Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-458/2022 28.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 30 avqust 1997-ci ildə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Qazax rayonu Ürkməzli kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu 3-cü mədən, korpus 124-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 197 saylı orta məktəbin yaxınlığında istintaqa məlum olmayan şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkiçi 0,674 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş psixotrop maddə olan metamfetamini 20 manata qanunsuz olaraq əldə edib üstündə saxlamış və daşımış, həmin tarixdə saat 18 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsinin mərkəzində Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib, xidməti otaqda üstünə şəxsi axtarışı keçirilən zaman həmin 0,674 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli şalvarının sağ cibində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, müqavilə əsasında götürdüyü “Kia Rio” markalı, 10TY339 dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 01 noyabr 2021-ci il tarixdə, saat təxminən 20 radələrində əvvəllər tanımadığı adını sonra bildiyi Türkiyə vətəndaşı X16 öz sifarişi əsasında Bakı şəhərində 1 saylı poliklinikanın qarşısından avtomobilinə oturmuş və onu Papanin adlanan ərazidə yerləşən “Araz” marketin qarşısına gətirmiş, həmin müştəri X16 avtomobildən düşüb terminaldan nəqədərsə pul çıxartmış və mağazaya girib sellofanda bir qədər pivə almışdır. X16 avtomobildə qabaq oturacaqda oturub və pivədən içməyə başlayaraq yenidən 1 saylı poliklinikanın qarşısına gəlmişlər, orada avtomobilə bir nəfər oğlan da oturmuş, məlum olmuşdur ki, həmin oğlan X11 nişanlısıdır.Onların göstərişinə əsasən onları Koroğlu metrosunun yaxınlığında yerləşən “Caspian” otelinə aparmış, həmin oğlan avtomobildən düşmüş, X16 isə ona 8 manat yol haqqı verərək avtomobili Bakı şəhəri “Tarqovi” adlanan ərazidə yerləşən “Hollivud” restoranına sürdürmüşdür. Onat Buse orada restoranda oturub bir qədər pivə içmiş və təxminən yarım saatdan sonra avtomobilinə oturub sürməyini demiş, o, da onu nişanlısının olduğu otelə, Koroğlu metrosunun yaxınlığında olan “Caspian” otelinə aparmış, ora çatanda X16 ona demişdir ki, o, nişanlısının yanına getmək istəmir və onun üçün başqa otel tapsın. X16 avtomobilində pivə içməyinə davam etmiş, o, da oradan Azadlıq prospekti ilə hərəkət edərək, Binəqədi qəsəbəsi istiqamətində getmiş və həmin ərazidə olan “Oscar” otelinin qarşısında avtomobili saxlayıb içəri girib müştəriyə yer istəmiş, lakin oteldə yer olmadığını bildirmişlər.O, avtomobilə qayıdanda görmüşdür ki, X16 avtomobildə sükan arxasında oturub.Belə ki, Onat Buse çox sərxoş olmuş və ona demiş və Onat Buse də sərnişin oturacağına keçmişdir. Ondan sonra yolu davam edərək Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Qazan göl” otelinə gəlmiş və orada oteldə yer olduğundan avtomobilində oturan X9 25 manat oteldə ödəmiş və onun qoluna girib ona yeriməyə kömək edərək, otelə otağa aparmışdır. Sonra avtomobilinə qayıdıb avtomobildə onun sellofanda olan pivələrini də otağına aparmış və X16 ona demişdir ki, otağını tez tərk etsin, əks halda otelin əməkdaşlarını çağıracaq.O, da oteldən çıxıb, həmin vaxt artıq 02 noyabr 2021-ci il, saat təxminən 00:01 radələri olmuş və o, evinə getmişdir. Səhər saat 06:30 radələrində avtoyuma məntəqəsində avtomobilinin arxa oturacağında Onat Busenin götəkçəsini, pul qabını və iki ədəd mobil telefonlarını aşkar etmişdir. X11 Bakı şəhərində olan Kaspian Place otelində qaldığını bildiyi üçün həmin otelə gəlib onu soruşmuş, orada olmadığını bildirmişlər.Ondan sonra da ona müştərilər sifarişlər verirmişlər və o, artıq Zabrat qəsəbəsinə müştəri aparmış və nəzərdə tutumuşdur ki, oradan Mehdiabad qəsəbəsinə Qazan göy otelinə gedib X12 oradan da soruşacaq. Həmin gün saat 13 radələrində Zabrat qəsəbəsi 197 saylı orta məktəbin yanında olanda bir nəfər şəxsə yaxınlaşmış və özü qəbul etmək üçün ondan narkotik vasitə istəmişdir. Belə ki, o, 3-4 ay olmuşdur ki, narkotik vasitələrdən qəbul edir. Həmin şəxs də ona demişdir ki, onda metamfetamin vardır. O, həmin şəxsə 20 manat pul vermiş və həmin şəxs də ona bir bükümdə metamfetamin vermişdir. O, həmin metamfetamini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, qəbul edəcək.Elə Zabrat qəsəbəsində mərkəzdə növbəti sifariş gözləyirmiş, bu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb və Mehdiabad polis bölməsinin əməkdaşları olduqlarını deyərək, X11 müraciəti ilə onu Mehdiabad polis bölməsinə dəvət etmişlər.O, da avtomobildə olan X11 əşyalarını onlara göstərib avtomobilində qaldığını onlara bildirmişdir.Onlar Mehdiabad polis bölməsinə gəlmişlər və o, X11 iki ədəd mobil telefonlarını, pul qabını içərisində olan 200 manat və 800 ABŞ dolları, kartları ilə birlikdə, bir ədəd gödəkçəsini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun üzərində başqa hər hansı bir əşya olub-olmadığını soruşmuşlar və o, üzərində metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərinə şəxsi-axtarış və götürmə keçiriləcəyi barədə məlumat vermişlər, onun üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Bu səbəbdən o, əynində olan göy rəngli cins şalvarının sağ cibindən bir ədəd bükümdə olan metamfetamini təqdim etmiş və həmin bükümdə olan metamfetamin olduğunu bildirmişdir. Həmin büküm açıldıqdan sonra içərisinə baxış keçirilmiş və həmin maddəni haradan və nə vaxt aldığı ondan soruşulmuş, o, da həmin psixotrop maddəni həmin gün Zabrat qəsəbəsində tanımadığı şəxsdən şəxsi öz istifadəsi üçün 20 manata aldığımı bildirmişdir. Üzərində aşkar edilmiş bir ədəd bükümdə metamfetamin zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən digər polis əməkdaşları və dövlət hesabına ayrılmış müdafiəçi tərəfindən imzalanaraq qablaşdırılmışdır. Tərtib olunmuş protokol onlara oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər.Qeyd etmişdir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərinizdən aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir.Psixotrop maddəni əldə etdiyi həmin şəxsin şəxsiyyətini bilmir, təxminən 30-35 yaşlı, 180 sm boyu, arıq bədənli, əynində qara gödəkçə və qara şalvar var olmuş, başqa əlamətlərini xatırlamır.Həmçinin qeyd etmişdir ki, o, X11 avtomobilində olan pivələri qaldığı otağa aparmış, lakin avtomobilin salonunda işığını yandırmamış və onun digər əşyalarını görməmiş, X11 bir ədəd telefonu heç işləmirmiş, özü də demişdir ki, həmin telefonun üstündə heç nömrə olmamış, telefon gödəkçəsinin cibində olmuş və gödəkçə də avtomobildə arxada olmuş, o, gödəkçəni görməmiş, pul qabı ilə digər telefonu da oturacağın altına düşmüşdür. Məhkəmə iclasında şahid qismində istintaqda dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayonu Polis İdarəsinin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir. 02 noyabr 2021-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı X3 RPİ-nin Mehdiabad PB-yə ərizə ilə müraciət edərək, “Bolt” taksi şirkətinə məxsus taksi avtomobili ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Qazangöl restoranına gəldiyini və yuxulanandan sonra 1200 ABŞ dollarının, 800 manat pulun və iki ədəd mobil telefonlarının həmin taksi avtomobilinin sürücüsü tərəfindən oğurlandığını göstəmişdir. Bununla bağlı tərəfindən keçirilmiş tədbirləri nəticəsində müəyyən etmişlər ki, həmin taksi avtomobilin “Kia Rio” markalı, 10TY339 dövlət qeydiyyat nişanlı avtomobil və avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin avtomobilin Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsinin mərkəzində olması müəyyən edilərək, həmin yerdə qeyd edilən avtomobilə yaxınlaşaraq sürücü Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və Türkiyə Respublikasının vətəndaşı X11 Abşeron RPİ-nin Mehdiabad PB-nə müraciətin mahiyyətini ona bildirmişlər. Həmin vaxt sürücü Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd edilən sərnişin sərxoş olduğundan iki ədəd mobil telefonunu, gödəkçəsini və pul qabını avtmobilində unutmuşdur.Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilində olan həmin əşyaları da onlara göstərmişdir.Onlar sürücü Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Mehdiabad PB-yə dəvət etmişlər və Təqsirləndirilən şəxs bundan imtina etməyərək, onlarla polis bölməsinə gələrək, Türkiyə Respublikasının vətəndaşı X13 məxsus əşyaları və pulu təqdim etmiş, həmin əşyalar və pullar ondan götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olub-olmadığı soruşulanda o, üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir.Ona görə də təhqiqatçı Aslan Allahverdiyev tərəfindən müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Fərid Əsəgrov əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin günü Sabunçu rayonu Zabrat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir.Həmin büküm açılmış və içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddə olmuşdur.Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və bu barədə tərtib edilmiş protokolu iştirakçılarla imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsussatları təsdiq edərək eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 03 noyabr 2021-ci il tarixli, 6/4869 saylı məhkəməkimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 236” dairəvi möhür əksi, “1.imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,674 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın 26 noyabr 2021-ci il tarixli, 4717 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində olan psixotrop maddə metamfetamini təqdim etmiş və həmin maddə qablaşdırılaraq götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi psixotrop maddə olan 0,624 qram metamfetamin mühüm sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron rayon Pİ-nin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 29 may 2022-ci il tarixli tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat olmamışdır. İş materiallarında olan Binəqədi qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əsgərov X7 rayonu, Binəqədi qəsəbəsi,3-cü mədən, korpus 124 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışında törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən o digər əşyalar ilə yanaşı, narkotik vasitəni də təqdim etmişdir. Təqsirləndirilən şəxsin şəxsi axtarış aparıİmazdan əvvəl narkotik vasitənin gizlətməyərək, polis əməkdaşlarına təqdim etməsi onun əməlindən peşmançılığının məntiqi nəticəsi kimi , dəyərləndirilməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmiş, müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 20 iyun 2022-ci il tarixdə həmin qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 20 (iyirmi) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Bakı şəhər Proparsiya Şöbəsinə və Bibəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yenə də həmin Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizanın 26 noyabr 2021-ci il tarixli, 4717 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilən maddələrə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi psixotrop maddə olan 0,624 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 58 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 348 (üç yüz qırx səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 həbsdə saxlanıldığı 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 20 gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 10 (on) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ümumi çəkisi psixotrop maddə olan 0,624 qram metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 58 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 348 (üç yüz qırx səkkiz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X5 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmün icrası Bakı şəhər Proparsiya Şöbəsinə və Bibəqədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-458/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-458/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver