Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-456/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Xızı rayonu, Şorabad qəsəbəsi, Türkoba kəndində qeydiyyatda olmaqla, Abşeron rayon Qobu qəsbəsi, Təzəkənd yeni yaşayış massivində yaşayan, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan 01 ədəd bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş « Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına daxil edilmiş 0,367 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib həmin narkotik vasitəni Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və üzərində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 16 iyun 2024-cü il tarixdə saat 15:30 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsində saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib orada həmin gün saat 16:57-dən 17:04-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,367 qram olan xeyli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsini təsdiq etdiyini,əməlindən peşiman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Xızı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Evlidir. Rəsmi olaraq işləmir. Təxmini 3 ildir ki, narkotik vasitə aludəçisidir. xx.xx.2024-cü il tarixdə narkotik vasitə almaq üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getmişdir. Çünki ona orada küçədə narkotik vasitə satan şəxslərin olduğu deyilmişdir. O, küçədə gəzən zaman tanımadığı şəxs onun əhval-ruhiyyəsindən narkotik vasitə aludəçisi olduğunu başa düşmüş və ona heroin təklif etmişdir. Həmin şəxs ona yarım qram qəhvəyi rəngli narkotik vasitə heroini bir ədəd sellofan bükümdə 10 manat müqabilində satmışdır. Daha sonra isə narkotik vasitə ilə evə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində küçədə piyada irəliləyən zaman mülki geyimli polis əməkdaşları üzərində narkotik vasitə daşıdığından şübhələnib onu saxlamış və Abşeron RPİ-nin Qobu PB-nə gətirmişlər. Daha sonra xidməti otaqların birində təhqiqatçının, müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyi təklif edilmişdir. O da əynindəki ağ rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə olan qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin vaxt təhqiqatçı ona narkotik vasitəni hansı məqsədlə əldə etdiyini soruşanda narkotik vasitə istifadəçisi olduğunu və Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən onun, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan çəkmişdir. Etdiyi əməldən peşmandır və bir daha narkotik vasitə qəbul etməyəcəkdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını və polis bölməsində ona qarşı hər hansı psixi və fiziki zorkaılıq edilmədiyi üçün məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Qobu PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Abşeron rayonu Qobu Qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxslə hər hansı düşmənçiliyi və ədavətm olmamışdır. Belə ki, 16 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, bu barədə qərar Abşeron RPİ-nin Qobu PB-nin rəisi, polis mayoru Zaur Babazadə tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmiş və həmin qrupa üzv Abşeron Rİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, qrupa rəhbər isə özü təyin olunmuşdur. Bundan sonra həmin günü yəni, xx.xx.2024-cü il tarixdə qrup üzvü Şahid2la birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi olduqları vaxt Təqsirləndirilən şəxs müşahidə edərək yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində daşınmasında şübhəli olduğunu bildirib, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlməyə razılaşmış və onlar Təqsirləndirilən şəxs Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinə gətirdik. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş və ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra Təqsirləndirilən şəxsla arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmət olub-olmamağı soruşulduqda Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarının sol yan cibində olan bir ədəd şəfaf rəngli sellafon bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəfaf rəngli bükülü açılaraq baxış keçirilmiş və həmin vaxt qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar olunmadı. Aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroin bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlə möhürlənib üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra təhqiqtaçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Daha sonra təhqiqatçı Ruhan Nadirli tərəfindən bu barədə protokollar tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli olması barədə məlumat daxil olmadığını və Təqsirləndirilən şəxs polis bölməsində heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadəni vermişdir. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 16 iyun 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan ağ rəngli şalvarının sol yan cibindən bir ədəd şəfaf rəngli sellafona bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. İş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 17 iyun 2024-cü il tarixli, 3- 16-16/2-6/3279 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “....(imza) Nərimanov....” sözləri yazılmış zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,367 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,367 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,317 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2024-cü il tarixli, 6239 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə 16 iyun 2024-cü il tarixdə Abşeron RPİ-nin Qobu PB-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 iyunl 2024-cü il tarixdə Abşeron rayonu Qobu qəsəbəsi ərazisində DİN-nin Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin inzibati binasına gətirilmiş və saat 16:57 radələrindən saat 17:04 radələrindək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli şalvarın sol yan cibindən bir şəffaf rəngli selofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat qarşılığında almış, üzərində daşımış və öz şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinərək barəsində 02 il 01 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Göygöl rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə təqsirli bilinərək barəsində 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan Abşeron rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 1(012)-230/2025 saylı hökmündən görünür ki,”Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (alltı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 1(066)-114/2023 saylı, xx.xx.2023cü il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının icra olunmamış qalan 01 il 03 ay 14 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 07 ay 22 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin, ona qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın...” hökm edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən eləcə də cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Odur ki, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 1(012)-230/2025 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.5 maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 iyun 2024-cü il tarixdə azad edilmiş, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir.xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsilə dayandırılmışdır.xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Abşeron RPİ-nin İstintaq şöbəsinə təhvil verildiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir.xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsilə dayandırılmışdır. Təqsirləndirilən şəxs 22 noyabr 2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, MSY-dən azad edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi Təqsirləndirilən şəxs barəsində istintaq dövründə 05 gün tutma olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 05 gün müddət cəza müddətindən çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı onun cəza çəkməyə başladığı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi və barəsində Abşeron rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 1(012)-230/2025 saylı hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin maddi sübutlarn saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi – 0,317 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv olunmalıdır. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut iş materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci - məhkəmə ekspertizası üzrə 81 manat Təqsirləndirilən şəxs tutulmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, iş üzrə əvvəlki məhkəmə prosesində Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, sonrakı məhkəmə prosesində işə həmin vəkil bürosunun vəkili Müdafiəçi2 hər biri 20 saat olmaqla təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini aparmışlar. Ona görə də, məhkəmə hesab edir ki, onların hər birini 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına onlara ödənməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (alltı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 1(012)-230/2025 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplansın ona qəti olaraq 01 il müddətinə zadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 05 gün müddət ona təyin edilmiş cəzasından çıxılsın, üzərində 11 (on bir) ay 25(iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Abşeron rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 1(012)-230/2025 saylı hökmü ilə cəzaçəkmə müəssisəsində cəza çəkməsi və barəsində narkomaniyadan məcburi müalicə təyin olunsması nəzərə alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 ədəd zərfdə möhürlənmiş, qalıq çəkisi – 0,317 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və həmin vəkil bürosunun vəkili Müdafiəçi2 hər birinə 220 manat məbləğində pul ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-456/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-456/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver