Məhkəmə qərarları › İş №1(012)-451/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-451/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-451/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-cu ildə Abşeron rayonu, Fatmayı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş 0,312 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Gorədil qəsəbəsinə daşımış, 25 avqust 2023-cü il tarixdə saat 20 radələrində Abşeron RPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Gorədil qəsəbəsində saxlanılaraq Abşeron RPİ-nin X4 gətirilmiş və həmin gün saat 22:00-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kustar üsulla hazırlanmış 0,312 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşayıe, 1 azyaşlı övladı var. Narkotik vasitə istifadəçisidir. 21 avqust 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadə üçün narkotik vasitə heroin almışdır. 25 avqust 2023-cü il tarixdə Goradil qəsəbəsində piyada hərəkətdə olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər O, etiraz etməyərək X4 getmiş, orada üzərinə baxış keçirilmiş və könüllü olaraq üzərində olan narkotik vasitəni təqdim etmişdir. Himayəsində 1 azyaşlı övladı var, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən heroin barədə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, həmin şəxsin cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, üzərində qanunsuz gəzdirilən heroinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. 25 avqust 2023-cü il tarixdə saat 20 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə Abşeron rayonu, Fatmayı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görərərək həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsi Abşeron RPİ-nin Mehdiabad PB-nə dəvət etmişdirlər. Onu da qeyd etmişdir ki, onlar şübhəli şəxsi polis bölməsinə gətirənə qədər həmin şəxs nəzarətlərində olmuşdur. Polis bölməsinə gəldikdən sonra həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün tərəflərindən raport yazılaraq bölmə rəhbərliyinə məruzə olunmuşdur. Bundan sonra Polis bölməsinin təhqiqatçısı Polad Ağayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək sonuncuya dövlət tərəfindən vəkil təyin edilmiş və şübhəli şəxs qismində təhqiqatçı tərəfindən tutularaq üzərinə video çəkilişlə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçı P.Ağayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş və təhqiqatçı tərəfindən verilən suala cavab olaraq bildirmişdir ki, bükülünün içərisində olan narkotik vasitə heroindir və həmin heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Bundan sonra aşkar edilərək götürülmüş maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək imzalarla təsdiq olunmuş və video çəkilişin qeydə alındığı CD disk protokola əlavə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da analoji ifadə verərək Şahid1 Cavad oğlunun ifadəsini təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2023-cü il tarixli, 6/4554 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün 236 №-li” dairəvi möhür əksi, “Vət.Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,312 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi – 0,312 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq qaldı – 0,262 qram. İş üzrə təyin edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 noyabr 2023cü il tarixli, 7787 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd CD diskə məhkəmə istintaqında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı P.Ağayev, Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, bundan başqa onun üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuş, o isə, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən istifadəsi üçün 1 ədəd bükümdə 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini bildirir. Videogörüntüyə baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən başqa hal qeydə alınmadı. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 0,312 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,262 qram heroin saxlanılması üçün Abşeron RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Abşeron rayon məhkəməsinin hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Şamilov X2 rayon məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Azəbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayon polis idarəsinin şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 26 avqust 2023-cü il tarixdə müstəntiq Cavid Kərimli tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə Abşeron rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov tərəfindən vəsatət təmin edilməyərək Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul olunmuşdur. 26 avqust 2023-cü il tarixdə müstəntiq Cavid Kərimli tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə yerləşdirilmiş və həmin tarixdə iş üzrə icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixdə iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmaqla həmin tarixdə MSY-dən azad edilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman təhqiqatçı P.Ağayev Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini təklif edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, bundan başqa onun üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamış, həmin kütləni haradan və nə vaxt aldığı ondan soruşulmuş, o isə, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 21 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən istifadəsi üçün 1 ədəd bükümdə 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsini bildirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2009-cu il təvəllüdlü Kənan adlı 1 azyaşlı övladının olmasını, 2-ci qrup əlil olmasını onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, təqsirləndirilən şəxsin yaşayış yerinin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Abşeron Rayon məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qararı ilə təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək CM-nin 68.1.1-1-ci maddəsinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 avqust 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cımi 03 (üç) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, ümumilikdə 03 gün müddət hazırki hökmdə təyin ediləcək cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, cəmi 0,262 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Abşeron Rayon məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, CM-nin 68.1.1-1-ci maddəsinə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 03 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla, ümumilikdə 03 (üç) gün müddət hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin, dərhal məhkəmə zalında həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 0,262 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən :Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar