Məhkəmə qərarları › İş №1(012)-451/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-451/2022

13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-451/2022 13.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Abşeron rayonun Masazır kəndin qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanında, yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi qadın-kişi münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs arasında, məişət münasibətləri zəminində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncu zərərçəkmişin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla əlləri ilə onu itələmiş və həmin vaxt müvazinətini itirən Zərərçəkmiş şəxs başı divara da dəymişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsinin, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və səhti əzilmiş yarası, başın alın və sol gicgah-təpə nahiyələrinin, sağ gözaltı-almacıq nahiyəsinin qançırından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2010-cu ildə tanış olmuş və bir qədər ünsiyyətdən sonra onlar qeyri-rəsmi qadın-kişi münasibətlərində yaşamağa başlamışlar. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar aralarında qısqanclıq zəminində tez-tez mübahisələr yarandığından bu münasibətlər korlanmışdır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində o, Günelin yaşadığı, Xırdalan şəhəri, «Quşçuluq» y/m, Nizami küçəsi ev 8 ünvanında yerləşən evində olan zaman ac olduğunu bildirib yemək istəmiş, Günel isə masaya yemək qoymuşdur. Həmin vaxt o, işi ilə bağlı hesab aparmağa başlamış, Günel isə yeməyinin soyuduğunu ona xatırlatmışdır. O isə cavabında işini yekunlaşdırıb yeməyini yeyəcəyini demişdir. Bu zaman Günel masanın üzərinə qoyduğu içi yemək dolu boşqabı götürüb yerə çırparaq ona «yemirsən cəhənnəmə ye» deyə bir ifadə işlətmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Günel onun ünvanına söyüşlü ifadələr işlətmişdir. Həmin vaxt o, əsəbləşərək Günelin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra Günelin qışqır-bağır saldığını görüb oradan çıxıb getmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs ilə 2012-ci ildə tanış olmuş və bir qədər ünsiyyətdən sonra onlar qeyri-rəsmi qadın-kişi münasibətlərində yaşamağa başlamışlar. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar aralarında qısqanclıq zəminində tez-tez mübahisələr yarandığından bu münasibətlər korlanmışdır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində o, yaşadığı evdə olan zaman Elçin də oraya gəlmiş və söhbət əsnasında o, evin qaz, işıq və su pulunu ödəməsində köməklik göstərməsini Elçindən xahiş etmişdir. Həmin vaxt Elçin ondan hazırda xadiməçi işlədiyi yerdən çıxmasını tələb edərək ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Elçin yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurub onu kənara itələmiş, nəticədə onun başı divara dəymişdir. Bundan sonra o, şikayət edəcəyini bildirdiyindən Elçin oradan çıxıb getmişdir. O, əlavə olaraq məlum münaqişənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını bildirmiş, eləcə də bu mübahisə zamanı Elçinə müqavimət göstərmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilərkən çəkilmiş fotoşəkillər və müvafiq qaydada tərtib olunmuş protokol nəzərdən keçirilmişdir.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1315 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - burun nahiyəsinin, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və səhti əzilmiş yarası, başın alın və sol gicgah-təpə nahiyələrinin, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, sağ qulaq seyvanının səthi əzilmiş yarası, sol said nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində, insan bədəni hissələrinin (əl, əl barmaqları baş və sair) təsirindən əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Əhmədov X4 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il islah işləri cəzasına məhkum olunmuşdur. Lakin Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunur. Belə ki, həmin maddənin tələblərinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslərin məhkumluğu onlar cəzanı çəkib qurtardıqdan bir il keçdikdə ödənilmiş hesab olunur. Abşeron RİHB-nın Masazır qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.02022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, X1 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73- 2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar