Məhkəmə qərarları › İş №1(012)-465/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-465/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-465/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, orta təhsilli, evli, işləməyən, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına verilməsi” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 03.04.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən məişət tullantıları olan ərazinin yaxınlığında istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq olan – 0,251 qram çəkidə Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotk vasitələr»in siyahısına (Siyahı İ) daxil olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 05.04.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİ-nin Mehdiabad PB-nin inzibati binasına aparılmış, Polis Bölməsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının arxa sol cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümün içərisində təmiz çəkisi – 0,251 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 03.04.2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Məmmədli kəndində yerləşən məişət tullantılarının yaxınlığında olan zaman, yolun kənarında narkotik vasitə heroin tapmışdır. Həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 05.04.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb siqaret almaq üçün mağazaya gedən zaman, yolda polis əməkdaşları ona yaxınlaşaraq, narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Mehdiabad PB-nə getmişdir. İdarədə üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub olmadığı ondan soruşulmuş və o, səmimi olaraq, üzərimdə dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra ona xidməti otaqların birində vəkilin iştirakı ilə və video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və ona dövlət hesabına vəkil təqdim olunandan sonra, vəkilin iştirakı ilə video çəklişlə üzərimə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın arxa sol cibində olan gümüşü rəngli siqaretin kağızına bükülmüş bükümdə olan bir bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən üzərimdən aşkar edilmiş maddənin, çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertizaya göndəriləcəyi bildirilmişdir. Sorğu zamanı polis əməkdaşlarına üzərindən aşkar edilmiş heroini 03.04.2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən məişət tullantılarının yaxınlığında olan zaman, yolun kənarından tapdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərimə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, heroini öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.1986-cı il təvəllüdlü Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitələrin istifadəsi barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupunun rəhbəri özü, qrupun üzvi isə Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təyin edilmişdir. Əməliyyat qrupunun iştirakçısı ilə Təqsirləndirilən şəxs yeri müəyyən edildikdən sonra 05.04.2021-ci il tarixdə saat 15 radələrində Abşeron rayonu, Məmmədli kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşdıq, özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qəbulunda şübhəli olduğunu bildirib birlikdə Abşeron RPİnin Mehdiabad PB-nə getməsini tələb etmiş və Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarala bölməyə getmişdir. Orada təhqiqatçı, Tuncay Tağıyev xidməti otağında video çəkilişlə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub olmaması barədə soruşulmuş, olduğu təqədirdə təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının arxa sol cibindən bir ədəd bükümdə, tünd qəhvəyi rəngli kütləni təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə qablaşdırılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş və şəxsi axtarışı əks etdirən videogörüntü 01 ədəd «DVD» diskə köçürülmüş və həmin «DVD» diskə tərəfimdən baxış keçirilmişdir. Odur ki, şəxsi axtarışı əks etdirən videogörüntü 01 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 06.04.2021-ci il tarixli, 6/1354 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «..AR DİN Zərflər üçün N 236» möhür əksi «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş …» və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,251 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir. Təqsirləndirilən şəxs götürülmüş 0,251 qram təşkil edən heroin, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,201 qram heroin maddi sübut kimi tanınaraq, saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49-cu bəndində heroin və həmin siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23.06.2021-ci il tarixli, 2035 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 24.05.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzasına məhkum olunmuşdur. 26.04.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Abşeron rayon məhkəməsinin 07.03.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 80-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24.05.2013-cü il tarixli hökmlə təyin edilmiş 5000 manat cərimə cəzasından azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 05.04.2021ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 07.04.2021-ci il tarixli qərarla barəsində “polizin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. O, məhkəmə iclasından qaçıb gizləndiyinə görə barəsində 06.10.2021-ci il tarixli qərarla həbs qətiimkan tədbiri seçilməklə axtarış elan edilmiş, 20.10.2021-ci il tarixdə tutularaq Abşeron RPİ-MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, həbs etmənin əvvəli 20.10.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,201 qram heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 20.10.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,201 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar