəsi İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 02.07.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi Aşağı Güzdək qəsəbəsində məskunlaşmış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, onun himayəsində üç azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, məcburi köçkün olmaqla himayəsində üç azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla məhkəmə baxışında 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Bakı şəhəri, Abşeron rayonu ərazilərini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla məhkəmə baxışında 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar