Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-450/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərəçəkmişin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-ciı il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə “Whatsap” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs “Whatsap” sosial şəbəkəsində güya onu təhqir etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydalara qarşı etinasızlıq göstərərək cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına və davranış qaydalarına qarşı saymamazlıq edərək bilərəkdən öz şəxsiyyətini digərlərinin şəxsiyyətlərinin fövqündə qoymaqla, gücünü nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə şəxs üzərində zor tətbiq edərək ictimai yerdə gecə vaxtı üzərində olan silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs sağ sarğı, sağ bud və sol baldır nahiyələrinə qəsdən vuraraq sonuncuya sağ sarğı, sağ bud və sol baldır nahiyələrinin deşilmiş-kəsilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İşin məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir həftə əvvəl onlarla qonşuluqda yaşayan Natiq onu mobil telefonun “Whatsapı-da” sinif yoldaşları ilə olan qrupa daxil etmişdir. Natiqgil qrupda səbəbsiz yerə söyüşlər yazdıqları üçün o həmin “Whatsap” qrupundan bir neçə dəfə çıxsada Natiqgil yenə onu qrupa daxil edib söyüş yazmışlar. xx.xx.2023-cü il tarixdə gecə saatlarında həmin “Whatsap” qrupunda olan Tunar adlı oğlan ona söyüşlər yazmağa başlamışdır. O, Tunara söyüş söyməməsini bildirmiş və söyüş söydüyü üçün Tunara bıçaqla vurar deyə bildirmişdir. Tunar isə vurmayanın ünvanına söyüş söymüşdür. Bundan sonra o, Tunara görüşmələri üçün ünvanını bildirməsini demişdir. Tunarda votsapla ona olduğu ünvanı göndərmiş və o, Tunarın göndərdiyi ünvana getmişdir. Yolda tanışı Pərvinlə rastlaşmış və birlikdə Masazır qəsəbəsində yerləşən “Oğuz” kafesinin qarşısına getmişlər. Həmin vaxtı saat təxminən 02 radələrində Tunar adlı oğlan yanlarına gəlmiş və o, Tunara nə üçün söyüş söydüyünü bildirmişdir. Tunar da yaxşı etdiyini bildirmiş və aralarında mübahisə olmuşdur. Pərvin onları sakitləşdirməyə çalışıb mübahisə etməmələrini bildirmişdir. Sonra Pərvin oradan çıxıb getmişdir. O, Tunardan üzr istəməsini bildirsə də, Tunar ondan üzr istəməmiş və o, evdən götürdüyü mətbəx bıçağını sağ qolunda köynəyinin altından çıxarıb Tunarın sol ayağına bir dəfə, sağ ayağına isə iki dəfə vurmuş və Tunar yerə yıxılmışdır. O, bundan sonra oradan çıxıb getmişdir. Hadisə gecə vaxtı olmuş, küçədə ikisindən başqa kimsə olmamışdır. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid adına 1 saylı orta məktəbin 10 D sinifində oxuyur. Sinif yoldaşları arasında mobil telefonda “Whatsap”-da qrup yaratmışlar və qrupda sinif yoldaşları ilə yazışmışlar. Sinif yoldaşı X3 qonşusu və tanışı Rəvan adlı uşağı “Whatsap”-da qrupa daxil etmişdir. Təxminən xx.xx.2023-cü il tarixdə Rəvan votsap qrupundan çıxacağını bildirmiş və bir də onu qrupa daxil edənin ünvanına söyüş söymüşdür. O da Rəvana cavab yazıb “səhv edib ona söyüş söyərsən” deyə bildirmişdir. Bundan sonra, votsapda Rəvanla aralarında mübahisə yaranmışdır. O və sinif yoldaşları Rəvanın onları söydüyü üçün onlar da Rəvanı söyüb təhqir etmişlər. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Rəvan votsapda ona yazıb görüşmək istədiyini bildirmişdir. Rəvanın onunla görüşmək istəməsinə səbəb yazışmalarında Rəvanın onu bıçaqla vuracağını bildirmiş və o da bıçaqla vurmayanın ünvanına söyüş söyməyi olmuşdur. Rəvanın təkidindən sonra o, Rəvana ünvanlarını göndərmiş və bundan 20 dəqiqə sonra Rəvan ona yazıb evlərinin yanında olan “Oğuz” kafesinin qarşısında olduğunu bildirmişdir. Bundan bir neçə dəqiqə sonra o, küçəyə çıxıb Rəvanın yanına getmiş və həmin vaxtı Rəvanın yanında onlarla eyni küçədə yaşayan Pərvin adlı oğlanda olmuşdur. Rəvan nə üçün onu söydüyünü deyib üzr istəməyini bildirmiş və o da Rəvana özünün əvvəl onu söydüyünü bildirmişdir. Həmin vaxtı Pərvin mübahisənin boş bir şey olduğunu deyib barışmalarını bildirmiş və oradan çıxıb getmişdir. Bundan sonra, Rəvan sağ qolundan çıxardığı bıçaqla sağ ayağına bir dəfə, sol ayağına dizdən aşağı iki dəfə vurmuşdur. Onu vurduqdan sonra Rəvan qaçıb getmişdir. O da evlərinə gedib bu barədə valideynlərinə demiş və onu xəstəxanaya aparmışlar.Onu da qeyd edir ki, hadisə vaxtı onlardan başqa hadisə yerində kimsə olmamışdır. Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirərək cəza təyin olunan zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun oğludur, Tunar Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Ə.Vahid adına 1 saylı orta məktəbin 10-cu sinifində oxııyur. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində oğlu Tunar şalvarı qan içində evə gəlmiş və o, Tunardan nə olduğunu soruşduqda Tunar Rəvan adlı uşağın bıçaqla ayağına vurduğunu bildirmişdir. O, Tunardan bunun səbəbini soruşmuş və Tunar Rəvanla votsapda aralarında mübahisə olduğunu və bir-birlərini söydüyü üçün Rəvanın onu küçəyə çağırdığını və bundan sonra bıçaqla ayağına vurduğunu bildirmişdir. Bundan sonra Tunarı Abşeron rayon Mərkəzi xəstəxanasına aparmışlar və orada Tunara tibbi yardım göstərilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində anası Təranə zibili atmağını ona bildirmiş və o zibili götürüb küçəyə çıxmışdır. Həmin vaxtı küçədə onlarla eyni məhlədə yaşayan Rəvan adlı oğlanla rastlaşmış və Rəvandan haraya getdiyini soruşmuşdur. Rəvan hara getdiyini bildirməmişdir. O, zibili atıb qayıtdıqda yaşadıqları küçədə yerləşən “Oğuz” kafesinin yanında Rəvanın bir nəfər üzdən tanıdğı, lakin adını bilmədiyi oğlanla mübahisə etdiyini görüb yaxınlaşmış və nə üçün mübahisə etdiklərini soruşmuşdur. Rəvan həmin oğlanın “Whatsapda” onu söyüb təhqir etdiyini bildirmişdir. O, Rəvana eyni məhlədə yaşadıqlarını bildirib mənasız yerə mübahisə etməmələrini demişdir. Rəvan ona aidiyyəti olmadığını deyib, çıxıb getməyini bildirmişdir. O da Rəvangilin yanından çıxıb getmişdir. Səhəri gün küçədə Rəvanla rastlaşmış və Rəvan onunla rastlaşan gecə mübahisə etdiyi Tunar adlı oğlanı bıçaqla vurub xəsarət yetirdiyini və buna görə polisə çağırıldığını bildirmişdir. İstintaq zamanı Şahid1 barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Abşeron rayon şöbəsinin 25 mart 2023-cü il tarixli 540 nömrəli rəyindən görünür ki, 1991 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol qulaq seyvanının şişkinlik halında qançırı, qığırdaq hissəsinin yaralanması, qulaq seyvanının əzilmiş- cırılmış yarası, sağ budun yuxarı 1/3-nin iç səthinin qançırı, sağ əlin İİ barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 22 mart 2023-cü il tarixdə dava-dalaş zamanı bərk küt əşyanın (əşyaların) zərbəsindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İstintaq zamanı Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə- tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Abşeron rayon şöbəsinin 04 aprel 2023-cü il tarixli 563 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol göz yuvasının bayır səthinin bir ədəd, sol qulaq arxası nahiyənin iki ədəd sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; 22 mart 2023-cü il tarixdə dava-dalaş zamanı əl zərbələrinin zərbəsindən əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İstintaq zamanı təyin edilmiş məhkəmə-trasoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2023-cü il tarixli 2312 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ sağrı, sağ bud və sol baldır nahiyələrinin deşilmiş-kəsilmiş yaraları iti deşici- kəsici əşyanın (əşyaların), alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarından görünür ki, iş üzrə xx.xx.2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2023-cü il tarixdə iş üzrə əməl CM-nin 128-ci maddəsindən CM-nin 221.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. Həmin qətimkan tədbiri məhkəmədə də öz qüvvəsində salxanılmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməsi kimi hallar işin məhkəmə baxışında sübut edilməmişdir. Əksinə toplanmış sübutlar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermiş, hadisə zamanı ikisindən başqa kənar şəxs orada olmamış, hər hansı ictimai qayda pozulmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı tərəflərin ifadələrindən və işin faktiki vəziyyətindən bir daha müəyyən edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişənin səbəbi xx.xx.2023-cü il tarixdə Rəvanın votsap qrupundan çıxacağını bildirməsi və bir də onu qrupa daxil edənin ünvanına söyüş söyməsi, zərərçəkənin də Rəvana cavab yazıb “səhv edib ona söyüş söyərsən” deyə bildirməsi,bundan sonra, votsapda Rəvanla aralarında mübahisə yaranması olmuşdur. Hadisə vaxtı görüşün də məqsədi məhz mübahisənin həlli ilə bağlı tərəflərin danışıq aparmaları olub. Hadisə olan yer ictimai yer olsa da, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən ictimai qaydanın pozulması işin məhkəmə baxışında təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə xuliqanlıq cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında nə obyekt əlamətləri, nə obyektiv cəhətin əlamətləri, nə də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq yoxdur. Belə ki, mübahisə hər hansı şəxsi narahat etməmiş, mübahisədən narahatlıq keçirən şəxslər olmamışdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməsi ilə bağlı məhkəmə yuxarıdakı mövqeyinə uyğun olaraq qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə xəsarət yetirməsi tərəflər arasında münaqişəli münasibətlər zəminində baş verdiyindən həmin əməl xuliqanlıq cinayəti kimi tövsif oluna bilməz.Çünki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və onun düzgün olmayan hərəkət kimi qiymətləndirdiyi hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Zərərçəkmiş şəxsin hadisə zamanı aldığı xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət olduğundan bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan 128-ci maddəsi ilə də tövsif olunmalıdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, bəhs olunan əməl ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan habelə Təqsirləndirilən şəxs tərəfindən bışaqdan silah qismində istifadə etməsi cinayətin tövsifinə təsir etmədiyindən, həmin hərəkətlərin faktiki əlamətləri yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ona görə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin verdiyi səlahiyyətdən istifadə edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlıq cinayətinin nəzərdə tutulduğu 221.3-cü maddəsindən real olaraq baş vermiş əməli əhatə edən tərkib əlamətinin nəzərdə tutulduğu Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini və zərərçəkənlə barışıq əldə edilməsini və zərərçəkən və onun qanuni nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək təqsirləndirilən şəxslə barışıq əldə edildiyini ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişlər. Qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zau oğlu cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin,məhkəmə hesab edir ki, işin hazırkı halında Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, iş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-450/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-450/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver