Məhkəmə qərarları › İş №1(012)-465/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-465/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-465/2024 24.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə saat 11:20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, "ünvan 4 ünvanında arvadı Zərərçəkmiş şəxs ona xəstələnmiş azyaşlı övladları X4 doşab məhsulu vermədiyinə görə irad bildirib bununla bağlı ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək sonuncunun üzərinə hücum edib qəsdən sonuncunun qolundan dişləməklə, əli ilə saçından tutub dartmaqla yerə yıxıb, yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs sifət, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq sonuncuya təpə nahiyəsinin və döş qəfəsinin sol yarısının dərialtı hematomaları, sol almacıq nahiyəsinin və sol kürək nahiyəsinin qançırları, sol saidin əzilmiş yarası, sol körpücük nahiyəsinin və sol süd vəzisinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 5 ildir rəsmi nikahda ər-arvad münasibətində yaşayır. Ailə daxili münaqişələri təxminən 1 ildir ki, başlamışdır. Buna səbəb onun işsizliyinin olmasıdır. xx.xx.2023-cü il tarixdə qardaşı Ariz Şabran rayonundan onlara qonaq gəlmiş, xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində o, Həcərlə azyaşlı övladına doşab vermədiyinə görə və uşağın baxçaya gecikdiyinə görə, eyni zamanda uşağın xəstə olması səbəbindən mübahisə etməyə başlamışlar. Həcər qardaşının yanında ona sərt cavablar verdiyindən o, bundan hiddətlənmiş və əsəbini soyutmaq üçün, eyni zamanda Həcərə əl qaldırmamaq üçün onun sol qolundan 1 dəfə dişləmişdir. Daha sonra, o, Həcərin baş nahiyəsindən 1 dəfə yüngül sillə ilə vurmuşdur. Onlar təxminən 5-10 dəqiqə dalaşdıqdan sonra qardaşı Ariz onları ayırmiş, Həcər bu zaman DİN-nin “102” xidmətinə zəng etmişdir. Həcərin polisə müraciət etdiyini görüb onu avtomobilə əyləşdirib Abşeron RPİ-nə gətirmişdir. Baş vermiş hadisənin təxminən 10 dəqiqə davam etdiyini, həmin zaman evdə qardaşı Arizdən başqa şəxsin olmadığını, mübahisənin yaranmasına səbəb Həcərin onun qardaşı Arizin yanında sərt cavablar qaytarması olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, həmin vaxt arvadı Həcərin ona hər hansı bir formada xəsarət yetirmədiyini və onu vurmadığını göstərmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 5 ildir rəsmi nikahdadır, bu nikahdan 1 azyaşlı övladı var. Evləndikləri gündən Turalla münasibətləri yaxşı olmamışdır. O, ailə qurduqdan sonra Tural onu mütəmadi olaraq əsassız təhqir edirmiş, bir sözlə münasibəti son zamanlar pis olmuşdur. Ailədə baş vermiş münaqişələrə görə çoxdan Turaldan ayrılmaq istəsə də, uşaq körpə olduğu üçün bunu etməmişdir. Nəhayət ki, təxminən 10 gün öncə boşanmaq üçün Abşeron rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Turalın qardaşı Ariz Şabran rayonundan onlara qonaq gəlib onlarda qalırmış. xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində uşaqları xəstə olduğundan Tural evdə ona demişdir ki, “uşaq öskürür, niyə ona doşab vermirsən”. O da Turala bildirmişdir ki, o uşağa dərman vermişdir, dərmandan sonra doşab vermək olmaz. Onun uşağa doşab verməməsindən əsəbiləşən Tural onunla mübahisə etməyə başlamışdır. Mətbəxdə olan Turalın onu söydüyünü evdə olan qardaşı Ariz hamam otağından çıxaraq Turalı sakitləşdirmək istəsə də, Tural onu söyməkdə davam edərək ona yaxınlaşıb üzərinə hücum etmişdir. Belə ki, evdə çarpayıda əyləşən zaman Tural ona yaxınlaşıb əvvəlcə onun başından yumruqlarla zərbələr vurub saçından tutaraq onu yerə yıxıb sürümüş, ardınca sol qolundan dişləmiş və başından təpiklə zərbələr vurmuşdur. Həmin vaxtı Ariz Turalı ondan aralamağa nail olmuşdur. Bundan sonra o, DİN-in "102" xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Həmin vaxtı Tural bunu görüb onun üzərinə hücum edərək yumruq və təpiklə onun onu baş, kürək nahiyələrinə zərbə vurmaqda davam etmiş, bundan sonra Ariz Turalı evdən bayıra çıxarmışdır. Məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs etdiyi şikayət ərizəsi ilə tanış olmuşdur. xx.xx.2023-cü il tarixdə Şabran rayonundan Xırdalan şəhərində yaşayan qardaşı Turalgilə qonaq gəlmiş, həmin gün evdə yemək yeyib, sonra qardaşının oğlu ilə oynamış, hər şey yaxşı şəkildə yatmışlar. xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində Tural ilə Həcərin uşağı baxçaya aparmaları barədə söz mübahisələrini eşidib görmüş, o onların ailə məsələlərinə qarışmamaq üçün eyvana çıxaraq siqaret çəkməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra onların artıq dalaşmalarını, yəni biri-birinə əl-qol atdıqlarını eşidib tez eyvandan evə daxil olmuş və onları ayırıb sakitləşdirmişdir. Bundan sonra Həcərin polisə zəng etdiyini görmüş, bu zaman Turalı evdən çölə çıxardaraq getməsini söyləmişdir. Bir qədər sonra Həcər də evdən çıxıb polis idarəsinə getdiyini bilmişdir. O, da uşaq tək qalmasın deyə evdə qalmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xx.xx.2023-cü il tarixli 2564 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər təpə nahiyəsinin və döş qəfəsinin sol yarısının dərialtı hematomaları, sol almacıq nahiyəsinin və sol kürək nahiyəsinin qançırları, sol saidin əzilmiş yarası, sol körpücük nahiyəsinin və sol süd vəzisinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq, diş və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs X2 CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar