Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-453/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Nizami rayonu,Əttarlar küçəsi, ev-51-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı, nömrəsiz evində kirayədə yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı1) daxil edilmiş bir ədəd göy rəngli selofana bükümdə təmiz çəkisi 485,0 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksi yaxınlığıa daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 02:15-də Abşeron RPİ-nin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin altından həmin 485,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixauana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təxminən 2-3 il müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən alır. xx.xx.2023-cü il tarixdə saat təxminən 01 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisinə məişət tullantıları üçün ayrılmış yeşiklərdən birinin kənarında olan göy rəngli sellofan büküm diqqətini cəlb etmiş və o, sellofan bükümü götürüb baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, həmin sellofanı əynindəki qara rəngli gödəkçənin altında gizlədərək hərəkətinə davam etmişdir. Həmin gün gecə saat 02:15-də Abşeron rayonu Xırdalan şəhəri AAAF Park yaşayış kompleksi yaxınlığında iti yerişlərlə piyada gedərkən qarşıdan iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin əməkdaşları olduqlarını demişlər. Bundan sonra ondan gödəkçəsinin altında nə saxladığını soruşmuşlar. O da üzərində narkotik vasitə daşımağı barədə məlumat verdikdə polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəururiliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra onunla arasında konfidensial görüş polis əməkdaşları tərəfindən təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. O da etirazı olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o da əynində olan qara rəngli gödəkçəsinin altında saxladığı, içərisində narkotik vasitə marixuana olan bir ədəd göy rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyim həmin narkotik vasitə olan marixuana götürülmüşdür. Sorğu zamanı o bildirmişdir ki, həmin narkotik vasitə olan marixuananı xx.xx.2023-cü il tarixdə saat təxminən 24 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində məişət tullantıları üçün ayrılmış yeşiklərdən birinin yanından tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi, içərisində narkotik vasitə marixuana olan, bir ədəd göy rəngli sellofanı möhürləyib qablaşdırmış və bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, onun narkotik vasitə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, video çəkilişdən əvvəl üzərinə şəxsi axtarış keçirilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron RPİ-nin X2 baş əməliyyat müvəkili Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2005-ci ildən xidmət edir. 2019-cu ildən isə Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. Gəncə şəhəri, Nizami rayonu,Əttarlar küçəsi, ev-51-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Suraxanı, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. 12 yanvar 2023-cü il tarixdə saat 02:15 radələrində Abşeron RPİ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Hafis oğlu ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksi ərazisində gəzərkən bir nəfər şəxsin ətrafı şübhəli formada müşahidə edərək getdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşdıqda isə sonuncu addımlarını bir qədər də sürətləndirmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib xidməti vəsiqələrini ona göstərdikdən sonra özünü şübhəli apardığı üçün sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə polis idarəsinə getməli olduğunu bildirlər. Təqsirləndirilən şəxs da üzərində narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni isə gödəkçəsinin altında saxladığını bildirmiş, heç bir etiraz etməyib onlarla polis idarəsinə gəlmişdir. Abşeron rayon polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zərururiliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra Təqsirləndirilən şəxsla onun vəkili arasında konfidensial görüş təmin edilmiş, bundan sonra videoçəkiliş ilə və müdafiəçicisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, həmin vaxt Nazir əynindəki qara rəngli gödəkçəsinin altında saxladığı, içərisində narkotik vasitə marixuana olan bir ədəd göy rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik vasitə olan marixuana götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan marixuananı xx.xx.2023-cü il tarixdə saat təxminən 24 radələrində Abşeron rayonu Xırdalan şəhəri ərazisində məişət tullantıları üçün ayrılmış yeşiklərdən birinin yanından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə marixuana olan, bir ədəd göy rəngli sellofan təhqiqatçı tərəfindən möhürlənib qablaşdırılmış və bu barədə protokol tərtib edilmişir. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan edilmiş Abşeron RPİ-nin X2 əməliyyat müvəkili Şahid2 Hafis oğlunun ifadəsindən görünür ki, o, Şahid1 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7/34 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikə bənzər kütlə” yazılar və imzalar olan ağ rəngli kağız paketdə üzəri skoçla bağlanmış göy rəngli polietilen bağlamada təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş qurudulmuş marixuananın təmiz çəkisi 485,0 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 484,95 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxş tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 757 A №-li eksprt rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiondlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxsin əynində olan qara rəngli gödəkçəsinin altından bir ədəd göy rəngli selofan büküm aşkar olunmuş, selofan bükümün içərisinə baxdıqda isə narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən götürülmüş 1 ədəd bükümdə ümumi təmiz çəisi 485 qram çəkidə narkotik vasitə olan marixauanadan ekspertiza keçirildikdən sonra qalıq qalmış 484,95 qram marixuananın iş üzrə 17 yanvar 2023-cü il tarixdə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-yə sorğu verilmişdir. 28 yanvar 2023 sentyabr 2022-ci il tarixdə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nəsimi rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə islah işləri 10% cəzası təyin edilmiş və cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 12-ci bəndində qurudulmuş marixuana yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən qurudulmuş marixuana təmiz halda 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Gəncə şəhər İHB-nın 2 saylı SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Əttarlar küçəsi, ev 51-də ailəsi ilə qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamədən görünür ki, X4 29 iyul 2007-ci il tarixdə anadan olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmamış uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin əməlini etiraf etməklə, əməlindən peşmançılıq çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınmışdır. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparılmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmançılığının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bundan əlavə təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydalarına əməl olunmasının nəticəsidir. Təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması onun barəsində mənfi halların baş verməsi barədə yaşadığı ünvan üzrə inzibati ərazi vahidliyinə heç bir yazılı məlumatın olmaması və şikayət ərizəsinin daxil olmamasında ehtiva olunur. Bu xüsusat təqsirləndirilən şəxsin şəxsiyyətinin müsbət xarakterizə olunması qənaətini formalaşmasını qaçılmaz edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə sonuncu barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxş tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 757 A №-li eksprt rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiondlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANiYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyaya görə məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 484,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Gəncə şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyaya görə məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr siyahısına daxil olan 479,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Gəncə şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim :Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-453/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-453/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver