Məhkəmə qərarları › İş №1(012)-463/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-463/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-463/2024 16.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 10 avqust 1985-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Abşeron rayonu Saray qəsəbə ƏD, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsi, ev-23-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı1) daxil edilmiş, bir ədəd şəffaf selofan bükümdə çəkisi 0,581 qram olan narkotik vasitə heroini 15 manat müqabilində əldə edib yaşadığı Abşeron rayonu Saray qəsəbə ƏD, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsi, 23 nömrəli fərdi yaşayış evinə daşımış və həmin evdə, sonra isə üzərində saxlamış, 15 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilərək həmin gün saat 22:45-dən 22:51-ə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli idman şalvarının sol yan cibindən həmin 0,581 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 il müddətində narkotik vasitə olan heroin istifadə etmişdir. Öz istifadəsi üçün narkotik vasitəni müxtəlif yerlərdən və tanımadığı şəxslərdən almışdır. Son bir ildə isə Sumqayıt Narkoloji Dispanserində müalicə almışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat qarşılığında 1 bükümdən ibarət narkotik vasitə heroin almışdır. Həmin ərəfələrdə ehtiyacı olmadığı üçün istifadə etməmişdir. Lakin, istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Saray qəsəbə ƏD, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsi, ev-23-də yerləşən evinin yaxınlığı ilə gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O da üzərində narkotik vasitə olduğunu dedikdə onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları və üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmiş, ərizəsi əsasında vəkil dəvət edilmişdir. Vəkili gəldikdən sonra polis əməkdaşları tərəfindən vəkil ilə onun arasında konfidensial görüş təmin edilmişdir. Daha sonra video çəkiliş ilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Video çəkiliş zamanı o da heç bir etirazının olmadığını bildirmişdir. İlk öncə ona hüquq və vəzifələri elan olunmuşdur. Daha sonra ondan üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. O da əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan 1 ədəd bükülünü təqdim etmişdir. Həmin bükülü 1 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olmuşdur. Bükülü polis əməkdaşları tərəfidən açılaraq baxış keçirilmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023cü il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat qarşılığında aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı tərəfindən onun təqdim etdiyi bir ədəd bükülü kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində o və iştirakçılar imza edərək təsdiq etmişlər. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuşdur. Bütün iştirakçılar kimi o da həmin protokolun doğruluğunu öz imzasıyla təsdiq etmişdir. O, ifadəsində göstərdiyi kimi əvvələr narkotik vasitə istifadəçisi olmuşdur. Son bir ildir ki, narkotik aludəçiliyindən sağalmaq üçün müalicə alırmış. Lakin xx.xx.2023-cü il tarixdə yenidən narkotik vasitə istifadə etmək istəmiş və bu məqsədlə də xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manat qarşılığında alıb üzərində saxlamışdır. Həmin gün qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni istifadə etmək üçün münasib şərait və yer tapa bilməmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 22 radələrində üzərində olan 1 bükümdən ibarət narkotik vasitə heroini istifadə edə bilmək üçün yaşadığı evdən bir qədər kənara, heç kimin olmadığı bir yerə getmək istəmişdir. Göstərilən səbəbdən də narkotik vasitəni üzərində daşımışdır. Həmin narkotik vasitəni əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılan zaman, polis bölməsinə gətirilən zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməmiş və psixi təsir göstərilməmişdir. Abşeron RPİ-nin Saray PB-nin inzibati binasında vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları tərəfindən üzəri yoxlanılmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin narkotik maddə üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə tərəfindən 15 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 15 sentyabr 2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Saray qəsəbəsində xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Pərvizə üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi sellofan bükülüdə toz şəkilli heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd sellofanın içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Pərviz üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükülüdə qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara onun narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Pərvizə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin narkotik maddə üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin, Saray PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə sonuncu tərəfindən 15 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 15 sentyabr 2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Abşeron rayonu, Saray qəsəbəsində xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Pərvizə üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi sellofan bükülüdə toz şəkilli heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd sellofanın içərisində olan maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Pərviz üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükülüdə qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara onun narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanıda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Pərvizə qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 16 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4907 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “....(imza) Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,581 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,581 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,531 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli, 8029 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərdən birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,531 qram qalmış narkotik maddə olan heroin iş üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 15 sentyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Samir Hacıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Faktla bağlı 16 sentyabr 2023-cü il tarixdə təhqiqatçı Nurlan Məmmədov tərəfindən ilkin araşdırma aparılaraq toplanmış cinayət işi üzrə araşdırma davam etdirilməsi üçün Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin tarixdə də cinayət işi üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. 16 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Abşeron rayon prokurorluğuna vəsatətlə müraciət olunmuşdur. Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun 16 sentyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı verilmiş vəsatətin müdafiə olunmasından imtina olunduğundan, həmin tarixli qərarımla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilərək Abşeron RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs istintaqa gəlməkdən qəsdən yayınaraq çağırışlara gəlməmiş, istintaqdan qaçıb gizlənmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozmuşdur. Ona görə də, 10 avqust 1985-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Saray qəsəbəsi, İlqar Hüseynov küçəsi, ev-23-də yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 01 noyabr 2023-cü il tarixdə qəbul edilmiş qərarla cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılımışdır. 06 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Abşeron RPİ-nin İŞnə gəlmiş və həmin tarixli qərarla cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş və şəxsi axtarışı əks etdirən video görüntülər 01 ədəd «CD» diskə köçürülmüş və həmin «CD» diskə məhkəmə istintaqında baxış keçirilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə heroin bükümü götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsi, CM-nin 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb olunmalı və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,531 qram olan narkotik maddə olan heroin məhv edilməlidir. İş üzrə 81 (səksən bir) manat məhkəmə-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edlmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,531 qram olan narkotik maddə olan heroin məhv edilsin. İş üzrə 81 (səksən bir) manat məhkəmə-kimyəvi ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar