Məhkəmə qərarları › İş №1(012)-449/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-449/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-449/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Abşeron rayonu Hökməli dairəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 60 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofanda içərisində 14 ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,531 qram, 0,415 qram, 0,454 qram, 0,506 qram, 0,496 qram, 0,531 qram, 0,386 qram, 0,500 qram, 0,481 qram, 0,527 qram, 0,474 qram, 0,543 qram, 0,528 qram, 0,509 qram, ümumilikdə 6,881 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə qurudulmuş marixuanaları qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində DİN-in Baş Dövlət Yol Polis İdarəsinin X6 əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sol döş cibindən ümumi çəkisi 6,881 qram təşkil edən həmin narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir. Rəsmi olaraq heç bir yerdə işləmir, arada gümüşü rəngli “Kia Rio” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2-3 il müddətdir ki, narkotik vasitə marixuananı çəkməklə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində idarə etdiyi “Kia Rio” markalı **-LO- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Hökməli dairəsi deyilən yerdə olan zaman avtomobilində sərnişin qismində əyləşmiş tanımadığı şəxs ona 60 manat müqabilində ümumilikdə 14 bükümdə narkotik vasitə marixuana satdığını bildirmişdir. Həmin şəxs sərxoş olmuşdur. O, da narkotik vasitə marixuana istifadə etdiyi üçün həmin narkotik vasitə marixuananı özü istifadə etmək üçün almaq qərarına gəlmişdir. Həmin bükümləri özü az-az istifadə etməyini düşünmüşdür. Bundan sonra həmin şəxsə 60 manat pul verib şəffaf sellofanın içərisində olan ağ rəngli kağızlara bükülmüş içərisində narkotik vasitə marixuana olan 14 ədəd bükümü özü istifadə etmək üçün almışdır. Bundan sonra həmin şəxs ondan aralanmışdır. Aldığı həmin bükümləri əynində olan qara rəngli gödəkçəmin sol döş cibinə qoymuşdur. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsindən “Daş bazarı” deyilən ərazi istiqamətində idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən yol-patrul xidməti əməkdaşları ona saxla işarəsi vermişlər. O, da avtomobilini bir qədər irəlidə yolun kənarında saxlamışdır. Polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona manevr qaydalarını pozduğunu bildirmişlər. Polis əməkdaşları bir qədər danışdıqdan sonra ona Sumqayıt şəhərində yerləşən xəstəxanada narkoloji testdən keçmək üçün həmin yerə onlarla birlikdə getməyi bildirmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhərində yerləşən xəstəxanaya getmişlər. Orada həkim müayinəsi zamanı verdiyi narkoloji testin nəticəsi müsbət çıxmışdır. Polis əməkdaşları avtomobilini cərimə meydançasına yerləşdirəcəklərini bildirmişlər. O, da etiraz etməmişdir. Polis əməkdaşları ilə söhbət əsnasında üzərində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra yol-patrul xidməti əməkdaşları onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona videoçəkiliş ilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan qara rəngli gödəkçəmin sol döş cibində saxladığı şəffaf sellofanın içərisində olan 14 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə marixuana bükümlərini çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin bükümlər təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan bükümləri Abşeron rayonu, Hökməli dairəsində avtomobilinə müştəri qismində əyləşmiş tanımadığı şəxsdən 60 manat müqabilində aldığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan 14 ədəd bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Daha sonra polis əməkdaşları ona idarə etdiyi avtomobilə baxış keçiriləcəyini demişlər. O, da etirazı olmadığını bildirmişdir. Polis əməkdaşları onun iştirakı ilə idarə etdiyi gümüşü rəngli “Kia Rio” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər. Baxış zamanı avtomobilindən qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Etdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan 14 ədəd büküm özünə məxsusdur, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Abşeron rayonu, Hökməli dairəsində olan zaman avtomobilinə əyləşmiş tanımadığı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün almış, həmin bükümləri şəxsi istifadəsi üçün üzərində saxlamış, əldə etdiyi həmin bükümlərdən heç kimə verməmiş, satmamış və bəxşiş etməmişdir. Onun narkotik vasitə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmadığını, heç vaxt da satmadığını, şəxsi istifadəsi üçün narkotik vasitə marixuana tapmaqda çətinlik çəkdiyi üçün 14 büküm narkotik vasitə marixuananı aldığını, sonra həmin narkotik vasitə marixuananı az-az özü istifadə edəcəyini bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Dövlət Yol Polis İdarəsinin X6 inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2018-ci ildən, tutduğu vəzifədə, yəni Baş Dövlət Yol Polis İdarəsinə bilavasitə tabe olan X6 inspektoru vəzifəsində 2020-ci ildən hazırda polis baş serjantı rütbəsi ilə xidmət edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində X7 yaxınlığında bölüyün əməkdaşı inspektor polis serjantı Şahid2la birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul maşını ilə xidmət apararkən Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsindən “Daş bazarı” istiqamətində hərəkətdə olan gümüşü rəngli “Kia Rio” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr qaydalarını pozduğunu görüb həmin avtomobilin sürücüsünə saxla işarəsi vermişlər. Həmin avtomobilin sürücüsü bir qədər irəlidə yolun kənarında avtomobili saxlamışdır. Bundan sonra patrul maşınından düşərək həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra sürücüyə manevr qaydalarını pozduğunu bildirmişlər. Sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə söhbət əsnasında davranışı şübhəli və danışarkən qeyri-iradi hərəkətlər etdiyi üçün onu Sumqayıt şəhərində yerləşən xəstəxanada narkoloji testdən keçirmək qərarına gəlmişlər. Bunun üçün sürücü Təqsirləndirilən şəxsa onu narkoloji testdən keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sumqayıt şəhərində yerləşən xəstəxanaya getmişdir. Orada həkim müayinəsi zamanı Təqsirləndirilən şəxs narkoloji testinin nəticəsi müsbət çıxmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilini cərimə meydançasına yerləşdirəcəklərini bildirmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs üzərində nakotik vasitə marixuana olduğunu demişdir. X9 rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon Polis İdarəsinin inzibati binasında baş təhqiqatçı Zamiq Mustafayev, X6 əməkdaşı Şahid2 və müdafiəçi Könül Məmmədovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını demişdir. Bundan sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, Eldar da əynində olan qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd şəffaf sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofan açıldıqda 14 ədəd ağ rəngli kağıza bükülmüş içərisində narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmişdir. Sonra Eldarın üzərinə şəxsi axtarış keçirilmiş, üzərində dövriyyəsi qanunla qadağan olunmuş başqa hər hansı əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan bükümləri Abşeron rayonu, Hökməli dairəsində avtomobilinə müştəri qismində əyləşmiş tanımadığı şəxsdən 60 manat müqabilində aldığını və həmin bükümləri yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçiriləcəyini demişlər. Eldar da etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə idarə etdiyi gümüşü rəngli “Kia Rio” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirmişlər. Baxış zamanı avtomobildən qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-in Baş Dövlət Yol Polis İdarəsinin X6 inspektoru Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7/306 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazılar və imzalar olan zərfdə 14 (on dörd) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,531 qram, 0,415 qram, 0,454 qram, 0,506 qram, 0,496 qram, 0,531 qram, 0,386 qram, 0,500 qram, 0,481 qram, 0,527 qram, 0,474 qram, 0,543 qram, 0,528 qram, 0,509 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır(qalıq 6,601 qram - 0,28 qram (hər obyektdən 0,02 qram) narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Marixuanaların ümumi çəkisi – 6,881 qramdır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1228 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ittiham elan olunmuş və Abşeron RPİ-nin MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki qara rəngli gödəkçənin sol döş cibindən bir ədəd şəffaf sellofanda içərisində narkotik vasitə marixuanalar olan 14 ədəd ağ rəngli kağız bükümlər polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Bundan başqa, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan bükümləri avtomobilinə müştəri qismində əyləşmiş tanımadığı şəxsdən aldığını və həmin bükümləri şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə də, məhkəmə, məhkəmədə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq ümumi təmiz çəkisi 6,881 qram qurudulmuş marixuana əldə edib saxlamaqla törətmiş olduğu əməllərində cinayət tərkibi vardır. Lakin, təqsirləndirilən şəxsin narkotik maddəni satış məqsədilə əldə edib saxlamasını təsdiq edən kifayət qədər sübutlar olmadığı halda ibtidai araşdırma orqanı onun əməlini satış məqsədilə qanunsuz olaraq narkotik maddə əldə etmə kimi qiymətləndirərək düzgün olmayaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.». Yuxarıda göstərilən maddənin tələbinə əsasən məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Cinayət Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən, Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messaga və Habordo İspaniyaya qarşı” məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifələrini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də üzərindən aşkar edilmiş 14 (on dörd) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,531 qram, 0,415 qram, 0,454 qram, 0,506 qram, 0,496 qram, 0,531 qram, 0,386 qram, 0,500 qram, 0,481 qram, 0,527 qram, 0,474 qram, 0,543 qram, 0,528 qram, 0,509 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, Hökməli dairəsində avtomobilinə müştəri qismində əyləşmiş tanımadığı şəxsdən 60 manat müqabilində almış və həmin narkotik vasitələri özü istifadə etməsi üçün üzərində saxlanmasını bildirmişdir. İbtidai araşdırma zamanı və məhkəmə iclaslarında Təqsirləndirilən şəxs 14 (on dörd) ədəd ağ rəngli kağız bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində daşıması öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi xüsusatı öz təsdiqinə dair heç bir sübut əldə edilməmiş, aparılmış əməliyyat-axtarış və istintaq hərəkətləri ilə göstərilən narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofanda içərisində 14 ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,531 qram, 0,415 qram, 0,454 qram, 0,506 qram, 0,496 qram, 0,531 qram, 0,386 qram, 0,500 qram, 0,481 qram, 0,527 qram, 0,474 qram, 0,543 qram, 0,528 qram, 0,509 qram, ümumilikdə 6,881 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsini sübut edən heç bir dəlil ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatlarının olması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə şahidlər ifadələrində göstərmişdir ki, xidmət apararkən Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə dairəsindən “Daş bazarı” istiqamətində hərəkətdə olan gümüşü rəngli “Kia Rio” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr qaydalarını pozduğunu görüb həmin avtomobilin sürücüsünə saxla işarəsi verdiklərini, həmin avtomobilin sürücüsü bir qədər irəlidə yolun kənarında avtomobili saxladıqlarını, sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə söhbət əsnasında Təqsirləndirilən şəxs üzərində nakotik vasitə marixuana olduğunu, sorğu zamanı sonuncu həmin bükümləri şəxsi istifadəsi üçün üzərində saxladığını dediyini bildirmişlər. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq, onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması başa düşülür. Cinayət işinin materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədilə və ya digər şəxsi marağa görə narkotik vasitə olan heroini əldə etməsinə dair heç bir sübut mövcud deyildir. Bundan əlavə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmağı üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Lakin, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin miqdarı, satışını həyata keçirən alıcı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitə olan qurudulmuş marixuananı 14 ədəd ağ rəngli kağıza bükülmüş, bir ədəd şəffaf rəngli selofan parçasına bükülmüş bükmdə olması və narkotik vasitələr hazırlanması üçün hər hansı bir avadanlığın (elektron tərəzinin) olmasına dair heç bir sübut mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, «Saidinin Fransaya qarşı» işi üzrə 20 sentyabr 1993cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin «d» yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”-nın konkret müddəalarına əsasən beynəlxalq adı «heroin» olan narkotik vasitənin 0,15 qramdan artıq (təmiz halda qramlarla) heroin şəxsi istehlak miqdarından artıq, 2 qramdan artıq (təmiz halda qramlarla) isə heroin isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, narkotik vasitələrin, psixotrop madələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə alınması, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkətlər başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs 14 ədəd ağ rəngli kağıza bükülmüş, 01 ədəd şəffaf rəngli selofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,531 qram, 0,415 qram, 0,454 qram, 0,506 qram, 0,496 qram, 0,531 qram, 0,386 qram, 0,500 qram, 0,481 qram, 0,527 qram, 0,474 qram, 0,543 qram, 0,528 qram, 0,509 qram, ümumilikdə 6,881 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuana satış məqsədilə əldə edib saxlaması sübuta yetirilmədiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, iş materiallarına əlavə edilmiş DVD diskin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, ona CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasının yüngülləşdiriən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Bağıyev X5 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamn qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,601 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Bağıyev X5 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 72 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 6,601 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar