Məhkəmə qərarları › İş №1(012)-467/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-467/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-467/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.07.2021-ci il tarixdə, saat 15 radələrində ünvan 1 ünvanında atası Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəmnində yaranmış mübahisə zamanı, yəni Təqsirləndirilən şəxs iş tapıb işləməməsi üstündə sonuncu yumruqla və təpiklə atası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, sol mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol said nahiyəsinin aşağı 1/3-i və sol mil-bilək oynağı nahiyəsinin, sol əlin arxa səthinə keçən qançır-şişkinliyi ilə nəticələnən, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib, qəsdən sağlamlığına Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 14.07.2021-ci il tarixdə saat 15 radələrində evdə olarkən uzun müddət özünə iş tapa bilmədiyi üçün atası ona öz iradını bildirərək danlamağa başlamış və bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşərək əli ilə atası Vaqilin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Aralarındakı mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Həmin vaxt anası Qətibə də evdə olmuşdur. Hadisədən bir müddət sonra atası vəfat etmişdir. Atası vəfat etməzdən öncə onunla barışmışdır Törətdiyi əməldən səmimi peşmandır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi – qardaşı Elnur Bədirov ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə olaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, təhqiqat zamanı iş üzrə zərər çəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun oğludur və hal-hazırda onunla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Dostluq küçəsi ev 2-də yaşayırlar. 14.07.2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdə olarkən oğlu Vüqara iş tapıb işləmədiyinə görə öz iradını bildirərkən Vüqar onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Vüqar onun üzərinə gələrək yumruq və təpik ilə bədəninin müxtəlif nahiyələrinə (sifət, baş, əllər və digər nahiyələr) vuraraq onu döymüşdür. Xəsarət aldığı üçün 16 saylı TTYB-nı çağırtdırmışdır. 16 saylı TTYB-sı onun ünvanına gələrək ona ilkin tibbi yardım göstərmişlər. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə həyat yoldaşı Qətibədən başqa kənar şəxsin olmadığını, əvvəllər Vüqar ilə aralarında dava-dalaşın olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atası, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Qardaşı Vüqarın ailəvi problemləri olduğundan əsəbləri pozulmuşdur. 14.07.2021-ci il tarixdə saat 15 radələrində atası Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs arasında mübahisə yaranmışdır. Mübahisənin yaranmasına səbəb isə atasının qardaşı Təqsirləndirilən şəxs işləməməsi səbəbindən irad tutması olmuşdur. Mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs atasının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə xəsarət yetirmişdir. Hadisə zamanı anası Şahid da evdə olmuşdur. Atası vəfat etməzdən öncə qardaşı Vüqarla barışmışdır. Uzun sürən xəstəlikdən sonra atası vəfat etmişdir. Hazırda qardaşı Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə onun oğludur. 14.07.2021-ci il tarixdə, saat 15 radələrində evdə olarkən əri Vaqil oğlu Vüqara iş tapıb işləmədiyinə görə iradını bildirmişdir. Buna görə də onların aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüqar əsəbləşərək əli ilə Vaqilin bədəninin müxtəlif nahiyələrinə zərbə endirərək ona xəsarət yetirmişdir. Aralarındakı mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 26.07.2021-ci il tarixli, 1586 nömrəli rəyindən görünür ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol said nahiyəsinin aşağı 1/3-i və sol mil-bilək oynağı nahiyəsinin, sol əlin arxa səthinə keçən qançır-şişkinliyi bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 14.07.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. 21.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Mehdiabad qəsəbə İƏD üzrə nümayəndə tərəfindən verilmiş 27.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mehdiabad qəsəbə İƏD üzrə nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən 16.09.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs 09.09.2021-ci il tarixdə ağciyər ürək çatmamazlığı səbəbindən ölmüşdür. Zərərçəkmiş şəxs oğlu Elnur Bədirov ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs arvadı Şahid ərizə ilə məhkəməyə müraciət edərək oğlu Elnur Bədirovun hüquqi varis qismində tanınmasına etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən 07.10.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar