Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-450/2023 28.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi – Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1977-ci ildə Şamaxı rayonu, Dağ-Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi işlə məşğul olan, Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mirzə İbrahimov küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mirzə İbrahimov küçəsində yaşayan qonşusu Zərərçəkmiş şəxs avtomobilini onun evinin qarşısında saxlaması, sonuncunun ona irad bildirməsi səbəbindən yaranmış mübahisə dava-dalaşa çevrilmiş, həmin vaxt Təqsirləndirilən şəxs yumruq və taxta parçası ilə qəsdən Zərərçəkmiş şəxs başına, sifətinə və bədən nahiyəsinə vuraraq, nəticədə ona başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burun, qarın, sol diz oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsi nahiyəsinin qançırları ilə müşayiət olunan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Mirzə İbrahimov küçəsində yaşadığı evdə olan zaman bacanağı Elxan da onlara qonaq gəlmiş, Elxan avtomobili ilə evindən getmək istədikdə qonşusu Tərlanın avtomobilinin qapının qarşısında dayandığını və onlara maneçilik yaratdığını görüb Tərlanın yaşadığı ünvana gedərək onun evinin qapısını döymüşdür. Bu zaman Tərlan qapını açıb “bu vaxtı məni niyə narahat edirsən” dedikdə o, Tərlana avtomobilini qapının qarşısından götürüb başqa yerdə saxlamasını, evdə olan qonağına yol verməsini xahiş etdikdə Tərlan maşının başqa yerə doğru idarə edib qonağının getməsinə imkan yaratmışdır. Tərlan maşını yenidən park etmiş, onun evinin qapısını döydüyünə və maşınını yoldan çəkməyinə görə ona irad bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tərlan onun sifətinə yumruqla zərbə vurmuş, o da Tərlanla əlbəyaxa olub, qarşılıqlı davadalaş etmiş, Tərlan onu yerə yıxmışdır. Sonra onlar öz evlərinə getmişlər. Bundan sonra Tərlan və yanındakı digər üç nəfər şəxs onun həyətinə gəlib, onu həyətindən çölə çıxartmışlar. Onun əlində olan taxta parçası Tərlanın başına dəymişdir. Sonra onlar Tərlanla birlikdə öz evlərinə çıxıb getmişlər. Onların mübahisəsi təxminən 3-4 dəqiqə küçədə olmuşdur. Mübahsiəyə səbəb Tərlanın avtomaşınının onun evinin qarşısında saxlaması və qonağının getməsinə maneçilik yaratması üçün ona irad bildirib, qapısını döyməsi olmuşdur. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, hərəkətindən peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o, idarə etdiyi Toyota Prius markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilini Xırdalan şəhəri, Quşçuluq massivi, Mirzə İbrahimov küçəsində saxlayıb fərdi yaşayış evinə getmişdir. O, həmin vaxt evində olan zaman evinin qapısı döydüldüyü üçün qapını açmış, bu zaman qonşusu Təqsirləndirilən şəxs ona avtomobilini guya onun evinin qarşısında saxladığını deyərək irad bildirmişdir. O, avtomaşınını Təhsinin qonağının çıxıb getməsi üçün biraz kənara doğru idarə edib qonağının çıxıb getməsinə imkan yaratmışdır. Təhsinin qonağı getdikdən sonra o, avtomobilini yenidən əvvəlki yerində park etmişdir. Bundan sonra Təhsin yenidən ona yaxınlaşıb kobud tərzdə avtomobilini həmin yerdə saxlamamağını ondan tələb etmişdir. O, Təhsinə maşını hər zaman saxladığı yerdə yəni, olduğu kimi saxlayacağını bildirdikdə Təhsin yumruq zərbəsi ilə bir dəfə onun sifətinə vurmuşdur. Bu zaman o da Təhsinlə ələbəyaxa olub, Təhsinin sifətinə və bədəninə yumruqla zərbələr vurub, cavab qaytarmışdır. Bundan sonra o, Təhsini yerə yıxıb, sakitləşməsini bildirmişdir. Həmin vaxt Təhsin onun sinəsini dişlədiyi üçün o, Təhsini buraxıb, ayağa qalxıb, evinə doğru hərəkət etdikdə Təhsin yerdən taxta parçası götürüb qəfildən qəsdən onun başının arxa tərəfindən zərbə vurub, ona xəsarət yetirmişdir. Bundan sonra o, mübahisənin böyüməməsi üçün öz evinə keçib qapını arxadan bağlamışdır. Təhsin qapını döyüb, onu çölə çağırsa da xəsarəti olduğu üçün o, qapını açmamış, Təhsin də oradan çıxıb getmişdir. Sonra o, əvvəlcə TTY-na daha sonra isə DİN-nin 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə Şamaxı rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 128 maddəsi və 221.1-ci maddəsi ilə barəsində 1 il islah işləri 20 %, bundan əlavə xx.xx.2009-cu il tarixdə Qobustan rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə 1 il azadlıqdan məhrum etməklə 2 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzası təyin edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixdə verdiyi 555 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar edilmiş xəsarətlər- başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alın, burun, qarın, sol diz oynağı nahiyələrinin sıyrıqları, döş qəfəsi nahiyəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə dava-dalaş zərbələri ilə vurulma nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması və hər ikisinin məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edən ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-450/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-450/2023
28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver