Məhkəmə qərarları › İş №1(012)-451/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-451/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-451/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2şayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2024-cü il gecə saat 00:10 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 3 ünvanına növbəti dəfə alkoqol sərxoşluğu vəziyyətində gələrək əvvəl sağlamlığa qəsdən yüngül zərər vurması faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron rayon Məhkəməsinin icraatında olan 1(012)-939/2024 sadələşdirilmiş icraat üzrə zərərçəkmiş arvadı Zərərçəkmiş şəxs hələ də, məhkəməyə barışıq ərizəsi ilə müraciət etmədiyinə görə irad bildirib ailə daxili münasibətlər zəminində aralarında yaranmış həmin narazılıq, habelə qısqanclıq zəmnində mübahisə edərək, həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun sifət, baş, habelə yumruq, əl, ayaq, təpik zərbələri ilə hər iki qol (bilək), bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq Zərərçəkmiş şəxs sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol said nahiyəsinin sol dirsək oynağı nahiyəsinə keçən iri ölçülü hematoması, sağ said nahiyəsinin qançırı, sıyrığı ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. Nuranə ilə 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan iki övladı var. Son vaxtlar tez-tez alkoqol içki qəbul etdiyi üçün Nuranə ilə aralarında ailə daxili sözlə mübahisələri olur.Sonuncu dəfə 2024-cü ilin avqust ayında Abşeron rayonu, Müşfiq qəsəbəsində kirayədə yaşdıqları evdə Nuranəni döydüyü üçün Nuranənin ərizəsi əsasında Qobu polis bölməsində toplanmış material Abşeron rayon məhkəməsinə göndərilmişdir. Dəfələrlə Nuranədən barışmaq istədiyini xahiş etsə də, Nuranə ondan bir ay vaxt istəmiş, məhkəmə prosesi 28 noyabr 2024-cü il tarixinə təyin olunmuşdur. Buna görə də o vaxt uzandığı üçün əsəbiləşmişdir. 31 oktyabr 2024-cü il tarixdə gecə saat 00:15 radələrində sərxoş vəziyyətdə Masazır qəsbəsi, Füzuli küçəsində yerləşən evlərinə gəlmiş və Nuranəyə nəyə görə onunla barışmaq istəmədiyini, məhkəmənin vaxtını uzatdığının səbəbini soruşmuş, bu zaman aralarında sözlə mübahisələri yaranmışdır.Mübahisə zamanı əsəbiləşərək Nuranənin üzərinə gedib yumruq və təpik zərbələri ilə Nuranənin qollarından vuraraq xəsarət yetirmişdir. Həmin vaxt evdə olan azyaşlı oğlu Teymur Arzumanov bu barədə telefonla “102” xidmətinə zəng edib məlumat vermişdir. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə kənar şəxsin olmadığını, mübahisəni kənar şəxsin görmədiyini, mübahisə zamanı sadəcə arvadı Nuranəni vurduğunu, oğlu Teymuru və ailə üzvlərindən heç kimi döymədiyini, həmin vaxt Nuranə onu vurmadığını və heç bir bədən xəsarəti yetirmədiyini göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Elxanla 2010-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan iki azyaşlı, yəni 2012-ci il təvəllüdlü X2 və 2016-cı il təvəllüdlü X3 adlı övladı var. Son zamanlar Elxan mütəmadi olaraq alkoqol içki qəbul etdiyindən aralarında sözlə mübahisələri olur.2024-cü ilin avqust ayında Elxan Abşeron rayonu, Müşfiq qəsəbəsində kirayədə yaşdıqları evdə onu döyərək xəsarət yetirdiyi üçün Qobu polis bölməsinə müraciət etmiş və bununla bağlı araşdırma aparılaraq Abşeron rayon məhkəməsinə göndərilmişdir.28 oktyabr 2024-cü il tarixdə Abşeron rayon məhkəməsində keçirilən iclas zamanı Elxan onunla barışmaq itədiyi üçün o da Elxanla bir aydan sonra, yəni 28 noyabr 2024-cü ildə barışacağını bildirmişdir. Buna görə də növbəti məhkəmə prosesi xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Bundan sonra Elxan yenə də onunla məhkəmənin vaxtının uzatdığını əsas gətirərək evdə sözlə mübahisələr yaratmışdır.30 oktyabr 2024-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixinə keçən gecə saat 00:10 radələrində Elxan sərxoş vəziyyətdə evə gəlmiş və yenə də, onunla barışmadığını, məhkəmənin vaxtının uzatdığını deyib bunu mübahisiəyə çevirmiş və ünvanına nalayiq ifadələr işlədərək onu pozğun, fahişəliklə məşqul olduğunu, yad kişilərl əünsiyyətdə olduğunu deyərək üzərinə gəlmişdir. Mübahisə vaxtı Elxan əlləri ilə onun sifət, yumruqtəpik zərbələri ilə isə qollarından (bilək) vuraraq döyüb xəsarət yetirmişdir. Həmin vaxt yanınd olan xx.xx.2012-ci il təvəllüdlü oğlu X2 telefonla Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək atasının onu döyməsi barədə məlumat vermişdir.Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, mübahisə zamanı evdə kənar şəxsin olmadığını, həmin vaxtı oğlu Teymurun həyacanlı vəziyyətdə olduğu üçün öz fikrini tam düzgün çatdıra bilmədiyini, yəni Elxanın sadəcə onu döydüyünü, digər ailə üzvlərindən hər hansı birini, eyni zamanda oğlu Teymuru döymədiyini, əri Təqsirləndirilən şəxs onu döydüyü üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyini göstərmişdir. Sonda o, məhkəmədən əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və onunla barışmadığını nəzərə alaraq, barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2548 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol said nahiyəsinin sol dirsək oynağı nahiyəsinə keçən iri ölçülü hematoması, sağ said nahiyəsinin qançırı, sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasından əldə olunmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(021)-939/2024 saylı məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Abşeron RPİ-də araşdırılması aparılaraq Abşeron rayon məhkəməsinə göndərilmiş ********* nömrəli sadələşdirilmiş icraat materialı Abşeron rayon Məhkəməsinin icraatındadır 1(012)-939/2024. İşdə olan Abşeron rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 1(012)-939/2024 saylı Qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 73.2 maddəsinə əsasən zərərçəkən Zərərçəkmiş şəxs ilə barışmalarına görə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməli törətmiş şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 59-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə şikayət verən şəxs əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır və hazırda ondan şikayətçidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi, ev 14 ünvanını gecə saat 21:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Əvvəlki məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 20 saat olmaqla, 220 manat, müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə ümumilikdə 10 saat olmaqla, 110 manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlığın məhdudlaşdrılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərində yaşayış yeri olan Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi, ev 14 ünvanını gecə saat 21:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasının müddəti icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclası zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 220 manat, məhkəmə iclası zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 110 manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar