Məhkəmə qərarları › İş №1(012)-466/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-466/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-466/2020 02.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Cəbrayıl rayonu, Dağtumas kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, ev 1A, mənzil 11-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs əmlakını gizli yolla talamaq məqsədi ilə xx xxxxx 2020-ci il tarixdə saat 16 radələrində tanışı X2 məxsus Abşeron rayonu, Xırdalan şəhəri N.ünvan 1 ünvanında yerləşən fərdi evində qonaq olan zaman sonuncunun evdən çölə çıxmasından istifadə edərək evin yataq otağında döşəyin altında olan qızıl qabından bir ədəd 133 manat dəyərində 585 əyarlı qızıldan üzərində ağ şəffaf qaşları olan 2.04 qram çəkidə qızıl üzüyü, bir ədəd 259 manat dəyərində 585 əyarlı qızıldan üzərində ağ şəffaf qaşları olan 3,99 qram çəkidə qızıl üzüyü və bir ədəd 400 manat dəyərində kişi qızıl üzüyünü oğurlayaraq, zərərçəkmiş şəxs X2 ümumillikdə 792 manat maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, ev 1A, mənzil 11-də yaşayır. X3 ilə 6 ildir rəfiqədir və onların yaxın münasibətləri olmuşdur. Şüküfə Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində yerləşən evlərinin qarşısında “gözəllik” salonu işlədir. Hərdən saçını kəsdirmək üçün və Şüküfənin onu dəvət etdiyi təqdirdə onun işlətdiyi saç salonuna getmişdir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Şüküfə votçapla ona yazıb karantin rejimi qaydalarını pozub saç salonunu işlətdiyi üçün polis əməkdaşlarının gəldiklərini və onu cərimə edəcəklərini bildirmişdir. Şüküfə onu evlərinə dəvət etmiş və həmin vaxtı Şüküfənin evinə getmişdir. Polis əməkdaşları Şüküfəgilin həyətində olan zaman o da Şüküfə ilə evdə mətbəxdə gözləmişlər. Polis əməkdaşları Şüküfəni çağırıb şəxsiyyət vəsiqəsini istəmişlər və Şüküfə yatdığı otaqda şəxsiyyət vəsiqəsini axtarmasını bildirmişdir. Vəsiqəni axtarmaq üçün Şüküfənin yatdığı otağa daxil olmuş və həmin vaxtı termo stolunun üstündə olan 2 ədəd qızıl qadın üzüyünün olduğunu görmüşdür. Həmin 2 ədəd qızıl üzüyü stolun üstündən götürüb cibinə qoymuşdur. Şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün Şüküfəyə bildirmiş və Şüküfə özü otağa gəlib şəxsiyyət vəsiqəsini axtarmağa başlamışdır. Şüküfə yataq otağında çarpayının üstündə olan döşəyi qaldırmış və döşəyin altında olan vəsiqəni götürüb Şüküfəyə vermişdir. Həmin vaxtı Şüküfə döşəyin altında olan qırmızı rəngli qızıl qabını 3 dəfə açıb içinə baxmış və yenidən döşəyin altına qoymuşdur. Bundan sonra onlar otaqdan çıxmış və Şüküfə vəsiqəsini polisə təqdim etmək üçün həyətə düşmüşdür. Mətbəxdə Şükufəni gözləmiş, polis əməkdaşları getdikdən sonra Şüküfə və rəfiqəsi Leyla ilə birlikdə evdən çıxmışdır. Şüküfəgilin evlərindən oğurladığı 2 ədəd qızıl üzüyü Bakı şəhəri, M.Əcəmi metro stansiyası yaxınlığında yerləşən Lombarda girov qoyub pul götürmək üçün həmin Lombarda zəng edib onu gözləmələrini xahiş etmişdir. Bundan əvvəldə həmin lombarda qızıl girov qoyub pul götürmək istəmişdir. Bundan sonra tanışı Allahverənə zəng edib görüşmək istədiyini bildirmiş və Allahverən Bakı şəhəri, 20 yanvar metro stansiyası yanında görüşməyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında Allahverənlə görüşmüş və Allahverənə 2 ədəd qızıl üzüyünü Allahverənin adına lombarda girov qoyub pul götürmək istədiyini bildirmişdir. Allahverən onunla razılaşmış və onlar birlikdə Bakı şəhəri, M.Əcəmi metro stansiyası yaxınlığında yerləşən lombarda getmişlər. 2 ədəd qızıl üzüyü Allahverənin adına lombarda girov qoyub 200 manat pul götürmüşdür. 200 manat pulun 50 manatını kredit kartına yükləmiş, qalan 150 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Şüküfə şikayət etdiyi üçün o, Abşeron RPİ-nə gəlmiş və Şüküfənin yaşadığı evdən Şükufəyə məxsus 2 ədəd qadın qızıl üzüyünü oğurladığını etdiraf etmişdir. Həmin 2 ədəd qızıl üzüyü lombarddan girovdan çıxarıb polisə təqdim etmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşadığı evin həyətində “Gözəllik” salonu işlədir. Təqsirləndirilən şəxs onun rəfiqəsidir və mütamadi olaraq onun evinə gəlib getmişdir. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Aygün onun işlədiyi salona gəlmişdir. Həmin tarixdə saat təxminən 15:00 radələrində polis əməkdaşları onun işlədiyi salona gəlib karantin qaydalarını pozduğu üçün protokol yazılacağını bildirib şəxsiyyət vəsiqəsini istəmişlər. Evə keçib yataq otağında döşəyin altında olan şəxsiyyət vəsiqəsi götürərkən Aygündə həmin vaxtı onun yanında olmuşdur. Həmin vaxtı döşəyin altında qızıl qabında ona məxsus qızıl-zinyət əşyaları olmuşdur. Həmin gün axşam saat 19:00 radələrində o, döşəyin altında olan qızıl qabına baxdıqda ona məxsus olan 3 ədəd qızıl üzüyün olmadığını aşkar etmişdir. Həmin qızıl üzükləri rəfiqəsi Aygünün oğurlamasından şübhələnmiş və bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Oğurlanmış qızıl əşyalarının ümüumi dəyəri 1200 manat olmuşdur. Qızıl əşyaları ona qaytarılmışdır. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayonda yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2 ildir tanış olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 17:00 radələrində Aygün ona zəng edib görüşməyini xahiş etmişdir. Yarım saat sonra Aygünlə Bakı şəhəri, 20 yanvar metro stansiyası yaxınlığında görüşmüşdür. Həmin vaxtı Aygün ona 2 ədəd qadın qızıl üzüyü göstərmiş və həmin üzükləri lombarda qoymağı xahiş etmişdir. Aygün evdən gəlmədiyini və buna görə şəxsiyyət vəsiqəsinin üstündə olmadığını bildirib, qızılları lombarda onun adına qoymasını bildirmişdir. Aygünlə razılaşmış və 2 ədəd qızıl üzüyü M.Əcəmi metro stansiyası yaxınlığında yerləşən lombarda girov qoyub 200 manat pul götürüb Aygünə vermişdir. Qızılların kimə məxsus olduğunu soruşduqda Aygün qızılların özünə məxsus olduğunu bildirmişdir. Səhəri gün Aygünün həmin 2 ədəd qızıl üzüyü rəfiqəsi Şükufənin evindən oğurladığını polis əməkdaşlarından eşidərək bilmişdir. Bundan sonra Aygün ona 200 manat pul vermiş və 200 manat pulu lombarda verdib 2 ədəd qadın qızıl üzüyünü götürüb Abşeron RPİ-ə təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2020-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri Nizami küçəsində xidmətdə olan zaman həmin küçədə yerləşən fərdi yaşayaış evinin qarşısında yerləşən “gözəllik” salonunu işlədən şəxsin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın qərarına əsasən karantin qaydalarını pozduğu tərəfindən aşkar edilmiş və salonu işlədən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimələnmişdir. Həmin gün axşam Şükufə Aşurova ona zəng edib xx.xx.2020-ci il tarixdə günorta saatlarında onun Şükufə Aşurovanın barəsində protokol tərtib edən zaman evlərində olan rəfiqəsi Aygünün yataq otağında döşəyin altında olan qızıl qabından 3 ədəd qızıl üzüyünü oğurladığını bildirmişdir. Aygün adlı qadın səhəri gün onun tərəfindən RPİ-nə çağırılıb istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 2015-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 26-da yerləşən “Lombardda” əməliyyatçı işləyir.xx.xx.2020-ci il tarixdə saat 19 radələrində bir nəfər oğlan yanında bir nəfər qızla onun işlədiyi lombarda gəlib iki ədəd qadın qızıl üzüyülombarda girov qoyaraq pul götürmək istədyini bildirmişdir. Həmin qızıllara baxıb həmin qızılları 200 manat dəyərində qiymətləndirmişdir. Həmin oğlan şəxsiyyət vəsiqəsini təqdim etməklə iki ədəd qızıl üzüyü girov qudu və həmin şəxsə 200 manat pul vermişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsində Şahid3 yazılmış və həmin şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüşdür. Bundan bir neçə gün sonra polis əməkdaşları lombarda gəlib Şahid3 girov qoyduğu iki ədad qızıl üzüyün oğurluq olduğunu bildirmişlər və girov qeydiyyatı jurnalından çıxarış etmişlər. Həmin qızılların oğurluq əmlak olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 oğlu zərərçəkmiş şəxs Şükufə Aşurovanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/669-9/980 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzərində 585 əyar damğası həkk olunmuşdur, metal 585 əyarlı qızıla uyğundur, çəkisi 3,99 qramdır, qaşları qiymətli qaşlara aid deyil, 259.0 manat, bir ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzərində 585 əyar damğası həkk olunmuşdur, metal 585 əyarlı qızıla uyğundur, çəkisi 2.04 qramdır, qaşları qiymətli qaşlara aid deyil, 133.0 manat, Ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd sarı rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzərində 585 əyar damğası həkk olunmuşdur, metal 585 əyarlı qızıla uyğundur,ümumi çəkisi 6.03qramdır, qaşları qiymətli qaşlara aid deyildir. Ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların 2020-ci ilin aprel ayına orta bazar qəyməti ilə ümumi dəyəri 392.0 manat müəyyən olunur. . xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Sübutlar qiymətləndirilməsi haqqında qərardan görünür ki, götürülmüş 2 ədəd qadın qızıl üzük cinayət işi üzrə maddi sübut kimi tanınaraq, sahibi X2 qaytarılmışdır. Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması, Azərbaycan Respublikası CM-in 59.1.13cü cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut kimi tanınmış iki ədəd qadın üzüyü ibtidai istintaq zamanı sahibi X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 109 manat 20 qəpik məhkəmə- əmtəəşünaslıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X5 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı işin icraya yönəldilməklə onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 109 manat 20 qəpik məhkəmə- əmtəəşünaslıq ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X5 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut kimi iki ədəd qadın üzüyü ibtidai istintaq zamanı sahibi X2 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar