Məhkəmə qərarları › İş №1(012)-456/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-456/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-456/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X2 iştirakı ilə xx xxxx 1994-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 1-ci küçədə qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə Zaqatala rayonundan şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,781 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 09 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Abşeron rayon, Xırdalan şəhəri, AAF park yaşayış kompleksinin qarşısında taksi xidməti göstərən Şahid1 idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Abşeron rayon, Xırdalan şəhər, “Xırdalan dairəsi” adlana ərziyə getməsini və oradan da Abşeron rayon, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin qarşısına qayıtmasını sifariş vermiş, yolda hərəkətə olarkən Şahid1 20 manat borc alaraq tanışına verməsini və ünvana çatdıqda pulu qaytaracağını demiş, ünvana satdıqda 20 manat pulu və həmçinin 5 manat gediş haqqını vermədikdə aralarında yaranmış mübahisə zamanı Şahid1 DİN-nin 102 xidmətinə məlumat verdikdə cibindəki içində 01 ədəd bükümdə 0,781 qram heroin olan “Sobranie” markalı siqaret qutusunu yerə atmış, istintaqa şəxsiyyəti məlum olmayan şəxs “Sobranie” markalı siqaret qutusunu götürərək Şahid1 vermiş, sonuncu hadisə yerinə yaxınlaşmış Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən həmin “Sobranie” markalı siqaret qutusunda 01 ədəd şəffaf bükümdə 0,781 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Abşeron RPİ-yə təqdim edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, iki aydır ki, narkotik vasitə heroindən istifadə edir. 07 oktyabr 2023-cü il tarixdə Zaqatala rayonunda olarkən orada tanımadığı bir şəxsdən narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün pulsuz alaraq üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Xırdalan şəhərində AAAF park yaşayış kompleksində olarkən “Yango” taksi şirkətindən taksi sifariş etmişdir. Sürücü olan, sonradan adını bildiyi Amid adlı şəxs idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobillə ona yaxınlaşmışdır. O, həmin şəxs ilə birlikdə Xırdalan dairəsinə getmiş və həmin vaxt o, sürücüdən 20 manat xırda pul istəmişdir. Amid üzərində 17 manat pul olduğunu bildirmişdir. O, sürücüdən həmin məbləği almış və geri qaytaracağını demişdir. O, pulu Abşeron rayonu, Xırdalan dairəsində , «İnstagram» sosial şəbəkəsində yeni tanış olduğu və 1 gün əvvəl borc aldığı xanıma verdikdən sonra yenidən həmin taksiyə əyləşərək geriyə qayıtmışdırlar. Çatdıqdan sonra taksi sürücüsü ona vermiş olduğu 17 manat pulu və gediş haqqını istəmişdir. O, üzərində nağd pulu olmadığı üçün pulu Amidin kartına göndərəcəyini bildirmişdir. Həmin vaxt Amid onun mobil telefonunu alaraq pulunu və gediş haqqını istəmişdir. O, Amiddən telefonu qaytarmağını xahiş etmiş, lakin sonuncu telefonunu qaytarmadığı üçün taksi sürücüsünün çənə nahiyəsindən yumruqla vurmuşdur və onlar avtomobildən aşağı düşmüşdürlər. Həmin vaxt sürücü onu tutub saxlamış və o, polislərin ora gəlməsindən ehtiyat edərək əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan içərisində bir büküm narkotik vasitə olan heroin, siqaret kötüyü, 3 ədəd konfet kağızı olan “Sobranie” markalı siqaret qutusunu yerə tullamışdır. Həmin qutunu yerə atarkən orada olan tanımadığı bir nəfər şəxs qutunu yerə atmağını görmüş və yerdən həmin siqaret qutusunu götürüb içərisinə baxdıqdan sonra Amidə qutunun içərisində narkotik vasitə olduğunu deyərək həmin qutunu taksi sürücüsü Amidə verdiyini bildirmişdir. Taksi sürücüsü Amid isə bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və bir neçə dəqiqə sonra PPX-nin əməkdaşları həmin yerə yaxınlaşaraq onları polis idarəsinə gətirmişdirlər. Polis idarəsində olan otaqların birində iki nəfər tanımadığı hal şahidlərinin və taksi sürücüsü olan Amidin iştirakı ilə sonuncunun təqdim etdiyi, yəni onun yerə atdığın siqaret qutusuna baxış keçirilmişdir. Qutuda olan öz şəxsi istifadəsi üçün aldığı içərisində narkotik vasitə olan heroin bükümü, konfet kağızları və siqaretin kötüyü kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Həmin zərfə o və digər iştirakçılar imza etmişdirlər. Amidin, ondan almış olduğu telefonunu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişçdir ki, Abşeron RPİ-nin PPXB-də polis nəfəri kimi xidmət göstərir və hazırda polis serjantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri ərazisində iş yoldaşı Şahid3 ilə birlikdə xidmətdə olarkən Abşeron RPİ-nin növbətçi hissəsindən Abşeron rayonu, Xırdalan şəhəri, Narıncı marketin yaxınlığında 2 nəfər şəxsin mübahisə etməsi, nəticədə bir nəfərin döyülməsi və onu döyən şəxsin cibində narkotik vasitə olması barədə məlumat daxil olmuşdur. Hər ikisinin onun idarə etdiyi xidməti avtomobillə birlikdə həmin yerə yaxınlaşdıqlarını və ora yaxınlaşdıqdan sonra 2 nəfər şəxsin pul üzərində mübahisə etdiklərini görmüşdürlər. Həmin şəxslərə yaxınlaşdıqda onlardan biri taksi sürücüsü olduğunu və yanında olan mübahisə etdiyi şəxsin ondan 17 manat pul aldığını və əlavə olaraqda taksidən istifadə etsə də, yolun pulunu vermədiyini bildirmişdir. Həmin taksi sürücüsü özünü onlara Şahid1 kimi təqdim edərək əlində olan “Sobranie” markalı siqaret qutusunu göstərmiş və həmin siqaret qutusunu Amidi döyən şəxsin yerə atdığını, orda olan vətəndaşlardan birinin həmin qutunu açaraq içinə baxdıqdan sonra içərisində narkotik vasitəyə bənzər maddə olduğunu deyərək həmin siqaret qutusunu Amidə verdiyini demişdir. Bundan sonra Şahid1 həmin siqaret qutusunu özündə saxlamış və onlar həmin şəxsləri Abşeron RPİ-nə gətirərək təhqiqatçıya təhvil vermişdirlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Yango” taksi xidmətində **-SD-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə sifariş qəbul edərək həmin ünvana yaxınlaşmışdır. Sərnişin olan, sonradan adını bildiyi Rəsul adlı şəxs avtomobilə əyləşmişdir və onlar Xırdalan dairəsi istiqamətinə getmişdirlər. Həmin vaxt Rəsulun qırmızı rəngli “Vaz 21011” markalı avtomobilə yaxınlaşıb daha sonra geri qayıtdığını və ondan 20 manata xırda istədiyini bildirmişdir. O, Rəsula 17 manat pulunun olduğunu demişdir. Rəsul adlı şəxs 17 manat pulu ona verməyini və geri qaytaracağını bildirmişdir. O, 17 manat pulu Rəsula vermişdir və sonuncu yenə qarşı tərəfə getdikdən sonra avtomobilə qayıtmışdır. Yenidən onlar birlikdə AAAF park yaşayış kompleksinə qayıtmışdırlar. O, Rəsuldan 17 manat pulumu və gediş haqqını istəmişdir. Lakin sərnişin pulu qaytarmaqdan və gediş haqqını ödəməkdən imtina etmiş, daha sonra AAAF park yaşayış kompleksində məscidin qarşısında avtomobildən düşərək bir qədər gəzişmişdir. Sonra isə yenə onun idarə etdiyi avtomobilə qayıtmışdır. O, Rəsulun mobil telefonunu oturacağın üzərindən götürərək pulunu verəcəyi halda qaytaracağını demişdir. İdarə etdiyim avtomobillə əsas yola çıxmaq istədikdə isə Rəsul adlı şəxs onun çənə nahiyəsindən yumruqla zərbə vurmuşdur. O, Rəsul adlı şəxsi tutaraq saxlamış və Rəsul qapını açaraq yerə düşmüşdür. Həmin vaxtı Rəsul cibindən “Sobranie” markalı siqaret qutusunu çıxararaq yerə atmışdır. Ətrafda olan tanımadığı şəxslərdən qutunun içinə baxmalarını xahiş etmiş, bir nəfər həmin qutunu götürərək içərisinə baxdıqda isə içərisində narkotik vasitəyə bənzər büküm olduğunu demiş və siqaret qutusunu ona vermişdir. O, bu barədə dərhal DİN-nin 102 XZM-nə məlumat vermiş və polis əməkdaşları dərhal həmin yerə yaxınlaşaraq onları polis idarəsinə gətirmişdirlər. Polis idarəsində həmin siqaret qutusuna o, Rəsul və iki nəfər tanımadığı hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən siqaret qutusunun içərisində olan 1 ədəd şəffaf rəngli selofana bükülmüş, qəhvəyi rəngli kütlə, 3 ədəd üzərində “korovka” sözü yazılmış konfet kağızı, bir ədəd “Sobranie” markalı siqaretin kötüyü aşkar edilərək götürülməklə zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. O, hal şahidləri və Rəsul adlı şəxslər protokolu imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Cəbrayl oğlu Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 6/5277 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİNnin zərflər üçün 56 №-li” dairəvi möhür əksi, “Vət.Təqsirləndirilən şəxs...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,781 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (qalıq 0,731 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 09 dekabr 2023-cü il tarixli, 8080 saylı rəyi alınaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibbi-ekspertizasının xx.xx.2023-cü il tarixli 2232 saylı rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş xəsarət-alt dodaq nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,731 qram narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Bəkirov X6 Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə Azəbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.5-ci maddəsinə əsasən 02 il 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(012)-172/2021 nömrəli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(012)-241/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 06 (altı) ay 02 (iki) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 03 (üç) ay 01 (bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon polis idarəsinin 09.10..2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-c il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd DVD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan içərisində bir büküm narkotik vasitə heroinə bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Yusif Bəkirov və xx.xx.2014-cü il təvəllüdlü Zəhra Bəkirova Təqsirləndirilən şəxs himayəsindədir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Abşeron RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,731 qram narkotik vasitə heroin məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 110 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,731 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar