Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-455/2022 17.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğlunun iştirakları ilə xx.xx.1979-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, bərbər işləyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, 1-ci Günəş döngəsi, ev 18-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş- 93” yaşayış kompleksi, bina 65, mənzil 32-də yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi, lakin ər-arvad münasibətlərində birlikdə yaşadığı Zərərçəkmiş şəxs arasında ailə-məişət münasibətləri zəminindəki yəni, sonuncunun xx.xx.2022-ci il tarixdə yaşadıqları evə gəlməyərək başqa yerdə qalması, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evə gəlmədiyi gün iş yoldaşının yanında qalması barədə bildirdiklərinə inanmaması səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs sillə və yumruqla Zərərçəkmiş şəxs baş və sifət nahiyələrinə qəsdən zərbələr vuraraq ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın sol alın nahiyəsinin hematoması, üst dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə məhkəmənin sonunda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar rəsmi olaraq nikaha daxil olmasalar da, 2006-cı ildən birlikdə ər-arvad münasibətində yaşayırlar. Həmçinin bu münasibətdən 5 övladları vardır. Ailədaxili münasibətləri həmişə yaxşı olmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Günelin iş yerinə getmiş və Güneldən nə üçün gün ərzində mobil telefondan çox istifadə etdiyini soruşmuş, Günel isə ona "sən məni çox güdürsən" sözlərini demiş və evə gəlməyəcəyini demiş, o, bundan sonra oradan çıxaraq yaşadığı evə gəlmiş, Günel həmin gün yaşadıqları evə gəlməmiş, Günel yalnız xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadıqları evə gəlmiş, o, Güneldən ötən gecə harada qaldığını soruşmuş, Günel iş yoldaşının yanında qaldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadıqları evdə olan zaman Günelin iş yoldaşının yanında qalıb-qalmadığını dəqiqləşdirmək üçün sonuncuya iş yoldaşına zəng etməsini demiş, Günel isə iş yoldaşına zəng etməkdən boyun qaçırmış, bu səbəbdən aralarında mübahisə yaranmış, o, mübahisə zamanı sillə və yumruqla bir neçə dəfə Günelin baş və sifət nahiyəsinə zərbələr vurmuş, sonradan Günelin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı sillə və yumruqla bir neçə dəfə Günelin baş və sifət nahiyəsinə zərbələr vurduğunu, aralarındakı mübahisənin təxminən 10-15 dəqiqə davam etməsini, həmin zaman yaşadıqları evin içərisində övladları Türkanın olduğunu, mübahisənin yaranma səbəbinin Günelin xx.xx.2022-ci il tarixdə yaşadıqları evə gəlməyərək başqa yerdə qalması, eləcə də harada qalmasını ona dəqiq bildirməməsinin olduğunu, Günellə aralarında olan mübahisənin yaşadıqları evin içərisində olmasını, buna görə də mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını, Günelin mübahisə zamanı ona müqavimət göstərmədiyini və Güneli hər hansı bir formada hədələmədiyini bildirmişdir. O, ərizə ilə məhkəməyə müraciət edib Zərərçəkmiş şəxs ilə barışdığını bildirərək, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə qızı X2 zəng vurub məlumat vermişdir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar rəsmi olaraq nikaha daxil olmasalar da, 2006-cı ildən birlikdə ərarvad münasibətində yaşayırlar. Həmçinin bu münasibətdən 5 övladları vardır. Ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Buna səbəb Səmədin mütəmadi olaraq spirtli içki qəbul edib onunla mübahisə etməsidir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Səməd iş yerinə gəlmiş və ona gün ərzində mobil telefondan çox istifadə etdiyini demiş, buna görə də telefonu verməsini istəmiş, o, mobil telefonu Səmədə vermiş, Səməd ona həmin gün evə gəlməməsini demiş, o, bu səbəbdən həmin gün yaşadığı evə getməyərək iş yoldaşıgilin evində qalmışdır. xx.xx.2022-ci il tarixdə işdən çıxdıqdan sonra yaşadığı evə getmiş, Səməd ondan harada qaldığını soruşmuş, o, iş yoldaşının yanında qaldığını bildirmiş, həmçinin zəng edib bu barədə maraqlana biləcəyini demiş, lakin Səməd zəng edib soruşmamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadıqları evdə olan zaman Səməd spirtli içki qəbul edərək yenə də ondan xx.xx.2022-ci il tarixdə harada qaldığını soruşmuş, eləcə də ona xəyanət etdiyini demiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Səməd sillə və yumruqla bir neçə dəfə baş və sifət nahiyəsinə zərbələr vurmuş, bu zaman qızı Türkan DİN-in "102" xidmətinə zəng vurub məlumat vermiş, həmçinin özü də şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində əlavə olaraq Səmədin xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı sillə və yumruqla bir neçə dəfə baş və sifət nahiyəsinə zərbələr vurmaqla onu döyməsini, mübahisələrinin təxminən 15-20 dəqiqə davam etməsini, həmin zaman yaşadıqları evin içərisində 2007-ci il təvəllüdlü övladları Türkan Məmmədlinin olduğunu, mübahisənin yaranma səbəbinin Səmədin onu heç bir əsas olmadan qısqanması, eləcə də onun dediyi sözlərə inanmamasının olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını, mübahisə zamanı Səmədi vurmadığını, mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini və Səmədin onu sözlə öldürməklə hədələməsini göstərmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı verdiyi mülki iddiadan imtina etdiyini bildirərək, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində qanuni nümayəndənin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan X3 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzi sisteminə zəng vurub özü məlumat vermişdir. Zərərçəkmiş şəxs anası, Təqsirləndirilən şəxs isə atasıdır. Valideynləri arasında ailədaxilində münasibətlər normal olmuşdur. Belə ki, atası Səmədlə anası Günel arasında tez-tez münaqişələr baş verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı binanın həyətində oynadıqdan sonra evə qalxmış, evə daxil olduqda atası Səmədin anası Günellə mübahisə etməsini eşitmiş, onların olduqları otağa daxil olduqda isə atası Səmədin əli ilə anası Güneli vurmasını görmüş, buna görə də qaçaraq yaşadıqları evdən çölə çıxmış, daha sonra isə Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. O, ifadəsində əlavə olaraq atası Səmədin xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı əli ilə anası Günelin baş və sifət nahiyəsinə zərbələr vurduğunu, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini, həmin zaman orada özündən başqa heç kəsin olmadığını, mübahisə zamanı anası Günelin Səmədi vurmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "МТЕ və PA ETT Birliyi" X7 Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1297 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın sol alın nahiyəsinin hematoması, üst dodağın selikli qişasının səthi əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Mingəçevir ŞPŞ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmaqla, xx.xx.2005-ci il tarixdə Mingəçevir rayon Məhkəməsinin hökmü ilə şərti maliyyə vahidinin 2000 misli miqdarında, xx.xx.2011-ci il tarixdə Samux rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə təqsirli bilinərək məsuliyyətə cəlb olunmaqla, barəsində 1200 manat məbləğində cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli "Amnistiya" qərarının 1.7-ci bəndinə əsasən isə cəzadan azad edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Müseyib oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-455/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-455/2022
17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver