Məhkəmə qərarları › İş №1(012)-464/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-464/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-464/2024 13.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1966-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə, saat 14:15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ilə qanuni əsaslarla idarə etdiyi “Hyundai HD-65” markalı ** JP *** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 50 km/saat sürətlə hərəkətdə olarkən yol ayrıcında sol tərəfdən hərəkətdə olan və qəza şəraiti yaradan istintaqa dövlət qeydiyyat nişanı məlum olmayan “Opel” markalı avtomobillə toqquşmamaq üçün sağa doğru manevr edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə əməl etməyərək idarəetməni itirib avtomobil yolun sağ kənarında yerləşən qəbiristanlığın daş hasarına dəyib aşmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ baldırın bükücü və axil vətərin tam qopması ilə nəticələnmiş sağ baldır sümüklərinin çoxqəlpəli yerinidəyişmiş açıq sınıqları xəsarətlərini almasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Təxminən 7 il "xxxx" MMC şirkətində sürücü vəzifəsində işləmişdir. Hazırda isə fərdi əmək fəaliyyəti ilə məşğuldur. Şirkətdə işlədiyi müddətdə istifadəsində "xxxx" MMC-yə məxsus Hyundai HD 65 yük markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Belə ki, o həmin avtomobil ilə şirkətə məxsus şirniyyatları onunla eyni şirkətdə təchizatçı vəzifəsində işləyən Zərərçəkmiş şəxsla birlikdə müxtəlif dükanlara paylamışdır. Zərərçəkmiş şəxsla münasibətları həmişə yaxşı olmuş, hər hansı bir ədavət və düşmənçilikləri olmamışdır. 16 fevral 2023-cü il tarixdə də saat 14 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi Hyundai HD 65 yük markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ilə yeni dairəvi yol istiqamətində 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt Orxanda avtomobildə sağ sərnişin oturacağında əyləşmişdir. Hərəkətdə olarkən əks hərəkət zolağı ilə markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli minik avtomobili onun qarşısına çıxdığı üçün o həmin avtomobil ilə toqquşmamaq üçün avtomobilin sükanını sağ tərəfə döndərmişdir. Bu zaman idarəetməni itirdiyi üçün avtomobili yolun sağ tərəfində olan qəbiristanlığın mişar daşından hörülmüş hasarına dəyib sol tərəfi üstə aşmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs sağ ayağından xəsarət almış, Orxanı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. O isə hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməyini gözləmişdir. Polis əməkdaşları gəlib hadisə yerini müayinə edib, onu da sərxoşluq müayinəsindən keçirmişlər. . Həmin yol-nəqliyyat hadisəsinin onun səhlənkarlığı səbəbindən baş verdiyini də etiraf edir.hazırda dəymiş ziyan tərəfindən ödənilmiş, zərərçəkmiş şəxslə barışmışdır, ona görə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 16 fevral 2022-ci ildən "xxxx" MMC şirkətində təchizatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs isə həmin şirkətdə onun sürücüsü işləmişdir. Belə ki, şirkət xarici ölkələrdən şirniyyat məhsulları gətirir, o isə Temur ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai HD-65” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin şirniyyatları dükanlara paylamışdır. 16 fevral 2023-cü il tarixdə də Temur ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən marketə Temurun idarə etdiyi avtomobil ilə getmişlər. O avtomobildə ön sağ tərəfdə əyləşmişdir. Həmin tarixdə saat 14 radələrində Temur avtomobili saatda 50 km/saat sürətlə idarə etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ilə Yeni dairəvi yol istiqamətində hərəkətdə olarkən əks hərəkət zolağı ilə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli minik avtomobili onların qarşısına çıxdığından Temur toqquşma olmaması üçün avtomobilin sükanını sağa tərəfə döndərmişdir. Bu zaman Temur idarəetməni itirdiyi üçün yolun sağ tərəfində olan qəbirsanlığın mişar daşından hörülmüş hasarına dəyib sol tərəf üstə aşmışdır. Onun ayağı avtomobildə sıxışdığı üçün avtomobildən çıxa bilməmişdir. Hadisə yerinə gəlmiş tanımadığı şəxslər köməklik edərək onu avtomobildən çıxarmışlar. Bundan sonra onu təcili tibbi yardım avtomobil ilə xəstəxanaya aparmışlar. Teymur isə avtomobilin yanında qalmışdır. Hazırda dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmlışdır, ona qarşı şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin yanvar ayından taksi fəaliyyəti ilə məşğuldur. X3 markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. O 16 fevral 2023-cü il tarixdə saat 14:15 radələrində idarə etdiyi avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ilə hərəkətdə olarkən təxminən ondan 7-8 metr məsafədən Hyundai HD-65 markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili sağa doğru çəkib idarəetməni itirərək yolun sağında olan qəbiristanlığın mişar daşından hörülmüş hasarına dəyərək sol tərəfi üstə aşdığını görmüş və avtomobili saxlayıb həmin avtomobilə yaxınlaşmışdır. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Avtomobildə olan sərnişinin avtomobildə sıxışdığını görüb daha sonra hadisə yerindən öz avtomobilinə əyləşib getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində baş vermişdir. Hadisə baş verən yerdə yolun örtüyü asfaltbeton, yolun eni 5 metr olmaqla gedişli və gəlişli olmuşdur. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir. İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə-sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 16 fevral 2023-cü il tarixli 962 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törədən zaman ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2019-cu il tarixdə 10 il müddətinə yəni xx.xx.2029-cu il tarixədək BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 16 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai HD-65 yük” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, qeyd olunan avtomobil "xxxx" MMC-yə məxsus olmuşdur. Eləcədə iş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Hyundai HD 65 yük” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün "xxxx" MMC tərəfindən səlahiyyət 01 noyabr 2022-ci il tarixdə 01 il müddətinə yəni xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs verilmişdir. Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə törətmiş olduğu yol nəqliyyat hadisəsi zaman idarə etdiyi “Hyundai HD-65” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının (meyitin ekspertizası) xx.xx.2023-cü il tarixli, 441 saylı rəyindən görünür ki, 2003-cü il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ baldırın bükücü və axil vətərin tam qopması ilə nəticələnmiş sağ baldır sümüklərinin çoxqəlpəli yerinidəyişmiş açıq sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 may 2023-cü il tarixli 8/1267 saylı rəyində göstərilmişdir ki, “Hyundai HD-65” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə “Hyundai HD-65” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobili sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə “Hyundai HD-65” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar