Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-457/2021 29.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 19 avqust 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 6 qeydiyyatda olan, ünvan 1 ünvannıda yaşayan barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, 19 iyun 2021-ci il tarixdə saat 10:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahısı»na (Siyahı İ) daxil olan təmiz çəkisi 0, 522 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2021-ci il tarixdə saat 10:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi Koroğlu küçəsində öz yaşadığı evin qarşısında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılmış, orada üstünə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində həmin narkotik vasitə 0,522 qram heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə il olar ki, narkotik vasitələrin qəbulu ilə məşğul olur. 19.06.2021-ci il tarixdə saat 10:00 radələrində narkotik vasitə almaq üçün Xırdalan şəhərinə «120»-nin axırı deyilən əraziyə getmiş, orada tanımadığı bir nəfər şəxsdən 20 manata bir büküm narkotik vasitə olan heroin alıb yaşadığı küçəyə qayıtmışdır. Həmin narkotik vasitəni özü istifadə etmək üçün əynində olan göy rəngil cins şalvarın sağ yan cibinə qoymuşdur. 19.06.2021-ci il tarixdə saat 10:30 radələrində Xırdalan şəhərində yaşadığı evə yaxınlaşan zaman tanımadığı iki nəfər polis əməkdaşları ona yaxınlaşmış və Abşeron rayon polis idarəsinin əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşı ondan adını və soyadımı soruşmuş, o adını və soyadını ona bildirəndən sonra onun üzərində narkotik vasitə olduğundan şübhələndiklərini deyib onu avtomobil ilə Abşeron rayon polis idarəsinə gətirmişlər. Abşeron rayon polis idarəsində olduğu zaman video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi ona izah olunmuşdur. Abşeron RPİ-də əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, daha sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üstündə hər hansı bir dövrüyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmaması soruşulmuş və əyər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan siqaretin gümüşü kağızına bükülmüş bir bükümü çıxardaraq içərisində narkotik vasitə heroin olduğunu bildirmiş və onu təqdim etmişdir. Həmin bükülü açıldıqdan sonra onun içərisinə baxış keçirilmişdir. Həmin kütlənin haradan və nə vaxt aldığı ondan polis əməkdaşları tərəfindən soruşulmuşdur. O isə həmin narkotik vasitə olan bir büküm heroini 19.06.2021-ci il tarixdə saat 10:00 radələrində Xırdalan şəhəri «120»-nin axırı deyilən ərazidən öz istifadəsi üçün anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata aldığını və özü istifadə etmək məqsədi ilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş siqaretin gümüşü kağızına bükülmüş bir bükülünün içərisində narkotik vasitə heroin polis əməkdaşları tərəfindən zərfə qoyulub, üzəri möhünlənmiş və götürülmüşdür. Daha sonra axtarış götürmədə iştirak edən şəxslər tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün ifadəsində qeyd etdiyi proses videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Onun üzərindən narkotik vasitə aşkar edilməsi barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Polis idarəsinə gətirildiyi zaman polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilməmiş, fiziki və psixi təsir göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilən Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 iyun 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinə Abşeron rayonu Xırdalan şəhəri H. Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan və Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə Abşeron rayonu Xırdalan şəhərinə getmiş və 19.06.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 10:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi Koroğlu küçəsində öz yaşadığı 22 nömrəli evin qarşısında küçədə Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-də həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Abşeron rayon Pİ-nə gətirdikləri şəxs xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu Xırdalan şəhəri H. Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs oğludur. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarını müdafiə edilməsi üçün dəvət edilmiş müdafiəçinin, onun və Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakı ilə şübhəli şəxsin üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bir bükülünü çıxardaraq təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni 19.06.2021-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu Xırdalan şəhəri «120-nin axırı» adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükülüyə baxış keçirilmiş orada qəhvəyi rəngli tozşəkilli maddə olması aşkar edilmiş və sonra qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüş və DİN-nin möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokolu və qablaşdırılmış narkotik vasitə heroinə bənzər maddəni üzərinə bütün iştirakçılar imzalamışlar. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsindən görünür ki, ifadəsində Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 dediklərini təsdiq edərək istintaqa analoji ifadələr vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 19.06.2021-ci il tarixli, 6/2502 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…» sözləri qeyd olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,522 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasınır ərazisində dövrüyəsi qadağan edilən psixtrop maddələr»in siyahısına (siyahı İ) daxildir. İş materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş 0,522 qram narkotik maddə heroin maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalıq qalmış 0,472 qram narkotik vasitə heroin 17 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23.06.2021-ci il tarixli 2033 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, 02.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi baxılması üçün 07.03.2021-ci il tarixdə baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmişdir. Ağayev X4 rayon məhkəməsinin 23.04.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Abşeron rayon məhkəməsinin qeyd olunan hökmündən zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayəti ilə əlaqədar 02.06.2021-ci il tarixdə apleyasiya şikayəti cinayət işi ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməli, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 19.06.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 21.06.2021-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin əvvəli 29.12.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,472 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 29.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,472 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-457/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-457/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver