Məhkəmə qərarları › İş №1(012)-452/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-452/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-452/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 1(010)-389/2023 saylı hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi Üzümlük massivi, Azadlıq küçəsində fərdi nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr və dekabr aylarında Bakı şəhəri Suraxanı rayonu ərazisində ayrı-ayrı şəxslərə məxsus fərdi yaşayış evlərindən oğurluq etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə olan cinayət işi Suraxanı rayon Məhkəməsində baxılma mərhələsində olmasına baxmayaraq təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 07 iyul 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Saray qəsəbəsi Azadlıq küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə, sonra isə evin zirzəmisinə qanunsuz daxil olaraq, oradan bir ədəd 35 manat dəyərində «X2 ZİC-DS-32F» markalı prefaratoru, bir ədəd 30 manat dəyərində «DWT WS-180TV» markalı laqondanı, bir ədəd 25 manat dəyərində «İnterskol DU-750ER» markalı direli və bir ədəd 25 manat dəyərində «Elektrik drill» markalı direlı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 115 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. Suraxanı rayon məhkəməsində barəsində olan cinayət işinə baxıldığı müddətdə, yəni 2023-cü ilin iyul ayında işi olmadığı üçün maddi vəziyyəti ağır durumda olmuşdur. Başqa çıxış yolu olmadığı üçün yenidən oğurluq etməyə qərara gəlmişdir. Buna görə o, 07 iyul 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Saray qəsəbəsi Azadlıq küçəində piyada gedərkən qonşuluqda yaşayan Süleyman adlı şəxsin fərdi evinin qarşısından keçəndə həyət qapısı açıq qaldığından, həmin evin zirzəmisinin qapısının açıq olmasını və içəridə direl, laqonda və taxta kəsən mişar olmasını görmüşdür. Həyətdə heç kimin olmadığını görüb içəri daxil olmuş və zirzəmidə giriş hissədə olan 2 ədəd direli, 1 ədəd laqondanı, 1 ədəd prefaratoru götürüb oradan küçəyə çıxıb taksi ilə təmir alətlərini aparıb Sumqayıt şəhərində 47-ci məhəllədə yerləşən metal qəbulu məntəqəsinə şəxsiyyət vəsiqəsini təqdim edərək 250 manata satmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Təmir alətlərini satdığı şəxsə həmin alətlərin özünə məxsus olduğunu işləmədiyi və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Süleymana məxsus evin zirzəmisindən oğurluğu özü tək törətmişdir. Oğurluğu maddi ehtiyacı olduğu üçün etmiş, etidiyi əməldən peşman olmuşdur. Sonda o, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, rəsmi olaraq işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olur. 07 may 2023-cü il tarixdə saat təxminən 16 radələrində işdən evə gələrkən evin zirzəmisinin qapısının açıq olmasını görüb zirzəmiyə baxdıqda içəridə ona məxsus olan 1 ədəd «DWT» markalı taxta kəsən laqondanın, 1 ədəd «Xander» markalı prefaratorun və 1 ədəd «Makita» markalı və 1 ədəd kiçik ölçülü direllərin və 1 ədəd lazer ölçü cihazının yerində olmadığını aşkar etmişdir. Evə keçib həyat yoldaşından ona məxsus alətləri zirzəmidən kimin götürməsini soruşmuş, həyat yöldaşı ona bu barədə məlumatı olmadığını, zirzəmidən ona məxsus alətləri götürmədiyini bildirmişdir. O, arvadından həmin gün evlərinə gəlib-gedənin olub- olmadığını soruşmuş, arvadı evə heç kimin gəlmədiyini demişdir. Hər ehtimala qarşı o, qardaşı Əlisəfaya zəng vurmuşdur ki, ola bilsin laqondanı, direli, lazer aparatını və prefaratoru qardaşı ondan xəbərsiz götürmüşdür. Lakin qardaşı ona təmir alətlərini götürmədiyini demişdir. Bundan sonra o, naməlum şəxsin gizlin olaraq evin zirzəmisinə daxil olub alətlərini oğurladığını başa düşmüşdür. O, ilk öncə qonşuluqda yerləşən mağazadakı kamera görüntülərinə baxmışdır. Həmin vaxt saat 11 radələrində bir nəfər şəxsin onların evi istiqamətində getməsini görüb həmin şəxsdən şübhələnmişdir. Buna görə də onun video görüntüsündən foto şəklini telefonu ilə çəkmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə oğurluq barədə məlumat vermişdir. Polis əməkdaşları müraciəti ilə bağlı yaşadığı evə gələrək ərizə və izahatını almış və evinə baxış keçirmişlər. O, sonradan lazer ölçü cihazını işlədiyi yerdə olmasım aşkar etmişdir. Hadisədən bir neçə gün sonra Saray polis bölməsinin əməkdaşlarının evində baş vermiş oğurluq hadisəsini törədən şəxsi müəyyən etdikləri məlum olmuşdur. Həmin şəxsin Saray qəsəbəsində yaşayan Renad adlı şəxsdir. Polis əməkdaşları Renadın tapılması istiqamətində tədbirlər gördüyünü bildirmişlər. Evində baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 850 manat ziyan dəymişdir.Oğurlanmış prefaratorun qiyməti 450 manat, taxtakəsən laqondanın qiyməti 250 manat, direlin biri 100 manat, kiçik direl isə 50 manat təşkil etmişdir. O, ərizə və ifadəsində təmir alətlərinin dəyərini həmin alətləri aldığı qiyməti nəzərə alaraq göstərmiş, lakin işlənmiş vəziyyətdə dəyərini dəqiq bilməmişdir. Oğurlanmış təmir alətləri onun özünə qaytarılmışdır. Cinayət işi üzrə oğurlanmış təmir alətlərinin işlənmiş vəziyyətdə qiymətini müəyyən etmək üçün təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində təmir alətlərinin işlənmiş vəziyyətdə olan qiymətləri ilə bağlı heç bır etirazı olmamışdır. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilmişdir.Təqsirləndirilən şəxsə qarşı şikayəti ,tələbi yoxdur. Məhkəmənin elektron sistemindən çıxarışdan görünür ki, Şahid xx.xx.2024-cü ildə ölmüşdür . İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2019-cu ildən Sumqayıt şəhəri 47-ci məhəllədə metal qəbulu məntəqəsində işləyir. Əsasən metal və plasmas malları qəbul edir. 07 iyul 2023-cü il tarixdə işdə olan zaman bir nəfər şəxs məntəqəyə gəlib özünə aid təmir alətlərini satdığını bildirmişdir. O, gətirdiyi alətlərə baxmış və işlək vəziyyətdə olduğunu görmüşdür. O, həmin şəxsdən alətlərin oğurluq olub-olmadığını soruşmuşdur. Həmin şəxs alətlərin özünə məxsus olmasını, pula ehtiyacı olduğu üçün həmin alətləri satmaq istədiyini ona bildirmişdir. Həmin şəxs təmir alətlərini 400 manata satdığını bildirmiş. O, cəmi 250 manat pul verə bilməsini demişdir. Həmin şəxs onunla razılaşıb 2 ədəd direli, 1 ədəd laqonda və bir ədəd taxta kəsən prefaratoru ona vermişdir. O, həmin şəxsə şəxsiyyət vəsiqəsini verdikdən sonra həmin alətləri alacağını demişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsini ona göstərmiş, onun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. O, Renadın anket məlumatlarını yazıb sonra 250 manat pulu vermişdir. Bir neçə gün sonra iş yerində olarkən 2 nəfər Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları işlədiyi məntəqəyə gələrək 07 iyul 2023-cü il tarixdə ondan təmir alətləri alması barədə soruşmuş, o, polis əməkdaşlarına bir neçə gün öncə Renad adlı şəxsdən özü üçün təmir alətləri almasını, Renadın şəxsiyyət vəsiqəsindəki məlumatları özündə qeyd etdiyini bildirib alətləri aldığı şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları ona aldığı təmir alətləri oğurluq olduğu üçün maddi sübut kimi idarəyə təqdim olunmalı və bununla bağlı ifadə verməli olduğunu izah edərək polis idarəsinə dəvət etmişlər. Buna görə o, polis əməkdaşları ilə birlikdə təmir alətlərini götürüb polis idarəsinə gəlmiş və aldığı təmir alətlərini təqdim edə bilməsini bildirmişdir. O. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və sonuncu ona başqa hər hansı bir əşya satmamışdır. O, Renaddan aldığı təmir alətlərinin oğurluq omasını bilməmiş, sonuncu ona həmin alətlərin özünə məxsus olmasını bildirmiş və şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdır. O, Renada inanıb həmin alətləri özü üçün almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/7465/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş malların istifadə olunması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 115 manat müəyyən edilmişdir. -«X2 ZİC-DS-32F» markalı prefarator 35 manat; -«DWT WS-180TV» markalı laqonda 30 manat; -«İnterskol DU-750ER» markalı direl 25 manat; -«Elektrik drill» markalı direl 25 manat; İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, istintaq zamanı aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd «X2 ZİC- DS- 32F» markalı prefarator, 1 ədəd «DWT WS-180TV» markalı laqonda, 1 ədəd «İnterskol DU-750ER» markalı direl, 1 ədəd «Elektrik drill» markalı direl cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını bağlı saxlanc yerinə daxil olmaqla gizli olaraq talayıb oğurluq cinayətini törətmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmasına münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)- 389/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Azərbaycan Respublikasi Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, şahidin məhkəmə tərəfindən elan olunaraq tədqiq edilmiş ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Brazidin oğlunun barəsində Suraxanı rayon Məhkəməsinin icraatında AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işinin istintaqı aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 28 noyabir 2023-cü il tarixli 1(010)-389/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həbsdə saxlanıldığı 05 ay,13 gün müddət CM-nin 69.3 maddəsinə əsasən cəmi 10 ay 26 gün ona təyin edilmiş cəzasından çıxılmış üzərində 2 il, 1 ay, 4 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Təqsirləndirilən şəxs Braziddin oğlu ittiham olunduğu cinayət hadisəsini törədərkən əvvəl törətdiyi cinayətə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından məhkum olunmuş hesab olunmur və əməlində cinayətin residivi yoxdur. Məhkəmə zərərçəkmiş şəxsə ziyanın ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)- 389/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudulaşdırılması cəzası hazırkı iş üzrə təyin olunmuş azadlığın məhdudulaşdırılması cəzası ilə əhatə olunmaqla ona qəti olaraq azadlığın məhdudulaşdırılması cəzası təyin edilməlidir. İşin materiallarında olan Bakı şəhər Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 8826/19 saylı məktubundan görünür ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-389/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs 02 il 01 ay,04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum 26 fevral 2024-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-389/2023 saylı hökmü xx.xx.2024-cü il tarixdə icra olunması üçün Sumqayıt şəhər Probasiya şöbəsinə göndərilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-389/2023 saylı hökmü ilə təqsirləndirilərək məhkum edilməsi barədə şəxsi iş Sumqayıt şəhər Probasiya Şöbəsinin icraatında yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və Suraxanı rayon məhkəməsi tərəfindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar həbsdə saxlanıldığı 05 ay,13 gün müddət, cəmi 05 ay 15 gün müddət CM-nin 69.3 maddəsinə əsasən cəmi 11 ay müddət ona ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq ona qəti cəza təyin olunmalı, cəzasının əvvəli 26 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri Abşeron rayonu, Saray qəsəbəsi Üzümlük massivi, Azadlıq küçəsində fərdi nömrəsiz evi axşam saat 22:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «X2 ZİC-DS- 32F» markalı prefarator, 1 ədəd «DWT WS- 180TV» markalı laqonda, 1 ədəd «İnterskol DU-750ER» markalı direl, 1 ədəd «Elektrik drill» markalı direl cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə elan olunmuş ittihamdan CM-in 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-389/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudulaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs üzərində 03 (üç) il müddətinə azadlığın məhdudulaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlanıldığı bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 11 (on bir) ay müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Saray qəsəbəsi Üzümlük massivi, Azadlıq küçəsində fərdi nömrəsiz evi axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «X2 ZİC-DS- 32F» markalı prefarator, 1 ədəd «DWT WS-180TV» markalı laqonda, 1 ədəd «İnterskol DU-750ER» markalı direl, 1 ədəd «Elektrik drill» markalı direl cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi isə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar