Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-456/2021 18.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi ev 14, mənzil 97-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi döngə 2, özbaşına fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə əvvəllər tanıdığı Pərviz adlı şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə əvvəllər tanıdığı və şəxsiyyəti istintaqa məlum olmayan Pərviz adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 15 may 2021-ci il tarixdə, saat 17 radələrində X7 məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, “Quşçuluq” yaşayış massivində yerləşən dəmir sexinə, yəni saxlanc yerinə qanunsuz daxil olmaqla orada saxlanılan sonuncunun qohumu Zərərçəkmiş şəxs məxsus 1 ədəd sarı rəngli 3000 manat dəyərində “Kempo Mat - 4200” markalı qaynaq aparatını və 1 ədəd qırmızı rəngli 40 manat dəyərində markası məlum olmayan su motorunu gizli olaraq talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 3040 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti və düşmənçiliyi olmamışdır. Oğurluq hadisəsini birlikdə törətdiyi Pərviz adlı şəxslə cinayət əməlini törətdikləri gündən bir neçə gün əvvəl iş axtaran zaman tanış olmuşdur. 15 may 2021-ci il tarixdə, saat 15-16 radələrində Pərvizlə birlikdə Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına parkda görüşüb söhbət etmişlər. Söhbət əsnasında Pərviz özünəməxsus olan metal qəbulu sexinin olduğunu və ona birlikdə metal oğurlayıb sataraq yaxşı gəlir əldə edəcəklərini bildirmişdir. Bundan sonra onlar birlikdə taksi ilə Pərvizin metal qəbulu sexinə getmişlər. Həmin ünvana çatıb taksidən düşdükdən sonra Pərviz ona ətrafı müşahidə etməsini tapşırmış, özü isə hasardan içəri daxil olmuşdur. Bir neçə dəqiqə sonra isə Pərviz giriş qapısını arxa tərəfdən açdıqda o, həmin yerin metal qəbulu sexi olmasını görmüşdür. Həmin vaxt Pərviz içəridən bir ədəd sarı rəngli qaynaq aparatı və bir ədəd qırmızı rəngli su motoru çıxartdığını görmüş və ona köməklik edərək qaynaq aparatını və su motorunu dartıb aparmağa başlamışlar. Bir qədər piyada getdikdən sonra yolun kənarına çatdıqda Pərviz oğurladıqları aparatları aparmaq üçün taksi sifariş vermişdir. Lakin sifariş verilən taksi oraya gəlmədiyindən Pərviz ona aparatların yanında dayanıb gözləməsini istəmiş, özünün isə yaşadığı evə gedib üzərindəki paltarlarını dəyişdikdən sonra taksi ilə geri qayıdacağını bildirmişdir. O, Pərvizin təklifi ilə razılaşıb yolun kənarında gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin əşyaların kimə məxsus olduğunu soruşmuşlar. Daha sonra isə ondan şübhələndiklərini bildirərək Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmiş və orada törətdiyi əməli səmimi etiraf etmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam olaraq ödənildiyini və onunla barışmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Ənvərli X8 rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsi, Quşçuluq yaşayış massivində dayısı X7 məxsus dəmir sexi vardır. Həmin sexdən uzun müddətdir ki, istifadə olunmur. O, özünə məxsus olan bəzi tikinti materiallarını da orada saxlayır. 15 may 2021-ci il tarixdə, saat 17 radələrində həmin sexə getmiş və sexin giriş qapısının açıq vəziyyətdə olmasını görmüşdür. O, sexin həyətinə daxil olaraq ətrafa nəzər yetirdikdə açıq vəziyyətdə saxladığı 1 ədəd 3000 manat dəyərində “Kempo-Mat 4200” markalı qaynaq aparatının və 1 ədəd 40 manat dəyərində qırmızı rəngli su motorunun yerində olmadığını gördükdə oğurlandığını müəyyən düşünmüşdür. Bu səbəbdən də o, Abşeron rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi ilə müraciət etmşdir. Oğurluq nəticəsində ona 3040 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsi CAŞ-ın əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi onun xidməti ərazisidir. Həmin ərazinin sahə rəisi isə polis mayoru Şahid2dur. 15 may 2021-ci il tarixdə, saat 17-18 radələrində Şahid2 ilə birlikdə Quşçuluq massivi istiqamətində hərəkətdə olarkən bir nəfər şəxsin yolun kənarında dayandığını, yanında isə 1 ədəd qaynaq aparatının və 1 ədəd su motorunun olmasını görmüşlər. Həmin şəxsin hərəkətləri onlarda şübhə yaratdığından ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qaynaq aparatının və su motorunun kimə məxsus olması və hara aparması barədə sorğu-sual etmişlər. Təqsirləndirilən şəxs əvvəlcə ona verilən suallardan yayınmağa çalışsa da, sonradan törətdiyi əməli səmimi etiraf etmişdir. Onlar həmin əşyaları ağır olduğu üçün polis idarəsinə gətirə bilmədiklərindən metal qəbulu sexinə geri qaytarmış, Təqsirləndirilən şəxs isə polis idarəsinə gətirib növbətçi hissəyə təhvil verdikdən sonra hadisə ilə bağlı raportla rəhbərliyə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Polis İdarəsi İTŞ-nin sahə rəisi Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 15.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.05.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsində şübhəli şəxs qismində tutulmuşdur (səh 33). 16.05.2021-ci il tarixli baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 1 ədəd sarı rəngli qaynaq aparatı və 1 ədəd su matoru maddi sübut kimi götürülmüş və Zərərçəkmiş şəxs təqdim olunmuşdur (səh 42-43). Abşeron Rayon Məhkəməsinin 4(012)-245/2021 saylı, 17.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (səh 63-69). 17.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (səh 70-71). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 24.05.2021-ci il tarixli tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 1(012)-233/2019 saylı, 29.05.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (79-86). Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini O.Qasımov tərəfindən 25.06.2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu döngə 2 ünvanında inşa edilmiş özbaşına fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Yaşadığı müddət ərzində onun haqqında Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (səh 93). 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 12.06.2018-ci il təvəllüdlü X4 və 01.07.2020-ci il təvəllüdlü X1 Gündüz Əhliman oğlunun himayəsindədir (səh 94). Məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 iyun 2021-ci il tarixli 9/3441 saylı rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotocədvəldə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may ayı üçün orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı müəyyən edilir. 1 ədəd sarı rəngli “KempoMat” 4200 markalı qaynaq aparatı haqqında kifayət qədər məlumat (istehsal yeri, istehsal ili, istismar müddəti, gücü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır; 1 ədəd qırmızı rəngli mühərrik - 40,00 manat. Aparılmış tədqiqatın dəyəri: 50 manat (səh 96-97). 16.07.2021-ci il tarixli qərardan görünür ki, 1 ədəd sarı rəngli “KempoMat” 4200 markalı qaynaq aparatı və 1 ədəd qırmızı rəngli markası məlum olmayan su motoru maddi sübut kimi tanınmış və 16.05.2021-ci il tarixdə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır (səh 99-105). Bakı şəhər Probasiya idarəsi tərəfindən Abşeron rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi Cavid Kərimliyə ünvanlanmış 16.07.2021-ci il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 22.01.2020-ci il tarixdə qeydiyyata götürülmüş və onun 23.07.2021-ci il tarixə çəkilməmiş cəza müddəti 11 ay 27 gün təşkil edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1 və 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması özünün etirafı və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayət əməlinə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli hökmü ilə təyin edilmiş və 18.10.2021-ci il tarixədək çəkilməmiş qalan 09 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.05.2021-ci il tarixdən 17.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd sarı rəngli “KempoMat” 4200 markalı qaynaq aparatı və 1 ədəd qırmızı rəngli markası məlum olmayan su motorunun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhəri probasiya idarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin 29.05.2019-cu il tarixli hökmü ilə təyin edilmiş, çəkilməmiş qalan 09 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin və üzərində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.05.2021-ci il tarixdən 17.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd sarı rəngli “KempoMat” 4200 markalı qaynaq aparatı və 1 ədəd qırmızı rəngli markası məlum olmayan su motorunun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Bakı şəhəri probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-456/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-456/2021
18.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver