Məhkəmə qərarları › İş №1(012)-453/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-453/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-453/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı 1) daxil edilmiş, bir ədəd şəffaf selofan bükümdə çəkisi 1,222 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığına daşıyaraq üzərində saxlamış, 24 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilərək həmin gün saat 09:21-dən 09:26-a kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz-ağ damalı rəgdə gödək balaqlı (şortik) şalvarının sol yan cibindən həmin 1,222 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Konkret olaraq iş yeri olmasa da günəmuzd fəhləliklə məşğul olur. Təxminən 1 il müddətində narkotik vasitə olan heroin istifadə etmişdir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında 1 bükümdən ibarət narkotik vasitə heroin almış, həmin bükümü özü ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gətirmək istəmiş, bu niyyətlə də yaşadığı məhəlləyə gəlmiş, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində yaşadığı məhəllədə evinə tərəf gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını deyib onun hansı səbəbdən özünü narahat apardığını soruşmuşlar. O da üzərində narkotik vasitə olduğunu səmimi olaraq etiraf etdikdə polis əməkdaşları onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, video çəkiliş zamanı o ad heç bir etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əynində olan boz-ağ damalı rəngli qısa balaqlı şalvarının (şortik) sağ yan cibində olan 1 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olmuş, bükülü polis əməkdaşları tərəfindən açılaraq baxış keçirilmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o, və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Diş texniki işləyirdi, atası və 05 yaşlı uşağı rəhmətə getdiyindən psixi durumu ilə əlaqədar narkotika qəbul etmişdir.Hazırda qəbul etmiş, əməlindən peşimandır.Ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2013-cü ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2023-cü ilin sentyabr ayından Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin polis nəfəri vəzifəsində xidmət edir və polis serjantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Abşeron RPİ-nin Saray PB-nin sahənin polis cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində gəzərkən Abşeron rayonu Saray qəsəbəsi, İ.Hüseynov küçəsində bir nəfər şəxsin ətrafı şübhəli formada müşahidə edərək getdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşdıqda isə sonuncu addımlarını bir qədər də sürətləndirmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib xidməti vəsiqələrini ona göstərdikdən sonra özünü şübhəli apardığı üçün sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə polis bölməsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da üzərində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni isə boz-ağ damalı rəngli qısa balaqlı şalvarının (şortik) sağ yan cibində saxladığını bildirmiş, heç bir etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zərururiliyi izah edilmişdir. Ərizəsi əsasında vəkil dəvət edilmiş, vəkili gəldikdən sonra Tırlan Talıbovla onun vəkili arasında konfidensial görüş təmin edilmiş, bundan sonra videoçəkiliş ilə və müdafiəçicisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuş, həmin vaxt Tərlan əynindəki boz-ağ damalı rəngli qısa balaqlı şalvarının (şortik) sağ yan cibində saxladığı, içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığın bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli selofan büküm təhqiqatçı tərəfindən möhürlənib qablaşdırılmış və bu barədə protokol tərtib edilmişir. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis CA üzrə əməliyyat müvəkkili, polis baş leytetnatı Şahid1 ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz-ağ damalı rəngli qısa balaqlı şalvarının (şortik) sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli toz formasında kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında DVD formatlı kompak diskə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində DİN-nin Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və saat 09:21 radələrindən saat 09:26 radələrindək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan boz-ağ damalı rəngli qısa balaqlı şalvarının (şortik) sağ yan cibindən bir şəffaf selofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroini 24 sentyabr 2023-cü il tarixdə saat 07 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 (iyirmi) manat qarşılığında almış, üzərində daşımış və öz şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5042 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,222 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir”. Heroinin təmiz çəkisi 1,222 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 1,122 qramdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 1,222 qram narkotik vasitə heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qaıq bir ədəd zərfdə - 1,122 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, bir ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 6445 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nətcəsində yaranan ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı və cəzaçəkmənin əvvəli hökm çıxarılan xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsi ilə əlaqəadr cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyan məcburi müalicəyə ehtiyacı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1,122 qram qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış video-görüntüləri özündə əks etdirən DVD formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1,122 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar